Ermənistanın Xocalı soyqırımı ilə bağlı mövqeyi və qətliamı Azərbaycanın üzərinə atma cəhdləri

Ermənistan Respublikasının, istər rəsmi şəxsləri, istərsə də təşkilatları Xocalının işğalı zamanı mülki insanların öldüyünü etiraf etsə də, bu hərbi cinayətləri törədənlər barədə heç bir tədbir görmədilər (Доклад Правозащитного Центра Мемориал о массовых нарушениях прав человека, связанных с занятием населенного пункта Ходжалы в ночь с 25 на 26 февраля 1992 г. Вооруженными формированиями).Həmin şəxslər çox zaman azərbaycanlıların Xocalı sakinlərini qalxan kimi istifadə etdiyini iddia edərək qətliamın guya Azərbaycan bölmələri tərəfindən törədildiyi kimi gülünc və absurd təbliğatla çıxış edirlər. Bununla belə bu qətliamda iştirak edən erməni rəsmilər “Memorial” müşahidəçiləri ilə söhbətləri zamanı azərbaycanlıların onların qohumlarını öldürdüyünü iddia edərək dinc insanlara qarşı vəhşiliyin törədildiyini etiraf ediblər.

Xocalı qətliamının azərbaycanlıların üzərinə atılması xüsusilə ermənipərəst jurnalist və yazarlar tərəfindən qabardılır. Prezident Ayaz Mütəllibov çex jurnalist Dana Mazalovaya verdiyi müsahibədə Ağdam yolunda qalan meyitlərin daha sonra tanınmaz hala salındığını əsas gətirib və bu məsələdə AXC-ni də günahlandırmışdı. Ermənipərəst mövqeyi ilə seçilən Mazalova isə Müttəlibovun fikirlərini təhrif edib müsahibəni Xocalı soyqrımının azərbaycanlıların özü tərəfindən törədilməsi formasında dünya ictimaiyyətinə yaymışdı. Hətta Ermənistan rəhbərliyi də Mazalovanın fikirlərini dəstəkləyərək Xocalının azərbaycanlılar tərəfindən törədilməsi mövqeyini  rəsmi şəkildə Human Rights Watch-a göndərdiyi məktubla müdafiə etmişdi (Human Rights Watch isə Ermənistan hökumətinə göndərdiyi cavab məktubunda Qarabağ ermənilərin etdiyi əməli azərbaycanlıların üzərinə atmaq cəhdinə təəccübləndiklərini, bu qətliamın məsuliyyətinin bir başa Dağlıq Qarabağ ermənilərinin üzərində olduğunu bildirmişdi (Response to Armenian Government Letter on the town of Khojaly, Nagorno-Karabakh). Prezident Mütəllibov Mazalovanın “Nezavisimaya qazeta”ya verdiyi müsahibəni təhrif etdiyini demiş və Xocalı qətliamının məsuliyyətini azərbaycanlıların üzərinə atmağı “dünyada analoqu olmayan alçaqlıq” adlandırmışdır. Buna baxmayaraq həm Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın, həm də digər erməni rəsmilərinin açıqlamaları qətliamın bilərəkdən ermənilər tərəfindən törədildiyini sübut edir. Serj Sarkisyan britaniyalı jurnalist Thomas De Waal-a verdiyi müsahibədə ermənilərin Xocalıda qətliam törətdiyini etiraf edərək məqsədin insanlarda düşmənə qarşı qorxu hissinin yaratmaq olduğunu qeyd edir: “Xocalıya qədər azərbaycanlılar hesab edirdilər ki, bizimlə oyun oynaya bilərlər, onlar fikirləşirdilər ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməzlər. Biz bu streotipi qıra bildik. Bax bu da baş verdi” (Thomas De Waal “Karabağ: Barış ve Savaş Süreçlerinde Ermenistan ve Azerbaycan”. Hrant Dink Vakfı, İstanbul-2014 s. 428).

Bununla yanaşı Markar Melkonyan qardaşı, Qaradağlı qətliamının təşkilatçısı Monte Melkonyana həsr etdiyi “Qardaşımın yolu: Amerikanlının Ermənistana taleyüklü səyahəti” kitabında Xocalı qətliamının 26 fevral tarixində seçilməsini 1988-ci il fevralın 26-da baş verən Sumqayıt qətliamı ilə əlaqələndirirdi. Melkonyana görə bu gün qisas almaq məqsədilə seçilmişdi (Markar Melkonian “My Brother’s Road: An American’s Fateful Journey to Armenia”, 2005 s.214).

Ermənistanın eks-prezidenti Robert Koçaryan da memuarlarında Xocalıda qətliamın törədildiyini etiraf edərək bunu ermənilərin mülki əhalini ayırd edə bilməməsi ilə əlaqələndirib: “Baş verənlərdən hamımız şoka düşdük. Nə baş verdiyini anlamağa çalışaraq Əsgəran sektorunun müdafiəsinə cavabdeh olan bölük komandirlərimizi və digər hadisə şahidlərini uzun müddət dindirdim. Onların sözlərinə görə ətrafda nə baş verdiyini heç kim başa düşmürdü: tam çaşqınlıq hökm sürürdü, həm bizim minaatanlarımız, həm də düşmən minaatanları bu zonaya atəş açmışdı. Daha sonra radionun kəsilməsi onu göstərdi ki, birliklərimiz gecə saatlarında dinc əhalidən ibarət izdihamı OMON-la səhv salıblar və qoşunlarımız belə qənaətə gəliblər ki, Xocalıdakı Azərbaycan bölmələrinə köməyə gedən Ağdamın hərbi birləşmələridir. Beləliklə, qaranlıqda hərəkət edən hədəflərə atəş açıldı” (Роберт Кочарян “Жизнь и свобода: Автобиография экс-президента Армении и Карабаха”, 2019 s.77).

Erməni müəllif Şahnazaryan da “Xocalı işi” yazısında Xocalı faciəsinin bir soyqrım aktı olduğunu qeyd edir (Boran Əziz “Xocalı soyqırımı: səbəbləri, həyata keçirilmə üsulları və nəticələri”. Azərnəşr, Bakı-2008 s. 112). Bununla Şahnazaryan Xocalı soyqırımının ermənilər tərəfindən törədildiyini etiraf etmiş olur.

Svante Kornell Xocalı qətliamının törədilməsində məqsədin ermənilərin azərbaycanlı əhalidə qorxu hissi yaratmaq olduğunu qeyd edirdi: “Ümumilikdə Xocalı qətliamı erməni ordusunda düşmənlə bağlı qorxu və vahimə hissini yaratdı. Bu Qarabağ ermənilərini 1993-cü ildə işğal etdikləri regionlarda mülki  şəxslərlə bağlı problemlərdən qurtardı. Erməni qoşunları yaşayış məntəqəsinə yaxınlaşanda dinc azərbaycanlılar Xocalı kimi qətliamdan qorxduqları üçün evlərini tez-tələsik tərk etdilər. Xocalı qətliamının məqsədi belə bir qorxu mühiti yaratmaq idi” (Svante Cornell “Small Nations and Great Powers, A Study of Ethnopolitical Conflict in Caucasus”, 2000 s.83).

Xocalı soyqırımı barədə Azərbaycan cəmiyyətinə danışılan yalan

Xocalının işğal edilməsi və baş verən qətliam bir müddət Azərbaycan cəmiyyətindən gizlədildi. Ermənilərin Xocalıya hücum etməsi ilə bağlı ilk rəsmi məlumatı Daxili İşlər naziri Tofiq Kərimov yaydı. Nazir Xocalıya hücum zamanı iki nəfərin öldüyünü qeyd edirdi: “Xocalıya ermənilər hücum edib, iki nəfər ölüb və bir neçə nəfər yaralanıb. Vəziyyət kritik olsa da, çaxnaşmaya əsas yoxdur”. Prezidentin mətbuat katibi Rasim Ağayev bu məlumatın üzərində bəzi dəyişikliklər edərək mediada yayımlayır. Axşam saat 19:00-da isə Daxili İşlər naziri Kərimov başqa bir saxta xəbər yayımlayır. Kərimov Azərbaycan ordusunun Xocalıya iki helikopter saldığını və Azərbaycan ordusunun Əsgəran istiqamətində hücuma keçdiyini qeyd edirdi: “Bizimkilər Xocalıya iki helikopter endirməyi bacardı, Azərbaycan ordusu Əsgəran istiqamətində hücuma keçdi. Xocalı müdafiəçilətinin əhval-ruhiyyəsi yüksəkdir, şəhəri müdafiə etməyi bacardıq”. Bu məlumatlar daxil olan zaman Rasim Ağayev də Xocalının nəzarət altında olduğunu və yalnız iki nəfərin ölməsi barədə rəsmi açıqlama yaydı. Xocalı qətliamının araşdırılması üzrə parlament komissiyasının hesabatında Daxili İşlər naziri Tofiq Kərimov Xocalı ilə bağlı həqiqətləri gizlətmək cəhdini prezidentin xəstə olması ilə əsaslandırırdı: “Prezidentin nə qədər xəstə olduğunu gördüm, ona baxdım və əsəbləşdirmək istəmədim. Buna görə də onu sakitləşdirmək üçün yalnız iki nəfərin öldüyünü söylədim” (Мамед Велимамедов “Карабахская война 1991-1994”, 2013 s.315).

Xocalının azad edilməsi əməliyyatı və Ayaz Mütəllibovun devrilməsi

Xocalı soyqrımından sonra prezident Mütəllibov bu faciənin bir daha təkrarlanmaması üçün regionun böyük və güclü dövləti Rusiya ilə yaxınlaşmaq yolunu seçir. Buna görə də Mütəllibov Xocalı soyqrımından 2 gün sonra – 28  fevral 1992-ci ildə MDB Birləşmiş Silahlı Qüvvələrinin Ali Baş komandanı Yevgeni Şapoşnikova teleqram vurub Azərbaycanın MDB BSQ-yə qoşulacağını bəyan etdi. Azərbaycanın ilk Prezidentinin sözlərinə görə marşal Şapoşnikov Mütəllibovun bu sözlərini məmnunluqla qarşılamış, 366-cı alayın Xankəndindən çıxarılmasına və Xocalının yenidən Azərbaycana qaytarılacağına söz vermişdi. Bu danışıqlardan sonra 23-cü motoatıcı diviziya və 104-cü hava-desant diviziyasının köməyi ilə Əsgəran və Xocalının azad edilməsi əməliyyatı keçirilməsi, daha sonra Əsgəran ilə Xocalının Azərbaycan hərbçilərinin nəzarətinə verilməsi qərara alındı. Bu minvalla 23-cü motoatıcı və 104-cü hava-desant diviziyasının bölmələrinin Ağdam rayonuna köçrülməsinə başlanıldı. Xocalının azad edilməsi əməliyyatının başladığı bir vaxtda müxalifət prezident Ayaz Mütəllibovu devirmək üçün Xocalı faciəsindən istifadə etdi. Ayaz Mütəllibovun istefaya göndərilməsi üçün möhlət kimi nəzərdə tutulan 10 gün fevralın 28-də başa çatdı. Fevralın 28-də AXCP Məclisinin bəyanatında Mütəllibovun istefası üçün bütün dinc vasitələrdən istifadə olunacağı müzakirə edildi. AXC öz bəyanatında Mütəllibovu Xocalı qırğını ilə yanaşı 1990-cı ildə Bakıda qanlı yanvar hadisələrini törətməkdə və Rusiya ilə əlbir olmaqda da ittiham etdi.

Xocalının işğalı Bakıda hakimiyyət böhranına səbəb oldu. Bakıda hakimiyyət böhranının baş verdiyi bir zamanda 1992-ci ilin martın 3-də cənub qoşunlarının komandanı, ordu generalı Nikolay Popov Xocalının azad edilməsi əməliyyatına rəhbərlik etmək üçün Ağdama gəldi. Ağdam rayonunun nümayəndələri ilə görüşdə general Popov ona tapşırılan vəzifəni yerinə yetirəcəyini və Azərbaycana kömək edəcəyini söylədi. Hərçənd Bakıda baş verən hökumət böhranı buna imkan vermədi.

1992-ci ilin martın 5-i və 6-da Azərbaycan Ali Sovetinin iclası keçirildi. Ali Sovetin binası AXC-nin tərəfdarları tərəfindən ələ keçirildi. Martın 5-i səhər saatlarından 6-sı axşama qədər Ali Sovetin binası etirazçılar tərəfindən tamamilə tutuldu. İclasın başlamasının ilk dəqiqələrində AXC-dən olan deputatlar təşəbbüsü ələ aldılar. Onların tələbi ilə Çingiz Mustafayevin Xocalı qurbanları ilə bağlı çəkdiyi videogörüntülər nümayiş etdirildi. Müxalifət partiyaların üzvləri çıxışında Mütəllibova qarşı böhtanlar atmağa başladı. İsgəndər Həmidov prezidenti yəhudi lobbisinə işləməkdə, Etibar Məmmədov isə onu Xocalını ermənilərə satmaqda günahlandırdı. Şadman Hüseynov Mütəllibovu Moskvaya işləməkdə, Tofiq Qasımov isə rus imperializminə xidmət etməkdə günahlandırdı.  Həmin vaxt etirazçılar Ali Sovetin binasını mühasirəyə alaraq Mütəllibov istefa verməyənə qədər heç kimin Ali Sovetdən buraxılmayacağını bəyan etdilər. AXC-dən olan deputatlar növbə ilə aksiya iştirakçılarının yanına çıxıb və onlara Ali Sovetinin iclası ilə bağlı məlumat verib xalq kütlələrini qızışdırdılar. Aydın idi ki, Xalq Cəbhəsi şansını əldən vermək istəmirdi. Onlar əvvəlcə Mütəllibovu devirmək, sonra da hakimiyyətə gəlmək üçün Xocalı soyqırımından bəhanə kimi istifadə etmək niyyətində idi (Мамед Велимамедов “Карабахская война, 1991-1994”, 2013 s.316).

Mütəllibov vəziyyəti sakitləşdirmək üçün Ali Sovetin sədri Elmira Qafarovanı istefaya göndərdi. Xanım siyasətçi istefa verəndən sonra onun yerinə Bakı Tibb Universitetinin rektoru Yaqub Məmmədov Ali Sovetin sədri təyin edildi. Prezident Ali Sovetin sessiyasındakı çıxışında son hadisələri təhlil edərək Qarabağdakı məğlubiyyətin əsas səbəblərindən danışdı, milli qvardiyanın əvəzinə milli ordunun yaradılması və Azərbaycanın MDB BSQ-yə qoşulmaması ilə bağlı məsələlərə toxundu. Mütəllibov özü də sonralar 1992-ci ilin fevralın 14-də Azərbaycanın MDB BSQ-yə qoşulması ilə bağlı müqaviləni imzalamaqdan imtina etməsini özünün bağışlanmaz əsas səhvi olduğunu etiraf edəcəkdi. Qarşıdurma 6 martda da davam etdi. 1992-ci il 6 mart axşam saatlarında müxalifətin davamlı təzyiqlərindən sonra Mütəllibov istefaya verməyə məcbur oldu (Thomas De Waal “Karabağ: Barış ve Savaş Süreçlerinde Ermenistan ve Azerbaycan”. Hrant Dink Vakfı, İstanbul-2014 s.234).

Bakıda bu hadisələr baş verərkən Rusiya ordusu Əsgəran və Xocalı əməliyyatını həyata keçirirdi. 3-4 mart 1992-ci ildə Ağdama rus qoşunlarının böyük bir kolonu gəldi. Ağdama gələn rus ordusunun kadrlarını bu videodan izləyə bilərsiniz (Российские войска в Агдаме в марте 1992 года (https://youtu.be/9Yu3vcpvg4k?si=kBvAHcnbE5t9L2ew)). Rusiya qoşunlarının tərkibinə 23-cü motoatıcı diviziyanın bölmələri, həmçinin iki özüyeriyən artilleriya batareyası olan 104-cü hava-desant diviziyasının 345-ci paraşüt alayı daxil idi. Ağdam komendantı Camal Əhmədovun sözlərinə görə, hərbi karvan 125 ədəd texnikadan ibarət idi. Rusiya ordusu Ağdamın Şelli kəndində dayandı və əməliyyatlar başlandı. 1992-ci il martın 6-ı saat 12-də Ağdamda dislokasiya edilən Rusiya qoşunu və Azərbaycan hərbi hissələri Xocalı və Əsgəranın azad edilməsi əməliyyatına başladılar. İlk hücum Əsgərana təyin edildi. Məqsəd Əsgəran və Xocalını, eləcə də Ağgədik və Daşbaşının əhəmiyyətli yüksəkliklərini ələ keçirmək idi. Hücum zamanı erməni dəstələrinin müdafiə xətti qırıldı və qoşunlar Əsgərana daxil oldu. Hərçənd axşam saat 6-da Mütəllibovun istefası xəbəri gəldikdən sonra Rusiya qoşunu cəbhədən çəkildi. AXC Ağdam şöbəsinin üzvlərindən Təhmasib Novruzov Bakıya zəng vuraraq əməliyyatın bitməsinə qədər Mütəllibovun istefasını geri götürməsini tələb etdi: “6 mart 1992-ci il axşamı Bakıya zəng vurdum. Oqtay Qasımov, Pənah Hüseynov, İsa Qəmbər, İsgəndər Həmidovla danışıqlar apararaq Mütəllibovun istefa tələbini əməliyyat bitənə qədər geri götürməsini istədim. Ancaq onları inandıra bilmədim. Artıq ermənilər Əsgəran üzərində tam nəzarəti bərpa etdilər”. Beləliklə, Azərbaycan daxili çəkişmələr səbəbindən vəziyyəti öz xeyrinə dəyişmək, Əsgəran rayonu və Xocalını azad etmək imkanını itirmiş oldu (Мамед Велимамедов “Карабахская война, 1991-1994, 2013 s.320).

Nəticə

Xocalı soyqırımı XX əsrdə bəşər tarixinin ən böyük hərbi cinayətlərindən biri olmaqla yalnız qarabağlıları, Azərbaycan xalqının deyil, insanlığın faciəsidir. Belə ki, Sovetlər zamanında Azərbaycan xalqı ilə çiyin-çiyinə yaşayan ermənilər hələ ittifaqın dağılmadığı ərəfədə öz mənfur niyyətlərini biruzə verərək həm Azərbaycan torpaqlarını işğal etdilər, həm də xalqımıza qarşı ağlasılmaz cinayətlər törətdilər. Azərbaycan xalqının ümumxalq faciəsi yalnız Xocalı ilə bitmir. Azərbaycan xalqının Ağdaban və Qaradağlı kimi başına gətirilən müsibətlər vardır. Hərçənd Xocalı soyqırımında erməni şovinistlərin də öz payı olduğu kimi, kreslo davası edərək qanuni prezident Ayaz Mütəllibovu zorla, dövlət çevrilişi ilə devirən Azərbaycan Xalq Cəbhəsinin də danılmaz payı vardır. Əgər erməni şovinistlər Azərbaycan xalqına düşmən olduqları üçün və dənizdən dənizə Böyük Ermənistan yaratmaq üçün Xocalı soyqırımını törətmişdilərsə, içimizdəki kreslo davası edən AXC üzvləri Mütəllibovun üzərinə minbir şər və böhtanlar ataraq, Xocalı soyqırımını siyasi alət kimi istifadə edərək onu hakimiyyətdən getməyə məcbur etdilər. Bununla Azərbaycan hökumətinin Xocalının azad edilməsi əməliyyatı da puç oldu.

Son olaraq Xocalı 2023-cü ilin 19-20 sentyabr tarixlərində baş tutan “Antiterror əməliyyatı”nın nəticəsində Müzəffər Ali Baş komandan, cənab İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan ordusu tərəfindən azad edildi. Beləliklə, Azərbaycan xalqının ürəyində olan yara da sağalmış oldu.

ƏLİ NOVRUZOV

Globkom.info

 

İstifadə edilən ədəbiyyat

Azərbaycan dilində

Boran Əziz “Xocalı soyqırımı: səbəbləri, həyata keçirilmə üsulları və nəticələri”. Azərnəşr, Bakı-2008

Türk dilində

Thomas De Waal “Karabağ: Barış ve Savaş Süreçlerinde Ermenistan ve Azerbaycan”. Hrant Dink Vakfi, İstanbul-2014

İngilis dilində

Response to Armenian Government Letter on the town of Khojaly, Nagorno-Karabakh

Markar Melkonian “My Brother’s Road: An American’s Fateful Journey to Armenia”, 2005

Svante Cornell Small Nations and Great Powers, A Study of Ethnopolitical Conflict in Caucasus”, 2000

Rus dilində

Доклад Правозащитного Центра Мемориал о массовых нарушения прав человека, связанных с занятием населенного пункта Ходжалы в ночь с 25 на 26 февраля 1992 г. вооруженными формированиями

Роберт Кочарян Жизнь и свобода: Автобиография экс-президента Армении и Карабаха”, 2019

Мамед ВелимамедовКарабахская война, 1991-1994”, 2013

Российские войска в Агдаме в марте 1992 года

(https://youtu.be/9Yu3vcpvg4k?si=kBvAHcnbE5t9L2ew)