I hissə

Məhəmməd Əmin Rəsulzadə XX əsr Azərbaycan və Yaxın Şərq tarixində mühüm rol oynamış ictimai-siyasi xadimlərdən biri olmuşdur. O, həmçinin Azərbaycan tarixində formaca milli, məzmunca kapitalist-burjua ictimai münasibətlərinə əsaslanan ilk cümhuriyyətin memarlarından biridir. Lakin Rəsulzadənin siyasi fəaliyyətinin ilkin dövrlərində sosial-demokrat hərəkatının bolşevizm qanadı mühüm rol oynamışdır. Novxanılı siyasətçi 1911-ci ildən sonra bolşevizmdən uzaqlaşsa rəğmən, onun iqtisadi baxışlarında sol amillər ömrünün son illərinə qədər sabit qalmışdır.

Rəsulzadənin siyasi həyatının başlanğıcı onun Azərbaycanın sosializm tarixində oynadığı rol ilə bağlıdır. O, sosializmə, daha dəqiq desək marksizmə meyl etməsi bəhs edilən dövrdə çar rejiminin iqtisadi, sosial zülmü və müstəmləkəçilik siyasəti ilə bağlı idi. Çar mütləqiyyəti qeyd olunan istismarçılığı Cənubi Qafqazı, xüsusilə Bakını sol hərəkatın əsas dayaq məntəqəsinə çevirmişdi. Rəsulzadənin sosializmə meyl etməsinə digər səbəbi də yeni meydana gələn sosialist cərəyanların istismarçı bir rejim olan çarizmə barışmaz mövqedə olması ilə bağlı idi (Aydın Balayev “Məmməd Əmin Rəsulzadə (1884-1955)”, Bakı-2012 s.11).  Bununla belə sonralar Rəsulzadə sosializmin istismarçı çar hakimiyyətinə qarşı mübarizədə ən sadiq deyil, ən münasib müttəfiq hesab edirdi. Azərbaycanda Rəsulzadə kimi siyasi xadimlərin sosializm cərəyanlarına meyl etməsinin digər bir səbəbi də Bakının demoqrafik strukturu ilə bağlı idi. Paytaxtımızın o dövrdəki demoqrafik strukturuna nəzər salsaq görərik ki, 1903-cü ildə əhalinin 1/3 rus əsilli idi. Məhz ruslar tərəfindən həyata keçirilən sosialist fəaliyyətlər Azərbaycan əhalisinə təsir edir, sol ideyalarını “küləklər şəhəri”ndə populyarlaşdırırdır və müsəlmanları (azərbaycanlıları) da istismarçı çar hakimiyyətinə qarşı mübarizəyə səsləyirdi. İdeoloji müstəvidə baxıldıqda, sosializm əzilən xalqlara bərabərliyini vəd edir, insanın insan tərəfindən istismarını pisləyirdi. Həmin dövrdə sosializm kasıb, geridə qalmış millətlərə cəzbedici gəldiyindən insanların yeni ideologiyaya maraqları durmadan artırdı. Təbii ki, bu təbliğat siyasi xadimlərin, o cümlədən Rəsulzadənin sosializm cərəyanlarından təsirlənməsinə səbəb olurdu. Yalnız dövrün fəhlə və kəndli sinifinin deyil Azərbaycan əsilli kapitalistlərin də sosialist hərəkata simpatiyası var idi. O dövrün görkəmli liberallarından Əlimərdan bəy Topçubaşov da sosialistlərin istirahət günü, fabrik komitələrinin yaradılması və digər millətlərdən olan işçilərin eyni işə görə bərabər miqdarda pul alması kimi tələblərini dəstəkləyirdi. Ancaq qeyd edilməli xüsusi məqam da vardır ki, azərbaycanlı siyasi xadimlər din və dil problemlərinə görə sosial-demokrat hərəkatı dəyərləndirə bilmirdilər. Azərbaycanlı intellektuallar bunun səbəbini heç bir yerli üzvü olmayan Rusiya Sosialist Demokrat Fəhlə Partiyasının (RSDFP)  müsəlmanlar arasında siyasi təşviqat aparmaması ilə izah edirdilər. Lakin bu arqumentlə razılaşmaq biraz çətindir. Çünki Sultan Məcid Əfəndiyev “Hümmətin yaranması” adlı məqaləsində müsəlmanların geridə qalmasına görə Rusiya Sоsial-Demоkrat Fəhlə (bоlşevik) Firqəsinin qarşısında duran mühüm məsələlərdən birinin müsəlman fəhlələrinin ümumi cərəyana sövq etmək, оnların sinfi cəbhədə iştiraklarını asanlaşdırmaq üçün tədbirlər axtarmaqdan ibarət olduğunu qeyd edirdi. Bundan əlavə Hümmətin bоlşeviklərsiz hərəkət etməyin mümkün olmadığını da bəyan edirdi. Çünki “Hümmət”ə əsas yоl göstərənlərin Bakı təşkilatı rəhbərləri оlan Stalin, Şaumyan, Çaparidze və digər bolşeviklərdən ibarət olduğunu vurğulayırdı. Məhz bu surətlə, bоlşeviklər sırasında оlan azərbaycanlılardan müsəlman fəhlələri arasında işləmək üçün aktivlər hazırlamaq məqsədi ilə Bakıdakı Sоsial Demоkrat Fəhlə (bоlşevik) Firqəsinin ayrılmaz hissəsi sifətilə “Müsəlman sоsial-demоkrat qruppa”sı təşkil edilir. Nəticədə 1904-cü ildə islam dünyasında ilk sosial-demokrat təşkilat olan “Müsəlman Sosial Demokrat Hümmət” təşkilatının əsası qoyulur. RSDFP bolşevik qanadının qolu olan bu qrup faktiki olaraq müstəqil fəaliyyət göstərirdi. Partiyanın əsas üzvləri Əsədulla AxundovMəşədi ƏzizbəyovMəhəmməd Əmin RəsulzadəSultan-Məcid Əfədiyev idi (Tadeusz Swietochowski Müslüman cemaatten ulusal kimliğe Rus Azerbaycanı, 1905-1920 (Vol. 14). Bağlam yayıncılık, 1988 s.80). Təşkilatın adında “müsəlman” sözünün işlədilməsinin 2 əsas səbəbi vardı.

Birinci, islam dininin Azərbaycan coğrafiyasının ictimai-siyasi həyatında hakim mövqedə  olması, xalqında özünüdərk etməsinin formalaşmaması ilə, dinin və regional mənsubiyyət hissinin etnik identifikliyi aşkarca üstələməsiylə bağlı idi.

İkinci, Rəsulzadənin siyasi görüşlərində özünü biruzə verir. O, 1905-ci ildə Hümmət qəzetində nəşr etdirdiyi “Hümmətür-Ricaltəqləül-Cibal” adlı məqaləsində Azərbaycanın ictimai-siyasi düşüncəsində vahid konsepsiyasının olmadığını, ziyallıların müxtəlif ideologiyalara meyl etdiyi qeyd edir. Məqaləni nəzərdən keçirdikdə görmək olar ki, Rəsulzadə hansı ideologiya olursa-olsun, onun islam dininə zidd olmamasının vacibliyini qeyd edir. Bununla yanaşı adı keçən məqalədə nə sosializmin, nə də demokratizmin islam dininə zidd olmadığını deyilir (Məhəmməd Əmin Rəsulzadə “Əsərləri I cild, (1903-1909)”. Bakı-2014 s.25).

 

Rəsulzadənin  bolşevik kimi formalaşması

Rəsulzadənin dünyagörüşündəki bolşevizm elementlərini analiz etmək üçün bolşevizm və menşevizm idealogiyalarına aydınlıq gətirmək lazımdır. 

Rusiya Sosial-Demokrat Fəhlə partiyası 1903-cü ildə kəskin fikir ayrılıqlarına görə London konqresində iki qanada parçalandı. RSDFP-nin çox hissəsi Lenini dəstəklədiyi üçün bolşeviklər fraksiyası kimi yenidən quruldu. Azlıq isə Yuli Martovun tərəfini saxlayaraq menşeviklər fraksiyası kimi formalaşdı. Menşeviklər çarizmə qarşı tutduğu mübarizə yolunda çarlığı devirmək, yerinə respublika idarəsini qurmağın tərəfdarı olub, sosializmə inqilab yolu ilə deyil, kapitalizm quruluşu içərisində təkamül yolu ilə keçməyin tərəfdarı idilər. Bu məqsədlə onlar (menşeviklər – red. Əli Novruzov) Rusiya monarxiyasının əleyhinə olan liberal və digər anti-sosialist partiyalarla da koalisiya yaratmağı labüd hesab edirdilr. Bolşeviklər isə menşeviklərə tamamilə zidd siyasət yeridərək burjua partiyaları ilə koalisiyanın əleyhinə idilər. Bununla yanaşı bolşeviklər çarlıq rejimi ilə bərabər kapitalizm quruluşunu zorakı yolla da olsa devirməkdə israrlı idilər. Bolşeviklərin bu mövqeyi yuxarıdan inqilab adlanırdı (Məhəmməd Əmin Rəsulzadə “Bir türk milliyətçisinin Stalinlə ixtilal xatirələri”. Bakı, Qanun, 2010 s.10). Hər iki fraksiya Cənubi Qafqazın iki böyük şəhəri –Bakı  və Tiflisdə əsas üstünlüyə malik idilər. Tiflisdə menşeviklər, Bakıda isə neft mədənlərində və dənizdə bolşeviklər əsas təsir gücünə malikiydilər. Hər iki fraksiyasının tutduğu xəttə əsasən Rəsulzadənin siyasi dünyagörüşünü analiz etməyə çalışaq. “Hümmətçi” Rəsulzadə 1906-cı ildə bolşevik qəzeti “Dəvət-Qoç” – da  yazdığı “Mərəzimizin Çarəsi” məqaləsində 1905-06 - illərdə baş verən erməni-müsəlman qırğınlarının günahını çar hökuməti və hər iki xalqın  kapitalist – burjuaziya  sinfində görürdü. O yazırdı:

Bürokratlar Rusiya inqilabi-kəbirindən rəhayab' olub, xilaslıq tapmaq üçün biçarə rəiyyəti bir neçə vaxtda təhti-təzyiq və təkdirdə saxlamaq üçün olmazın hiylələr edib, hər bir ərzəl işlərə tənəzzül etdilər. İki milləti bir-biri ilə vuruşdurub, nahaq qanlar içində inqilabı qərq etmək istədilər. Lakin bundan bixəbər ki: “xuni-ərbabi-həmiyyət qərq edər zalimləri, müştəməl əfkari-əhraranə sönməz xunilə” -betəhqiqən cümlə poqromların, qırğınların ümdə səbəbi, inqilabiyyunlar heybətindən, füqərayi-kasibə qiyamından bağrı yarılmış, başın itirmiş bürokratiyadır. Lakin bürokratiya özünün bədəfkar şeytaniyyə, bu məqhur zalimanəsinə tərvic vermək üçün bir müsaid zəmin aradı ki, özünü də özü piş əz vəqt hazırlamışdır. Haman zəmin də müxtəlif millətlərin burjuaları arasında olan iqtisadi rəqabət idi. Bu rəqabət də “şeytan”a imkan verdi ki, fevral ayında Bakıda bir şöleyi-şəqavət və ədavət işıqlandırsın ki, o şölədə həmin məzkur burjuaların bərəkətindən və bəzi maskalı üzvlərin sayəsində işıqlanıb, cümlə Qafqazı alovlatdı.”

Həmçinin 1906-cı ildə bolşevik qəzeti “Dəvət-Qoç”-da yazdığı “Bəlayi-Əzim” məqaləsində Rəsulzadə həm azərbaycanlı, həm də erməni füqərayi-kasibəsini birləşərək bu qırğınlara etiraz etməyə çağırırdı:

Ey iki millətin həqiqi sülhpərəsti olan füqərayi-kasibə, harada qalmısan ki. səsin çıxmıyor! Cümlə zalimləri heybətə salan sədayi-qəhrəmanəni ucaldıb, niyə Qoloşşapov və Qoloşşapovun həməfkarı olub, onun tutduğu şeytənətkarənə işlərinə təqviyət verən ünsürlərə ibrazi-təərrüz edib, protesto etmiyorsan?! (Məhəmməd Əmin Rəsulzadə “Əsərləri I cild, (1903-1909)”. Bakı-2014 s.27-30).

Rəsulzadənin erməni-azərbaycanlı toqquşmaları ilə bağlı hər iki məqaləsi onun siyasi yaradıcılığının əvvəlində bolşevik olduğunu deməyə əsas verir. Çünki erməni-müsəlman qırğınları zamanı Rəsulzadənin digər əqidədaşları və partiya yoldaşları Məşədi Əzizbəyov, Nəriman Nərimanovla eyni mövqe sərgiləyib hər iki tərəfi barışığa dəvət edib. Hər üç siyasi xadimin dəsti-xəttindəki oxşarlıq da bunu deməyə əsas verir. Lakin Nərimanov ilə Əzizbəyov axıra qədər millətlərin barışığı və sülh içində yaşamasını müdafiə etsə də, Rəsulzadə sonralar mövqeyini dəyişdi.  Yuxarıda qeyd etdiyimiz kimi menşeviklərdən fərqli olaraq bolşeviklər kapitalist burjuaziya sinfinə qarşı sərt mövqe sərgiləyir və onlara qarşı mübarizə aparırdılar. Təsadüfi deyil ki, Rəsulzadə 1906-cı ildə “Təkamül” qəzetində nəşr etdirdiyi “Şeytan İşinin Nəticəsi” adlı məqaləsində erməni-azərbaycanlı qırğınların əsas məsuliyyətini hər iki tərəfin bəy, xan və burjua sinfində görərək Nəriman Nərimanov ilə Məşədi Əzizbəyovun bolşevizm xəttini istifadə etmişdi:

“İki millətin ağaları və rəisləri, burjua kirvələr, bəylər və xanlar arasında olan rəqabəti-iqtisadiyyə ilə hazırlanmış bir zəmində hökumət dəsti-qəddaranəsilə edilən erməni-müsəlman hadiseyi-facianəsi lillahülhəmd intihayə üz qoymaqdadır. Hər iki millətin ümumi arasında sülhpərəstlər artıb, millət xainlərinin, iki cəmaətin çəkişməsində, dalaşıb vuruşmasında öz səadət və rifahını düzəldən müftin və fəsadçılann arzu və istədiklərinin xilafı olaraq, hər iki tərəfdə atəş və qılıncdan əl çəkib vəsaiti mədəniyyəyə əl atanlar və həmişə cidal və qitalın düşməni olub, ittihadi-beynəlmiləllə, yəni millətlər dostlaşmasına çalışanların səsi ucalıb özünə müstəid bir meydan hazırlamaqdadır.”

Rəsulzadənin bolşevik olduğu onun millət məsələsində yanaşmada sinfi məsələni ön plana çəkməsi, xalqın arasında daban-dabana zidd olan siniflərdən mövcudluğunu vurğulaması və mülkədar-burjua sinfinə qarşı füqərayi-kasibə sinfinin mənafeyini müdafiə etməsində də müşahidə etmək olar. Rəsulzadənin 1906-cı ildə Təkamül qəzeti üçün yazdığı “Milliyyət və Ticarət” məqaləsi də bu xəttin kordinatlarını göstərir:

“Milliyyəti təbliğ edənlər, həmişə sinfıyyətə göz örtüb onu görmək istəməyənlərdir. Bir millətpərəst, millət dedikdə dövlətli-kasıb, mülkədar-rəncbər, iş verən və işçiliyi nəzərə almayıb, fəqət bir dildə danışan, bir adətdə olanlan nəzərə alır. Bir mülkədar ilə rəncbəri, bir sərmayədar ilə fəhləni, bir iş verən ilə işçini nəzərində “bərabər” tutub onlan aynlmaz bir heyət, fırqələnməz bir kilit hesab ediyor. Millətin içində sinifləri və bu siniflər arasında birləşən təbayün və təbii zidliyi görmiyor və daha doğrusu, görmək istəmiyor. Bir iş verən ilə işçi arasında əvvəlkilərdə düşdüyü mübahiseyi-iqtisadiyyələrini görüb də qəbahətini qanmıyor, bilmiyor ki, bir işi işlədikdə iş verən az verməni və işləyən çox almanı həmə vəqt arzumənd və bu yolda hər cür vəsilələrə dəstəndazdır. Hər kəsə məlum və aşkardır ki, müsəlman firmaları ki, onlarda işləyənlərin çoxusu (dəcəl olmadıqları üçün) müsəlmandırlar. Hamı fəhlələrdən ucuz və hamısından ağır şəraitdə işləyirlər. Onların qayğısına qalan yoxdur o yanda dursun, həmişə təbəiyyət və inqiyadda qalmaqlan üçün «millətpərəst» ağalartərəfindənsaxlanan qoçular vardır! Kim bilmiyor ki, böyük bir mülk və mənalə sahib olan mülkədar. xan və bəy yüz rəiyyətin canını bir pristav ağaya qurban edər.

Çox əcəb, müsəlman fəhləsi bir müsəlman sərmayədarına əcirdir. onunla bərabər bir qeyri müsəlman fəhləsi də işləyir... “millətpərəst” sərmayədar özu qeyri-millət sərmayədar müsəlman fəhləsinə deyir ki: -Adə, xaricilər sənə düşməndir, sən onlara qoşulma, sən müsəlmansan, qeyrilərilə işin yoxdur. Həmin bu zamanda cənab “millətpərəst” sərmayədar özü qeyri millət sərmayədarları ilə bakal-bakala vurub bir-birilərinin sağlığına badənuş oluyor, “özgə fəhlələrin ittifaqına qoşulmaq müsəlman fəhləsinə yaramaz” - diyor da cənab millətpərəst tacir özü tacirlərin bilafərq millət təşkil olunan ittifaqına girib, can-başla qulluq ediyor” (Məhəmməd Əmin Rəsulzadə “Əsərləri I cild, (1903-1909)”. Bakı-2014  s. 80-83, 94-96).

XX əsrin əvvəllərində Bakıda fəhlə hərəkatının önəmli simalarında, erməni əsilli qatı bolşevik Stepan Şaumyan Rəsulzadənin 1905-1906-cı illərdə bolşevik olduğunu qeyd edir (Степан Шаумян “Избранные произведения, том 2”, 1978 s. 260).

Rəsulzadənin bolşevik fəaliyyətində İosif Cuqaşvili (həmin vaxtlar Koba təxəllüsü ilə tanınırdı) də dəstək verirdi. Bakılı “Hümmətçi”nin fəaliyyət göstərdiyi mətbuat orqanlarından biri də leqal bolşevik qəzeti olan “Qudok” idi. Cuqaşvili Hümmətin fəal üzvlərindən olan  Rəsulzadəni “Qudok”a siyasi təhlillər verməyə təşviq edirdi. “Qudok”un redaktoru Osmanlı imperiyasında baş verən burjua inqilabını (Gənc Türklər inqilabı – red. Əli Novruzov) tərifləməyin qəzetin bolşevizm xətti ilə ziddiyət təşkil etdiyini əsas gətirsə də, Rəsulzadə baş redaktorun etirazına rəğmən məqaləni “Qudok”da çap etdirir (Alfred J. Rieber “Stalin and the Struggle for Supremacy in Eurasia”, 2015 s. 31). Məqalənin çap edilməsində hələ “Xalqlar Atası” kimi ad çıxarmamış Cuqaşvilin rolunu Rəsulzadə belə xatırlayırdı:

“Bizim dərgi” yuxarıda bir münasibətlə qeyd etdiyim Sənaye İşçiləri Sindikasının orqanı “Qudok” (Düdük) idi. Məqaləni yazdım. “Qudok”un redaksiyasına gətirdim. Dərginin hökumətdən icazə almış imtiyaz sahibi və məsul müdiri işçilərdən Saşa Samartsev adında birisi idi.  Bunun arxasında dərginin bir də gizli redaksiya heyəti vardı ki, buraya Koba ilə Timofeyev adında partiyalı bir münəvvər daxil idi. Heyət bir çəkməçi dükanının pərdə ilə ayrılan arxa tərəfində toplanırdı. Türkiyədəki məşrutiyyət inqilabı haqqında yazdığım məqaləni, burada, bu çəkməçi dükanında oxuyacaq, tədqiq edəcəkdik.  Məqaləni oxuduq. Timofeyev onu şiddətlə tənqid etdi:

-Öz burjuaziyamızı tənqid edir və hətta ona xor baxırıq. Rəsulzadənin məqaləsində isə Türkiyə burjua inqilabı öyülür.  Özümüzdə xoş görmədiyimiz bir şeyi nə deyə Türkiyədə xoş görüb idealizə etməliyik?-dedi. Məqalənin rəddini istədi.

Koba müdaxilə etdi:

-Yoldaş yanılır, məsələni çox bəsitləşdirir,-dedi. -Rusiya şəraiti ilə Türkiyə şəraiti bir-birindən ayrıdır. Rəsulzadənin məqaləsi çox yerindədir, orada yürüdülən mühakimə çox haqlıdır, məqalə basılmalıdır. Nəhayət, məqalə basıldı (Məhəmməd Əmin Rəsulzadə “Bir türk milliyətçisinin Stalinlə ixtilal xatirələri”. Bakı, Qanun, 2010 s.33-4).

1920-ci ildə dövlətçilik tariximizdə II Respublika – Azərbaycan Şura Cümhuriyyətinin qurulmasından sonra keçmiş Müsavat hökumətinin bir çox üzvlərinə qarşı təqiblər başladı. Yeni hakimiyyət Rəsulzadənin dövlət postu tutmasına baxmayaraq, Müsavat partiyasının sədri olduğu üçün onu Lahıcda ələ keçirməyə nail olur. Beləliklə Müsavat başqanı Bakıya gətirilirək həbs edilir. 1920-ci ilin oktyabrında Bakıya gələn İosif Stalin Bayıl həbsxanasında Rəsulzadə ilə görüşür. Görüşdə baş verən dialoq zamanı Stalin Rəsulzadəyə vaxtı ilə eyni cəbhədə vuruşduğunu və XX əsrin əvvəllərində Bakıda baş verən sosialist inqilabına verdiyi töhfələri təqdir edir (Məhəmməd Əmin Rəsulzadə “Bir türk milliyətçisinin Stalinlə ixtilal xatirələri”. Bakı, Qanun, 2010 s. 19). Buna baxmayaraq Rəsulzadənin 1923-cü ildə mühacirətdə ikən yazdığı “Azərbaycan Cümhuriyyəti” kitabında onun Şura hökumətinə, bolşeviklərə qarşı siyasi mübarizə yolunu tutduğunu görən Stalin qəzəblənərək Rəsulzadəyə cavab məktubu yazır. Məktubda Stalin Rəsulzadənin bolşevik olduğunu və daha sonra onlara xəyanət etdiyini qeyd edir. Həmçinin “Xalqlar Atası” Rəsulzadənin Britaniya imperiyasının Azərbaycan və bütün Şərq xalqları üzərində ağalığını saxlamaqda kömək etdiyini qeyd edirdi.

Stalin yazırdı:

“Rəsulzadənin mürtəce kitabçası ilə əlaqədar mənim Musabəyov, Mirzoyan, Axundov, Kirov, Orexalaşvili yoldaşlara məsləhətlərim. Rəsulzadəyə qarşı kitabçanın ümumi tonu hücum səciyyəli olmalıdır. Əsla və əsla özümüzə haqq qazandırmamalı, və amma hücuma keçərək, onu (Rəsulzadəni) aşağıdakı günahlarda qınamaq lazımdır:

1. Reneqatlıqda (xəyanətdə). O, bolşevik idi, amma bizə xəyanət etdi.

2. Türklərin öz mənafelərinə qarşı xəyanətdə. Çünki onun özü və “Müsavat"” partiyası Bakını götürməyə mane olmaqla, Qızıl ordunun türklərə yardım göstərməsinə mane olurdu.

3. Azərbaycan xalqına xəyanət etməkdə. Torpağı kəndlilərə verməyə və bəylərin mülklərini ləğv etməyə mane olurdu.

4. Şərqin bütün xalqlarının mənafelərinə xəyanət etməkdə və İngiltərəyə müsəlmanlar üzərində öz ağalığını saxlamağa kömək etməkdə.

5. Erməni - tatar qırğınını təşkil etməkdə. Onu Azərbaycan Purişkeviçi adlandırmaq.

6. Şamxor qırğınını təşkil etməkdə ittiham etmək. Onu Azərbaycan talançısı adlandırmaq.

Birbaşa göstərmək lazımdır ki, Rəsulzadə geri qalmış, nadan, orta əsr utopistidir, çünki belə bir sadə faktı başa düşmür ki, dünya iki əsas düşərgəyə - şura cümhuriyyətləri düşərgəsinə və imperialist dövlətlər düşərgəsinə parçalanmışdır. Və əsarətdə olan xalqlar ya bir düşərgədə, ya da digərində yer almalıdır; ya şura cümhuriyyətləri uğrunda imperializmə qarşı, ya da imperializm uğrunda şura cümhuriyyətlərinə qarşı səf tutmalıdır. Kim ki üçüncü mövqe tutmaq istəyir, o, ya imperializm uğrunda əsarətdə olan xalqlara qarşı  xəyanətini mövcud olmayan və həyata keçməyən üçüncü mövqe haqqında yalançı ibarələrlə ört-basdır etməyə çalışır, ya da nadan kimyagər, onurğasız və xırda təbiətli millətçiliyin cahil və utopik keşişidir. Ancaq tam əbləhlər iddia edə bilərlər ki, burjua Rusiyası olduğu halda azad Türkiyə, İran, Azərbaycan və s. düşünülə bilər. Ancaq tam əbləhlər unuda bilərlər ki, burjua Rusiyası yalnız İngiltərə və başqa imperialist dövlətlərlə ittifaqda yalnız Türkiyə və İranın hesabına genişlənmişdi (və genişlənəcəkdir) və sairə(Айдын Балаев «Мамед Эмин Расулзаде (1884-1955)». Политический портрет. Баку, ТЕАСПРЕСС, 2018 с. 251).

Müsavat hökumətinin “Əksinqilabla mübarizə” təşkilatının rəisi olmuş Nağı Şeyxzamanlı “Biz və onlar” məqaləsində Rəsulzadənin sosial-demokrat kimi siyasi fəaliyyətə başladığını, nə Müsavat hökuməti dövründə, nə də 17 illik mühacirət dövründə bu ideologiyadan heç vaxt ayrılmadığını qeyd edir (Nağı Şeyxzamanlı “İstiqlal Mücadiləsi Xatirələri” Azərbaycan nəşriyyatı, Bakı-1997 s.133)

Hümmət təşkilatının bolşevik qanadının üzvü Sultan Məcid Əfəndiyev də Rəsulzadənin Azərbaycan işçilərini kapitalist istismarına qarşı birləşməyə çağıran başlıca siyasi xadim kimi xarakterizə edib (Cengiz Çağla “XX əsrin əvvəllərində liberalizmin və sosializmin millətçiliyə təsirləri” tər.Tərlan Əliyev, səh.168. Millət və Millətçilik. Milliyət Araşdırmaları Mərkəzi, Bakı-2020 s.172).

Ardı var...

ƏLİ NOVRUZOV

Globkom.info

 

İstifadə olunan ədəbiyyatlar

Azərbaycan dilində

Aydın Balayev “Məmməd Əmin Rəsulzadə (1884-1955)”, Bakı-2012

Cengiz Çağla “ XX əsrin əvvəllərində liberalizmin və sosializmin millətçiliyə təsirləri”, tər. Tərlan Əliyev, səh.168. Millət və Millətçilik. Milliyət Araşdırmalar Mərkəzi, Bakı-2020

Məhəmməd Əmin Rəsulzadə “Əsərləri I cild, (1903-1909)”. Bakı-2014

Məhəmməd Əmin Rəsulzadə “Bir türk milliyətçisinin Stalinlə ixtilal xatirələri”. Bakı, Qanun, 2010

Nağı Şeyxzamanlı “İstiqlal Mücadiləsi Xatirələri” Azərbaycan nəşriyyatı, Bakı-1997

Türk dilində

Tadeusz Swietochowski Müslüman cemaatten ulusal kimliğe Rus Azerbaycanı, 1905-1920 (Vol. 14). Bağlam yayıncılık, 1988

Rus dilində

Степан Шаумян “Избранные произведения, том 2”, 1978

Айдын Балаев “Мамед Эмин Расулзаде (1884-1955)”. Политический портрет. Баку, TEASPRESS, 2018

İngilis dilində

Alfred J. Rieber “Stalin and the Struggle for Supremacy in Eurasia”, 2015