
Xocalının blokadadan çıxarmaq cəhdləri
1991-ci ilin fevralın əvvəllərində Qarabağın Malıbəyli, Ağdaban və Qaradağlı kəndləri ermənilər tərəfindən işğal edildi. Beləliklə, dinc sakinlər kütləvi qətliama məruz qoyuldu və evləri viran edildi. Cons Hopkins Universitetinin Orta Asiya və Qafqaz İnstitunun tədqiqat direktoru Svante Kornelin verdiyi məlumata görə bu kəndlərə hücum nəticəsində ən azı 140 nəfər öldürülmüş, 99 nəfər yaralanmışdır (Svante Cornell “Small Nations and Great Powers: A Study of Ethnopolitical Confilict in Caucasus”, London: Routledge-2001 s. 81).
Yanvarın sonu-fevralın əvvəllərində Müdafiə nazirinin döyüş əməliyyatları üzrə müavini, general-mayor Dadaş Rzayev və onun qərargahı tərəfindən hazırlanan əməliyyat planına əsasən Azərbaycan ordusu Xocalının blokadan çıxarılması üçün 1992-ci il fevralın 6-da hücuma keçmiş, hərçənd yalnız Əsgər rayonunun Xramort və Fərrux kəndlərini azad etmək mümkün olmuşdur. Bundan sonra Azərbaycan ordusu erməni qoşunlarının güclü müqaviməti qarşısında geri çəkilməyə məcbur olmuş, nəticədə düşmən yenidən əks-hücuma keçərək Xramort və Fərrux kəndlərini ələ keçirmişdir. Xocalıdan quru dəhlizinin yaradılması üçün nəzərdə tutulan növbəti əməliyyat fevralın ortalarına təyin edildi və bunun üçün rəsmi Bakıdan əlavə hərbi texnika tələb olundu. Plana görə Azərbaycan ordusu Xocalıdan Əsgəran istiqamətində, Ağdamdan isə eyni istiqamətdə düşmənə zərbələr endirməli, ermənilərin cəbhə xəttini yarıb, Xocalı və Ağdamdan irəliləyən qoşunlar birləşməli, beləcə Ağdam-Əsgəran-Xocalı sabit quru dəhlizi yaradılmalı idi (Мамед Велимамедов “Карабахская война, 1991-1994”, 2013 s. 303).
Fevralın 19-u saat 17-də Xocalı hər tərəfdən PDM, iri çaplı pulemyot və avtomatlardan 4 saat ərzində aramsız atəşə tutuldu (Boran Əziz “Xocalı soyqrımı: səbəbləri, həyata keçirilmə üsulları və nəticələri”, Azərnəşr, Bakı-2008 s.83).
1992-ci il fevralın 24-də əməliyyatda iştirak edəcək dəstələrin komandirləri ilə görüşlər keçirildi. Hər bir dəstənin vəzifələri və hərəkət marşrutu müəyyən edildi. Əməliyyatda iştirak edəcək bölmələr bunlar idi:
- Xudu Xudiyevin hərbi komandanlığı altında motoatıcı batalyon;
- Allahverdi Bağırovun komandanlıq etdiyi ayrıca ərazi müdafiə dəstəsi;
- Polkovnik-leytenant Şirin Mirzəyevin rəhbərlik etdiyi birinci önümüdafiə batalyonu;
- Asif Məhərrəmovun komandanlıq etdiyi ayrıca ərazi müdafiə dəstəsi;
- Yaqub Rzayevin rəhbərlik etdiyi ayrıca ərazi müdafiə batalyonu;
- Rövşən Cavadın komandir olduğu OMON qüvvələri;
- Faiq Baxşəliyevin komandir olduğu patrul xidmətinin taboru.
İşğal ərəfəsində ermənilər istər hərbi qüvvə, istərsə də silah və texnika baxımdan xocalılardan üstün idi. Bunu MTN-nin Xocalıda dislokasiya edilən hərbi qüvvə və texnikalarla bağlı prezident Ayaz Mütəllibova göndərdiyi raporta da görmək mümkündür (Мамед Велимамедов “Карабахская война, 1991-1994”, 2013 s. 296).
“Xocalının blokadasını yarma əməliyyatı” 25 fevral 1992-ci il saat 14:00-a təyin edilmişdi. Hərçənd hərbi əməliyyat baş tutmadı. Məmməd Vəliməmmədov hərbi əməliyyatın baş tutmasının səbəblərini Ayaz Mütəllibovun Fəhmin Hacıyevi vəzifəsindən azad etməsi və DİN bölmələrinin ölkədəki mövcud fövqəladə vəziyyətlə əlaqədar hərbi əməliyyatlarda iştirak edə bilməməsi ilə əlaqələndirdi.
25 fevral 1992-ci ildə Ali Sovetin sədrinin müavini Tamerlan Qarayev Ağdamdan prezident Mütəllibova şifrəli teleqram göndərdi: “Xocalı və Umudludakı qüvvələr demək olar ki, tükənib. Dəstək olmadığından (helikopterlər bir neçə gündür uçmur) erməni qoşunlarına müqavimət zəifdir. Xocalı və Umudlunu mühasirədən xilas olmaq üçün təcili tədbirlər görülməlidir. Bu məqsədlər üçün cavabdeh bir şəxsi Ağdama göndərmək və 24 saat ərzində bu tədbirləri təşkil etməsini tapşırmaq lazımdır. Qərarınızı gözləyirəm”.
Xocalının işğalı və qətliam
Azərbaycan ordusunun Xocalını blokadadan çıxarmaq cəhdlərinin baş tutmadığını görən Ermənistan və qondarma “DQR” hərbi komandanlığı general Arkadi Ter- Tadevosyanın hərbi komandanlığı ilə 4 istiqamətdən şəhərə doğru hücuma başladı. Əsas hədəf kimi Xocalı hava limanının ələ keçirilməsi nəzərdə tutulmuşdu. Xocalıya hücum fevralın 25-i axşam 23:00-da ağır artilleriyalardan atəş açılması ilə başlandı. Bir neçə saatlıq döyüşlərdən sonra şəhər əhalisi Ağdama qaçmağa başladı. Xocalı tutulduqdan sonra ilk olaraq şəhərdəki qarnizon və hərbi hissələr ermənilər tərəfindən ələ keçirildi. Piyada birliklər isə 26 fevral səhər saat 4-də şəhərə daxil oldu (Доклад Правозащитного Центра Мемориал о массовых нарушения прав человека, связанных занятием населенного пункта Ходжалы в ночь с 25 на 26 февраля 1992 г. воруженными формированиями). Xocalıya hücum zamanı Sovet Silahlı Qüvvələrinin bölgədəki yeganə alayı 366-cı motoatıcı alay da mənfur qonşumuza hərbi dəstək verdi (Thomas De Waal “Karabağ: Barış ve Savaş süreçlerinde Ermenistan ve Azerbaycan, Hrant Dink Vakfı, İstanbul-2014 s. 231).
“Memorial” İnsan Hüquqları Müdafiə təşkilatının qeyd etdiyinə görə Xocalının işğalı zamanı əhali şəhəri iki istiqamətdə tərk edərək Ağdama hərəkət etmişdilər. Əhali Əsgəranı sol tərəfdə saxlamaqla əsasən şəhərin şərq hissəsindən çay yatağı boyunca şimal-şərq istiqamətinə (Ermənistan rəsmiləri bu yolu “Azad Dəhliz” də adlandırır) və Əsgəranı sağ tərəfdə saxlamaqla şəhərin şimal hissəsindən şimal-şərq hissəsinə hərəkət etmişdilər (Мамед Велимамедов “Карабахская война, 1991-1994”, 2013 s. 310).
İnşaat işçisi Həsən Allahyarov “Helsinki Watch”-a verdiyi müsahibədə Xocalının işğalını belə xatırlayırdı: “Atəş səslərini eşitməyə alışmışdıq. Eyvanda yatmışdım, oğlum gəlib mənə gələn səsin fərqli səs olduğunu dedi. Ayağa qalxdım və zirehli texnikaları gördüm. Tanklar hər tərəfdən atəş açırdılar. Bayıra çıxanda hər tərəfə bombaların düşdüyünü gördüm”.
Xocalı əhalisinin böyük hissəsi gecə saat 3-ə qədər şəhərdə qaldı, bəziləri isə evlərin zirzəmisində gizləndi. Sağ qalan xocalıların ifadəsinə görə, hücum zamanı onlar yaşayış binalarının zirzəmilərində gizlənməyə cəhd göstəriblər və özünümüdafiə qüvvələrinin çağırışına cavab olaraq gecə saat 3-də şəhəri tərk etməyə başlayıblar (Fiona Maclachlan and Ian Peart “Khojaly Witness of a crime Armenia in the dock”. İthaca Press, 2014 s. 21).
Xocalıdan Ağdama yola düşən 1-ci qrupu silahlı qarnizon əsgərləri müşayiət etdiyi üçün ermənilər qaçqın karvanını atəşə tutdu. Panikaya düşən qrupun bir hissəsi səhv səmtə, birbaşa erməni hərbi hissəsinin yerləşdiyi əraziyə yönəldi və burada öldürüldü. Ən çox insan ölümü isə Naxçivanik kəndi istiqamətində baş verdi. Ehtimal edilir ki, cəbhəçilər daha çox mülki şəxsin öldürülməsini əsas tutaraq Mütəllibovu devirmək üçün AXC batalyonu bilərəkdən insanları ermənilərin hərbi hissəsinə yönəltmişdi (European Courts of Human Rights, Case of Fatullayev v. Azerbaijan, Application no.40984/07, Strasbourg, 22 April 2010).
“Memorial” İnsan Hüquqları Müdafiəsi təşkilatının verdiyi məlumata görə şəhərin atəşə tutulması zamanı qeyri-dəqiq sayda dinc sakin həlak olub. İşğal zamanı şəhəri tərk edib dağlara çəkilən qadınlar və uşaqların bir hissəsi havanın şaxta olması səbəbindən donaraq ölmüşdülər. Ağdama gedənlərin ifadəsinə görə, sakinlərin qalan hissəsi də Pircamal və Naxçivanik kəndləri yaxınlığında ermənilərə əsir düşüb. Xocalı sakinlərinin əsas hissəsi isə məhz Naxçivanik kəndi yaxınlığında ermənilər tərəfindən qətlə yetirilib. Məmməd Vəliməmmədovun məlumatına görə Xocalı qətliamı zamanı ümumilikdə 613 nəfər həlak olmuşdur. Öldürülənlərdən 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olub, 8 ailə isə tamamilə məhv edilib. 487 nəfər şikəst edilib, 1275 nəfər isə əsir və girov götürülüb. Girov götürülən 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi hələ də məlum deyil. Bu, azərbaycanlılara qarşı əsl soyqırım aktı idi. Çünki Xocalı əhalisi yalnız azərbaycanlı olduqları üçün ermənilər onları qətlə yetirmişdilər (Мамед Велимамедов “Карабахская война, 1991-1994”, 2013 s. 311).
Britaniya jurnalisti Thomas De Waal Xocalı qətliamını təsvir edərək şəhər sakinlərinin tanınmaz hala salındığını qeyd edir. Həmçinin britaniyalı jurnalist Xocalı qətliamı zamanı öldürülən insanların sayının 485 nəfər olduğunu qeyd etsə də, Qarabağ müharibəsi zamanı ən çox insanın Xocalı qətliamı zamanı öldürüldüyünü vurğulayır.
“Helsinki Watch”-un məlumatına görə Xocalıdan qaçan qrupun içində aeroportu mühafizə edən Əlif Hacıyevin rəhbərlik etdiyi OMON qüvvələri də var idi. “Helsinki Watch”-a müsahibə verən Xocalı qaçqınlarının məlumatına görə Əlif Hacıyev məktəbin zirzəmisində gizlənən bu qrupu qəsəbədən çıxarmağa çalışmışdır: “Ermənilər bizi görəndə atəşə tutdular. Gizləndik. Eyni zamanda azərbaycanlılar da qarşılıq verdi. Azərbaycan OMON qüvvələri də orada idi. Biz qaçan zaman onlar bizimlə idi” (Human Rights Watch/”Helsinki (formerly Helsinki Watch) Report”. Bloodshed in Caucasus, 1992 s. 21).
Mayor Əlif Hacıyevin rəhbərliyi ilə hava limanını mühafizə edən dəstə müdafiə mövqeyinə keçmiş, düşmənin üstün qüvvələri ilə döyüşərək düşmənin xeyli sayda canlı qüvvəsini məhv etməyə nail olmuşdur. Əlif Hacıyev başda olmaqla bu dəstə 26 fevral 1992-ci ildə Xocalı əhalisini müdafiə edən zaman qəhrəmancasına həlak olmuşdur. Qəhraman mayor həlak olmadan qabaq gördüyü tədbirlərdən biri də hava limanının idarə etmə qülləsini partlatması idi.
Xocalının Əlif Hacıyevdən sonra müdafiəsini təşkil edən zabitlərdən biri özünümüdafiə batalyonunun komandiri “Mixaylo” ləqəbli mayor Tofiq Hüseynov idi. Düşmən qüvvələrinin şəhərə hücumu zamanı əsgərləri ilə birlikdə şəhəri tərk edən sakinləri Ağdama aparan Tofiq Hüseynovun dəstəsi pusquya düşərək düşmənlə qeyri-bərabər döyüşə girdi. Ağır yaralanan “Mixaylo” ləqəbli mayor mühasirəyə düşsə də son gülləsinə qədər döyüşdü. Dığalar Hüseynova təslim olmağı təklif etsə də, mayor özünü və yaxınlıqdakı erməni əsgərlərini partladıb qəhrəmancasına şəhid olmuşdur.
Xocalının müdafiəsini təşkil edib həyatını fəda edən qəhrəmanlarımızdan biri də Müdafiə Nazirliynin tağım komandiri Aqil Quliyev idi. Ermənilər şəhəri işğal zamanı camaat Ağdama qaçmağa başlayanda Aqil Quliyev sağ qalan əsgərləri ilə birlikdə şəhər əhalisinin təhlükəsiz şəkildə Ağdama çatmasını təmin etmək üçün düşmənlə qeyri-bərabər döyüşə girmişdi. Döyüş zamanı Aqil Quliyev hər iki ayağından xəsarət alır. Yoldaşları onu daşımağa çalışsalar da o, hərbçi yoldaşlarına yük olmaq istəməmiş və əsgərlərinə əhalini təhlükəsiz şəkildə Ağdama aparmağı əmr etmişdir. Düşmənlə təkbətək qalan Aqil Quliyev son gülləsinə qədər savaşmış və qəhrəmancasına şəhid olmuşdur.
Fevralın 25-dən 26-a keçən gecə Baş Qərargah rəisi Şahin Musayev bədxah qonşumuzun Xocalıya genişmiqyaslı hücumu barədə məlumat alır. Fevralın 26-da prezidentin sərəncamı ilə Baş Qərargah rəisi Daxili İşlər naziri Tofiq Kərimovla birlikdə Ağdama getməli idi. Hərçənd məlum işğal aktına görə Tofiq Kərimov Ağdama getmədi. Xocalının işğalı günü Şahin Musayev bir qrup hərbçinin müşayiəti ilə Ağdama uçdu. Ağdamda olan Şahin Musayev prezident Ayaz Mütəllibova zəng edib Xocalının işğalı və dinc əhalinin qətliama məruz qalması ilə bağlı məlumat verdi (Мамед Велимамедов “Карабахская война, 1991-1994”, 2013 s.312).
Xocalı sakinlərinə qarşı həyata keçirilən vandalizm aktı
Xocalı qətliamından 2 gün sonra – fevralın 28-də bir qrup jurnalist faciə yerinə səfər etdi. Günahsız insanlara qarşı qətliamın törədildiyi yerə Çingiz Mustafayevlə birlikdə rusiyalı telejurnalist Yuri Romanov da səfər etmişdi. Yuri Romanov “Mən müharibəni çəkirəm” xatirələrində erməni şovinistlərinin Xocalı sakinlərinə qarşı həyata keçirdiyi vəhşiliyi ürək ağrısı ilə qeyd edirdi: “Mən helikopterin dairəvi pəncərəsindən çölə baxıram və sözün əsl mənasında mənzərə insanı dəhşətə gətirir. Bütün bu geniş ərazi körpədən yeniyetməyə qədər hər yaşda olan qadınların, qocaların, yaşlı qadınların, oğlan və qızların cəsədləri ilə doludur. Bir nənə və bir kiçik qızın cəsədinə rast gəldim. Ağarmış saçı açıq olan nənə mavi kapüşonlu pencəkdə balaca qızın yanında üzüaşağı uzanıb. Onların ayaqları tikanlı məftillə bağlanıb, nənənin də əlləri bağlıdır. Hər ikisi də başından vurulub. Təxminən dörd yaşında olan balaca qızcığaz sonuncu jestlə əllərini öldülmüş nənəsinə uzadıb”.
Xocalı soyqrımı zamanı ən ürək ağrıdan və dəhşətverici hadisə isə erməni şovinistlərinin körpə qızcığaza işgəncə verib, 6 yaşlı qızın gözlərini yandırılmış siqaret kötükləri ilə kor etməsi idi. Yuri Romanov Xocalıdan gələn 6 yaşlı qızla dialoqunda bu faciəvi hadisəni ürək ağrısı ilə belə təsvir edirdi:
-“Sənə nə olub, əzizim?
-Gözlərim yanır, gözlərim yanır, əmi! Gözlərim yanır!!!
Həkim çiynimə toxunur:
-Kordur. Gözlərini siqaret kötükləri ilə yandırıblar. Bura gələndə gözlərində siqaret kötükləri qalmışdı” (Юрий Романов “Я снимаю войну”. Школа выживания, Права человека-2001 s. 54-56).
Fransanın tarixən və indi də Ermənistana hərbi-siyasi dəstək verməsinə rəğmən fransızların “Le Mond” qəzeti neytral mövqe sərgiləyərək Ağdamda olan jurnalistlərə istinadən Xocalı əhalisinə qarşı törədilən vandalizm aktına toxunmuşdur: “Ağdamda olan jurnalistlər Xocalıda öldürülmüş qadın və uşaqlar arasında skalpları götürülmüş, dırnaqları çıxardılmış 3 nəfəri görmüşdülər. Bu azərbaycanlıların təbliğatı deyil, bu reallıqdır!”
Britaniyanın hadisə yerində olan jurnalisti “Fant men nyus” teleşirkətinin jurnalisti R. Patrik də Xocalıda dinc, günahsız əhaliyə qarşı əsil vəhşiliyin törədildiyini qeyd edirdi.
366-cı motoatıcı alayın Xocalı qətliamında iştirakı
366-cı motoatıcı alay SSRİ dövründə Xankəndində 366-cı qvardiya alayı kimi fəaliyyət göstərirdi. 1991-ci ildə SSRİ-nin Daxili Qoşunları Dağlıq Qarabağdan çıxarılsa da, 366-cı alay çıxarılmamış və Qarabağın bir sıra kəndlərinin erməni şovinistləri tərəfindən işğal edilməsində dığalara bilavasitə dəstək vermişdi. 366-cı alayın hərbçiləri işğalda iştiraklarını bunun müqabilində alayın əsgər və zabit heyətinə pul mükafatı veriləcəyi ilə əlaqələndirirdilər. Qeyd etmək lazımdır ki, vahid komandanlığa bağlı olmayan bu alayda 1991-ci ilin sonlarında nizam-intizamın pozulması halları da artmışdı. Alayın hərbçilər arasında da bu özbaşınalıqlara dözməyib etiraz edənlər var idi. Alayda nizam-intizamın pozulması o həddə çatmışdır ki, hətta alayın iki türkmən əsgəri müsəlman olduqları üçün erməni və rus zabitləri tərəfindən döyülürdü. Hər iki türkmən işğaldan bir həftə əvvəl alaydan qaçaraq Türkmənistana getmək məqsədilə Xocalıda gizlənmişdilər (Thomas Goltz “Azerbaycan Günlüğü: Savaşın yaraladığı, petrol zengini bir eski Sovyet cumhuriyyetinde muzip bir muhabirin maceraları”, Teas Press-2018 s.179).
1991-ci ilin dekabrında rəsmi Bakı 366-cı alayın Xankəndindən çıxarılaraq MDB Birləşmiş Qoşunları komandanlığına verilməsi barədə rəsmi Moskvaya müraciətlər etsə də, Azərbaycan hökumətinin bu müraciətləri cavabsız qalmışdı.
Xocalı qətliamında 12 gün əvvəl - 14 fevral 1992-ci ildə Belarusiyanın paytaxtı Minskdə Müstəqil Dövlətlər Birliyinin dövlət başçıları arasında MDB-nin Birləşmiş Silahlı Qüvvələrinin yaradılması ilə bağlı müqavilə imzalanmalı idi. Bu müqavilənin müzakirə ediləcəyi görüşdən əvvəl Azərbaycan parlamentində bu sazişə qoşulub-qoşulmama ilə bağlı müzakirə apardı. Prezident Mütəllibovun bu məsələ ilə bağlı millət vəkilləri qarşısında çıxışından əvvəl Rusiya prezidenti Boris Yeltsin ona zəng edərək 366-cı alayın Xankəndindən çıxaralacığını bildirdi. Əvəzində isə Yeltsin Azərbaycanın MDB Birləşmiş Silahlı Qüvvələrinin yaradılması ilə bağlı müqaviləni imzalanmasını istədi. Hərçənd AXCP-dən olan deputatların təzyiqi ilə Milli Məclis rəsmi Bakı MDB BSQ-nin yaradılması haqqında sazişə qoşulmaması ilə bağlı qərar qəbul etdi. Yeri gəlmişkən qeyd edim ki, bu iclasdan 4 gün sonra-fevralın 18-də AXC Mütəllibova ultimatium verərək 10 gün ərzində istefa verməsini tələb etmişdi. Beləliklə, ölkədə daxili xaos yaranmışdı. AXC-nin həm Azərbaycan hökumətinə təzyiq edib rəsmi Bakının MDB BSQ-nin yaradılması ilə bağlı müqaviləyə qoşulmasına imkan verməməsi, həm də Mütəllibovdan 10 gün ərzində istefasını tələb etməsi Azərbaycanın Xocalının blokadadan çıxarılması üçün planlaşdırdığı əməliyyatın puç olması ilə nəticələndi. Mütəllibovun sözlərinə görə, əgər o zaman AXC timsalında müxalif konstruktiv mövqe tutub regiondakı mövcud real vəziyyətdən çıxış etsə idi və Azərbaycan MDB-nin BSQ-nin yaradılması haqqında sazişə qoşulsa idi, 366-cı alay Xankəndindən çıxarılar və Xocalı faciəsi baş verməzdi (Мамед Велимамедов “Карабахская война, 1991-1994”, 2013 s. 299).
MDB dövlət başçılarının 1992-ci il fevralın 14-də Minskdə keçirilən müşavirəsində prezident Mütəllibov və MDB Müttəfiq Qüvvələrinin Ali Baş komandanı marşal Yevgeni Şapoşnikov çıxış etdilər. Marşal Şapoşnikovdan “Azərbaycan yaşayış məntəqlərinə qarşı hərbi əməliyyatlarda iştirak edən Sovet ordusunun 366-cı alayının dərhal Xankəndindən çıxarılmasını” tələb etdi. Hərçənd, Şapoşnikov Mütəllibovun bu tələblərinə məhəl qoymayaraq ona belə bir cavab verdi: “366-cı alay lazım olduğu qədər Xankəndində qalacaq”. Xocalı qətliamından 6 gün əvvəl – fevralın 20-də Şapoşnikov Mütəllibovu Xankəndini “Qrad” vasitəsilə atəşə tutmaqda ittiham etdi. Azərbaycan prezidentinin mətbuat xidmətinin rəhbəri Rasim Ağayev marşal Şapoşnikovun bu fikirləri səsləndirməkdə məqsədinin müstəqil xarici siyasət yeritdiyinə görə Rusiyanın Azərbaycandan qisas almaq istəyi ilə bağlı olduğunu qeyd etdi.
14 fevral görüşündən 12 gün sonra 366-cı alay Xocalıya hücuma başladı. Xocalı əməliyyatında 366-cı alayın 2-ci və qismən 3-cü taboru iştirak etmişdi. Qismən iştirak edən 3-cü taborun komandiri, kapitan Yevgeni Nabokix 1,5 milyon dollar almışdı (Татьяна Чаладзе “За резню в Ходжалы россиский комбат получил полтора миллиона долларов”). O, Xocalı ələ keçiriləndən sonra valideynləri və erməni həyat yoldaşı ilə birlikdə Cənubi Amerikaya qaçdı.
2-ci taborun komandiri, mayor Ohanyanın rəhbərlik etdiyi qrup isə əməliyyatda tam olaraq iştirak etmişdi. 2-ci taborun demək olar ki, hamısı ermənilərdən ibarət idi. 366-cı alayın zabiti, kapitan Markuşin Xocalının işğalının bilavasitə iştirakçısı idi. Alayın kapitanı olmuş Sergey Tuşov hadisələri belə təsvir edirdi: “Alayın 75-80 faizi ermənilərdən ibarət idi. 1991-ci ilin sonlarından etibarən alayda psixoloji vəziyyət pisləşməyə başlamışdı. Zabitlər demək olar ki, hamısı sərxoş vəziyyətdə olurdular. Pulsuzluqdan alaya aid silah, sursat və hərbi texnika ermənilərə satılırdı. 23 fevralda alayın taborlarının yeri dəyişdirildi. Birinci tabor Çanaqçı kəndinə, üçüncü tabor isə Xocalı şəhəri yaxınlığında Ballıca kəndində yerləşdirildi. 1 martda ermənilər alayı tamamilə tutdular. Mayor Ohanyanın komandanlıq etdiyi ikinci tabor könüllü olaraq bütün texnika və silahları ilə birlikdə ermənilərin tərəfinə keçdi. 2 martda 366-cı alayın bütün heyəti helikopterlərlə Gürcüstanın Vaziani şəhərinə aparıldı. Yerevana gedən mayor Arutyunov, kapitan Arutyunyan və zabit Petrosyan xaric bütün ermənilər Stepanakertdə qaldı” (Элмира Ахундова “Ходжалы. Хроника геноцида”, 1993 s. 53-54).
Məmməd Vəliməmmədovun verdiyi məlumata görə, 366-cı alayın Xocalı soyqırımında iştirakı sübut olunub. Belə ki, Xocalı soyqırımından sonrakı ilk günlərdə Azərbaycan Respublikasının Prokurorluğu 200-ə yaxın şahidi dindirmiş, dindirilmiş şəxslərdən 162 nəfərin Xocalı qətliamında iştirakı sübuta yetirilmişdir (Мамед Велимамедов “Карабахская война, 1991-1994”, 2013 s. 300). Britaniyalı jurnalist Thomas De Waal da Xocalının işğalı zamanı 366-cı alayın ermənilərə dəstək verdiyini və alayın Xocalın alınmasında bilavasitə iştirak etdiyini qeyd edir.
366-cı alayın Xocalı əməliyyatında iştirakını rus mənbələri də təsdiq edir. “Krasnaya Zvezda” qəzetinin 11 mart saylı nömrəsində yazılırdı: “Bölgə komandanlığının qəti əmrlərinə baxmayaraq 366-cı mexanikləşdirilmiş piyada diviziyasının bəzi hərbçilərinin Xocalı yaxınlığındakı döyüşlərdə Qarabağ ermənilərinin tərəfində vuruşduğunu qeyd etmək lazımdır. Bununla bağlı ən azı iki belə hal qeydə alınıb. Alayın Stepanakertdən çıxarılması zamanı desantçılar bir neçə hərbçinin ciblərini yoxladıqları zaman onlardan xarici valyuta daxil olmaqla böyük miqdarda pul topladılar” (Карабах: война до победного конца? // Красная звезда: газета, 1992 11 март).
Ardı var...
ƏLİ NOVRUZOV
Globkom.info
İstifadə olunan ədəbiyyat
Azərbaycan dilində
Boran Əziz “Xocalı soyqırımı: səbəbləri, həyata keçirilmə üsulları və nəticələri”, Azərnəşr, Bakı-2008
Türk dilində
Thomas De Waal “Karabağ: Barış ve Savaş Süreçlerinde Ermenistan ve Azerbaycan”, Hrant Dink Vakfı, İstanbul-2014
Thomas Goltz “Azerbaycan Günlüğü: Savaşın yaraladığı, petrol zengini bir eski Sovyet cumhuriyyetinde muzip bir muhabirin maceraları”, Teas Press-2018
İngilis dilində
Svante Cornell “Small Nations and Great Powers: A Study of Ethnopolitical Confilict in Caucasus”, London: Routledge-2001
Fiona Maclachlan and Ian Peart “Khojaly Witness of a crime Armenia in the dock”. Ithaca Press, 2014
European Courts of Human Rights, Case of Fatullayev. Azerbaijan, Application no. 40984/07, Strasbourg, 22 April 2010
Human Rights Watch/”Helsinki (formerly Helsinki Watch) Report”. Bloodshed in Caucasus, 1992
Rus dilində
Мамед Велимамедов “Карабахская война, 1991-1994”, 2013
Доклад Правозащитного Центра Мемориал о массовых нарушения прав человека, связанных с занятием населенного пункта Ходжалы в ночь с 25 на 26 февраля 1992 г. вооруженными формированиями
Юрий Романов “Я снимаю войну”. Школа выживания, Права человека-2001
Татьяна Чаладзе “За резню в Ходжалы россиский комбат получил полтора миллиона долларов”
Элмира Ахундова “Ходжалы. Хроника геноцида”, 1993
Карабах: война до победного конца? // Красная звезда- газета, 1992 11 март