
“Mübaris Dost” ləqəbli Feysbuk istifadəçisinin yazısını maraqlı olduğu üçün oxucularımıza təqdim edirik
"Kommunust", "sosializm" və bu qəbildən digər sözlər eşidən kimi "urus", "işğal", "represiya" deyə haray-qışqırıq salan "millətşüvənlər" özlərini hamıdan artıq vətənpərvər zənn etsələr də əslində savadsızlıqlarını nümayiş etdirmiş olurlar.
Hər şeydən əvvəl sosializm bir yaşam tərzidir, insanın insan tərəfindən istismarını əngəlləyən ictimai quruluşdur, ən son vətəndaşın belə qayğıyla əhatə olunmasını, rifahını təmin etməyə yönəlmiş cəmiyyətdir. Nə vaxtsa hadırəcəbin dədəsikimilər tamahına güc gələ bilməyib uşaqlara ayrılmış vəsaiti mənimsəməsi və ya buna bənzər digər neqativlərə görə Sibirə "ezam" olunubsa, əsas prinsipi "hər kəs əməyinə görə, hər kəsə əməyinə görə" olan bir rifah cəmiyyətini tənqid etmək ya gerizəkalılıq, ya da naqislik əlamətidir. Bu "millətçibaz" qaraguruhun heç ağlına da gəlmir özlərinə sual versin ki, dünya imperialistlərinin kommunistlərə qarşı hər yerdə amansızlıqla və qəddarcasına "səlib yürüşü" təşkil etməsinə rəğmən niyə bu insanlar hətta sosializm quruculuğunun mümkünlüyünü xəyal etməyin belə çətin olduğu bir vaxtda kommunist olurlar?
Eyforik hisslərlə "millətçilik" edənlərdən fərqli olaraq kommunistlər məsələyə elmi yanaşırlar və insanların, sözün əsl mənasında insan kimi yaşamını təmin edəcək rifah cəmiyyətinin sosializm olduğuna əmin olduqları üçün, vətənini, xalqını, millətini sevdikləri üçün kommunist olurlar.
Bəzi "kapitalizm aşirləri" də arqument kimi "çiçəklənən" kapitalizm timsalında Amerika, Avropa.. Norveç filan deyə həşir salırlar. Əvvəla onu deyim ki, bu ölkələrdə vəziyyət heç də bizə reklam olunan kimi ideal deyil, həmin ölkələrdə zaman-zaman baş verən etiraz mitinq və nümayişləri heç də xoş gün-güzərandan baş vermir. Bununla yanaşı orda dolanışacaq həqiqətən də bizdəkindən xeyli yaxşıdır, faktiki istismar mövcud olsa da belə. Amma "kap-aşiqlər" dərk edə bilmirlər ki, kapitalizm tək bu 5-3 ölkədə deyil, problemlərin ağuşunda çapalayan dünyanın digər ölkələrində də kapitalizm vardır və onların acınacaqlı vəziyyətlərinin bir səbəbi də kapitalizmin amansız qanunlarıyla yanaşı elə bu 5-3 ölkədir. Bizim kimi periferiya ölkələrinin özünü bu 5-3-lə müqayisə etməsi isə gülüncdür, biz ən yaxşı halda özümüzü yüz ilə yaxındır kapitalizmlə "çiçəklənən" qonşu, qardaş, bizdən də dəfələrlə böyük və güclü olan Türkiyəylə müqayisə edə bilərik. Yəni onlar kimi olmağa ümid edə bilərik, onların "norveç" ola bilməsi isə heç üfüqdə də görünmür.
Bəziləri də 20 yanvar, Xocalı, Sovet hakimiyyətinin son dönəmlərində olmuş talon-filan mövzüları kommunistlər əleyhinə istifadə etnəyə cəhd edirlər. Bu barədə qısaca onu deyim ki, bunlar hamısı Soveti dağıtmaq və kommunistlərə nifrət formalaşdırmaq üçün "tərifli" qərb kapitalistləri tərəfindən cızılmış və satqın Qorbaçovun əliylə həyata keçirilmiş planın tərkib hissələri idi.
Əslində bu mövzuda toxunulmalı məqamlar çoxdur, amma yazı uzun alınır. Həm də bilirəm ki, "personajlar" yazını oxusalar bu məqamlardan bəzilərini vurğulayacaqlar.
Biz kommunistlər Sovet dövrünü ideallaşdırmağın tərəfdarı deyilik, amma Sovet dövrü bizim üçün bir məktəbdir,- öz səhvləriylə, düzləriylə. Sovet dövrünün nailiyyətlərini tərənnüm etməklə yanaşı o dövrün səhvlərini də öz aramızda müzakirə edib onları aradan qaldırmağın yollarını müəyyən edirik;- gələcəkdə quracağımız sosializm cəmiyyətində bu səhvləri təkrar etməmək üçün.