Statistika Komitəsi (DSK) ölkədə işsizliklə və məşğul əhalinin sayı ilə bağlı yanvar ayına son məlumatları dərc edib. DSK deyir ki, ölkədə cəmi 5,3% işsiz var, indi digər rəqəmlərə baxaq. 

Rəsmi məlumatda deyilir ki, yanvarda iqtisadi fəal əhalinin sayı 5 milyon 312.6 min nəfər olub, onlardan 5 milyon 29.9 min nəfəri məşğul əhalidir.

Yəni, ölkədə iqtisadi fəal əlali sayından, məşğul əhalini çıxıblar, bununla da işsizlik rəqəməni elan ediblər. Bura qədər aydın oldusa, indi uyğunsuzluqlardan danışaq.

Azərbaycan Respublikasında əhalinin məşğulluğu haqqında qanun var, qanunun ilk 2 maddəsi məşğul əhali tanımına həsr olunub:

Maddə 1. Vətəndaşların məşğulluğu

1. Məşğulluq- vətəndaşların Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan, onların şəxsi və ictimai tələbatının ödənilməsi ilə bağlı olan və bir qayda olaraq onlara qazanc (əmək gəliri) gətirən hər hansı fəaliyyətidir.

2. Vətəndaşlar öz məhsuldar və yaradicı əmək qabiliyyətini sərf etməkdə müstəsna hüquqa malikdirlər. Qanunvericilikdə xüsusi müəyyən edilmiş hallardan başqa, əməyin hər hansı formasına məcbur etməyə yol verilmir.

Maddə 2. Məşğul vətəndaşlar

1-ci maddədə nəzərdə tutulan mənada məşğul vətəndaşlara aşağıdakılar aiddir:

-muzdla işləyən, o cümlədən tam və ya natamam iş vaxtı şəraitində haqq müqabilində iş görən, habelə haqqı ödənilən başqa işi (xidməti) olanlar,

-əmək iqtidarsızlığı, məzuniyyət, ixtisasartırma, tətil və ya başqa səbəblər üzündən istehsalatın dayanması ilə əlaqədar iş yerində müvəqqəti olmayanlar,

-özünü işlə müstəqil əmin edənlər, o cümlədən sahibkarlar, fərdi əmək fəaliyyəti ilə məşğul olan şəxslər, həmçinin Fermerlər nə onların istehsalda iştirak edən ailə üzvləri.

Deməli, olkədə qanunla “məşğul” əhali kimə deyilir, bunu da bildik. Xatırladım ki, DSK məmləkətdə 5 mln. 3 min əhalinin, ödənişli əsaslarla hansısa bir işlə məşğul olduğunu deyir.

Xub, gələk digər rəsmi rəqəmlərə:

1) Bu il yanvarın 1-i vəziyyətinə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ilkin məlumatlara əsasən, 1778.5 min nəfər olub,

2) Ölkədə VÖEN-lə çalışan 700-800 min işçi var, tutalım, onların hamısı aktivdir,

3) Pay torpağı olanların hamısına, onların ailə üzvlətinə ölkədə “fermer” deyib rəsmiləşdirirlər– onların sayı da, təqribən, 1 mln. 400 min nəfərdir.

Rəqəmləri cəmləyək– təqribən, 4 mln. nəfər alınır, artıqlamasıyla hesablayanda belə rəqəm ortalığa çıxır.

Hökumətə sualım var– özünüz deyirsiniz ki, ölkədə məşğul əhali sayı 5 mln. 300 min nəfərdir, sizin təsnifatınıza görə (bu təsnifatın özü də yanlışdır– məsələn, hər torpağı olana, onun ailə üzvünə “fermer” demək olmaz) bütün məşğul əhalini toplasaq 4 mln. nəfər alınır. Yaxşı, bəs 1 mln. 300 min nəfər nə ilə məşğuldur?! İşsizdirsə, nədən işsiz kimi qeydiyyatda yoxdurlar, bu qədər adam qeyri-rəsmi çalışırsa, niyə buna göz yumulur?!

Hökumətdə bir baba-igid varmı çıxıb izah etsin, cavab versin?!

Natiq Cəfərli

Mənbə - Ekspertin Feysbuk hesabı