Yazının I hissəsini burdan oxuya bilərsiz:

(https://globkom.info/butun-xeberler/mehemmed-emin-resulzadenin-bolsevik-kecmisi)

1905-ci ildən sonra Rusiyada İmperiyasında, o cümlədən Cənubi Qafqaz, xüsusilə də Bakıda bolşevizm hərəkatının güclənməsi çar hökumətini qəti tədbirlər görməyə vadar edirdi. Məhəmməd Əmin Rəsulzadənin də üzv olduğu ikidilli (türk və erməni) leqal bolşevik qəzeti “Dəvət-Qoç” (ədəbiyyatlarda “Qoç-Dəvət” kimi də keçir – red. Əli Novruzov) 16-cı buraxılışından sonra fəaliyyətini dayandırdı. 1907-ci ilin martında isə sosial-demokrat “Təkamül” qəzeti də çar polisinin təzyiqi ilə bağlandı. Rusiya hökuməti bolşevik “Hümmət” partiyasının da güclənməsindən ehtiyat edirdi. Yeganə siyasi partiya “Hümmət”idi ki, o da 1907-ci ildə çar mütləqiyətinin müdaxiləsindən sonra fəaliyyətini dayandırdı. “Hümmət”in Rus hökuməti tərəfindən dağıdılmasının nəticəsində partiya üzvləri təqib və həbslərə məruz qaldı. Təşkilat üzvlərindən Nəriman Nərimanov, Sultan Məcid Əfəndiyev, Bünyad Sərdarov həbs edildi. Məhəmməd Əmin Rəsulzadə, İbrahim Əbilov və Dadaş Bünyadzadə isə İrana mühacirət etdilər.

“Hümmət”in dağıdılması Novxanılı siyasətçinin də dünyagörüşündə təkamülün baş verməsi ilə nəticələndi. Lakin Rəsulzadənin bolşevik kimliyinin dəyişməsinin səbəbləri indiyə qədər müəmmalı olaraq qalmaqdadır. Nəsiman Yaqublu Bakılı “Hümmətçi”nin RSFDP və bolşevizmdən uzaqlaşmağını bolşeviklərin Azərbaycanın istiqlaliyyətinə qarşı olması ilə əlaqələndirir. Lakin müəlli iddiasına dair bircə mənbə belə göstərmir (Nəsiman Yaqublu “Məhəmməd Əmin Rəsulzadə ensiklopediyası”, 2013 s.20). Həmçinin Rəsulzadənin 1907-ci ildə nəşr etdiyi məqalələri arasında da bolşeviklərdən uzaqlaşması ilə bağlı yazılara rast gəlmirik.  Bolşevizmdən aralanması və İrana mühacirəti onun  düşüncələrində dəyişiklik yaratdı. Təsadüfi deyil ki, gələcəkdə Azərbaycan (türk) millətçiliyinin əsas avanqardı kimi tanınan Rəsulzadə İrandakı fəaliyyəti zamanı İran millətçisi idi (Tadeusz Swietochowski “Müslüman cemaaten ulusal kimliğe Rus Azerbaycanı 1905-1920”. Bağlam Yayınları-1985 s.102). Keçmiş bolşevik Rəsulzadənin irançılıq mövqeyi 1909-11-ci illərdə özünün bilavasitə baş redaktorluğu ilə İranda farsca çap olunan “İrane-nov” (Yeni İran) qəzetində nəşr etdirdiyi məqalələrində də özünü qabarıq biruzə verir. O, 23 avqust 1909-cu ildə “İrane-nov” qəzetində dərc etdirdiyi “Bizim məramımız” məqaləsində “məmləkətimiz İran”, “biz iranlılar” ifadələrini qeyd etməklə Məşrutə (Konstitusiya) inqilabı zamanı vətəndaş millətçiliyi diskursunu dəstəkləyirdi. Eləcə də 27 dekabr 1909-cu ildə yenə həmin qəzetdə çap etdirdiyi “Bizim rəsmi dilimiz yoxdur” məqaləsində İranın rəsmi dili kimi fars dilini dəstəkləmişdir (Məhəmməd Əmin Rəsulzadə “Əsərləri: İkinci cild 1909-1914”. Şirvannəşr-2001 s.9, 30-1). Rəsulzadənin İran millətçiyi mövqeyi görkəmli Şərq mütəfəkkiri Mirzə Fətəli Axundovun paniranist ideyalarından təsirlənməsi ilə bağlı idi (Muzeyi, M. A. T. Of International Symposium dedicated to the 150th annivesary of the birth Ahmed bey Agaoglu Baku, 2-3 October, 2019/ Solmaz Rüstəmova-Tohidi “Əhməd Ağaoğlu və İran. “İranlı kimliyi”nin qaynaqları, s.192-197). Lakin Osmanlıya getdikdən sonra Rəsulzadənin ideyaları tədricən türkçülüyə doğru yol almağa başladı (Айдын Балаев “Мамед Эмин Расулзаде (1884-1955). Политический портрет”. Баку, TEASPRESS, 2018 s.25). Maraqlıdır ki, bolşevik olduğu zaman milləti bütöv deyil, daban-dabana zidd siniflərdən ibarət olduğunu qeyd edən və millətçiləri daim kəskin tənqid edən Novxanılı siyasi xadim Şərq millətçiliyini özünümüdafiə xarakterli, sosioji cəhətdən mütərəqqi hadisə hesab edirdi (Мамед Эмин Расулзаде “О пантуранизме: в связи с кавказской проблемой”. ИД Кавказ. Баку-2007 s.42).

 

Azərbaycanın ilk “sol millətçi” təşkilatı

 

1911-ci ildə Rəsulzadənin İstanbuldan göndərdiyi təlimata əsasən bir qrup keçmiş Hümmətçi sosialist - Abbas Kazımzadə, Tağı Nağıoğlu və özünün əmisi oğlu Məmmədəli Rəsuloğlu “Müsavat” partiyasının əsasını qoyur. Qurulduğu ilk dövrlərdə millətçi ideyalardan uzaq olan “Müsavat” müsəlman xalqlarının birliyi-“ittihadi islam” ideyasını dəstəkləyirdi (Aydın Balayev “Məmməd Əmin Rəsulzadə (1884-1955)”, Bakı-2012 s.29). 1913-cü ildə mühacirətdən qayıdan Rəsulzadə partiyaya sədrlik etməyə başlayır. “Müsavat”ın mətbuat orqanı “Açıq Söz” qəzeti idi. Bakılı məşhur 1914-cü ildən siyasi baxışlarında türkçülüyə dəyişim müşahidə edilsə də, bu, “Müsavat”ın ümumi proqramına təsir etmir. Buna görə də 1917-ci ilə qədər partiyanın proqramında “Azərbaycanın ərazi muxtariyyəti”nə dair bir cümləyə belə rast gəlmirik. “Müsavat” müsəlmanların mədəni muxtariyyəti ideyası ilə çıxış edirdi. Buna görə Rəsulzadə I Dünya müharibəsində Üçlər İttifaqına qarşı imperialist müharibə aparan Rusiya imperiyasını dəstəkləyən məqalə ilə çıxış etmişdi (Məhəmməd Əmin Rəsulzadə: “Əsərləri: III cild: 1915-1916”, Bakı-2012 s.173). Azərbaycan bolşevikləri isə Rusiyanın apardığı müharibəyə imperialist müharibə olduğu üçün qarşı çıxmışdı.  

Maraqlıdır ki, bolşevizmdən millətçiliyə dönüş etməsinə rəğmən Rəsulzadənin sosial-iqtisadi baxışlarında sol amillər qalırdı. Məsələn, hələ paniranist olduğu dövrdə Rəsulzadə “Mühafizəkar və ya Sosialist Mühafizəkar Partiyaların Tənqidi” məqaləsində sosialistləri mühafizəkar və sosialist mühafizəkarlardan ayırıb, onların (sosialistlərin- red.Əli Novruzov) bəşəriyyətə proqressiv töhfələr verdiyini qeyd edirdi:

“Bunlar, (yəni sosialistlər) elə bir firqədir ki, təkcə siyasi bərabərlik deyil, ictimai-iqtisadi bərabərlik də tələb edirlər. Bunlar Avropa məişətinin bütün kiçik və böyük məsələlərində nüfuzu olan kapitalizm üsul-idarəsinin əleyhinə çıxıb onu (kapitalizm) Avropa, Amerika, Yaponiya və s. yerlərdə dağıdıb, sosializm idarə üsulunu bərqərar etmək istəyirlər. Çünki onlar bəşəriyyətin səadətini sosializmdə görür və öz ali məqsədlərinə çatmaq üçün təkamül qanunu sosializm amalına uyğun bilərək, siyasi hakimiyyəti onlarla üst-üstə düşən siniflərə vermək istəyirlər.

Proletariatın mənafeyinin hamisi olan sosialistlər bütün bəşəriyyətin azadlığını proletariatın kapitalın boyunduruğundan azad olmasında görürlər. Sosialistlərin böyük müəllimi Karl Marksın təxminən 50 il bundan qabaq kəşf etdiyi kimi, kapitalizmin hakim olduğu və inkişaf etmiş sənaye ölkələri dəmir bir iqtisadi qanuna tabedir ki, o da kapitalın mərkəzləşməsi və cəmiyyətin proletarlaşmasıdır.

Sosialistlərin minimum tələbləri hər yerdə təqribən birdir. Onlar yalnız bir məclisli idarə üsulunun və beş üsullu seçkinin, yəni müstəqim, ümumi, gizli, bərabər və mütənasib seçkinin tərəfdarıdırlar. Onların siyasi tələblərindən biri də parlamentarizmdir. Din və məzhəbi tamamilə siyasətdən ayırırlar. Lakin dini siyasətdən ayırmaq dindarları təzyiq altında saxlamaq demək deyildir. Əksinə, onlar ciddi surətdə dinin və vicdan azadlığının tərəfdarıdırlar” (Məhəmməd Əmin Rəsulzadə “Əsərləri: İkinci cild 1909-1914”. Şirvannəşr-2001 s.93-4, 96).

Rəsulzadənin iqtisadi fikirlərində sol təmayül Azərbaycan (türk) millətçisi olduğu dövrlərdə də özünü göstərirdi. Belə ki, 1917-ci ilin iyununda “Açıq Söz” qəzetində nəşr etdirdiyi “Sosializm həqqində” məqaləsində Rəsulzadə menşeviklərin mövqeyindən çıxış edərək sosialistlərin bəşəriyyətə  xidmət etdiklərini və sosialist inqilabının tədricən baş verəcəyini qeyd edirdi:

“Bu firqələr təbiətlərinə görə bir sinif firqəsi isələr də, niyyətlərinə görə ümumbəşəriyyətə xidmət ediyor və dünyanın ən böyük əqsai-amalı olan sosializmə inməklə yalnız zəhmətdəki əmələ qismini degil, bütün bəşəriyyəti səfalətdən qurtarmaq istiyorlar. Kapitalizmin gördügümüz bu surətli tərəqqisi nəticəsində heç şübhəsiz ki, bəşəriyyət bu böyük səadəti dərk edəcək. Bu dərki-səadət tezmi olacaq, gecmi olacaq- o bir başqa məsələ. Vazeh olan bir məsələ varsa, o da budur ki, bu inqilab birdən-birə olmayıb, tədriclə vaqe olacaq və sosializm tamamilə yetişməyincə bəşəriyyət ağacından dərilməyəcəkdir”

Əlavə olaraq Rəsulzadə həmin məqaləsində kapitalizm quruluşunu da kəskin tənqid edir:

“Fəqət hər iki sikkənin iki üzü olduğu kibi kapitalizmin də ikinci üzü vardır. Bu üz ondan ibarətdir ki, kapitalizm sayəsində vücuda gələn dövlət və sərvətlə bərabər, füqəra ilə səfalət də tərəqqi ediyor. Xırda sərvət sahibləri azalıb kiçik sənətkarlar əmələligə ediyor, bunun əvəzində isə sərmayə mərkəzləşib milyonlar böyüyür. Halbuki milyonlarla xəlq var-yoxdan çıxıb fabrikada çalışmaq və zəhmətini satmaq məcburiyyətində qalıyor. Kapitalizm ilə idarə olunan məmləkətlər zahirdə abad, məmur, xoşbəxt görünüyorlarsa da, batində təzadlarla dolu səfalətə məhkum, həyatından naməmnun əmələ sinfi və demokratiyadan ibarətdirlər” (Məhəmməd Əmin Rəsulzadə “Əsərləri: IV cild: 1917-aprel 1918. Qanun, 2013 s.241-2).

Rəsulzadənin sosializmlə bağlı “Açıq Söz” qəzetində yazdığı məqalələr əsasında  siyasi xadimi sol millətçi kimi xarakterizə edə bilərik. Təsadüfi deyil ki, onun yazılarında istifadə etdiyi imzalardan biri də “Sosialist” idi (Nəsiman Yaqublu “Məhəmməd Əmin Rəsulzadə ensiklopediyası”, 2013 s.169).

Yuxarıda qeyd etdiyim kimi “Müsavat”ı quranlar vaxtiykən bolşevik “Hümmət” təşkilatının üzvləri olduğundan şübahəsiz ki, Müsavat da 1917-ci ilə kimi sol yönümlü millətçi təşkilat idi.

 

I Cümhuriyyətin ideoloqlarından biri kimi

 

“Müsavat” partiyasının 1911-ci ildə qurulmasına rəğmən partiya milli məsələdən uzaq olub “Müsavat”ın proqramında “Azərbaycan” adı ilə bağlı bir bəndə belə rast gəlinmirdi. Lakin İstanbula mühacirət etdikdən sonra siyasi düşüncələrində təkamül baş verən “sol millətçi” Rəsulzadənin 1914-cü ildə “millət-dövlət” konsepsiyası formalaşma mərhələsinə qədər qoymuşdu. 2 oktyabr 1914-cü ildə “Açıq Söz” qəzetində nəşr etdiyi “Milli dirilik” məqaləsində Rəsulzadə qeyd edirdi ki, yalnız “milli istiqlaliyyət millətlərin xüsusiyyətlərinin mühafizəsini təmin etmək iqtidarındadır” (Məhəmməd Əmin Rəsulzadə “Əsərləri: İkinci cild 1909-1914”. Şirvannəşr-2001 s.466).  Rəsulzadə “Milli dirilik” məqaləsində milli-dövlətin ilk düsturunu versə də, bu dövlətin adının nə olacağı, onun muxtariyyət yoxsa müstəqil əsaslarla qurulacağı, eləcə də respublika yoxsa monarxiya quruluşuna əsaslanacağı müəmmalı idi. Bəzən Azərbaycan tarixşünaslığında “Azərbaycan muxtariyyəti” ideyasının ilk dəfə “Müsavat” partiyası tərəfindən 1917-ci ildə irəli sürüldüyü iddia olunur. Maraqlıdır ki, reallıqda “Azərbaycan muxtariyyəti” ideyası ilk dəfə 1915-ci ildə Boduen-de Kurtilin sədrliyi altında qeyri-rus millətlərinin Kiyevdə keçirilən qurultayı zamanı irəli sürülmüşdü. Azərbaycandan Qasım bəy Əmircanov və gələcəkdə Azərbaycan parlamentində Sosialistlər fraksiyasənın üzvü kimi təmsil olunan Aslan bəy Səfikürdski qurultayda iştirak edirdilər. Təklifə görə Azərbaycan muxtariyyəti Bakı və Yelizavetpol quberniyalarını, Zaqatala dairəsini tam, İrəvan və Tiflis quberniyalarının bir hissəsini əhatə etməli idi. Sonralar Səfikürdski 1919-cu ildə Kiyevdə ərsəyə gətirilən “Azərbaycan muxtariyyəti”nin gələcək sərhədlərinin Gürcüstan və Ermənistan nümayəndələri tərəfindən qəbul edildiyini və 1915-ci ildə sərhəd məsələsində fikir ayrılığı və mübahisələrin az olduğunu qeyd etmişdi (Azərbaycan Xalq Cümhuriyyətinin Gəncə quberniyasından olan dövlət xadimləri. Gəncə-2018 s. 236-7).

1917-ci ilin fevralında müharibənin gedişi zamanı Rusiya ordusunun Qərb cəbhəsində məğlubiyyəti demokratik qüvvələrin çar II Nikolaya təzyiqi və sonda burjua inqilabı ilə nəticələndi. İnqilab nəticəsində Rusiya Respublika elan edildi, böyük ölkə Kerenskinin rəhbərliyi altında Müvəqqəti Hökumət tərəfindən idarə olunmağa başladı. Milli problemlərin çar mütləqiyyətinin devrilməsində mühüm rol oynamasıyla bağlı Rəsulzadə yazırdı:

“İnqilab, imperatorluğu içindən təzyiq edən iki mühüm qüvvənin daşmasından zühur etmişdi. Bir tərəfdən məhrum siniflər, digər tərəfdən də məhkum millətlər həqqlərini istəyirdilər. Kəndli, torpaq, fəhlə iş, velikorus olmayan millətlər isə muxtariyyət idarə tələbində idilər” (Məhəmməd Əmin Rəsulzadə “Azərbaycan Cümhuriyyəti”. Bakı, 1990 s.28). Fevral inqilabı gizli fəaliyyət göstərən siyasi partiyaların da açıq fəaliyyət göstərməsinə səbəb oldu. 1917-ci ilə qədər  “Cəmiyyət” adı altında gizli fəaliyyət göstərən “Müsavat” Müvəqqəti Hökumətin qurulmasından sonra leqal fəaliyyətə başladı. Rəsulzadə başda olmaqla sol millətçilərin formalaşdırdığı “Müsavat”, 1917-ci ilin martından Nəsib bəy Usubbəyovun başçılıq etdiyi Gəncədə yaradılmış “Türk Ədəmi-Mərkəziyyət” (“Federalistlər”) partiyası ilə əməkdaşlığa başladı. “Federalistlər”lə əməkdaşlıq Rəsulzadənin millət-dövlət konsepsiyasının formalaşmasına da ciddi təsir göstərdi. Qeyd etmək lazımdır ki, “Federalist”lər “Azərbaycanın muxtariyyəti” ideyasının əsas avanqardları idilər və bu ideya Rəsulzadənin siyasi düşüncələrinə daha yaxın idi. Beləliklə, 1914-cü ildə “Milli Dirilik” məqaləsi ilə millət-dövlət modelinin ilk düsturunu verən Rəsulzadə “Federalistlər”lə əməkdaşlığa başladıqdan sonra “Azərbaycanın muxtariyyəti” ideyasının əsas dəstəkləyicilərindən və təbliğatçılarından birinə çevrildi. Təsadüfi deyil ki, Sovet Azərbaycanının görkəmli yazıçısı İlyas Əfəndiyev avtobioqrafik xarakterli “Geriyə baxma qoca” əsərində Rəsulzadəni I cümhuriyyətin ideoloqu kimi xarakterizə edirdi (İlyas Əfəndiyev “Geriyə baxma qoca”, 1980 s.195).

1917-ci ildə keçirilən qurultaylarda əsas müzakirələr mədəni muxtariyyət və müsəlmanların ərazilərdə federasiyanın formalaşması tərəfdarları arasında gedirdi. “Müsavat”  lideri Rəsulzadə və “Türk Federalistlər” partiyasının rəhbəri Usubbəyov federal prinsipi müdafiə edirdi. Şimali Qafqaz müsəlmanlarının siyasi lideri Əhməd Tsalikov isə Vahid Rusiya dövləti çərçivəsində müsəlmanların siyasi və mədəni inkişafının tərəfdarı idi. Ümumi səsvermə zamanı 446 nəfər Rəsulzadənin təklif etdiyi federal idarəetmənin lehinə səs verdi (Георгий Сафаров “Национальний вопрос и пролетариат”, 1922 s. 233-6). 1917-ci il iyulun 3-də “Müsavat” və “Türk Federalistlər” partiyalarının birləşməsi nəticəsində “Türk Ədəmi-Mərkəziyyət Müsavat” partiyası yaradıldı. Partiya 2 qanada bölünmüşdü. Sağ (Gəncə) qanada mülkədar sinfinin nümayəndələri Həsən bəy Ağayev, Xəlil bəy Xasməmmədov, Şəfi bəy Rüstəmbəyov və başqaları daxil idi.  Sol (Bakı) qanadda isə Məhəmməd Əmin Rəsulzadə, Məhəmməd Həsən Hacinski və Mustafa Vəkilov təmsil olunurdu. “Federalistlər”lə birləşmə “Müsavat”ın sol millətçi partiyadan tədricən sağ-mühafizəkar və millətçi partiyaya çevirməsi ilə nəticələndi. Çünki “Müsavat”da rəhbərlik və idealoji hegemoniya Gəncə mülkədar elitasının əlində idi (Mirzə Davud Hüseynov “Müsavat firqəsi: Keçmişdə və indi” s.6, 13). Bu hegemoniya sonradan I Respublika dönəmində torpaq, fəhlə məsələsi, qadın haqları ilə bağlı məsələlərdə sağ və sol qanad arasında dərin fikir ayrılığına səbəb oldu. Müasir Azərbaycan tarixşünaslığında “Müsavat”ın “Gəncə Federalistləri” ilə birləşməsi yalnız “Azərbaycanın muxtariyyəti” məsələsi ilə əlaqələndirilir. Ancaq “Müsavat”ın “Federalistlər”lə ittifaqı muxtariyyət məsələsi ilə yanaşı iqtisadi səbəblərlə də əlaqəli idi. Sol (Bakı) qanadının iqtisadi baxımdan güclü olan sağ (Gəncə) qanadı ilə birləşməyinin səbəblərindən biri də erməni və rus burjuaziyasının Bakının türk burjuaziyasından iqtisadi baxımdan güclü olmağı ilə bağlı idi. Əlavə olaraq muxtariyyət məsələsi “Müsavat” (sol qanad) tərəfindən deyil, “Federalistlər” (Gəncə qanadı) tərəfindən irəli sürülmüşdü. Təsadüfi deyil ki, Rəsulzadə də “Azərbaycanın muxtariyyəti” ideyasının “Türk Federalistlər” partiyasının sədri Nəsib bəy Usubbəyov tərəfindən irəli sürüldüyünü etiraf edirdi (Solmaz Rüstəmova-Tohidi “Cümhuriyyətin “Azərbaycan” adlandırılması və onun tarixi əhəmiyyəti” Bakı-2021 s.47). Bakı burjua qanadı “Federalistlər”lə birləşənə qədər demokratik Rusiya Respublikasının tərəfdarı kimi çıxış edir, Rusiyada yaşayan bütün millətlər kimi müsəlman əhaliyə bərabərhüquqlu şəkildə sərbəst yaşamaq haqqının verilməsini istəyir, iqtisadi sahədə isə burjuaziya üçün geniş və sərbəst yaşamaq haqqının tanınmasını nəzərdə tuturdu (Mirzə Davud Hüseynov “Müsavat firqəsi: Keçmişdə və indi”, 1929 s.10).

1917-ci ilin sonu 1918-ci ilin əvvəllərində “Müsavat”ın getdikcə güclənməsi və Sovet federasiyasından kənar “Azərbaycan muxtariyyəti” ideyasını dəstəkləməsi Bakı Soveti üçün ciddi təhdid təşkil edirdi. Təsadüfi deyil ki, Bakı Sovetinin sədri bolşevik Stepan Şaumyan heç bir güclü hakimiyyəti və partiya ənənəsinə malik olmayan “Müsavat”ın inqilabın ilk dövrlərində Zaqafqaziyada güclü siyasi partiyaya çevrildiyini qeyd edirdi (Степан Шаумян “Избранные произведение. Т 2”. М., Издательство Политической литературы, 1978 s.291). Nəticədə 1918-ci ilin martında Bakı Sovetinə qarşı qiyamla nəticələnəcək hadisələrdə bütün partiyalar “Müsavat”a qarşı çıxdı, onun əzəli düşməni olan daşnaklar isə Bakıda və ətraf rayonlarda müsəlman əhaliyə qarşı kütləvi qətliamlar törətdi. “Müsavat”ın lideri Rəsulzadə də sonralar mart döyüşlərinin əsas səbəbinin “Azərbaycan muxtariyyəti” uğrunda Müsavatın müqaviməti ilə bağlı olduğunu qeyd edəcəkdi (Qulu Məhərrəmli “Məhəmməd Əmin Rəsulzadə”. Altun Kitab-2023 s.150). Bəzən 28 may 1918-ci ildə Tiflisdə elan edilən ilk cümhuriyyətimizin  həmin il baş verən mart döyüşləri ilə əlaqələndirilir. Lakin reallıqda “Azərbaycanın müstəqil dövlət olması” ilə bağlı bənd Azərbaycan Cümhuriyyətinin elanından yalnız 1 il sonra “Müsavat”ın 1919-cu ilin dekabrında keçirilən II qurultayında partiyanın proqramına salınmışdı (Mirzə Davud Hüseynov “Müsavat firqəsi: Keçmişdə və indi”, 1929 s. 28).  Bu zamana qədər “Müsavat”ın proqramında “Azərbaycanın muxtariyyəti” ilə bağlı bənd qalmaqda davam edirdi. Digər tərəfdən Rəsulzadə başda olmaqla “Müsavat” hələ respublika elan edilməmişdən əvvəl Cənubi və Şimali Qafqaz xalqlarının birliyi ideyası ilə çıxış edirdi. Məhz müsavatçıların təşəbbüsü ilə Seymdəki Azərbaycan fraksiyalarının 1918-ci il mayın 3-də keçirilən birgə iclasında Gürcüstan, Ermənistan və Azərbaycanın Şimali Qafqaz dağlıları ilə birlikdə konfederasiya yaratmaq ideyasını dəstəkləyən qərar qəbul edilmişdi (Aydın Balayev “Azərbaycan Cümhuriyyətinin doğuşu, 1917-1918-ci illər milli mücadiləsi”. Bakı-2022 s.244). Ancaq Osmanlının təzyiqi, eləcə də daşnaklar və menşeviklərin müsavatçılarla bir federasiyada qalmaq istəməməsi 26 may 1918-ci ildə Gürcüstan Zaqafqaziya Demokratik Federativ Respublikasıdan çıxması ilə nəticələndi. Mayın 28-də Ermənistan və Azərbaycan müstəqilliklərinin elan edilməsi ilə federasiya dağıldı. Yəni müsavatçılar Azərbaycanın ayrıca müstəqil dövlət kimi deyil, İsveçrə modeli əsasında digər Qafqaz respublikaları ilə konfederasiya şəraitində yaşamağı planlaşdırırdılar.

 

Rəsulzadənin I cümhuriyyət illərindəki fəaliyyəti

 

28 may 1918-ci ildə Azərbaycan Milli Şurası Tiflisdə tariximizdə formaca milli, məzmunca kapitalist-burjua ictimai quruluşuna əsaslanan ilk cümhuriyyətin qurulduğunu (baxmayaraq de-yure tanınmadı) elan etdi. “Müsavat”ın sol qanadının rəhbəri Rəsulzadə Milli Şuranın sədri seçildi. Lakin Rəsulzadə həmin vaxt Batumda Osmanlı ilə danışıqlarda iştirak edirdi və qiyabi olaraq Milli Şuranın başçısı idi. Tiflisdə mühacir hökumət kimi qurulan Azərbaycan Cümhuriyyətinin paytaxtı mövcud deyildi. Ona görə Gürcüstanı tərk edəndən sonra Milli Şura Gəncə şəhərini müvəqqəti başkənd kimi seçmişdi. 16 iyun 1918-ci ildə AC höküməti Gəncəyə çatdı. Lakin Milli Şura Nizami yurdunda qərargah qurmuş Əhməd Ağaoğlunun rəhbərlik etdiyi Azərbaycan burjuaziyası və mülkədarlarından təşkil olunan ilhaqçıların sərt reaksiyaları ilə qarşılaşdılar. İlhaqçılar Azərbaycanı Osmanlı dövlətinə birləşdirməyə çalışan mürtəce qruplar olub Milli Şuranın buraxılmasını və bütün hakimiyyətin Nuru paşaya verilməsini tələb edirdilər. Lakin onların (ilhaqçıların - red. Əli Novruzov) bu mövqeyi Rəsulzadə tərəfindən  etirazla qarşılandı (Əli Novruzov “Azərbaycan Respublikasının dövlət bayraqlarının tarixi”, Azeripress.az-2024). Buna baxmayaraq Nuru paşa AC-ni müstəqil dövlət kimi tanımadı və Milli Şuranı buraxdı. Hökumətin de-fakto ləğvindən sonra Müsavatın sol qanadının sədri Rəsulzadə və sol təmayüllü siyasi xadimlər neytrallaşdırılaraq İstanbula göndərildi (Yorq Baberovski “Düşmən hər yerdədir. Stalinizm Qafqazda”. Alatoran-2021 s.117). Milli Şura bir də 1918-ci ilin noyabrında Osmanlı ordusu Cənubi Qafqazı tərk etdikdən sonra fəaliyyətini bərpa etdi. Ancaq 7 dekabr 1918-ci ildə parlamentin açılışı ilə Milli Şuranın fəaliyyətinə yenidən xitam verildi.

 

Torpaq və fəhlə məsələsi

 

“Müsavat” Azərbaycanda iqtidarı öz əlinə aldıqdan sonra partiya sol və sağ fraksiyalara bölünürdü. Belə ki, Müsavatın sol qanadının başqanı Rəsulzadə aqrar məsələnin həllində kəndlilərin mövqeyini dəstəkləyirdi. 1918-ci ilin dekabrın 10-da Azərbaycan parlamentinin ikinci iclasında keçmiş “Hümmət”çi xadim  torpaq və fəhlə hüquqları ilə bağlı məsələləri gündəmə gətirdi. ) O, torpaq məsələsi ilə bağlı çıxışında xəzinəyə, sabiq rus çarına, ailəsinə, eləcə də mülkədarlara məxsus torpaqların pulsuz, əvəzi ödənilmədən zəhmətkeş və rəncbər xalqa verilməsini tələb edirdi. Fəhlə məsələsi ilə bağlı tələblərdə isə iş saatının 8 saat olması müəyyən edilir, eləcə də 16 yaşına çatmamış uşaqların və qadınların onların sağlamlıqlarına zərər vuracaq işlərdə işlədilməsi qadağan edilir (“Azərbaycan Xalq Cümhuriyyəti: 1918-1920: I cild: Parlament”. Azərbaycan nəşriyyatı, Bakı 1998 s. 25). Qeyd etmək lazımdır ki, Rəsulzadə fəhlələrin haqları və aqrar məsələdə bolşeviklərə daha yaxın olması ilə seçilirdi (Н. Агамалиева, Р. Худиев “Азербайджанская Республика. Страницы политической истории 1918-1920 гг.” Баку:Сабах-1994 s.68-69). Aqrar məsələ “Müsavat” daxilində sol və sağ qanad arasında fikir ayrılıqlarını dərinləşdirdi. “Müsavat”ın sağ (Gəncə) qanadı aqrar məsələ ilə bağlı layihəni gecikdirib Rəsulzadənin torpaq məsələsi ilə bağlı tələbindən bir il sonra parlamentə təqdim etdilər. Sol qanad isə layihəni  ancaq “Müsavat”ın 1919-cu ilin dekabrında keçirilən II qurultayında gündəmə gətirib parlamentin Torpaq komitəsinə təqdim etdi. Lakin torpaq məsələsi Azərbaycan Müəssislər Məclisinin çağırılmasına qədər təxirə salındı (Tadeusz Swietochowski “Müslüman cemaatten ulusal kimliğe Rus Azerbaycanı 1905-1920”. Bağlam Yayınları-1985 s.196-7). Yekunda “Müsavat” başçısının torpaq və fəhlə məsələsi ilə bağlı tələbləri həyata keçmədi. Hətta partiyanın 1919-cu il 2-11 dekabr tarixlərində keçirilən II qurultayında Rəsulzadə işsizlik məsələsi ilə bağlı çıxışında partiyanın müəssisələrin milliləşdirilməsini dəstəkləmədiyini və fəhlə-kəndlilərin iş şəraiti ilə bağlı mümkün olan hər şeyi etdiyini demişdi. “Müsavat” rəhbərinin bu çıxışı qurultayda qızğın müzakirələrə səbəb olmuş və “Müsavat”ın üzvü, məşhur azərbaycanlı yazıçı-dramaturq Cəfər Cabbarlının bu sözləri ilə yadda qalmışdı:

“Hökumətin xalqın siyasi problemlərdən əlavə iqtisadi məsələlərini həll etmək öhdəliyi var idi. Azərbaycanda hakimiyyəti ələ alan partiyamız verdiyi öhdəliklərini unutdu” (Н. Агамалиева, Р. Худиев “Азербайджанская Республика. Страницы политический истории 1918-1920 гг.” Баку: Cабах-1994 s. 66-68).

I Respublika iki il ərzində aqrar və fəhlə kimi həssas məsələləri həll etməməsi Azərbaycan əhalisində “Müsavat”a qarşı narazılıq hissələrinin yaranması ilə nəticələndi. “Müsavat” hökumətinə qarşı narazılığın baş qaldırmasında İttihad partiyasının əhali, xüsusilə kəndlilər arasında güclü nüfuzunun olması da öz sözünü deyirdi (Ramiz Mehdiyev “ADR-İran diplomatik münasibətləri Qafqaz Fövqəladə Komissiyasının sənədləri işığında: 1919-1920-ci illər”, 2017 s.116). Xüsusilə hökumətin mülkədarların torpaqlarını silahlı kəndlilərdən qorumaq üçün bölgələrə hərbi dəstə göndərməsi əhalinin bolşeviklərə tədricən meyl etməsi ilə nəticələnirdi (М. Волхонский, М.Муханов “Россия на Кавказе. Пять веков истории”, 2009 s. 220-1; Tadeusz Swietochowski “Müslüman cemaaten ulusal kimliğe Rus Azerbaycanı 1905-1920”. Bağlam Yayınları-1985 s.197). Eləcə də, Azərbaycan hökumətinin və Müsavatın mülkədarların əlində olması da aqrar məsələnin kəndlilərin xeyrinə həll edilməsinə maneə olurdu.  Bütün bu amillər Azərbaycan Cümhuriyyətinin xalqa yönəlik deyil tipik burjua dövləti olduğunu deməyə əsas verir.

 

Qadın haqları

 

Rəsulzadənin sol baxışlarında qadın hüquqlarına verdiyi dəyər mühüm rol oynayırdı. Qeyd etmək lazımdır ki, hər iki cinsə seçki hüququnun verildiyi 21 iyul 1919-cu il tarixli seçki qanunun müəlliflərindən biri də “Müsavat”ın sol qanadının sədri Rəsulzadə idi (Aydın Balayev “Məmməd Əmin Rəsulzadə (1884-1955)”, Bakı-2012 s.163). Bakılı siyasətçi ilə “Müsavat”ın sağ qanadının üzvü Həsən bəy Ağayevin mövqeyi kəskin fərqlənirdi. Ağayev səsvermə hüququnu qadınlara haqqı olduğu üçün deyil, müsəlmanların seçkilərdə azlıqda qalacağı təqdirdə verməyi düşünürdü. Əks-təqdirdə Ağayev qadınları seçki hüququndan məhrum etməyi fikirləşirdi (Ramiz Mehdiyev “ADR-İran diplomatik münasibətləri Qafqaz Fövqəladə Komissiyasının sənədləri işğında: 1919-1920-ci illər”, 2017 s.113-114). “Müsavat” hökumətinin qadın hüquqları ilə bağlı fikir ayrılıqları və partiyalar arası siyasi mübarizənin nəticəsində 1918-20 illərdə Azərbaycanda ümumiyyətlə seçki keçirilmədi. Qadınların siyasətdə rolu ümumiyyətlə yox idi.

 

Dil məsələsi

 

Rəsulzadə Birinci Dünya müharibəsi illərində osmanlı türkcəsinə qarşı yerli dili müdafiə etsə də, “Federalistlər”lə birləşdikdən sonra buna qarşı çıxmadı. 1918-20-ci illərdə osmanlı türkcəsi Azərbaycan Cümhuriyyətinin dövlət dili idi. Orta və ali məktəblərdə osmanlı türkcəsinin məcburi tədrisi ilə bağlı qərar qəbul edilmişdi (Brenda Shaffer “Sınırlar ve kardeşler. İran ve azerbaycanlı kimliği”. İstanbul-2008 s.45). Eləcə də osmanlı türkcəsi rəsmi dil statusunda “Müsavat”ın proqramına daxil edilmişdi (Mirza Bala Mehmetzade “Milli Azerbaycan haraketi”. Azerbaycan Kültür Derneği, 1991 s.55). Müsavat başqanı Rəsulzadə BDU-da “Osmanlı ədəbiyyatı tarixi” fənnini tədris edirdi (Nəsiman Yaqublu “Məhəmməd Əmin Rəsulzadə ensiklopediyası”, 2013 s.122). Həmçinin BDU-nun tələbələri pedaqoq Rəsulzadənin danışdığı dili başa düşmürdülər (“Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) Parlament, II cild”. Bakı-1998 s.15). Yalnız 1920-ci ildə Azərbaycanda Şura hökumətinin qurulmasından sonra əhalinin danışdığı dil dövlətin rəsmi dilinə çevrildi. “Müsavat”ın sol qanadının liderlərindən Mirzə Bala Məmmədzadə öz yazdığı kitabda bu qərara etiraz edərək ana dilimizi “proletar küçə jarqonu” adlandırmışdı. Rəsulzadə isə Azərbaycan Şura Cümhuriyyətinin ərəb qrafikalı əlifbadan latın qrafikalı əlifbaya keçidini tənqid etmişdir (Cem Karakılıç, Oğuzhan Aydın “Azerbaycandaki latin alfabesi tartışmalarına Türkiyedeki Azerbaycan matbuatının bakışı 1923-1930)”, 2010 s.188-9).

Rəsulzadə gənc yaşlarında sol ideyalara rəğbət bəsləməsi və praktik olaraq da bolşevik (yazılarında bunu göstərirdi) olmasına baxmayaraq, İrandakı mühacirətindən sonra qismən sol ideyalardan uzaqlaşdı. Müsavat partiyasını yaratdıqdan sonra da sol sosialist düşüncələrə yer verirdi. Amma onun yaratdığı partiya daxilində sağ və sol qanad arasındakı qarşıdurmada açıq mövqe sərgiləməməsi, istər xalq arasında, istər parlamentdə, istərsə də məmləkətdəki ideoloji mübarizədə burjuaziyanın (bəylərin, xanların) harınlığına qarşı etirazını bildirməməsi Rəsulzadəni sadəcə sosializmə nostalji xatirə kimi yanaşan kəsə çevirir. Müsavatın sol və sağ qanadları arasında mübahisə həddində fikir ayrılıqlarının olmadığını parlamentin stenoqrafik hesabatlarına nəzər saldıqda da görə bilərik.Yəni, o, artıq mübarizəsində, amalında əzilən fəhlə, kəndli sinfinin yox, bürokratların, oliqarxların yanında yer alırdı. Rəsulzadənin qeyd etdiyim xüsusiyyətləri mühacirət illərində də özünü göstərdi. Müsavat rəhbərinin iqtisadi düşüncələri sol təmayüllü qalsa da, onun sağ bürokratiya ilə qaynayıb qarışması, aralarındakı ziddiyətlərə rəğmən bir mövqedən çıxış etmələri, xüsusilə Rəsulzadənin anti-sovetçilik yolunu tutub Sovet hökumətinə qarşı III Reyx ilə alyansa girməsi müsavat liderinin tamamilə sol yönümlü siyasi xadim olmadığını göstərdi.

Ardı var...

 

ƏLİ NOVRUZOV

Globkom.info

 

İstifadə olunan ədəbiyyat

 

Azərbaycan dilində

Nəsiman Yaqublu “Məhəmməd Əmin Rəsulzadə ensiklopediyası”, 2013

Məhəmməd Əmin Rəsulzadə “Əsərləri: İkinci cild 1909-1914”. Şirvannəşr-2001

Muzeyi, A.M.T.of International Symposium dedicated to the 150th annivesary of the birth of Ahmed bey Agaoglu Baku, 2-3October, 2019/ Solmaz Rüstəmova-Tohidi “Əhməd Ağaoğlu və İran. “İranlı Kimliyi”nin qaynaqları

Aydın Balayev “Məmməd Əmin Rəsulzadə (1884-1955)”, Bakı-2012

Məhəmməd Əmin Rəsulzadə: “Əsərləri: III cild: 1915-1916”, Bakı-2012

Məhəmməd Əmin Rəsulzadə “Əsərləri: IV cild: 1917- aprel 1918. Qanun, 2013

Azərbaycan Xalq Cümhuriyyətinin Gəncə quberniyasından olan dövlət xadimləri. Gəncə-2018

Məhəmməd Əmin Rəsulzadə “Azərbaycan Cümhuriyyəti”. Bakı-1990

İlyas Əfəndiyev “Geriyə baxma qoca”, 1980

Mirzə Davud Hüseynov “Müsavat firqəsi: Keçmişdə və indi”, 1929

Solmaz Rüstəmova-Tohidi “Cümhuriyyətin “Azərbaycan” adlandırılması və onun tarixi əhəmiyyəti”, Bakı-2021

Qulu Məhərrəmli “Məhəmməd Əmin Rəsulzadə”. Altun Kitab-2023

Aydın Balayev “Azərbaycan Cümhuriyyətinin doğuşu, 1917-1918-ci illər milli mücadiləsi”. Bakı-2022

Əli Novruzov “Azərbaycan Respublikasının dövlət bayraqlarının tarixi”, Azeripress.az-2024

Yorq Baberovski “Düşmən hər yerdədir. Stalinizm Qafqazda”. Alatoran-2021

“Azərbaycan Xalq Cümhuriyyəti: 1918-1920: I cild: Parlament”. Azərbaycan nəşriyyatı, Bakı-1998

Ramiz Mehdiyev “ADR-İran diplomatik münasibətləri Qafqaz Fövqəladə Komissiyasının sənədləri işığında: 1919-1920-ci illər

“Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920): Parlament, II cild”. Bakı-1998

 

Türk dilində

Tadeusz Swietochowski “Müslüman cemaaten ulusal kimliğe Rus Azerbaycanı 1905-1920”. Bağlam Yayınları-1985

Brenda Shaffer “Sınırlar ve kardeşler. İran ve azerbaycanlı kimliği”. İstanbul-2008

Mirza Bala Mehmetzade “Milli Azerbaycan Hareketi”. Azerbaycan Kültür Derneği, 1991

Cem Karakılıç, Oğuzhan Aydın “Azerbaycandaki latin alfabesi tartışmalarına Türkiyedeki Azerbaycan matbuatının bakışı (1923-1930)”, 2010

 

Rus dilində

Айдын Балаев “Мамед Эмин Расулзаде (1884-1955). Политический портрет”. Баку. TEASPRESS, 2018

Мамед Эмин Расулзаде О пантуранизме: в связи с кавказской проблемой”. ИД Кавказ. Баку-2007

Георгий Сафаров Национальний вопрос и пролетариат”, 1922

Степан Шаумян Избранные произведение. Т II”. М., Издательство Политической литературы, 1978

Н. Агамалиева, Р. Худиев Азербайджанская Республика. Страницы политической истории 1918-1920 гг. Баку: Сабах-1994

М. Волхонский, В. Муханов Россия на Кавказе. Пять веков истории”, 2009