
18 mart axşam, nəhayət ki, Trampla Putinin 2-ci telefon danışığı baş verdi. Zəngin nəticəsini Ukrayna və Avropa böyük həyəcan və səbirsizliklə gözləyirdi. O tərəflərdən (ABŞ və Rusiya) hansının danışıqlarda üstün mövqedə olduğunu göstərəcək bir növ "lakmus" kağızı olmalı idi.
Gəlin, bu maraqlı diplomatik oyunun təfərrüatlarına qısa səyahət edək.
Telefon danışıqlarına qədər
Rusiya ABŞ-ın Ukrayna mühaibəsində 30 günlük qeyd-şərtsiz atəşkəş təklifinə münasibətini bildirmişdi: https:// https://globkom.info/butun-xeberler/ateskes-danisiqlarinin-maraqli-detallari-azerbaycan-mediasinda-yazilmayan-faktlar/
ABŞ açıq bildirməsə də Rusiyanın şərtləri onun üçün qəbuledilməz idi. Buna görə də ABŞ son silahından – "danışıqlar kralı" kimi təqdim olunan Trampdan istifadə etmək qərarına gəlir. Onların fikrinə görə Tramp Putini qismən də olsa güzəştə getməyə məcbur edə biləcək. Tramp-Putin telefon danışıqlarının günü və vaxtı təyin olunur.
Trampın danışıqlar taktikası yaxşı məlumdur. O, danışıqlardan əvvəl digər tərəf qarşısında çox ağır tələblər qoyur və tələblər yerinə yetirilməzsə, ağır sanksiyalarla (cəzalarla) hədələyir. Bundan sonra o, sanksiyaları tətbiq edir və dərhal sonra danışıqlara başlayır. Əks tərəf sanksiyalardan qorxursa, danışıqlarda Trampın tələblərini tam və ya qismən qəbul edir. Tramp isə bütün hallarda danışıqlardan qalib kimi çıxır.
1-ci prezidentliyi dövründə bu taktika həmişə Trampa uğur gətirmişdi. 2-ci prezidentliyinin ilk günlərində də uğurlu olmuşdu. Ən uğurlu nümunə Kolumbiya ilə bağlı oldu: https://www.facebook.com/share/p/1BSbayvRP7/ Lakin son vaxtlar Çin, Meksika və Kanada nümunələrində bu taktikanın həmişə uğur gətirəcəyi şübhə altına alınır. Çünki bu texnika o vaxt uğur gətirə bilər ki, ABŞ-ın əlində, Trampın dili ilə desək, güclü "kartlar" olur.
Buna baxmayaraq, Tramp Rusiyaya qarşı yenə eyni texnikadan istifadə etdi. Əslində Trampın əlində güclü "kartlar" yox idi: Ukraynanın müharibədə vəziyyəti çox pisdir; ABŞ-ın Ukraynaya güclü və uzunmüddətli hərbi yardım göstərməyə imkanı yoxdur; ABŞ-ın Rusiyaya qarşı tətbiq etmədiyi sanksiya, demək olar ki, qalmayıb.
Buna görə də Tramp poker oyunçusu kimi blef etməyə başladı – guya əlində güclü "kartlar" var:
- Ukraynaya hərbi yardımı və kəşfiyyat məlumatlarının ötürülməsini tam bərpa etdi.
- Maliyyə naziri Skott Bessant bildirdi ki, Bayden administrasiyasının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar 10 ballıq şkala ilə qiymətləndirilsə, 3 bala uyğundur. ABŞ Rusiyaya qarşı daha güclü sanksiyalar tətbiq edə bilər.
Trampın bunlardan başqa "kartları" (hədələri) yox idi. Lakin bunlar blef idi (Trampın belə kartları yoxdur): hərbi yardım müvəqqətidir, uzağı iyun ayınadək davam edə bilər (o da inandırıcı deyil), çünki ABŞ-ın 2025-ci il büdcəsində Ukraynaya hərbi yardım nəzərdə tutulmayıb; sanksiyalarla bağlı Bessantın "şkalası" isə sözdən başqa bir şey deyil, Bayden mümkün olan bütün ağır sanksiyaları tətbiq edib, Tramp yalnız hansısa əhəmiyyətsiz sanksiyaları əlavə edə bilər.
Danışıqlar ərəfəsində USQ Rusiyanın Belqorod vilayətinə 2-3 hücum təşkil edib, müəyyən əraziləri işğal etməyə cəhd etdi ki, Trampa əlavə "kart" versin, lakin bu avantüra da alınmadı. Ukrayna 3 tank, 7 müxtəlif təyinatlı zirehli maşın və 50-70 əsgər itkisi verib, geri çəkilməyə məcbur oldu.
Hədə varsa, Trampın danışıqlar taktikasına görə tələblər də olmalıdır. Tələbləri Tramp özü müxtəlif müsahibələrində və brifinqlərdə səsləndirdi. Mən ən vaciblərini qeyd edirəm:
- Rusiya dərhal və qeyd-şərtsiz 30 günlük atəşkəsə razı olmalıdır.
- Rusiya Ukraynada işğal etdiyi ərazilərlə kifayətlənməlidir.
- Rusiya Zaparojye AES-i Ukraynanın istifadəsinə verməlidir.
Çox maksimalist tələblər idi. Tramp nə qədər özünə arxayın olmalı idi ki, əlindəki virtual "kartlarla" belə tələblər irəli sürsün?!
ABŞ və Avropa mətbuatı telefon danışıqlarına qədər Trampın tələbləri və hədələrini geninə-boluna "təhlil", reklam elədi, onlar ətrafında əməlli-başlı hay-küy, psixoinformasiya təzyiqi yaratdı.
Rusiya rəsmiləri 18 marta qədər ABŞ rəsmilərinin və mətbuatın Rusiyaya qarşı tələblərinə, demək olar ki, münasibət bildirmədilər. Sanki son ana qədər gözləyirdilər ki, Trampın əlində daha hansı "kartlar" var. 18 martda telefon danışıqlarından bir neçə saat əvvəl Putin Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının qurultayında çıxış etdi. Bu çıxışında o, ABŞ-ın hədələrinə də münasibətini bildirdi:
- Qərb Rusiyanın hüquqi və fiziki şəxslərinə qarşı 28.595 sanksiya tətbiq edib. Rusiyaya qarşı tətbiq edilən sanksiyaların sayı qalan bütün ölkələrə qarşı sanksiyaların cəmindən çoxdur, özü də dəfələrlə çoxdur.
- Qərb bizi yeni sanksiyalarla hədələyir və "bu paketləri bir-birinin ardınca ştamplayır".
- 2024-cü ildə Rusiya ÜDM-i 4,1% artdı, Aİ-də isə artım ~1% oldu.
- Qərb hətta əgər Rusiyaya qarşı sanksiyaları yumşaldarsa, bizə mane olmaq üçün başqa vasitələr tapacaq.
- Artıq əvvəlki kimi olmayacaq – ticarətdə və ödənişlərdə tam azadlığa ümid etməyə dəyməz.
- Bundan sonra Qərb şirkətləri Rusiya bazarına asanlıqla girə bilməyəcəklər, üstünlük həmişə yerli şirkətlərə veriləcək.
- Biz onların biznes etibarsızlığını görmüşük və nəticə çıxarmışıq.
Putin bununla Trampa mesaj verdi ki, sənin "kartların" çoxdan vurulub. Biz görünməmiş sanksiyalar şəraitində nəinki geriləməmişik, əksinə, Avropa ölkələrindən də böyük inkişaf tempinə nail olmuşuq.
Telefon danışıqlarından sonra
Həmin günün axşamı Tramp-Putin telefon danışıqları oldu. Danışıqlar 2,5 saat çəkdi. Danışıqlardan sonra hər iki tərəfin mətbuat xidməti danışıqların nəticələri haqda press-reliz yaydı. Trampın əsas tələbləri ilə bağlı hansı razılığa gəlindi?
Dərhal və qeyd-şrtsiz atəşkəslə bağlı – heç nə.
Zaparojye AES-lə bağlı – press-relizlərdə heç adı çəkilmədi.
Yəni, Putin Trampa hədələrdən qorxmadığını, Rusiyanın daha güclü "kartlara" malik olduğunu açıq nümayiş etdirdi. Bu, əslində, Tramp üçün böyük fiasko idi.
Lakin Putin Trampın biabır olmasını istəmir, çünki ultaqlobalistlərə qarşı mübarizədə Tramp Qərbdə onun yeganə situativ müttəfiqidir. Trampın da Putinin dəstəyinə ehtiyacı var, çünki o da dünya ultraqlobalistləri tərəfindən təklənib. Buna görə də press-relizlər çox pozitiv tərzdə tərtib ediliblər. Elə yazıblar ki, orada qeyd olunan razılıqları Tramp öz nailiyyəti kimi göstərə bilsin. Məsələn:
Atəşkəs elan olundu. Amma nədə? Ukrayna və Rusiyanın bir-birinin energetika infrastrukturuna zərbə endirməsi sahəsində. Əslində bu Rusiyanın xeyrinədir. Çünki Ukraynada enerji generasiyası infrastrukturundan yalnız AES-lər qalıb, onlara isə Rusiya zərbə endirmir. Həm də Rusiya bu sahədə dərhal birtərəfli qaydada atəşkəs elan edib. Ukrayna atəşkəsə qoşulmasa, pis mövqedə qalacaq.
175 ukraynalı əsir 175 rusiyalı əsirə dəyişdiriləcək, üstəlik Rusiya xoş məram nümayiş etdirərək daha 23 ağır yaralı əsiri də Ukraynaya qaytaracaq. Əsirlərin sayı və siyahısı əvvəlcədən razılaşdırılır. Yəni bu əsirlər Trampsız da dəyişdiriləcəkdi, sadəcə, indi bunu Trampın nailiyyəti kimi təqdim edirlər. 23 ağır yaralı əsir isə onsuz da yenidən döyüşə bilməyəcəklər, onları saxlamaq isə Rusiya üçün artıq xərc və başağrısıdır.
Tərəflər ABŞ-la Rusiya arasında ikitərəfli əməkdaşlığın böyük potensilaı olduğu ilə razılaşıblar.
Tərəflər Orta Şərqdə sabitliyin qorunması, o cümlədən İranın İsrail üçün təhlükə mənbəyi olmaması istiqamətində səylərini artıracaqlar (bu müddəa yalnız ABŞ tərəfinin press-relizində var idi).
Danışıqlardan sonra Ağ Ev mətbuat konfransı keçirəcəyini elan etmişdi, lakin o ləğv olundu. Yəqin ki, Trampın jurnalistlər qabağında "xoruzlanmağı" üçün əsası olmaması səbəbindən. Özünə gələndən sonra mətbuat qarşısına çıxacaq.
Nəticə:
-Ukrayna müharibəsinin bitməsi üçün Rusiyanın irəli sürdüyü şərtlərin hamısı qüvvəsində qalır (Rusiya tərəfinin press-relizində sadalanıb).
-Rusiya ABŞ-a heç bir sahədə güzəştə getmədi və üstün mövqedə olduğunu göstərdi.
-ABŞ zəif tərəf olduğu ilə razılaşmalı oldu.
-Buna baxmayaraq, hər iki tərəf bir-biri ilə əməkdaşlığı davam etdirmək niyyətindədir.
Bu danışıqlar bir daha təsdiq etdi ki, Ukrayna münaqişəsində:
- tərəflər yalnız ABŞ və Rusiyadır;
-Ukraynanın taleyi Ukraynasız həll edilir, çünki o subyekt deyil;
-ABŞ və Rusiya Aİ-ni və Britaniyanı danışıqlarda tərəf kimi tanınmırlar.
Bu zəng ABŞ-ın nə qədər zəiflədiyini, Rusiyanın isə nə qədər gücləndiyini bütün dünyaya göstərdi.
Maraqlı faktlar
Tramp-Putin telefon danışıqları bitəndən, təxminən, 2 sonra Moskvada ABŞ Səfirliyinin qarşısında qoyulmuş ZVO (Za pobedu; sila V pravde; Otvajnıye) installyasiyasını sökməyə başladılar. Fəhlələr hərflərin yuyulmaq üçün söküldüyünü deyirdilər. 2 saat sonra installyasiyanı yenidən quraşdırdılar (video). 19 martda Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova bu hadisə ilə bağlı belə izah verdi: "Amerika Səfirliyi qarşısındakı hərflərlə bağlı. Lampaları dəyişirlər. Daha yaxşı görünsün deyə". Amma nə yumaq üçün, nə də lampaları dəyişmək üçün hərfləri sökməyə ehtiyac yoxdur.
Ehtimal edirəm ki, ZVO Tramp-Putin danışıqları ilə əlaqədar diplomatik münasibətlərin qarşılıqlı "ilıqlaşdırılması" istiqamətində şifahi razılaşdırılmış bir addım idi. Yəqin k, eyni zamanda Vaşinqtonda da Rusiya Səfirliyi qarşısında oxşar hadisə olmalı idi. Görünür, Vaşinqton razılaşmaya əməl etməyib deyə Rusiya hərfləri yerinə qaytardı.
Səfirliklərlə bağlı trollinqlərə start verən ABŞ olub.
2015-ci ilin 27 fevralında Rusiya müxalifətinin rəhbərlərindən biri, Qərbin sevimlisi, Rusiyada hakimiyyətə gətirmək istədiyi Boris Nemtsov Böyük Moskvaçayı körpüsündə öldürüldü (sonra Qərb onun yerinə Aleksey Navalnını təyin etdi). Onun ölümündə çeçen əsilli 5 nəfər (biri daxili qoşunların batalyon komandirinin müavini idi) günahkar bilindi və 2017-ci ilin iyununda onlar məhkəmənin qərarı ilə 11 ildən 20 ilədək həbs cazaları aldılar. Lakin Qərb bu cinayətdə Putini və ya Ramzan Kadırovu günahlanırmaqda davam etdi.
2017-ci ilin 28 fevralında senator (indiki dövlət katibi) Marko Rubio Konqresin yuxarı palatasına Rusiyanın Vaşinqtondakı Səfirliyinin qarşısındakı küçənin yalnız Səfirliyə aid parçasını "Boris Nemtsov küçəsi" adlandırmaq barədə qanun layihəsi çıxartdı. Bununla bağlı o, bəyanatında yazmışdı: "Boris Nemtsov küçəsi Putin rejiminə və Rusiya xalqına daim xatırladacaq ki, dissidentlərin səsi yaşamaqda davam edir və azadlığın müdafiəçilərini susmağa məcbur etmək mümkün deyil. Qanun layihəsini Konqres qəbul edərsə, "Boris Nemtsov küçəsi" Rusiyanın ABŞ-dakı Səfirliyinin yeni ünvanı olacaq. Hər dəfə küçə ünvanına və ya Səfirliyə gələn minlərlə məktubun ünvanına baxanda "Boris Nemtsov küçəsi, 1" yazısını görən Kreml tamamilə aydın dərk edəcək ki, müxalifət nümayəndələrinin qorxudulması və öldürülməsi diqqətdən kənarda qalmayacaq".
Küçə adının dəyişdirilməsi Konqresin səviyyəsi deyildi. Buna görə layihə Vaşinqton şəhər şurasına ötürüldü. Aylar sonra şəhər şurası Viskonsin küçəsinin bir parçasının adının dəyişdirilməsi ilə bağlı qərarı yekdilliklə qəbul etdi. Bu münasibətlə Rubio Twitter hesabında yazmışdı: "Artıq rəsmiləşdi. Qoy bu Putinə və onun əlaltılarına xatırlatsın ki, qətl, zor və qorxutma unudulmayacaq". 2018-ci ilin 27 fevralında xüsusi mərasim keçirilməklə küçənin adı dəyişdirildi.
2022-ci ilin 24 fevralında Rusiya qoşunları Ukraynaya müdaxilə etdilər. Rusiya hərbi texnikası ilə Ukrayna texnikası eyni olduğundan onları fərqləndirmək üçün ruslar texnikanın üzərində böyük Z hərfi yazmışdılar. Tezlikdə (həmin ilin mart ayından başlayaraq) bütün Avropa Z hərfini qadağan etməyə başladı ki, təklikdə işlənən Z hərfi Rusiya işğalını simvolizə edir. Almaniyanın Berlin və bir çox əyalətlərində Z simvolundan istifadə qadağan edildi, buna görə böyük cərimə və ya 3 ilə qədər həbs cəzası müəyyən olundu. Baltika və başqa Avropa ölkələrində də inzibati cəzalar müəyyən olundu. Əvvəllər Avropada hansısa məqsədlə istifadə olunan Z simvolunu hər yerdən silməyə və dəyişdirməyə başladılar. Bir çox şirkətlər Z hərfinə görə loqolarını dəyişdilər (məsələn, Zurich Insurance), Samsung Avropada satılan "Galaxy Z Fold 3" и "Galaxy Z Flip 3" modellərindən Z hərfini götürdü və s. Avropada Z hərfinə qarşı əsl isteriya başlamışdı, hər yerdə Z görürdülər: binaların arxitekturasında, parkların dizaynında, ornamentlərdə...
Rusiya sanki Avropanı trollamaq üçün aylar sonra texnikasını "V", daha sonra "O" hərfi ilə də işarələməyə başladı. Avropa bu hərflərin də Rusiya işğalını simvolizə etdiyini bildirdi, lakin onlara qarşı Z qədər aqressiv olmadı. Çünki belə getsəydi, Rusiya hərf-simvolların sayını daha da artıra və Avropanı hərfsiz qoya bilərdi. Anarın "Yaxşı padşahın nağılı" antiutopiyası reallığa çevrilirdi : https://www.facebook.com/share/p/15qw9YGP9o/
2022-ci ilin aprelində Praqada Rusiya Səfirliyinin qarşısındakı Korunovaçni küçəsinin yalnız Səfirliyə aid parçasının adını dəyişərək, Ukrayna Qəhrəmanları küçəsi qoydular. Bu küçə Boris Nemtsov meydanına birləşirdi.
2023-cü ilin 24 fevralında Londonda Rusiya Səfirliyinin qarşısındakı Beysuoter keçəsinin yalnız Səfirliyə aid 25 metrlik parçasının adını dəyişərək, Kiyev küçəsi qoydular.
Norveç, Polşa, Slovakiya, Litva, Latviya, Estoniya və başqa Avropa ölkələrində də 2022-2023-cü illərdə Rusiya Səfirliyi qarşısındakı küçənin bir parçasının adını Ukraynaya aid adla dəyişdirdilər.
Rusiya bu aksiyalara bir az gec cavab verdi.
2023-cü ilin noyabrında ABŞ-ın Moskva Səfirliyinin qarşısında ZVO hərflərindən ibarət installyasiya quraşdırdı (şəkilə bax). Necə deyərlər: "İlanın yarpızdan zəhləsi gedər, o da onun yuvası ağzında bitər".
Sonra ABŞ Səfirliyinin qarşısındakı meydanın adını dəyişib, Donetsk Xalq Respublikası qoydu. İndi ABŞ Səfirliyinin ünvanı belədir: "DXR meydanı, ev 1". Deyilənə görə əvvəl meydanın adını Donbasın müdafiəçiləri (Площадь защитников Донбасса) qoymaq istəyiblər. Bu adı hətta amerikalı diplomatlar da bəyənibmişlər, çünki onlar da özlərini Donbasın müdafiəçiləri hesab edirdilər. Ruslar bu adın ikimənalı olduğunu anlayıb, meydanı DXR adlandırdılar.
Bu ad ABŞ diplomatlarının xoşuna gəlmədi. Onlar özlərini o qədər təhqir olunmuş sayırdılar ki, Səfirliyin yeni ünvanını saytlarından silib, sadəcə coğrafi koordinatlarını yazdılar: 55,75566° N, 37,58028° Е. Lakin bu nəyi dəyişir ki? Onsuz da Səfirliyə məktublar "DXR meydanı, ev 1" ünvanına gəlir, məktub coğrafi koordinatlara görə çatdırıla bilməz. Səfirliyin, məsələn, təcili yardıma və ya taksiyə ehtiyacı olsa, poçt ünvanını bildirməlidir.
Britaniya Səfirliyinin də Moskvadakı "Smolensk sahili küçəsi, ev 10" ünvanı dəyişdirildi. İndi onun ünvanı "Luqansk Xalq Respublikası meydanı, ev 10" olub.
Yəqin ki, başqa ölkələrin səfirlikləri ilə bağlı da analoji addımlar atılıb. Sadəcə, mən araşdırmadım.
Asif Şəfəqqətov
GlobKom.İnfo