Biz tez- tez belə bir fikirlə üzləşirik ki, guya əsil sosializm skandinav ölkələrindədir (Norveç, İsveç və. s). Hətta “skandinav sosializmi” deyilən bir ifadədən də istifadə olunur. Sosial Demokrat partiyasının sədri Araz Əlizadə iddia edirdi ki, “Skandinav ölkələrində kommunistlər heç bir gün də hakimiyyətdə olmayıblar amma əsil sosializm onlardadır… dünyada ən yüksək həyat standartları və s” . Guya Norveç xalqı bu zənginliklərə görə sosial-demokratlara borcludurlar və sən demə Azərbaycanda da social-demokratlar hakimiyyətə gəlsə ölkə Norveç kimi, İsveç kimi sosial firəvanlıq içində yaşayacaq.

Bəziləri yazır ki, Norveç də Azərbaycan kimi dunyaya neft və qaz ixrac edir və orada komunist dövləti deyil, amma bütun ali məktəblər pulsuzdur, hər uşaq doğulanda onun adına dövlət bank hesabı açır və oraya 20,000 Amerika dolları məbləgində yerli valyuta ilə pul qoyur, qadın hamilə olanda 3 il ərzində iş yerini onun ucun saxlayırlar, birinci il tam maaşını alır, ikinci il isə maaşının yarısını alıb evdə oturur. Norveçdə tibbi xidmet hər kəs ucun pulsuzdur, özü də əla səviyyədə..”

Bu və bu qəbildən yalanlar son dövrlərdə cəmiyyətdə geniş təbliğ olunur və sadə xalq kütləsi aldadılır, ona nəinki kapitalizmin eybəcərliklərinə, istismarına dözüm aşılanır, həm də səbr təlqin olunur, hələ üstəlik kapitalizmə inam və sevgi təbliğ edilir. Sadə insanları aldadırlar ki “onun problemlərinin səbəbi kapitalizm yox, yalnız hakimiyyətdir və onu dəyişən kimi Azərbaycan Norveç və İsveç kimi xoşbəxt olacaq”. Məntiq isə olduqca sadədir:“ Norveç capitalist ölkədir amma əhali sosial firavanlıq içində yaşayır”.

Bəs bu qəbildən iddialar nə dərəcədə əsaslıdır? Konkret olaraq Norveç modeli üzərində təhlilimizə başlayaq. İlkin olaraq ortaya belə bir sual çıxır- əgər Norveçin inkişafı kapitalizmlə əlaqədardırsa onda nə üçün 70-ci illərə qədər Norveç diz üstə sürünürdü və bütün sosial göstəricilərə görə Sovet Azərbaycanından geridə qalırdı? Məsələn Azərbaycan SSR istər hər 100 min nəfərə düşən ali təhsillilərin sayına, həmçinin də həkimlərin, xəstəxanaların sayına görə Norveçi açıq fərqlə üstələyirdi. Deməli Norveç zənginliyinin səbəbi kapitalizm və ya sosial demokratiya deyil, bəs onda nədir? Necə oldu ki, 70- ci illərə qədər kasıb balıqçı daxmaları ilə tanınan bir ölkə bu gün hər kəsə nümunə göstərilir?

Səbəbi bir cümlə ilə belə ifadə edə bilərik; olduqca az əhali, amma çox geniş ərazi, 200 ildir ki heç bir müharibəyə məruz qalmadan, dağıntılarsız sakit həyat və olduqca nəhəng neft və qaz rezervləri. Norveç ərazicə Azərbaycandan 5 dəfə böyük olduğu halda əhalisi bizdən 2 dəfə azdır, təbii artım yox səviyyəsindədir. Fikir verin, 1982-ci ildə Norveçin əhalisi 4 milyon 106 min nəfər olub və aradan 43 il keçib və əhalinin sayı hələ indi- indi 5 milyon nəfərə çatıb, o da xaricdən gətirilən işçi qüvvəsinin hesabına. Yeri gəlmişkən, sual çıxır ortaya, sizcə də təəccüblü deyilmi ki, az qala “cənnət” kimi təbliğ olunan və “ hər uşaq doğulanda onun adına dövlət bank hesabı açır və oraya 20,000 Amerika dolları məbləgində yerli valyuta ilə pul qoyur, qadın hamilə olanda 3 il ərzində iş yerini onun ucun saxlayırlar, birinci il tam maaşını alır, ikinci il isə maaşının yarısını alıb evdə oturur” deyilən bir ölkədə nədənsə heç kəs uşaq doğmaq istəmir? Məntiqlə bunun əksi olmalı deyildimi? Hə, belə məlum olur ki, “Norveç cənnəti” olduğundan daha çox şişirdilir. Əvvələn bu ölkə istər qiymətlərin bahalılığına, istərsə də vergi yükünün ağırlığına görə dünyada liderdir. Uşaq doğulanda onun hesabına qoyulan 20 min dollarlıq vəsait isə bu ölkədə cəmi bir illik kommunal xidmətin qarşılığı ola biləcək qədər zəif məbləğdir. Ona görə də heç kəs bu güzəştlərə şirnikləşib ömür boyu “zibilə düşmək”, uşaq sahibi olmaq istəmir.

Sovet vaxtı isə Norveçdən fərqli olaraq Azərbaycanda əhalinin təbii artımı çox yüksək idi. Bunun nəticəsidir ki 2-ci dünya müharibəsində 300 mindən çox gəncini itirən 3 milyonluq respublikada bu gün əhalinin sayı 10 milyon nəfəri keçib. Əgər müharibə və kəskin iqtisadi tənəzzül (1991-2013) olmasa idi, bu gün Azərbaycanın əhalisi 12 milyona bərabər olardı. Bundan başqa Sovet vaxtı Azərbaycan Sosialist Respublikası orta hesabla ildə cəmi 10 milyon ton neft hasil edirdisə, Norveç 150 milyon ton neft hasil edir, yenə nəzərə alın ki, əhalisi bizdən 2 dəfə azdır. Bundan başqa Sovet vaxtı Azərbaycan SSR ən yaxşı halda 7-10 milyard kubmetr qaz hasil etdiyi halda Norveç hər il orta hesabla 100 milyard kubmetr qaz satır . Sovet Azərbaycanının hasil etdiyi qaz heç daxili tələbatı ödəyə bilmədiyindən Rusiyadan, İrandan hər il 10 milyard kubmetr qaz alırdıqsa, Norveç əksinə 100 milyard kubmetr qaz satır və qaz ixracatı səviyyəsinə görə Avropa qitəsinin ən böyük, hazırda isə Rusiyadan sonra 2-ci ölkəsidir.

Belə bir disbalans şəraitində belə Sovet Azərbaycanı əhalisini pulsuz mənzillə, pulsuz səhiyyə ilə, dövlət hesabına pensiya ilə təmin edir, bütün əhalisini pulsuz oxudur, işlə təmin edir, bütün uşaqlar məktəbə gedənə qədər hər ay uşaq pulu ilə təmin edilir, kommunal xidmətlərə görə isə 80-90 qəpik kimi simvolik məbləğlər ödəməklə kifayətlənəcək qədər sosial təminatla təmin olunurdular. Sovet vaxtı məktəblilər şəhərdaxili nəqliyyatdan istifadəyə görə gediş haqqı ödəmirdilər. Bu qəbildən güzəştlərin siyahısını istənilən qədər uzatmaq olar. Hansı ki, Norveçdə bu təminatların heç yarısı da yoxdur. Bir sözlə Sovet sosializmində insanların sahib olduqları bu sosial hüquq və güzəştlərin heç biri neft amili ilə bağlı deyildi, sosialist sisteminin ədalətli qanunları və bölgü sistemi bizim yüksək sosial təminatımızı təmin edirdi.

Kapitalizmin restavrasiyasından sonra əhali bütün bu hüquq və güzəştlərdən məhrum edilmiş və ömrünün yarıdan çoxunu başqaları üçün müftə işləyəcək bir sosial köləliyə məhkum edilmişlər. İndi bu quldarlar kütləni aldadırlar ki, guya Sovet İttifaqında sosializm olmayıb və kommunist hakimiyyətinin xiffətini çəkməkdənsə, Norveç kimi ölkələrin yolunu təqib etmək daha yaxşıdır. Əlbəttə ki, bu kütləni aldatmaqdan və şirin nağıldan başqa bir şey deyil. Əvvəlcə ona görə ki, Norveçdə həyat standartları yalnız bizim indiki vəziyyətimizlə müqayisədə yüksək görünür, ikincisi isə bu halda belə bizim Norveç olmaq şansımız yoxdur. Ən sadəsi ona görə ki, biz əhalinin sayını 2 dəfə azaldıb neft hasilatını 150 milyon tona və qaz hasilatını 100 milyard kubmetrə çatdıracaq potensiala sahib deyilik. Norveç kimi hərbi xərclərdən azad olmaq kimi bir şansımız da yoxdur. Biz elə bir regionda yaşayırıq ki, istəməsək belə müharibə Domokl qılıncı kimi daima başımızın üstündədir.

Rəsmi proqnozlara görə, Azərbaycan ən yaxşı halda qaz hasilatını illik  50 milyard kubmetr səviyyəsinə qədər artıra bilər, neft hasilatı isə azalan tendensiyayla gedir. Hər il ölkədə 150 min uşaq doğulur, Norveçdə bu rəqəm 30 mindən çox deyil. Bəs nə etməli? Sosial problemlərin həllinin yeganə yolu sosialist inkişaf modelinin qurulmasından keçir. Bu gün biz ona görə yoxsulluq və təminatsızlıq içərisində yaşamırıq ki zəngin olacaq qədər istehsal edə bilmirik, əksinə yoxsulluğun yeganə səbəbi sosial bərabərsizlik və ümumi gəlirin ədalətsiz bölgüsüdür. Təkcə hazırki göstəricilərlə təqribən hər il 40 milyard manatdan çox vəsait xalqın sosial təminatından yayındırılır və bir qrup oliqarxın nəzarətinə keçir. Sosialist sistemində bu vəsaitlər mənzil və ictimai istehlak fondlıarına oradan isə işçilərin pulsuz mənzil təminatına pulsuz səhiyyə xidmətinin maliyyələşditilməsinə kommunal xərclərdən tamamı ilə ləğvinə, təhsilin bütün mərhələlərinin pulsuz olmasına və digər sosial təminatların həyata keçirilməsinə yönəldiləcəkdir.

P.S. Dünya praktikasında neft- qaz yataqlarının dövlət tərəfindən milliləşdirilməsinin ilk təcrübəsi Sovet sosializmi olub. İstər Norveç, istərsə də ərəb ölkələri bu modeli Sovet sosializmindən əxz ediblər. Amma bəzi şəxslərin,  Norveçin bu gün olduqca az əhalisi fonunda dünya üzrə ən böyük karbohidrogen rezervlərinə sahib olmasından irəli gələn üstünlüklərindən çıxış edib Sovet sosializminə böhtan atması nadanlıqdan və nankorluqdan başqa bir şey deyildir.

Mənbə- “Azərbaycan kommunistləri” Feysbuk səhifəsi