Ayaz Salayevin məlum son müsahibəsi yenidən Azərbaycan dilinin adı məsələsini gündəmə gətirib. Rejissor deyib ki, dilimiz üçün təhlükə rus deyil, türk dilidir. Mən fərqli ifadə edərdim: türk dili rus dilindən daha təhlükəlidir. Ümumiyyətlə, hər hansı digər dil və dövlət bizim üçün təhlükədir (Türkiyə daxil hansı qonşumuzla müharibə aparmamışıq?).

Xatırladıram ki, 1992-ci ildə qanunsuz olaraq dilimiz türk dili adlandırılmışdı. Lakin Heydər Əliyev bu pozuntunu aradan qaldırdı. 1995-ci ildə qəbul olunmuş Konstitusiyamızın 21-ci maddəsində dilimiz nəinki Azərbaycan dili adlandırıldı, həmin maddə 155-ci maddəyə əsasən dəyişilməz norma elan edildi. Yəni bu məsələ hətta referenduma da çıxarıla bilməz.

Bilirsiz, Kontitusiyada digər dəyişilməz maddələr hansılardır? Bunlar: 1 (Hakimiyyətin mənbəyi), 2 (Xalqın suverenliyi), 6 (Hakimiyyətin mənimsənilməsinə yol verilməməsi), 7 (Azərbaycan dövləti) və 8 (Azərbaycan dövlətinin başçısı). Və bunlarla yanaşı dövlət dili haqda 21-ci maddə. Yəni bu maddələr dövlətçiliyimizin təməlidir. Onların dəyişilməsi mümkünsüzdür. Bu cür təkliflərlə çıxış edənlər isə antidövlətçi qüvvələrdir!

Onu da xatırladıram ki, 1995-ci ildə Konstitusiya qəbul olunanda Heydər Əliyev sırf dilin adı məsələsi ilə bağlı ziyalıların iştirakı ilə geniş müşavirə keçirmiş və yekun qərar hərtərəfli müzakirədən sonra qəbul olunmuşdur.

Bu qərar niyə doğrudur və dövlətçiliyimizin dayağı olan bir məsələdir?                                 

Əvvəla, dilimizin türk dilləri qrupuna aid olması, türk kökənli olması mübahisəsiz məsələdir! Necə ki, məsələn, ingilis, niderland, isveç, norveç və s. dillər alman (german) dilləri qrupuna aiddir. Necə ki, rus, ukrayna, çex, polyak və s. dillər slavyan dilləri qrupuna aiddir. Amma vahid alman və ya slavyan dili yoxdur! Bəli, ayrıca alman dili (Almaniyada və Avstriyada) və sloven (Sloveniyada) dili var. Yəni konkret bir xalq (almanlar və slovenlər) bütöv dil qrupunun adını mənimsəyib. Türk dili adını da osmanlılar (anadolular) mənimsəyib. Özü də bunu 100 il əvvəl ediblər, onadək Türkiyə əhalisi də, dili də osmanlı dili adlanırdı. Müasir Türkiyə dili isə ümumiyyətlə erməni əsilli Akop Martayanın (Atatürk onu Dilaçar adlandırmışdı) əməyinin nəticəsidir.

Hər bir halda həqiqət nöqteyi-nəzərdən də dilimiz türk dili deyil. Çünki dilimizdəki sözlərin əksəriyyəti ərəb mənşəlidir. Ərəb və fars sözləri bir yerdə isə leksikonumuzun 60%-dən çoxunu təşkil edir. Türk mənşəli sözlər isə ən yaxşı halda leksikonumuzun 30%-i təşkil edir.

Lakin ən əsası odur ki, dilimizə “türk” deməklə Türkiyə dili ilə qarışıqlıq yaranır. Onsuz da həmin dil dilimiz üçün ən böyük təhlükədir: Türkiyə şou-biznesi və filmlərinin təsiri altında sözlərimiz, danışıq tərzimiz və s. tədricən dəyişir, xüsusilə gənclərdə. Bir də ayılacağıq ki, dilimiz dəyişib. Bu isə artıq dövlətçiliyə təhdiddir. Heydər Əliyev əbəs yerə dilin adı məsələsində israr etmirdi. O böyük dövlətçi idi. Əlbəttə, istəyimiz bir müddət sonra Türkiyənin formal və ya faktiki əyaləti olmaqdırsa, bu başqa məsələ. Belə istək yoxdursa, dilimizi və adını qorumalıyıq.

Bu mənada rus dili əlbəttə ki, dilimizə elə təhlükə deyil. Baxın! Şərqi Anadolu əski Azərbaycan torpaqlarıdır. Orada dilimizdə danışan qalıb? Xeyr, Türkiyənin dilində danışırlar. Rusiyanın tərkibində 200 il olduq, lakin dilimiz dəyişmədi. Çünki fərqli köklü dillərdir, dinimiz də fərqlidir. O zaman dilimiz dəyişmədisə, müstəqil Azərbaycanın dilinə rus dili necə təhdid ola bilər axı? Rus məktəblərini bağlamaq istəyiriksə, bu başqa məsələdir, amma bu məsələ dilimizə təhdidlə bağlı deyil, siyasi məsələdir.

Ümumiyyətlə, ərazimizdə Azərbaycan dilini vahid dilə Rusiya çevirib. Bilərəkdən və ya istəməzdən – fərqi yoxdur. Bu belədir. XIX əsrdə burada hər etnos öz dilində danışırdı. Azərbaycan dili daha çox qərb regionlarımızda istifadə olunurdu. O cümlədən Tiflisdə. Yazı dilimiz isə fars dili idi. Məhz İranla müharibədən sonra fars dilini sıxışdırmaq üçün Rusiya Azərbaycan dilini burada yazı dilinə çevirdi. Bu işin pioneri də Tiflisdə yaşamış Rusiya zabiti M.F.Axundov oldu: Rusiya onu məşhur komediyalarını yazmağı sifariş verdi və buna görə ona yaxşı da pul ödədi.

Yeri gəlmişkən, Axundov özünü fars hesab edirdi. Sonradan “Əkinçi” qəzetinin buraxılmasına da izn verildi. Tədricən Azərbaycan dili əsas dilə çevridli. Amma hələ də vahid dil deyildi. Yalnız XX əsrin 30-cu illərində bolşeviklər etnik azlıqların (tat, talış, ləzgi və s.) dilində məktəbləri bağlayandan sonra Azərbaycan dili vahid dilə çevrildi və vahid millətimiz yarandı. Belə olmasaydı, indi Dağıstanın günündə olacaqdıq: hərə bir dildə danışacaqdı. Odur ki, Rusiya öz imperialist maraqlarından çıxış etsə də, dövlətçiliyimizə, vahid millət və dilimizin yaranmasına yardımçı oldu. Üstəlik, bizdə dilçilik elminin əsasını da Rusiya qoydu. Ən tanınmış türkçü-dilçilərimizdən olan Firudin Cəlilov da hesab edir ki, bizdə dilçilik elmi Türkiyədən daha güclüdür. (Zatən müasir incəsənətimiz elə SSRİ dövründə inkişaf edib də! O vaxtkı kimi bədii əsərlər, rəsmlər, filmlər yarada bilirik indi?)

Ümumiyyətlə, pantürkçülüyün əsas dəstəkçisi də ilkin olaraq XIX əsrdə Rusiya olub. Düşünürdü ki, Osmanlı çökəndən sonra türk dilli aləmə hökmranlıq ona keçəcək. Məhz buna görə də SSRİ-də 5 türk dilli respublika var idi, halbuki onların bəzisinin ərazisində (məsələn, Özbəkistan) türk dillilər heç çoxluq da təşkil etmirdilər.

O ki qaldı bizdəki “türkçülüyə” bu, daha çox natamalıq kompleksindən irəli gələn bir şeydir. XX əsrin əvvəlində ziyalılarımız milli ideya axtarışında idilər. Müasir dövr dini inkar edirdi. Buna görə də onlar İslamdan deyil, türküçülükdən yapışdılar. Məntiq sadə idi: dilimiz türk kökənlidirsə, deməli, türkük də! Halbuki, aydın məsələdir ki, Orta Asiyanın monqoloid (qıyıqgöz) türk dilliləri ilə Türkiyə və Azərbaycan türk dilliləri arasında qohumluq əlaqəsi çox uzaqdır. Bunu indi də əksəriyyətimiz başa düşürük. Orta Asiya türk dililləri özlərini əsl türk hesab edir (düz də edirlər). Biz isə reallıqda “türkçülük” dedikdə bizimlə Türkiyənin hökmran olacağı Turanı ehtiva edirik. Özü də bizim türkçülər Türkiyədəkilərə baxanda daha çox canfəşanlıq edir. Ona görə ki, onların Osmanlı kimi möhtəşəm tarixi var və onlar yalnız türk dilli dünyaya deyil, bütövkldə müsəlman aləminə iddialıdır. Bizim tariximiz isə əsasən İran və Rusiya tarixidir. Bu hər iki dövlət də müstəqilliyimizə ən böyük təhdiddir. Buna görə də kimliyimizi türk aləmində axtarırıq, özü də lap qədimə gedirik. Bütün dünya, o cümlədən Türkiyə də türklərin Altaydan gəlməsi ilə razı olduğu halda, biz az qala iddia edirik ki, türklərin ilk vətəni Azərbaycandır və s. və i.a. – cəfəng fikirlər! Yəni natamamlıq kompleksi uydurmalara və miflərə səbəb olur.

Bütün bunlar tədricən ötüb keçəcək. Çünki dil qrupu üzərində birlik olmur. Görün ruslarla ukraynalılar bir-birini necə qırır. Yaxuda da baxın Tramp və Mask Kanada və Britaniyanı necə məsxərəyə qoyur.

Lakin problem odur ki, gənclərimizin beyni zəhərlənir, onlar dövlətçiliyimizə saqiq olmaq əvəzinə hansısa mifik Turan ideyaları ilə yaşamağa başlayır. Bu anda da Ayaz Salayev kimisi durub həqiqəti deyəndə onu artıq gözümçıxdıya salırlar...


Əkrəm Həsənov

P.S. Təbii, türkçülük inanclarına çevrilmiş şəxslər mənimlə razılaşmayacaq. Ənənəvi olaraq rasional arqument də gətirməyəcklər. Buna görə də bu yazım onlar üçün deyil. Başa düşürəm ki, əqidələridir, nə etsinlər, inanclarını şübhə altına alıram (əslində darmadağın edirəm) axı. Bu yazım əksər vətəndaşlarımız üçündür. Hansılara ki, yanlış ideyalar sırınır, amma Ayaz Salayev kimilərin “linç”ini görən kimi səslərini qaldırmağa cürət etmirlər. Çünki hər bir etnosçuluq kimi türkçülük də faşizmin bir növüdür. Faşistlər isə fərqli fikrə tolerant deyillər, onu beşiyindəcə boğmağa çalışırlar ki, insanlar həqiqəti bilməsin. Amma siz yenə də oxuyun, maariflənin, faşizmin gələcəyi yoxdur, dövlətimizi düşünün...