
Dünən yenə də teatrdan çıxıb evə tələsirdim. Sevimli "Baku Bus"um gəldi, avtobusun salonuna keçib əyləşdim. Yerim çox rahat olsa da, üzbəüzdə oturan 60-65 yaşlarında nurani bir qadının narahatlığı diqqətimi cəlb etdi. Onun ara-sıra öskürməsiylə, elə bilirdim bu dəqiqə nəfəsi kəsiləcək. Sanki, qadında pnevmoniya əlamətləri vardı. Tez-tez əl-ayağını da ovuşdururdu. Hiss olunurdu ki, bədənində qan dövranı düzgün getmir. Ağbirçəyə yaxınlaşaraq nəyəsə ehtiyacı olub-olmadığını soruşdum. Bu zaman onun üzündə güllər açdığını gördüm. Asta səslə danışmağa başladı. Söhbət zamanı anladım ki, uzunsaçlı illər öncə ağır ürək əməliyyatı keçirib. Buna rəğmən dünənə kimi səhətiylə bağlı şikayətlənməyib, həmişə də kefi kök, damağı çağ yaşayırmış. Dünən qohumlarından biri onun votsapına beş il əvvəl çəkilmiş bir video göndərib. Qadın da açıb baxanda görüb ki, rəhmətlik qardaşı ilə toyda oynadığı yerdə çəkilən videodur. Telefonda gördüyü mənzərə ona çox pis təsir edib və ürəyi gedib. Ondan sonra da ağbircək mikro depresiyaya düşüb. Məsələdən agah olduqdan sonra üzümü xanıma tutaraq “o videonu sizə hansı "ağıllı" göndərib?” deyə sual etdim. Dedi ki, “vallah, heç özüm də bilmirəm, telefondan da başım çıxmır, amma qalereyasına baxanda orada idi...”
Həmişə özümlə təzyiqölçəni götürdüyümdən qadına təzyiqini ölçməyimi təklif etdim, razılıq verdi. Onun təzyiqini beş-altı dəfə ölçdüm, nə isə düz göstərmədi. Niyə belə olduğuna məəttəl qaldım. Zənənin ürəyi o qədər zəif vururdu ki, heç nəbzi də hiss olunmurdu.Yanımda əyləşənlər də xanıma məsləhət gördülər ki, həkimə getsin. Dedi getmişəm, həkim də təzyiqimi ölçə bilmir, aparat düz göstərmir.
Xanım düşəcəyi dayanacağa az qalmış ayağa durdu, xoş rəftara və səmimi ünsiyyətə görə minnətdarlığını bildirdi. Dedi ki, sağ ol, başımı qatdın, ağrımı unutdum. Kaş ki, hər gün bu yolda səninlə rastlaşaydım, söhbət edərdin başım qatışardı. Danışığın xoş təsir etdi. Belə rəftarın üçün özümü sənə borclu hiss edirəm...
Dedim nə borc? Xoşdur. Sağollaşıb getdi...
Amma ürəyim qadının yanında qaldı. Görəsən, necə oldu? Onun nömrəsini götürmədiyimə görə özümü məzəmmət etdim. İnsanları dərman sağaltmır, söz sağaldır. İndiki zamanda hamı bir-birinə söz soxmaq, acılamaq, aşağılamaq, təhqir etmək, ömür-gününü çürütmək yarışına çıxıb. Vecsizlik, laqeydlik də XXI əsrin populyarlaşmaqda olan “ənənə”yə çevrilməkdədir. Zəmanəmizdə insanların çoxu ictimai nəqliyyatda, parkda və digər bu kimi yerlərdə ətrafına boylanmadan qulağında qulaqlıq, öz aləmindədir və diqqətə ehtiyacı olan kəslərdən hali deyillər. Nə isə...
Dünənki qadını düşünürəm. Vallah, ölülərin dərdini çəkməsə, dirilər heç ölməz!
Bir şeyi anlamaq lazımdır ki, gedəni qaytarmaq olmur, candan müğayət olmaq lazımdır. Ölkəmizdə qara-qura xəbərlərdən, insanlara mənfi emosiyalar yaşatmaqdan ləzzət alan manyaklar çoxalıb. Məsələn, o qadına ağır travma yaşadan o videonu göstərmək çoxmu vacib idi? İnsanların yaralarına köz basmağın anlamı nədir?
Mən, ailəmdə, qohum-əqrabada, dost-tanışda hamıya demişəm ki, ən acı xəbəri belə mənə həyacanlı formada deməsinlər. Kim məni çox istəyirsə, stress bəxş etmək istəmirsə, həyacanlandırmasın, yoxsa o dəqiqə təzyiqim fontan vurar, ürəyim partlayar. Belə görürəm ki, qaraçılar adətin dəyişmədiyi kimi, qaraxəbərçilər də öz missiyalarını "can-başla" yerinə yetirməsələr, yaşaya bilməzlər. Onsuz da, hamının dərd-səri yetərincədir, bəzi ikiayaqlıların insanların dərdi üstünə min dərd gətirməsi mazoxizm, mizantropiyadan başqa bir şey deyil. Ətrafda baş verən hadisələrin fonunda, əbədi varlıq olmadığımı hiss edəndə bəzən dərdə qarşı da immunitetim yaranır. Odur ki, bacardığımız qədər şən olmağa çalışaq. Gözəl ovqat sağlamlıqdır, kimlərinsə ömrümüzə balta çalmasına imkan verməyək.
Yadda saxlayın! Müasir dövrün ən öldürücü silahı sözdür. Ona görə də, sözləri seçərkən, danışarkən son dərəcə diqqətli olaq. Onsuz da, dünyamız ideal, yaşayışımız da möhtəşəm deyil. Sözlərlə də nsanların qəlblərini dağlamaq, psixologiyasını məhv etmək, həyatını alt-üst etmək olur. Bir müdrik deyim var: “Sözlə öldürmək də olar, diriltmək də”. Gəlin, bilərəkdən və bilməyərəkdən "qatil" olmayaq. Əksinə gözəl fikirlərlə, müsbət enerji bəxş edən sözlərlə insanların könlünü oxşamağa, dərdini unutdurmağa çalışaq.
Bəşəriyyətə sülh, əmin-amanlıq, insanlara isə əməlisaleh davranış və can sağlığı arzulayıram!
Fəridə Aslanova-Rüstəmova
Globkom.info