I hissə

XX əsrin əvvəllərində Xocalının etnik tərkibi

1910-cu il Qafqaz təqvimi statistik sənədinə əsasən “1908-ci ildə Yelizavetpol quberniyasının Şuşa qəzasının Xocalı kəndində 84 nəfər tatar (azərbaycanlı) yaşayırdı” (“Кавказский календарь”, 1910 s. 398). Qafqaz təqviminin 1912-ci ildə nəşr olunan statistik məlumatına əsasən Şuşa qəzasında Xocalı adlı iki yaşayış məntəqəsi var idi: həmin yaşayış məntəqəsinin bir hissəsində 172 nəfər azərbaycanlı, 52 nəfər rus yaşayırdı (“Кавказский календарь”, 1912 s.217).

1987-ci ildə Xocalıda azərbaycanlı əhalinin sayı 2025 nəfər, 1989-cu ildə 2135 nəfər, 1991-ci ildə isə 6300 nəfərə qalxmışdı.  Yəni, cəmi 5 il ərzində (1987-91-ci illərdə) Xocalı kəndində azərbaycanlı əhalinin sayı 3 dəfədən çox artmışdır. Xocalıya gələn azərbaycanlı əhalinin əksəriyyəti Xankəndindən köçmüşdü. Əlavə olaraq qeyd edək ki, 1990-cı ildə Özbəkistandan qaçıb gələn 300-ə yaxın axıska türkü də Xocalıda yerləşdirilmişdi.

Azərbaycanlı əhalinin sayına görə Xocalı Qarabağın Şuşadan sonra ikinci ən böyük yaşayış məntəqəsi hesab olunurdu. Xankəndi ilə Əsgəranı birləşdirən, Ağdama doğru gedən yol Xocalıdan keçirdi. Xocalı həmçinin Qarabağda təyyarələrin eniş etdiyi yeganə aeodrom idi. 1988-ci ildən Xocalı dəfələrlə erməni-azərbaycanlı münaqişəsinin qaynar nöqtəsinə çevrilmişdir. Ermənistan tərəfi Azərbaycan tərəfinin orada (Xocalıda – red. Əli Novruzov) intensiv iş aparmasına və Ermənistandan deportasiya edilən azərbaycanlı əhalinin, eləcə də Özbəkistandan qaçıb gələn axıska türklərinin yerləşdirilməsi faktına qarşı çıxış etmişdi. Xankəndindən və Dağlıq Qarabağın digər bölgələrindən gələn azərbaycanlı əhalinin hesabına Xocalı kəndinin əhalisinin sayı 6300 nəfərə çatmışdır (Доклад Правозащитного Центра Мемориал о массовых нарушениях прав человека, связанных с заниатием населенного пункта Ходжалы в ночь с 25 на 26 февраля 1992 г. воруженными формированиями).

1990-cı ilin aprelində Azərbaycan SSR Ali Soveti Xocalıya şəhər statusu verdi. 1991-ci ildə SSRİ dağıldıqdan sonra bölgədə olan Sovet Silahlı Qüvvələri (SSQ) DQ-nı tərk etdi. Bunun nəticəsində əvvəlcədən DQ-a yerləşdirilən Azərbaycan Daxili İşlər Nazirliyinin OMON bölmələri erməni separatçıları ilə mübarizədə köməksiz vəziyyətdə qaldılar. Sovet ordusunun DQ-dan çıxması ilə separatçı dığalar “Cəbhə xəttinin daraltmaq qərarı” adı altında azərbaycanlı əhalinin yaşayış yerlərindən qovmağa başladılar (Thomas de Waal “Karabağ: Barış ve Savaş Süreçlerinde Ermenistan ve Azerbaycan” Hrant Dink Vakfı, İstanbul-2014 s. 227).

Xocalının işğalının səbəbləri

Xocalının ermənilər tərəfindən işğalının səbəblərini müəyyənləşdirmək üçün həmin səbəblərin daxili və xarici faktorla əlaqəli olduğunu nəzərə almalıyıq.

Xocalının işğalının daxili səbəbləri:

- Azərbaycan ordusunun canlı qüvvə və texnoloji baxımdan erməni separatçılarından zəif olması: Azərbaycan ordusunun məlum vəziyyətini Milli Təhlükəsizlik Nazirliyinin Xocalıdakı hərbi qüvvə və texnikalarla bağlı prezident Ayaz Mütəllibova göndərdiyi raportda görə bilərik (Виктор Литовкин “Нагорный Карабах: солдаты и офицери армии СНГ воюют по обе стороны конфликта” // Известия -04.03.1992 s.296);

- Xocalının iqtisadi resurslardan məhrum edilərək blokada şəraitinə salınması;

-Azərbaycan daxilində siyasi stabilliyin olmamağı və Xocalının müdafiəsində yaranan çətinliklər.

Xarici səbəblər:

-Xocalının Ermənistan Respublikası və erməni separatçıları üçün əlverişli strateji mövqeyə malik olması;

-Rusiya- Ermənistan yaxınlaşması;

-Azərbaycan əhalisində hücum edən düşmənə qarşı qorxu hissini yaratmaq;

-Erməni separatçılarına qarşı 1990-91-ci iin aprel və may aylarında əməliyyat keçirən Sovet İttifaqı silahlı qüvvələrinin regionu tərk etməsindən Azərbaycanın erməni separatçıları ilə mübarizədə tək qalması;

1991-ci ilin payızında Rusiya və Ermənistan arasında “Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik” haqqında müqavilənin imzalanması erməni separatçılarına Rusiyadan silah alaraq Azərbaycana qarşı silahlanmaq imkanını yaratdı. Azərbaycana qarşı təxribata hazırlıq prosesi çox çəkmədi. 1991-ci ilin noyabrın 20-də Azərbaycanın dövlət və hökumət rəhbərlərinin olduğu, eləcə də SSRİ Müdafiə Nazirliyinin, Rusiya və Qazaxıstan müşahidəçilərinin daxil olduğu helikopter erməni terrorçuların atəşi nəticəsində məhv edildi. Bu terror aktı nəticəsində Xocavənddə qətlə yetirilən azərbaycanlıların öldürlməsi səbəblərini araşdırmağa gedən 22 nəfər həyatını itirdi. Bu hadisədən sonra DQ-ın azərbaycanlılar yaşayan kəndlərinə separatçıların hücumları daha da intensiv hal almağa başladı. Füzuli rayonunun Arış, Cuvarlı, Çimən, Xələfşah, Axullu, Goranboy rayonunun Şəfəq, Zeyvə və s. kəndlərinə erməni daşnaklarının hücumları nəticəsində ziyan vuruldu, çoxlu sayda ev viran edildi (Boran Əziz “Xocalı soyqırımı: səbəbləri, həyata keçirilmə üsulları və nəticələri”, Azərnəşr, Bakı-2008 s. 48).

Sovet qoşunlarının DQ-dan çıxmasından istifadə edən separatçı ermənilər SSQ-nin Qarabağda yerləşən cəbhəxanasını bütünlüklə ələ keçirdilər. Əlavə silahlar isə SSRİ DİN-nin DQ-da yerləşən dörd alayından gəldi. 1991-ci il dekabrın 22-də ermənilər Xankəndindəki polis alaylarının kazarmasını və bütün cəbhəxanasını ələ keçirərək polis alaylarını tərksilah etdilər. Mənfur qonşularımız ilə polis alayları arasında baş verən atışma zamanı bir rus sürücü həlak oldu (Thomas De Waal “Karabağ: Barış ve Savaş Süreçlerinde Ermenistan ve Azerbaycan”, Hrant Dink Vakfı, İstanbul-2014 s.227). 1991-ci ilin dekabrın 23-də 500 nəfərlik erməni separatçısı Xankəndində dislokasiya edilən 366-cı motoatıcı alayın əsgərləri və hərbi texnikası ilə birlikdə DQ-nın Meşəli kəndini tam mühasirəyə aldılar. Kəndi qoruyan könüllü döyüşçülərin və onlara köməyə gələn Ağdam polis şöbəsinin 10 nəfər əməkdaşının qəhrəmancasına müqavimətinə baxmayaraq ermənilər kəndi işğal edib yerlə yeksan etdilər. Dığalar kənd sakinlərindən 27 nəfəri öldürmüş, 15 nəfərdən çox adamı isə ağır yaralamışdılar. Öldürülənlər arasında azyaşlı məktəbli və 75 yaşlı qoca da var idi. Haylar öldürdükləri azərbaycanlıların 11 nəfərini yandırmışdılar. Sonralar kəndin müdafiəçilərindən olan Faiq Ağayev ölümündən sonra göstərdiyi igidliyə görə “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdü (Boran Əziz “Xocalı soyqırımı: səbəbləri, həyata keçirilmə üsulları və nəticələri”, Azərnəşr, Bakı-2008 s.65). 1991-ci ilin oktyabrında ermənilər, Xocalını Ağdamla birləşdirən yolu ələ keçirdilər. Xocalı şəhərinə yalnız helikopterlə getmək mümkün idi (Thomas De Waal “Karabağ: Barış ve Savaş Süreçlerinde Ermenistan ve Azerbaycan”, Hrant Dink Vakfı, İstanbul-2014 s.231). ABŞ jurnalisti Thomas Goltz Britaniya jurnalist həmkarı De Waalın mövqeyini təsdiq edib Xocalıya gedən yolun kəsildiyini qeyd edirdi: “O vaxtlar Xocalıya getməyin yolu helikopterlə mümkün ola bilərdi, çünki ermənilər Ağdama gedən yolu ələ keçirmişdilər” (Thomas Goltz “Azerbaycan Günlüğü. Savaşın yaraladığı bir eski Sovyet cumhuriyyetinde muzip bir muhabirin maceraları”, Teas Press, 2018 s.172).

1991-ci ilin payızından Xocalı faktiki olaraq erməni separatçıları tərəfindən mühasirəyə alınmış, daxili qoşunlar DQ-dan çıxarıldıqdan sonra Xocalı blokada vəziyyətinə düşmüşdü. 1992-ci ilin yanvarından Xocalıya elektrik enerjisinin verilməsi kəsilmişdi. Xocalı rayon icra hakimiyyətinin başçısı Elman Məmmədovun təkidli tələbi ilə sakinlərin bir hissəsinin şəhəri tərk edə bilməsi üçün şərait yaradılsa da, dinc əhalinin tam təxliyyəsini təşkil etmək mümkün olmamışdır. Thomas Goltz işğal ərəfəsində Xocalının vəziyyətini belə təsvir edirdi: “Xocalıda işləyən telefon tapmaq mümkün deyildi, nə elektrik, nə yanacaq, nə də su tapmaq mümkün idi. Xarici aləmlə bağlantı bir helikopterlə mümkün idi ki, hər uçuş zamanı bu helikopterlərin də təhlükə ilə qarşılaşması an məsələsi idi”.

Xocalının ermənilər tərəfindən ələ keçirilməsinin səbəblərini müəyyənləşdirmək üçün Ermənistanın hərbi-siyasi rəhbərliyinin memuarlarına müraciət etmək əhəmiyyətli məsələlərdən biridir. Ermənistanın sabiq prezidenti Robert Koçaryan, xatirələrində “Xocalının strateji baxımdan əlverişli olduğunu və şəhərin buna görə ələ keçirildiyini qeyd edir. Bununla yanaşı Koçaryan Xocalının ələ keçirilməsini Azərbaycanın OMON bölmələrinin şəhərə böyük qoşun kontingenti yerləşdirib Xankəndini atəşə tutması ilə əlaqələndirir (Роберт Кочарян “Жизн и свобода: Автобиография экс-президента Армении и Карабаха”, 2019  s. 76)”. Həmçinin erməni general Arkadi Ter-Tadevosyan da Xocalıya hücumu 2 səbəblə əlaqələndirir:

  1. Xocalıda Azərbaycan ordusuna aid BM-21 (Qrad) vasitəsilə mütəmadi olaraq Xankəndinin atəşə tutulması;
  1. Döyüş əməliyyatlarının intensivliyinin artması ilə əlaqədar helikopterlərin yanacaq və hərbi texnika ilə bağlı artan tələbatın ödənilməməsi. Buna görə də Xocalını ələ keçirmək Ermənistan rəhbərliyi üçün vacib amilə çevrilmişdi.

Həmçinin Ter-Tadevosyan erməni hərbi komandanlığının Xocalı əməliyyatı üçün 3 həftə ərzində hazırlıq gördüyünü qeyd edərək, xatirələrində əməliyyatda 487 erməni döyüşçüsünün iştirak etdiyini və ilk dəfə zirehli texnikalardan məhz Xocalının işğalında istifadə edildiyini xüsusilə vurğulayırdı (Аркадий Тер-Тадевосян “Анализ боевых действий в Арцахе (в период с июля 1991 по июль 1992 гг.)”, 2007 s. 568-9).

1992-ci ilin fevralın əvvəllərindən hər gün Qarabağdan Bakıya həyəcanlı mesajlar gəlməyə başlamışdı. Bununla bağlı əslən azərbaycanlı olan Rusiya tədqiqatçısı Məmməd Vəliməmmədovun “Qarabağ müharibəsi: 1991-1994” kitabına istinadən Xocalının işğalından əvvəl Azərbaycan rəhbərliyinin gördüyü tədbirlər və Xocalının müdafiəsi üçün edilən cəhdlərdən bəhs edilən sənədləri diqqətinizə çatdırmağı vacib hesab edirəm. Xocalının işğalından 12 gün əvvəl- 14 fevral 1992-ci ildə Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi Xocalının erməni silahlı qüvvələri tərəfindən atəşə tutulması və əhali arasında yaralıların olması ilə bağlı məlumat yaydı: “Fevralın 12-i və 13-də Xocalının yaşayış məntəqələri piyadaların döyüş maşınından atəşə tutulub Əhalidən 2 nəfər yaralanıb, bir neçə ev dağılıb. Daşbulaq, Noraguh və Əsgərana hərbi texnikanın (dörd ədəd piyadaların döyüş maşını, zirehli transportyor və s.) hərəkəti müşahidə olunur. Məlumat Baş Qərargah rəisi Şahin Musayevə verilib”. Fevralın 16-da yayılan başqa məlumatda isə Xocalı şəhərinin atəşə tutulmasının davam etdiyi və şəhərdə vəziyyətin kritik olduğu qeyd olunurdu: “Xocalı şəhərinin piyadaların döyüş maşınlarından və zirehli texnikalardan atəşə tutulması davam edir. Şəhərdə vəziyyət kritikdir. Təcili yardım göstərmək, xüsusən hava limanını qorumaq üçün tədbirlər görmək lazımdır” (Мамед Велимамедов “Карабахская война, 1991-1994”, 2013 s. 295). MTN-in fevralın 14-də verdiyi məlumatdan və Baş Qərargah rəisi Şahin Musayevə göndərdiyi raportdan aydın olur ki, rəsmi Bakı Xocalı və şəhər ətrafında gedən hadisələrdən xəbərdar idi və Xocalının müdafiəsi üçün tədbirlər görülürdü.

Xocalının müdafiəsi üçün ilk addımlar

1991-ci ilin dekabrın 17-də Xocalı şəhər icra hakimiyyətinin başçısı Elman Məmmədov prezident Ayaz Mütəllibova vurduğu teleqramda Xocalının Azərbaycan üçün strateji əhəmiyyətindən bəhs edərək şəhərin müdafiəsi üçün lazımi tədbirlərin görülməsini xahiş edirdi:“Sizə bildirməyi vacib hesab edirəm ki, erməni silahlı birləşmələrinin məqsədyönlü hücumları nəticəsində Qarabağda azərbaycanlıların yaşayış məntəqələri ələ keçirilir. Stepanakertlə Əsgəran arasındakı yolu açmaq üçün Xocalıya qarşı hücum hazırlanır. Ermənilər bizi məhv etmək üçün hər cür səy göstərəcəklər. Ermənistana məxsus helikoptlərin tez-tez uçuşlar həyata keçirməsi bunu təsdiqləyir. Xocalının müdafiəsi üçün təcili olaraq lazımi tədbirlər görməyinizi xahiş edirəm. Xocalı Azərbaycan üçün strateji əhəmiyyət kəsb edən nöqtədir. Bizə təcili yardım lazımdır”.  Bu teleqramı aldıqdan sonra prezident Ayaz Mütəllibov Dövlət katibi Midhət Abbasova lazımi tədbirlərin görülməsi üçün teleqram göndərdi: “Yoldaş Abbasov, Sizdən xahiş edirəm ki, lazımi tədbirlər görəsiniz”. Teleqramı aldıqdan sonra Dövlət katibi prezidentə göndərdiyi məktubda məsələ ilə bağlı Daxili İşlər, Milli Təhlükəsizlik, Müdafiə nazirlikləri və digər idarələrə tapşırıqların verildiyini qeyd edirdi.

1991-ci ilin dekabrın sonunda Xocalı rayon prokuroru Atakişi Atakişiyev prezident Ayaz Mütəllibova və baş prokuror Murad Babayevə göndərdiyi teleqramda Xocalının müdafiəsiz vəziyyətdə qaldığını, şəhərdə heç bir müəssisənin fəaliyyət göstərmədiyini, yaralıların müalicə etməyin mümkün olmadığını və əhalinin Xocalını tərk etmək istədiyini qeyd edirdi: “Hər şey bizim üçün sona çatır. Demək istədiklərimizi başa düşün. Əhali Xocalını tərk etmək istəyir. Müdafiə Nazirliyindən bizə heç bir kömək göstərilmədi. Cənab prezident, əhali Xocalını tərk etsə o zaman Stepanakert-Əsgəran yolu açılacaqdır. Xocalıda heç bir müəssisə, kolxoz və sovxoz fəaliyyət göstərmir. Yaralıların təcili müalicəsi üçün tibbi avadanlıq yoxdur. Sarğı yoxdur. Dərhal köməyinizi gözləyirik. Sonra gec olacaq. Bizə təcili yardım edin”.  Bu teleqramı aldıqdan sonra prezident Mütəllibov MN-ə teleqram vuraraq Xocalıya lazımi köməyin göstərilməsini xahiş etdi (Мамед Велимамедов “Карабахская война, 1991-1994”, 2013  s. 296).

Bütün bunlarla yanaşı baş verən maraqlı epizodlardan biri də Ali Sovetin gündəliyində Xocalının təhlükəsizliyi ilə bağlı məsələlərin qızğın müzakirəsidir.  Ali Sovetin deputatlarından biri prezident Mütəllibova Qarabağın, Şuşanın, Xocalının təhlükəsizliyi ilə bağlı sual ünvanlamış, ancaq prezident bu suala biganə və qeyri-dəqiq  cavab vermişdir.

Xocalı hadisələrinin canlı şahidi olmuş Şamil Ələkbərlinin 2011-ci ildə Fiona Maclachlan-a işğaldan əvvəl Xocalının vəziyyəti ilə bağlı verdiyi müsahibədə şəhərin hansı kritik durumda olduğunu təsəvvür etmək çətin deyil:

“13 fevral 1992-ci ildə, nümayəndələrlə görüşdük və Xocalıya aparmaq üçün yeməli ərzaqlar hazırladıq. Füzuli Rüstəmov yeyəcəklərin bir qismini at belində Xocalıya çatdıra bildi. Meşə ermənilərlə dolu olduğu üçün bu çox təhlükəli idi. Daha sonra ruslara verdik və Xocalıya yeməli ərzaqları çatdırmaq üçün helikopterlər icarəyə götürdük. Başlanğıcda eniş edə bilmədiyimiz üçün ərzaqları havadan atırdıq. Qısa müddət sonra eniş edərək 70 nəfəri xilas edib Ağdama apardıq”  (Fiona Maclachlan and Ian Peart “Khojaly Witness of a crime Armenia in the dock”. İthaca Press, 2014 s. 29). Xocalıdan olan bir qadın Bakıda Helsinki Watch-a verdiyi müsahibədə fevralın 15-dən ermənilərin əhalini Xocalını tərk etməyə çağırdığını qeyd edirdi: “Ermənilər Malıbəylini ələ keçirdikdən sonra Xocalıya ultimatium verdilər. Onlar ağ bayraqla şəhəri tərk etməyimizi istəyirdi. Hərçənd bu məni və digər insanları qorxutmadı. Onların Xocalını işğal edəcəyinə inanmırdıq”  (Human Rights Watch/ “Helsinki (formerly Helsinki Watch) Report”. Bloodshed in Caucasus, 1992 s.  20).

1992-ci il fevralın 10-da Xocalını müdafiə etmək, Xocalıda və DQ-da yaranan vəziyyəti vahid mərkəzdən və operativ idarə etmək üçün ümumi komandanlıq yaradıldı və Tahir Əliyev onun rəhbəri təyin edildi. Bəhs edilən dövrdə Xocalının özünümüdafiə qüvvələrinin ixtiyarında 250-yə qədər avtomat, bir ədəd top, iki ədəd “Alazan” raket qurğusu və 1 ədəd BRDM var idi. O dövrün məlumatlarına görə, həmin vaxt Xocalını əhatə edən erməni kəndlərində-Daşbulaq, Mehdikənd, Ballıca, Həsənabad, Pirəməki, Noraguh və Mirzəcanda ermənilərin 515 nəfər canlı qüvvəsi, 3 “Alazan” raketi, 10 ədəd zirehli transpartyoru, 3 ədəd PDM və bir neçə tankı olmuşdur. Düşmənin əsas qüvvəsi isə Xankəndində və Əsgəranda hücuma hazırlaşırdı. Bütövlükdə o dövrdə qondarma Dağlıq Qarabağ Respublikasının erməni ordusunun sayı Ermənistan Silahlı Qüvvələrini nəzərə almasaq 7 min nəfər olmuşdur. 1992-ci il fevralın 12-i və 13-də Xocalı qonşu erməni kəndlərindən atəşə tutuldu və erməni hərbi qüvvələrinin Xankəndindən Xocalıya daşınması prosesinə start verildi (Boran Əziz “Xocalı qoyrımı: səbəbləri, həyata keçirilmə üsulları və nəticələri”, Azərnəşr, Bakı-2008 s. 82-3). Fevralın 13-də sonuncu helikopter Xocalıya gələrək 300-dən çox insanı mühasirədən çıxara bilmişdi. Beləcə, 3 min nəfər sakin Xocalıda köməksiz vəziyyətdə qalmışdı. Xocalı aeroportu Əlif Hacıyev və 160 nəfərlik zəif silahlanmış hərbi birlik tərəfindən müdafiə edilirdi (Thomas De Waal “Karabağ: Barış ve Savaş süreçlerinde Ermenistan ve Azerbaycan”, Hrant Dink Vakfı, İstanbul-2014 s. 231). Məsələ budur ki, helikopterlər də bir çox səbəblərdən istədikləri vaxt uça bilmirdi. Bunun əsas səbəbi mənfur qonşumuzun 1992-ci ilin yanvar-fevral aylarında Xocalı və Şuşaya uçan 7 sərnişin helikopterini atəşə tutması ilə bağlı idi. Bu da hava nəqliyyatını çətinləşdirirdi. Yanvarın 28-də Şuşa səmasında 44 nəfər azərbaycanlının olduğu mülki helikopterin vurulmasından sonra Xocalı ilə hava əlaqəsi kəsildi. Beləliklə, şəhərin ermənilər tərəfindən blokadası tam başa çatdırıldı.

Ardı var...

ƏLİ NOVRUZOV

 

İstifadə olunan ədəbiyyat

Azərbaycan dilində

Boran Əziz “Xocalı soyqırımı: səbəbləri, həyata keçirilmə üsulları və nəticələri”, Azərnəşr, Bakı-2008

Türk dilində

Thomas de Waal “Karabağ: Barış ve Savaş Süreçlerinde Ermenistan ve Azerbaycan”, Hrant Dink Vakfı, İstanbul-2014

Thomas Goltz “Azerbaycan Günlüğü. Savaşın yaraladığı, petrol zengini bir eski Sovyet cumhuriyyetinde muzip bir muhabirin maceraları”, Teas Press-2018

Rus dilində

“Кавказский календарь”, 1910

Кавказский календарь”, 1912

Доклад Правозащитного Центра Мемориал о массовых нарущениях прав человека, связанных с занятием населенного пункта Ходжалы  в ночь с 25 на 26 февраля 1992 г. Воруженными формированиями

Виктор Литовкин Нагорный Карабах: солдаты и офицеры армии СНГ воюют по обе стороны конфликта // Известия -04.03.1992

Роберт Кочарян Жизнь и свобода: Автобиография экс-президента Армении и Карабаха, 2019

Аркадий Тер-Тадевосян Анализ боевых действий в Арцахе (в период с июля 1991 по июль 1992 гг.)”, 2007

Мамед Велимамедов Карабахская война, 1991-1994”, 2013

İngilis dilində

Fiona Maclachlan and Ian Peart Khojaly Witness of a crime Armenia in the dock”. İthaca Press, 2014

Human Rights Watch/ “Helsinki (formerly Helsinky Watch) Report”. Bloodshed in Caucasus, 1992