Əzizlərini itirən insanlarımız mərhum şair Nüsrət Kəsəmənlinin “Biri vardı, biri yox” şeirini dinləyər, ya da ədibin nəzm əsərinin sözlərinə həsr olunan mahnıya qulaq asar. Səmimi deyim ki, çox az şeir əzbər bilirəm. Amma Nüsrət müəllimin məşhur şeiri tez-tez dinlədiklərimdəndir. Dünən Fernandu Santuşun rəhbərlik etdiyi yığmamızın Stokholmda isveçlilər tərəfindən darmadağın edilməsindən sonra yenidən ölməz şairimizin məlum şeirini dinlədikdən sonra anladım ki, bizdə ölkənin əsas komandasında çatışmazlıq “bir vardı, bir yox” ifadəsiylə deyil,  heç biri yoxdur deyiminə tam uyğundur.

Canni De Byazi yola salınandan sonra Azərbaycan seçməsinin baş məşqçi postuna üzümüzü ağ edəcək namizədin axtarışı xeyli çəkdi. Sonda AFFA 70 yaşını qeyd etmək ərəfəsində olan Fernandu Santuşun üzərində dayandı. Adı çəkilən mütəxəssisin Kriştianu Ronaldonun da yer aldığı Portuqaliya millisini Avropa Çempionu etməsi və digər nəaliyyətləri dönə-dönə vurğulanaraq yığmamıza gətirildiyi qeyd olundu. Maraqlıdır ki, zəngin təcrübəyə malik cənab Santuş Azərbaycan seçməsində baş məşqçi vəzifəsinə sahiblənəndən sonra qarşıdan gələn Millətlər Liqasındakı hədəflərdən yox, yığmamızın 2028-ci ildə təşkil olunancaq Avropa Çempionatına vəsiqə qazanmaq ehtimalından danışdı.

Sonrakı gedişat və son olaraq səfərdə İsveçə 6:0 darmadağın göstərdi ki, portuqaliyalı məşqçi komandanı Millətlər Liqası turnirinə hazırlamayıb. Artıq Estoniyaya səfərdə məğlubiyyətdən sonra D diviziyonuna yollanmaq üçün qapıları açdıq. Buna rəğmən “dözümlü” və “pozitiv” əhvallı azərbaycanlı azarkeşlər inanırdı ki, yığmamız Qəbələdə estonlardan revanş almaq, səfərdə isə isveçlilərə ciddi müqavimət göstərərək ən azı 1 xal qoparmaqla C divizionunda yerimizi qoruya biləcək. Amma skandinavlarla son oyunda gördük və agah olduq ki, biz C divizionunda çıxış etmək səviyyəsində deyilik.

İki gün əvvəl “Strouberi Arena”da baş turan İsveç–Azərbaycan qarşılaşması yox, meydanda tək qalan qapıçı Rza Cəfərov ilə ildırımsürətli isveçlilərin qarşıdurmasıydı. Bu çarpışmada gənc qapıçı “300 spartalı”lar kimi fədakarlıq, mübarizlik göstərsə də, “göy-sarılar” meydanda gəzişən Azərbaycan yığmasının müdafiəsini rahatlıqla yararaq gənc qolkiperin 6 dəfə üzülməsinə nail oldular. Əslində buna həm şükür etməli, həm də Rzaya minnətdar olmalıyıq. Zatən İsveçlə oyunda Azərbaycanın dövlət atributlarını əks etdirən formanı daşımaq məsuliyyətini yeganə dərk edən də 21 yaşlı qapıçı idi. 

Azərbaycan Respublikasını “təmsil” edən komandanın “futbolçu”ları rəqib qapısına ilk zərbəni 28-ci dəqiqədə güc-bəla ilə endirdilər.  Ümumi 90 dəqiqə ərzində isə 7 dəfə hücuma çıxıb cəmi 4 dəfə İsveçin qapısını yoxlamaq şansı qazanılsa da, hədəfdən yayındıq. İsveçlilər isə 42 hücum təşkil edərək  qapımızı 34 dəfə atəşə tutdu. Meydan sahibləri  578 ötürmədən 499-da dəqiqlik göstərdiyi halda, bizdə göstərici belədir 301/233. İsveçlilər yaşıl meydanda bizə  “Barbarossa”, “Tayfun”, Baqratiyon” “Zeytun budağı” əməliyytlarını yaşatdılar. Belə bir məqamda Rza Cəfərov penalti daxil, 6 dəfə seyv etdi, bir dəfə tir, bir dəfə isə ofsayt hesabın böyüməsinə imkan vermədi.

Fiaskoya uğrayan Azərbaycan seçməsində yeganə üzüağ çıxan qapıçıdır. Amma döyüşdə, müharibədə məğlub olarkən ayrı-ayrı döyüşçülərin, qrupların, birliklərin qəhramanlığı nəticəni dəyişmədiyi kimi, futbolda da darmadağınla rüsvay olan komandanın bir oyunçusunun fədakarlığı tablodakı biabırçılığa kölgə sala bilmir. Millətlər Liqasının son iki oyununda yığmamızda iki futbolçu debüt etdi.  Rza Cəfərov fədakarlığına baxmayaraq məyus oldu. Zamiq Əliyev isə uğursuzluğu ilə “parlamaq”la komandanı məyus edənlərdən oldu.  Başa çatan Millətlər Liqasında Azərbaycanın A seçməsinin biabırçı çıxışına görə baş məşqçi Santuş da sələfləri Yurçeviç ilə De Byazinin sırasına qoşuldu.

Oyundan sonra mətbuat konfransında iştirak etsəydim portuqaliyalıya yeganə sualım belə olardı: “Azərbaycan yığmasında nəticə verə bilmirsizsə, öz zəngin CV-nizi niyə ləkələyirsiz?”. Amma görünən odur ki, 70 yaşlı pireneyli heç yerə getmək niyyətində deyil,  tolerantlığımızdan qonaqpərvərliyimizdən, və zənginliyimizdən maksimum sui-istifadə etməkdə maraqlıdır. Elə onu bu posta gətirənlər biabırçı nəticəyə baxmayaraq, fil səbrinə malikdirlər. 17 il əvvəl Şahin Diniyevin rəhbərlik etdiyi ölkənin əsas komandası doğma meydanda Serbiyaya 1:6 hesabıyla məğlub olandan sonra baş məşqşi yola salındı.

Böyükhesablı məğlubiyyətə baxmayaraq həmin dövrdəki komanda daha xarakterli və əzmkar idi. Həmin kepkalı məşqçimiz “Səbail”də də nəticə verə bilməyəcəyini anlayıb getdi. Bu sözləri Azər Bağırov, Samir Əliyev və mütəxəssislərimiz haqqında da  təkrarlamaq olar. Demək ki, yerli məşqçilərimizin qüruru var və nəticə verə bilmədikləri yerdə qalmırlar. Bir çox hallarda isə onlara özlərini göstərmək üçün imkan verilmir. Ölkəmizə gələn əcnəbilər isə bar verməyən ağac kimi kök salırlar. Dövlət və xalq olaraq qəribə “tolerantlığ”ımız var, özgələrə, yadlara məhdudiyyətsiz dözümlülük göstərdiyimiz halda, öz vətəndaşlarımız çərçivələnir, onlara qoyulan hədlər daraldılır.

Oyunu şərh edən Şəmsəddin Abbasov meydandakı mənzərəni görərək: “Çox pis sıxıblar bizi”, “Azərbaycan yığma komandası, D divizionuna xoş gəldin” və s. bu kimi ifadələr səsləndirirdi.

Bəli, Şəmsəddin əfəndi, bizi çox pis sıxıblar, amma məsələ isveçlilərinin 90 dəqiqə ərzindəki  sıxmasında deyil. İllərlə ölkə futbolunu bir qrup vəzifəli şəxslərin gözlə görünməyən qandallarla zəncirlənərək  rəngi qaçmış, taqətini itirmiş, kölə vəziyyətinə gətirib. İsveçlilərə darmadağın da Azərbaycan futbolunun real mənzərələrindəndir.  Günəş işığından məhrum olaraq uzun müddətə  zülmətli zindana salınmış məhbusu götürək. Onu birdən-birə qaranlıqdan çıxaranda müəyyən zaman kəsiyində  işıqdan, günəş şəfəqindən vahiməyə düşür. Eyniylə  Azərbaycan futbolunda da düzgün aparılmayan işin, strategiyanın nəticəsidir ki, ölkənin əsas komandası beynəlxalq oyunlara çıxanda günəşin təmasına məruz qalan məhbusun vəziyyətinə düşür. Bu vəziyyət yalnız A seçməmiz yox, digər aşağı yaş qrupları üzrə yığmalarda da eynidir.

Hər uğursuzluğun, məğlubiyyətin obyektiv, subyektiv səbəbləri var. Ötən əsrin 90-cı illərini və XXI yüzilliyin əvvəllərində Azərbaycan futbolunun - “peraşki dövrü”ndə uğursuzluğun, ürəkaçmayan nəticələri, tənəzzülün çoxunu infrastruk-bazanın yoxluğununa, maddi vəziyyətin kasadlığına və digər şəraitsizliyə bağlamaq olurdu. Həmin ağır zamanlarda məşq etməyə stadionların tapılmadığı, geyinməyə  ikinci dəst forması, butsisi olmayan,  doğru-dürüst qidalana bilməyən və normal qonorar almayan Vəli Qasımov, Nazim Suleymanov, Yunis Hüseynov, Qurban Qurbanov, Vadim Vasilyev, Vidadi Rzayev, Tərlan Əhmədov, Aslan Kərimov, Mahmud Qurbanov və adlarını açıqlamadığım onlarla futbolçular millinin şərəfini qoruyaraq meydanda can qoyur, fədakarcasına döyüşürdülər. Həmin dövrdə Azərbaycan milli komandası Portuqaliya kimi yığmanı büdrədir, Serbiya və Çernoqoriya, İsveçrə kimi komandaları gözüyaşlı qoyurdu. Demək ki, kasıblı, yazıqlı, kasadlı vaxtlarda futbolçularda milli ruh, fədakarlıq, döyüşkənlik vardı. Məhz həmin dövrdə Azərbaycan bayrağı altından çıxış edən seçmə ölkənin milli komandasıydı.

Bu gün isə futbol oynamaq üçün zəruri və lazım şərait (çatışmazlıqlar da var) var. Amma hazırda ölkə futbolunu və yığmanı inkişafı üçün tədbirlər görən nə federasiya rəhbərlərimiz, nə nəticə verən baş məşqçilər, nə də meydanda can qoyan oyunçular var. İllərdir məsuliyyətsizlik və özbaşınalıqdan doğaraq ölkə futbolunu, yığmanı ağlar günə qoyan o qədər böyük bəlalar var ki, deməklə, danışmaqla, sadalamaqla bitməz.

Məlahətli səsiylə insanları valeh edən, ruhunu oxşayan fransalı müğənni Lara Fabiyan deyir: “Uğursuzluğu unut, dərs çıxart!”

Ölkə futbolunu zəlil günə qoyanlar yuxarıdakı aforizmdən dərs çıxarmayacaq.  Yığmamızın isveçlilər tərəfindən yaşıl meydanda kötəklənməsini həm unudacaq, həm də müxtəlif bəhanələr, vədlərlə unutduracaqlar.

19 noyabr 2024-cü ildə Azərbaycan seçməsinin Stokholmda fiaskoya uğraması 20 il əvvəlki “Oser faciə”sini statistikada geridə qoymasa da, XXI yüzillikdə ölkənin əsas komandasının daha bir rəzalət səhifəsi yazdı.

Abdulla Ismayıloğlu

Xüsusi olaraq GlobKom.İnfo üçün