İnsanın ən böyük problemlərindən biri reallıq hissini itirməsidir və əksər problemlər də məhz bundan sonra başlayır.

SSRİ-nin dağılması ərəfəsində Qərb ruporları bizə dedilər ki, hər kəs sahibkar ola, müəssisə aça, təsərrüfat qura, banklardan istədiyi qədər kredit ala, bələdiyyə başçısı, deputat, hətta prezident ola bilər.

Belə baxanda, yəni nəzəri cəhətdən bunlar hamısı mümkündür və guya Qərb ölkələrində elə bu cürdür. Ancaq praktikada eyni dərəcədə yalan və qeyri-realdır.

Təkcə bunlar yox, kağız üstündə olan, yüksək tribunalardan söylənən, qanunlarda öz əksini tapan bir çox şey raellıqda özünü doğrultmur.

Ən pisi də odur ki, insanların bir çoxu məhz bu məsələdə ciddi səhvə yol verərək, özlərini bədbəxt hiss edirlər.

Məsələn, düşünürlər ki, xüsusi mülkiyyət toxumulmazdır və əlində "kupça" varsa, heç kəs evini əlindən ala bilməz. Amma reallıqda belədirmi? Əsla! Reallıqda elə bir situasiya yaranar ki, evini də başına uçurarlar, özünü də öldürərlər, qanını da uf demədən batırarlar.

Uzun illər düşünmüşəm ki, haqlı, düzgün, qanunları pozmayan insana, heç kəs heç nə edə bilməz. Ancaq qətiyyən belə deyil.

Müəyyən qüvvələr istəsələr, istənilən adamı bircə gündə qazamata salıb, orada öldürə bilərlər və heç kəsin də səsi çıxmaz. Bu isə reallıqdır. Əlahəzrət reallıq. Özü də dünyanın hər yerində. Onlarla belə fakt, o faktlar əsasında yazılan əsərlər, çəkilən filmlər var. "Yaşıl Zona" adlı bir Hollivud filmi var. Günahsız bir adamı zorlamada və qətldə ittiham edərək, elektrik stulunda edam edirlər. Günahsız olduğu 20 ildən sonra bilinir ki, bunun da heç bir mənası yoxdur.

Biz hələ də inanırıq ki, bir çox ölkələrdə hakimiyyəti məhz xalq seçir və istəyirik ki, bizdə də belə olsun. Ancaq bu inam bizi bədbəxt edən  illüziyadır. Mən də ömrümün ən gözəl çağlarında buna inanmışam və bu səbəbdən özümü indi bədbəxt hiss edirəm.

Reallıq isə tamam başqadır. Bunu dərk edən insanların çoxunu bəyənmir, aşağı səviyyəli, saxtakar gesab edirik. Ancaq onlar reallığı daha düzgün qiymətləndirirlər və bizdən daha firavan və xoşbəxt yaşayırlar...

Nadir Qocabəyli