Ümumdünya Aviasiya və Kosmonavtika Günü olan 12 aprel tarixi bəşəriyyətin və xalqımızın tarixində şəksiz olaraq ən böyük və ən əhəmiyyətli bir hadisənin- kosmosa ilk insanın göndərilməsinin 64-cü ildönümüdür

 

SSRİ və ABŞ arasında 50-ci illərdə kosmosun fəthi sahəsində gedən gərgin mübarizə başlamışdı. Kosmik yarış soyuq müharibə dövründə SSRİ və ABŞ arasında mədəni, texnoloji və ideoloji qarşıdurmanın vacib bir hissəsinə çevrilmişdi...

 

Kosmik yarış necə və nə ilə başladı?

 

Kosmosa yolu Sovet İttifaqı açdı- 4 oktyabr 1957-ci ildə Yerin ilk süni peyki “Sputnik-1” orbitə çıxarıldı. ABŞ isə özünün “Explorer-1” adlı ilk süni peykini 1958-ci il fevralın 1-i orbitə çıxardı. 1957-ci il martın 11-də SSRi kosmosa ilk dəfə canlı göndərdi. 1959-cu ildə “Luna-3” Ayın görünməyən tərəfinin fotusunu Yerə göndərdi.

Bütün dünya ilk insanı kosmosa hansı dövlətin göndərəcəyini maraqla gözləyirdi.

1961-ci ilin əvvəllərindən ABŞ astronavtı Alan Şepard orbitaltı uçuş üçün məşq edirdi. O, “Redstone” adlı raketlə 1961-ci ilin mayında uçmalı idi. Lakin Sovet kosmik proqramının rəhbəri Sergey Korolyov amerikalıları qabaqladı- aprelin 12-də Yuri Qaqarin Sovet kosmik gəmisi “Vostok”la kosmosa göndərildi.

Tarixi uçuş 12 aprel 1961-ci ildə Baykonur kosmodromundan həyata keçirildi. “Vostok” gəmisində uğurla kosmosa çıxan Yuri Qaqarin kosmik orbitdə 108 dəqiqə dövr etdikdən sonra sağ-salamat Yerə qayıtdı.

Beləliklə, bəşər tarixinin ən böyük hadisəsi baş verdi və insan kosmosa ayaq açmış oldu.

 

Dünyanın ilk kosmonavtının qısa həyat tarixçəsi

 

Yuri Qaqarin 1934-cü il martın 9-da Smolensk ətrafında Qjatsk rayonunda sadə kəndli ailəsində anadan olmuşdur. 1951-ci ildə Yuri Saratov aeroklubunun üzvü olur. 1955-ci ildə təhsilini əla qiymətlərlə başa vuraraq Yak-18 təyyarəsində ilk dəfə sərbəst uçuş edir.

27 oktyabr 1955-ci ildə Qaqarin əsgərliyə çağırılır və Orenburqdakı 1-ci hərbi aviasiya məktəbinə göndərilir. 25 oktyabr 1957-ci ildə o bu məktəbi bitirir.

1960-cı ildən general Verşinin əmri ilə o, kosmik uçuşlar üçün hazırlıq komandasına qəbul edilir. Serqey Korolyovun rəhbərlik etdiyi komissiya 6 namizəd arasından Qaqarin və onun əvəzləyicisi Titovu seçir. Uçuş 12 aprel 1961-ci ildə Baykonur kosmodromunda reallaşır. Qaqarin Yerin ətrafında 108 dəqiqə dövr etdikdən sonra sağ-salamat yerə qayıdır.

Sonrakı illərdə Qaqarin bütün dünyanı gəzir, görüşlər keçirir, təəssüratlarını bölüşürdü. O yenidən uçmaq istəsə də, dövlət rəhbərliyi imkan vermirdi, onu bir simvol kimi qorumağı qərara almışdılar.

Qaqarin 27 mart 1968-ci ildə “MiG-15” reaktiv döyüş təyyarəsində qəzaya uğrayaraq həlak olmuşdur. O, Moskvada Kreml divarında dəfn olunub.

SSRİ-nin və dünyanın hər yerində onun adı əhəmiyyətli obyektlərə verilib, adibələri qoyulub. Onun adını daşıyan şəhər də var. Azərbaycanda da Qaqarin adlı obyektlər çoxdur.

2021-ci ildə Baykonur kosmodromundan kosmosa çıxan ilk insanın- Qaqarinin adını daşıyan “Soyuz MS-18” idarəedilən kosmik gəmi kosmosa göndərilib.

 

“Qaqarin” proyektinə azərbaycanlı möhürü

 

Böyük fəxrlə qeyd etmək istəyirik ki, Sovet kosmonavtikasının inkişafında bizim xalqın görkəmli nümayəndələrinin də böyük rolu olub.

Böyük ixtiraçı alim Kərim Kərimov Baykonur kosmodromunun əsası qoyulan gündən Kosmik Gəmilər üzrə Dövlət Komissiyasının tərkibinə daxil edilmişdi. Kosmik aparatların yaradılmasında, dünyada ilk dəfə insanın kosmosa göndərilməsində onun da rolu az olmamışdı.

Bəşəriyyətin ilk kosmonavtı Yuri Qaqarinin tarixi uçuşu uğurla başa çatdıqdan sonra Kərim Kərimov SSRİ-nin ən yüksək ordeni- Lenin ordeni ilə təltif olundu.

Sonralar Kərimov Sovet kosmonavtikasinin inkişafında müsilsiz xidmətlərinə görə, Sovet İttifaqı Qəhrəmanı adına, həmçinin çoxsaylı yüksək dövlət mükafatlarına və ordenlərə layiq görülüb.

O, 1965-ci ildə Kosmik Vasitələr İdarəsinin rəisi vəzifəsinə təyin edilmişdir. O dövrdə Sovet kosmonavtikasının fəxri sayılan, alim-mühəndis zehninin qələbəsi kimi qəbul edilən kosmik aparatlar onun fəal iştirakı və birbaşa rəhbərliyi ilə yaradılmışdır. Onların sırasında yeni nəsil “Soyuz” kosmik gəmiləri, “Salyut” orbital stansiyası, sonradan isə çoxmodullu “Mir” kosmik stansiyasının adlarını çəkmək olar.

 

Sovet kosmonavtika elminin əjdahası

 

1985-ci ildən keçmiş SSRİ Baş Kosmos İdarəsi Elm İstehsalat Birliyinin baş direktoru və və baş konstruktoru təyin olunan, Sialkovski, Korolyov və Qaqarin adına fəxri medallarla təltif edilən, texnika elmlər doktoru, professor Tofiq İsmayılov da Sovet kosmonatikasının inkişafında böyük xidmətlər göstərib.

Akademik T.İsmayılovun fəaliyyətində astro-fizika, elmi-tətbiqi cihazqayırma problemləri sahəsində irəli sürdüyü elmi mülahizələr əhəmiyyətli yer tutmuşdu.

1982-ci ildən ömrünün sonuna qədər Kosmik Tədqiqatlar Elm İstehsalat Birliyinin baş konstruktoru və baş direktoru vəzifəsində çalışmışdır.

Onun rəhbərliyi və şəxsi iştirakı ilə hazırlanmış “PS-17 BK” və “Pulsar X-1” rentgen teleskopları böyük uğurla “Salyut-Soyuz-T-11”, “Mir” orbital stansiyalarında fəaliyyət göstərmişdi.

“Pulsar X-1” ifrat ulduzunun kəşfində iştirak etmiş, həmçinin "PS-17 BK" (vertolyot variantında) Çernobıl AES rayonunda radiasiya vəziyyətinin müəyyənləşdirilməsində geniş istifadə olunmuşdu.

 

İlk azərbaycanlı kosmonavtı niyə tanımırıq?

 

İlk azərbaycanlı kosmonavtın adı isə Musa Manarovdur. Əslən bakılı olan, sonralar Dağıstanda yaşayan Musa Manarov 1974-cü ildə Moskva Aviasiya İnstitutunun məzunu olmuşdur. 1 dekabr 1978-ci ildə kosmonavtlar dəstəsinə qəbul edilmişdir.

1987-ci ildə Vladimir Titov və Anatoley Levçenko ilə birlikdə “Soyuz TM-4” kosmik gəmisində bortmühəndis kimi özünün ilk uçuşunu başa vurdu. Bir il müddətində ekipaj “Mir” orbital kompleksində işlədi. Buna görə, Manarov Lenin ordeninə və Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü. Bundan başqa, ona 5 ordenlə yanaşı ona “Beynəlxalq İkor-1989” və ABŞ-ın “Xaroma mükafatı” diplomu da təqdim edildi. Musa Manarov kosmoda 1 ildən artıq yaşamış bir neçə nəfərdən biridir. 7 dəfə açıq kosmoda olub- ümumi müddət- 34 saat 23 dəqiqə.

Təəssüf ki, Azərbaycanda əksər xalqların həsəd aparacağı elmi nailiyyətlər əldə etmiş böyük şəxsiyyətlərimiz haqda yetərli informasiya yoxdur. Hələ də öz nümayəndəsini kosmosda görmək arzusu ilə alışıb-yanan minlərlə xalq olduğu halda, bizim gənclik belə insanlarımızı tanımır.

Gənc nəsil kosmosa ilk insan göndərən xalqın övladı olduğunun fərqində belə deyil. Amma, “kompyuter müğənnilərini”nin bütün həyatlarını əzbər bilirlər. Dünən mövzu ilə sosial şəbəkədə keçirdiyimiz sorğuda buna bir daha əmin olduq.

Mənbə - Səs qəzeti