Oqtay ƏHMƏDOV


İTİRİLMİŞ ŞƏHƏR

(povest)


Demirəm belə olacaq, sözümün canı odur ki, belə də ola bilər…
müəllif






***
— İs-te-fa! İs-te-fa! İs-te-fa!
Əvvəlcə bu sözləri lap uzaqlarda xorla çığırırdılar. Diqqət kəsilsəydin belə, anlaya bilməyəcəkdin "is-te-fa" qışqırırlar, yoxsa "iş-ta-ha", "Mus-ta-fa"… Sonra bu səslər dəhşətli gurultuya çevrilib get-gedə yaxından eşidilməyə başladı və qəflətən metro stansiyasının həndəvərindəki darısqal küçələrdən çıxan izdiham prospektdə birləşib nəhəng, təlatümlü insan selinə dönərək, üzüyuxarı — şəhərin baş meydanına doğru səmt aldı. "Sel" bəzən qarşılaşdığı təsadüfi adamları da ağuşuna alıb özüylə aparırdı. Bu axının qabağında duruş gətirmək çətindi, gərək yoldan çəkilib kürəyini söykəyəydin divara, kirimişcə durub baxaydın, yoxsa kükrəyən "dalğa" səni də qamarlayıb udacaqdı… "…ar olsun!", "Məmmədəli Səbzəliyevə azadlıq!", "…azad mətbuata qarşı təqiblərə son qoyulsun!", "Qarabağ və çörək!", "Seçki saxtakarları cəzalandırılsın!" və s. yazılmış plokatlar, transparantlar; qəzəblə düyünlənib "is-te-fa" hayqırtılarıyla həmahəng tərzdə izdihamın başı üzərində qalxıb-enən yumruqlar gözdən itən kimi, metro stansiyası ətrafında həyat yenidən canlandı: sanki videomaqnitafondakı "stopkadr"ın düyməsini basmışdılar, bayaqdan ovsunlanmıştək ağzı açıq halda donub qalan adamlar hərəkətə gəldilər.
— Əşi, bunlar da guya mitinqlə bir şey eləyə biləcəklər, — qəzet köşkü qarşısında durub satıcı Əskərlə mırt vuran Allahqulu gileyləndi.
— Kreslo davasıdır, qardaş, — satıcı mızıldandı, — səni, məni fikirləşən kimdir.
Yenə də adamlar tək-tək, iki-bir, üç-bir deyinə-deyinə, donquldana-donquldana köşkün qabağından keçib metroya girməyə başladılar. Hamının üzündə təlaş, nigaranlıq vardı.
"— Kişini qoymazlar ki işləsin!"
"— Hamısını kötəkləyib pərən-pərən salacaqlar!"
"— Yığıb göndərəsən bu dil pəhləvanlarını Qarabağa!"
— Sizi də görmüşük, — bunu saçlarını sarıya boyamış kök arvad dedi. Yaşı 40-45 olardı, geydiyi dar şalvar əyninə o qədər kip oturmuşdu ki, elə bil qat bağlamış piyli yambızları indicə "cins"ini yırtıb çıxacaqdı. — Bir il olduz hakimiyyətdə, neylədiz bu xalq üçün, hə?!
— Aaz, bə yadında döyül, qaş qaralandan sonra qorxudan şəhərə çıxa bilmirdik ki?! — Arvadın rəfiqəsi onun sözlərinə qüvvət verdi. Onun da geyimi yaşıyla uyuşmurdu. Yeridikcə, piydən qat bağlamış bədəni gövdəsinə tarım oturmuş donunun altında yırğalanırdı. Üstəlik, boyalı başına taxdığı iri, kəpənəkvari sancağın arxadan gələn cavanların gülüş hədəfinə çevrilməsindən ya xəbərsiz idi, ya da bunu eyninə almırdı.
— Heyvanıva şükür, İlahi! — Allahqulu özüylə tay-tuş olan həmin arvadlara ikrah hissiylə baxıb köksünü ötürdü. Sonra fikrini yayındırmaqçün baxışlarını köşkün endirilib piştaxtanı əvəz eləyən pəncərəsi üstünə düzülmüş qəzet-jurnallara yönəltdi. Qəzetlərdəki rəngli, erotik şəkillər, "Məhəbbət oyunları", "Orqazma necə çatmalı", "Seksin anatomiyası"… kimi biədəb başlıqlar gözünə ox kimi sancılıb ürəyini bulandırdı. Əvvəlcə istədi hirsini Əskərin üstünə töksün: "Sən də özüvə bir kişi işi tapmadın?!" Amma yaxşı ki, son anda əsəblərini cilovlaya bildi, yoxsa şeytan yoldan çıxaracaqdı, Əskərlə münasibətləri korlanacaqdı. Necə olsa, özündən üç-dörd yaz kiçik olan kişiylə neçə ilin tanışıydılar, aralarında salam-əleyk vardı. Kasıb vaxtlarında Əskər dəfələrlə əlindən tutmuşdu. Mamiləti bir şey olmasa da, dəftər-qələmdən, televiziya proqramından, sellofan-kulokdan-filandan nisyə vermişdi. Əskərin nə günahı ki, zəmanə korlanmışdı, qələm əhlində abır-həya qalmamışdı, kimin ağlına nə gəlirdi üyüdüb tökürdü qəzet-jurnal səhifələrinə. Yazıq bir çətən ailə saxlayırdı, sabah işdən qovulsa, qapısını kim döyəcəkdi, kim bir loxma çörək verəcəkdi balalarına?!
Əskər yaxşı eşitsin deyə, Allahqulu başını köşkün pəncərəsinə doğru əyib gileyləndi:
— Qeyrət-namus qalmadı, qardaş, dünyanın axırıdır… Axşam istəyirsən bir hovur dincələsən, yandırırsan televizoru, hansı kanalı tutursan yaltaqlıq, pornoqrafiya, zor, qan-qırğın… O gün Ağdamın işğal günüydü. Tapdım "Ayanes"-dir, "Avanes"-dir, o kanalı, nə göstərsələr yaxşıdır, ərli qadınlar arasında gözəllik müsabiqəsi! Deməli, soyundurublar ərli arvadları lüt-ətcəbala, onlar da podiumdur, nə zibildir, orda xarici kişilərin gözləri qabağında burcuda-burcuda sağa, sola, yuxarı, aşağı gəzişirlər. Qollarında da mal-qara kimi nömrələri yazılmış "birka"ları. 43 nömrəli arvad ağappaq, yumru dalını o biri qadınlara nisbətən daha emosional fırlatdı, yoxsa bədəninin razmerləri xarici kişilərin standartlarına daha çox uyğun gəldi, nəydisə, birinci yeri tutdu. Oğraş ər də bir sevinirdi ki! Gözləri yaşara-yaşara müxbir qıza müsahibə verib nə desə yaxşıdır? "Həyat yoldaşım, məhəbbət oyunlarında professional portnyorum keçmişdənqalma adət-ənənələri — mentalitet adlı murdar məfhumu darmadağın edib gözəllik müsabiqəsinin qalibi olmuşdur, indi bütün dünya onu tanıyır, artıq Avropanın aparıcı seks jurnallarından sevimli övrətimə pullu təkliflər gəlməkdədir, xoşbəxtəm ki, belə gözəl xanıma sahibəm, indi irəlidə ciyərparəmi Qərbin aparıcı top-modelinə çevrilmək perspektivi gözləyir. Bu dəqiqə Azərbaycanda məndən xoşbəxt kişi yoxdur!" Tfu sənin sifətivə, boynuyoğun biqeyrət!
Allahqulu "tfu" deyəndə yazıq Əskər çəlimsiz gövdəsini cəld arxaya əydi ki, dostunun tüpürcəkləri sir-sifətini bulamasın. Bu vaxt bağ tərəfdə mitinqçilər polisləri daş-qalaq eləməyə başladılar və eyni vaxtda metroya tərəf səmt almış iki daşdan biri vıyıltıyla düz Əskərin köşkünün pəncərəsinə çırpılıb şüşəni sındırdı, o birisi Allahqulunun təpəsinə dəydi…


***
…Allahqulu gözlərini açanda başı üstündə müxtəlif sifətlər gördü: enli, uzunsov, yastı, girdə… Hamının baxışında heyrət donub qalmışdı. İndi ona çatdı ki, arxası üstə yerdə uzanıb. Qafasında yeknəsəq uğultu vardı. Qeyri-ixtiyari əlini kəlləsinə aparıb yoxladı, amma təpəsində nə şiş hiss elədi, nə də qan izi gördü. Sağ-salamat olduğuna elə sevindi ki, qollarına birdən-birə hardansa güc gəldi, asfalta dirsəklənib cəld ayağa qalxdı. Guya bir az əvvəl tirtap olub yerə sərələnmiş heç bu adam deyildi.
İndi-indi ətrafına diqqət yetirib gördüyü mənzərədən dəhşətə gəldi: onu əhatəyə almış adamların kişili-arvadlı hamısı "şortik"dəydi. Qadınların qarnı açıq idi, göbəklərinə noxud boyda muncuq yerləşdirmişdilər. Kişilərdən bəzilərinin qulaqlarından sırğa asılmışdı. Bir oğlanın başı piramidavari qırxılmışdı, digərinin yaşıl (!) rəngə boyanmış uzun saçları dairəvi formadaydı, kirpi tikanları kimi biz-biz durub səmənini xatırladırdı. Ən qəribəsisə buydu ki, hamı ağzı açıq halda ona elə baxırdı, guya bu adam paraşütlə indicə Aydan enmişdi.
Birdən Allahquluya elə gəldi ki, xarici dövlətdədir. Belə olmasaydı, mitinqçiləri zopalayan əlidəyənəkli polislər, camaatın başına yağan daşlar, sındırılmış vitrinlər, qaçhaqaç, tuthatut… birdən-birə göyə çəkilməzdi ki? Bəs onu kim, necə götürüb gəlmişdi bu yad şəhərə?..
Allahqulu üst-başının tozunu silib üzünü ətrafına yığılmış qəribə görkəmli adamlara tutdu:
— Balam, yerin gedin iş-gücünüzün dalısıycan, dəvə nalbəndə baxan kimi nə baxırsız? Adam görməmisiz?!.
— O moy qot! — Bunu döşləri arasına əjdaha şəkli döydürmüş qız dedi.
— Allah-Allah! Şu abdal ixtiyar eski esrlerdenmi geliyor?! — Busa sinəsi, ayaqları qıllı orta yaşlı kişiydi.
— Da eto je starıy çurban! — Boynundan iri xaç sallamış arvad dilləndi. — Naverno, s qor spustilsya!..
— Çurban atondur! — Allahqulunu od götürdü. Daha şəkk-şübhəsi qalmamışdı ki, Hindistandadır. Adamların əksəriyyətinin qarabuğdayı olmağından bu şəhər Dehlini, Bombeyi xatırladırdı. Qırx beş illik keşməkeşli həyatı boyu Azərbaycandan kənara çıxmayan Allahqulu, təbii ki, o şəhərləri ancaq televizorda görmüşdü. Hindlilərin bu qədər açıq-saçıq geyindiklərini ağlına belə gətirməzdi. Ətrafına toplaşmış adamlarsa yəqin ki, turistlərdi. İngilis, rus, türk turistləri! Köpək uşaqları dolamağa adam tapmışdılar! Allahqulu cəld onlardan aralanıb küçənin əks tərəfinə keçmək istədi. Amma şose müxtəlif markalı maşınla doluydu. Saysız-hesabsız avtomobillər bir-birinə elə sıx dirənmişdi ki, aralarından kibrit qutusu güclə keçərdi. Bura da Bakı küçələri kimi tıxacdı.
Axır ki, küçənin o biri tərəfinə keçib ayaq saxladı. Yoldan ötənlər təəccüblə ona baxırdılar. Allahqulu da onların zahiri görkəmlərinə mat qalmışdı. Tüklü kişilər, bədənləri portağal qabığı kimi büzüşmüş yaşlı qadınlar, yarıçılpaq gənc qızlar onda ikrah hissi oyadırdı. Amma neyləyə bilərdi, əlindən nə gəlirdi? Qürbət eldə ağayla ağalıq eləməyəcəkdi ki! Bütün bu əxlaqsızlığa, mənəvi pozğunluğa dözərək, bu qürbət elə, yad obaya necə gəlib çıxdığını öyrənməli, geriyə — doğma Bakısına qayıtmaq yollarını aramalıydı!
Başını qaldırıb yuxarı baxdı. Bir-birinə kip yapışmış göydələnlər arasından səmanın əl içi boyda parçası görünürdü. Vay dədəm, vay, hər tərəf göydələnlər idi. Yəqin günün günorta çağıydı, amma günəş hardaydı? Şəhəri elə bil gün yox, min vatlıq elektrik lampası işıqlandırırdı. Bu göydələnlərin əlindən şəhərdə, deyəsən, heç vaxt külək olmurdu. Yerli əhalinin yəqin ki, alışdığı bu havasızlıqdan Allahqulunun nəfəsi darıxırdı, sanki ürəyini məngənənin arasına salıb möhkəmcə sıxırdılar.
İki qadın danışa-danışa ona tərəf gəlirdi. Ölüsü qırx-qırx beş yaşlarındaydılar. Hər ikisinin köynəyi o qədər qısaydı ki, piydən qat bağlamış eybəcər qarınları çöldə qalmışdı. Görkəmləri Allahquluda ikrah hissi oyatsa da, daha belə şeylərə əhəmiyyət verməməyə çalışırdı, çünki heç bir şəkk-şübhəsi qalmamışdı ki, hansısa xarici ölkələrdən birindədir və açıq-saçıq geyinmək buranın adamları üçün adi haldır. Qadınlar ona yaxınlaşanda Allahqulu onlardan hansı ölkədə olduğunu öyrənmək istədi.
— Ekskyüz mi… — İngiliscə bildiyi üç-dörd sözdən biri də bu idi. Qadınlar ayaq saxlayıb heyrətlə ona baxdılar. Allahqulu başını qaşıyıb beynindəki "əcnəbi dillər baqaj"ını ha qurdaladısa, "pardon, aym sore, miss" kəlmələrindən savayı heç nə tapa bilmədi.
— What do you want, oldster? — Axır ki, qadınlardan biri dözməyib hövsələsizliklə soruşdu. Allahqulu onun nə dediyini başa düşməsə də, qadının səsinin tonundan anlamışdı ki, mətləbə keçməyin vaxtıdır. Amma onları necə qandıraydı ki, ay anam-bacım, mən hardayam, hansı məmləkətdəyəm?! "Əcəb işə düşdük… — ürəyində dedi. — Vaxtında dil öyrənməməyin axırı budur…"
— Da ostav tı etoqo staroqo duraka, — o biri qadın belə deyib rəfiqəsinin qoluna girdi və onu çəkib özüylə aparmaq istədi. Allahqulu bərk sevindi, ona görə sevindi ki, arvadlar rus dilini bilirdilər. O da pis-yaxşı rusca danışırdı, deməli, indi hər şeyi onlardan öyrənəcəkdi. Köpəyoğlunun rus dili, tanımadığı bu qərib, əcaib ölkədə də xod gedir! Bu da sovet hökumətinin xeyri: rusca "işto-mişto" dan savayı heç nə qanmayan Allahın azərbaycanlı çobanı da dünyanın hansı yerində olur-olsun, çulunu sudan çıxarar, itib batmaz!
Allahqulu şadlığından yerə-göyə sığmırdı. Utanmasaydı, "Urusyet inəkləri"ni xatırladan bu arvadları bağrına basıb öpərdi. Elə bu təəssüratla da qollarını eninə açıb sevincindən qışqıra-qışqıra:
— Kak xoroşo, şto vı znayete ruskiy yazık! — dedi. — A kak nazıvayetsya eto strana?
— Vot çoknutıy starik! — Qadınlardan biri güldü. — Tı şto, s lunı svalilsya? Eto je Baku!
Rəfiqələr başlarını bulayıb uzaqlaşdılar. Allahqulu onunla tay-tuş olan qadınların "starik" sözündən təəccübləndisə də heç nə demədi. Onu qoca adlandırmışdılar, ancaq bundan da heyrətlisi Bakıda olduğunu öyrənməsiydi! Yox, bu onun doğulub boya-başa çatdığı şəhər deyildi! Bu günəşsiz, havasız şəhər onun Bakısı ola bilməzdi! Zövqsüz, görkəmi ürək bulandıran, açıq-saçıq geyinmiş bu adamların onun millətinə nə dəxli vardı?! Uşaq vaxtı eşitdiyi nağıllardakı qorxunc divləri xatırladan bir-birinə sıx tikilmiş bədheybət göydələnlər onun şəhərindəki evlər deyildi!
Bir az getmişdi ki, eybəcər göydələnlərin yaratdığı havasızlıqdan boğulub ayaq saxlamağa məcbur oldu. Nəfəsini dərmək istəyirdi ki, yenə də qabağından orta yaşlı iki qadın keçdi. Qadınlar da bir az əvvəl gördüyü o biri arvadlar kimi açıq-saçıq geyinmişdilər. Amma bu, Allahqulunu o qədər də təəccübləndirmədi. Onu heyrətləndirən başqa şeydi. Arvadlardan biri ağlayırdı, o biri arvadsa onu azərbaycanca sakitləşdirir, rəfiqəsinə ürək-dirək verirdi:
— Eybi yox, azz, gələn il girər, dünyanın axırı deyil ki! Azz, həyəcanlanma dedim saa, limitin tükənər…
Ağlayan qadını yandıran başqa səbəb idi. Demə, sənədlərini dövlət universitetinə vermiş qızı su kimi asan bir sualın cavabını tapa bilməmiş, imtahandan kəsilmişdi!
— İzolda Şeffildin on yeddinci ərinin adı, soyadı, vəssalam. Bunu nənəm də bilir ki — Henrix Xu! Köpəyin qızı, çəkdiyim zəhmət haramın olsun. Bir il bununçün müəllim tap, oxutdur, öyrət, bu da axırı, ölü bir sualın cavabını tapa bilməyib imtahandan kəsil!
Rəfiqəsi yenə ona ürək-dirək verdi:
— Eybi yox, fikir eləmə. Mənim oğlum məgər keçən il kəsilmədi? Ötən əsrin ingilis top-modeli Marlen Ketin bədən ölçülərinin cavabını düz tapmamışdı. Testin sualı beləydi ki, "Orqazm, yenə orqazm" pornofilmində baş rola çəkilməmişdən öncə Marlen Ketin bədən ölçüləri. Uşaq 90-60-90 yazmışdı, halbuki, Marlen Ket filmdə baş rola dəvət alan kimi sinəsində plastik əməliyyat aparıb döşlərini daha da iriləşdirmiş, 96-60-90 — bu yeni bədən ölçülərilə tarixə düşmüşdü.
Allahqulu "Leninin aprel tezisləri"ni xatırladı. İnstituta qəbul imtahanlarında tarixdən verilmiş üç sualdan biri beləydi. İkinci sual, yanılmırdısa, SSRİ-də kollektivləşmədən idi. Üçüncü sualı yadına sala bilmədi. O fikirləşənəcən qadınlar artıq uzaqlaşmışdılar.
— Bədbəxtlər, — onların ardınca baxa-baxa ürəyində dedi, — yəqin nə Babəkdən xəbərləri var, nə də Xətaidən. Bəlkə heç Cavad xanın adını da eşitməyiblər. Qürbətdə yaşayanın aqibəti bundan artıq olmayacaq ki!
Bu düşüncələrlə küçə boyu yavaş-yavaş irəliləməyə başladı. Bu yad şəhərə necə gəlib çıxmışdı? Kim gətimişdi onu bura? Bəs dostunun qəzet köşkü hara qeyb olmuşdu? Bəs mitinqçilər.., polislər.., göydən yağan daş parçaları?.. Bu suallara cavab tapmaqdan ötrü nə illah edirdisə, fikrini cəmləşdirə bilmirdi. Bir-birinə dirənib tısbağa kimi sürünən saysız-hesabsız maşınlar, motor, siqnal səsləri; darısqal küçələrdə maşınların buraxdığı bomboz tüstülərin qatılaşaraq göydələnlər arasıyla üzüyuxarı qalxıb yalnız bir parçası görünən səmada qapqara pərdə kimi asılıb qalması; zövqsüz, açıq-saçıq geyinmiş gənclər, zahiri görkəmləri adamda ikrah hissi oyadan sinli adamlar… düşdüyü vəziyyəti saf-sürük eləyib daxilən toparlanmaqda Allahquluya mane olurdu. Cavanların əksəriyyəti ingilis, rus, türk dilində danışırdı. Təkcə əyinlərində cındır "şortik", yamaqlı şalvar olan gənclər ara-sıra azərbaycanca qonuşurdular. Onlardan bir söz soruşmağa Allahqulu heç ürək də eləmirdi, çünki yazıqlar yaman qayğılı görünürdülər, sifətləri də gülmürdü. Qocalarısa heç dindirməyə dəyməzdi. Çoxunun burnu yer süpürürdü. Bəziləri küçənin ortasında gözlənilmədən ayaq saxlayır, nəfəslərini içəri çəkib geri buraxmırdılar. Elə bil özlərini boğulmaq həddinə çatdırmaqdan xüsusi zövq alırdılar.
Dəbdən geri qalmamaqçün köhnə, sürtülmüş cins şalvarını dizdən kobudcasına qayçılayıb "şortik"ə çevirmiş bir qoca elə bu vaxt Allahqulunun qabağında dayanıb qəflətən nəfəsini saxladı. Dodaqlarını biri-birinə kip sıxmışdı. Hava çatışmazlığından gözləri get-gedə bərəlirdi.
— Ay dayı, niyə özünə zülm eləyirsən?! — Allahqulu heyrətlə kişidən soruşdu. — Özüvü boğub öldürmək istəyirsənsə, bununçün kəndir var.
Təngnəfəs qoca ona tərs-tərs baxıb ağır-ağır yoluna düzəldi. Kişinin bu hərəkətinə Allahqulunun əvvəlcə gülməyi gəldi, sonra fikirləşəndə ki, bəlkə şəhərin havasının ağırlığından belə edir, ciddiləşdi. Doğrudan da hava çox ağır idi. Allahqulu özü də elə güclə nəfəs alırdı. Dekorativ, süni ağaclardan başqa bir yaşıllıq gözə dəymirdi. Bəlkə bu şəhərdə əsl ağacın nə olduğundan xəbərsizdilər?! Bəlkə bu şəhərin başbilənlərinin heç ağıllarına belə gəlmirdi ki, bədheybət, yeknəsəq göydələnləri bir-birinin böyrünə dürtməkdənsə, bir-iki yerdə yaşıllıq salmaq sağlamlıq üçün daha sərfəlidir? Belə olsaydı, qara camaat da maşınların tüstüsündən, adamın ayaqları altında soba kimi od tutub yanan asfaltın buxarından, havasızlıqdan qorunmaqçün bu cür primitiv üsullara heç əl atardımı?
Bir-iki addım irəliləmişdi ki, yenə ayaq saxlamalı oldu. Əslində, qəflətən quruyub qalan ayaqları onu saxladı. Buna səbəb gördüyü dəhşətli mənzərəydi: onunla üz-üzə gələn iki cavan oğlan, — hər ikisinin qulağından sırğa asılmışdı, — heç kəsi vecinə almadan qucaqlaşmış halda mazaqlaşa-mazaqlaşa, öpüşə-öpüşə gedirdi. Düzünə qalsa, heç camaat da onlara fikir vermirdi. Sadəcə, bəzi kişilər oğrun-oğrun onlara baxıb həsədlə köks ötürürdülər. Allahqulu bu yerdə bomba kimi partladı:
— Adə, kopoyoğlunun qoduqları, bu nə oyundur küçənin ortasında çıxarırsız?!
Oğlanlar ikrah hissilə ona baxıb boyalı dodaqlarını büzdülər, "fu, otsalıy stariçok" deyib burcuda-burcuda yollarına düzəldilər. Allahqulu onların arxasınca boylana-boylana ağzını açıb elə təzəcə biədəb cavanları bəzəmək istəyirdi ki, bir qarı hoppadan onun böyründən çıxıb üstünə qışqırmağa başladı:
— Ə, tərbiyəsiz qoca, gənclərlə nə işin var?! Heç ölüb yerə girmirsən? Görmürsən müasir cavanlardır? Yoxsa Avropanı, Qərbi, bütün sivil dünyanı üstümüzə güldürmək istəyirsən?! Heç özün cavan olmamısan?!
Allahqulu:
— Ay xala, — dedi, — bizim vaxtımızda belə şeylər olsaydı, küçənin ortasında adamı tikə-tikə doğrardılar. Elə sənin özün cavan olanda…
Qarının gözləri dörd oldu:
— Nə?! — xüsusi vurğuyla. — Xa-la?!.
Allahqulu ondan az təəccüblənməmişdi:
— Əşi, anam yaşındasan, "qız" deyim sənə?!
— Ə, qoca kaftar, məni dolamısan, bu saat polis çağıraram!
Bu qarı əməlli-başlı ruhi xəstəydi! Buna tay Allahqunun şəkk-şübhəsi qalmamışdı. Xəstə olmasaydı, bütün gənc qızlar kimi açıq-saçıq geyinməz, lırt, büzüşük, sallanıb az qala dizlərinə çatan döşlərini nümayiş etdirməz, hələ bu bir yana, heç "xala" sözündən inciməz, oğlu yaşında kişini "qoca kaftar" da adlandırmazdı. Allahqulu arvadın bərəlmiş gözlərini, köpüklənmiş ağzını görüb, burda yubanmağın xatalı olduğunu dərk eləyərək sürətlə oradan uzaqlaşdı. Qarı hələ də onun qarasınca hirsli-hirsli deyinirdi: "Geridəqalmış qoca köpək, bir ayağı buradadır, bir ayağı cəhənnəmdə, cavanlarda nöqsan axtarır, nəvəsi yaşında uşaqlara etika dərsi keçir! Siz bir bunun üst-başına, sir-sifətinə baxın, elə bil keçən əsrin hansısa ucqar dağ kəndindən zorla gətirib şəhərə atıblar!.."
"Səni görüm lənətə gələsən, qoca ifritə! — Allahqulu ürəyində deyindi. — Tüpürüm sənin şəhərinə də, çox fərli şəhərdir guya! "


***
…Allahqulu tanımadığı küçələri bir xeyli dolaşdı. İndi tam əmin idi ki, bu şəhərdə heç vaxt olmamışdı. Heç bir küçə, heç bir tin, heç bir daş… heç nə ona Bakını xatırlatmırdı. Buna görə də qəlbinə hüzn çökmüşdü. Necə qayıdaydı vətənə? Vağzal haradaydı, aeroport, səfirliklər hayanda yerləşirdi, təbii ki, bunları bilə də bilməzdi. Yoldan ötənlərdən soruşaydımı? Bir-iki dəfə buna cəhd göstərmişdi. "Bağışlayın", "izvinite", "eksküz mi", "müsaidenizle", "pardon" — ağzını elə təzəcə açıb qabağına çıxanlara müxtəlif dillərdə müraciət eləmişdisə, bir bəni-adəm ona məhəl qoymamış, cüzamlı xəstə görürlərmiş kimi tələsik uzaqlaşmışdılar. Kimdən nəsə öyrənmək müşkülə çevrilmişdi. Üz-üzə gəldiyi adamlar onu görcək gözlərini bərəldir, ağızlarını açıb heyrətlə baxa-baxa tez kənara çəkilirdilər. Sanki yad, uzaq planetdən enmiş qəribə, qorxunc məxluqla rastlaşırdılar. Hələ ki, gözünə bir formalı, paqonlu-filan dəyməmişdi, bir qanun keşikçisi görsəydi, yüyürüb dərdini danışacaqdı. Ancaq beləcə bu daş cəngəllikdən, neandertal insanları xatırladan yarıçılpaq adamlardan qurtula bilərdi.
Üstündə "sex-şop" yazılmış vitrinin qarşısında ayaq saxladı. Elə o an gördüyü mənzərədən tükləri biz-biz oldu. Şüşənin arxasına müxtəlif ölçülü, müxtəlif rəngdə oyuncaq cinsi orqanlar, havayla doldurulan çılpaq qadın maketləri düzmüşdülər. Hər "mal"ın üstündə öz qiyməti: 100$, 200$, 500$… O saat yadına düşdü ki, Qərb mədəniyyətinin ayrılmaz atributlarından olan bu mağazalardan postsovet məkanında təkcə Moskvada vardı. Urusyetə gedib-gələnlər danışmışdılar. Belə söhbətlərdən əsəbiləşirdisə də, ürəyində həmişə özünə təsəlli verirdi ki, azərbaycanlı mentalitetinə görə mənəviyyatsızlığın, əxlaqsızlığın ən yüksək zirvəsi sayılan bu tip biədəb mağazalar heç vaxt Bakıya ayaq aça bilməz, çünki nə dövlət, (pis-yaxşı öz milli dövlətiydi!) nə də qeyrətli oğullar (başqa müsəlman ölkələrindən fərqli olaraq Azərbaycanda belə oğulların sayı-hesabı yox idi!) bu həqarətə dözməzdi! Ucadan "tfu" deyib vitrinin qabağından elə yenicə uzaqlaşmışdı ki, arxadan bir dəstə gəncin şaqraq gülüşlərinə ayaq saxlamalı oldu. Cavanlar mağaza işçiləriydi, onun ardınca baxıb gülüşürdülər. Qızlardan biri yapma dırnaqlı barmağını Allahquluya tərəf tuşlayıb qışqırdı:
— Nu şto, deduşka, kukolnuyu devku zaxotel?!
— Ey tı, starikaşka, — yumrusifət, alyanaq toppuş oğlan cır səslə bağırdı, — mojet tı qey so stajem?! Xoçeş predlojim xoroşiy vibro-çlen pervovo razmera po deşyovke!
Allahqulu ətrafına göz gəzdirdi, amma daşdan-qəmbərdən, dəmir-dümürdən, taxta-tuxtadan heç nə gözünə dəymədi. Əlinə fərli bir şey keçsəydi, bu tərbiyəsiz cavanları qabağına qatıb qovacaqdı. "Bicbala köpək uşaqları!" — ürəyində söylənib yoluna düzəldi. Elə bir-iki tin getmişdi ki, nəhəng vitrinin qarşısına yığılmış bir topa kişi gördü. Onların arasında yeniyetmə oğlan uşaqları da vardı, özü yaşında kişilər də. "Görəsən nə satırlar orda?" — fikirləşdi. Maraq ona güc gəldiyindən özünü qələbəliyin arasına vurdu. İçəridən qırmızı lampayla zəif-zəif işıqlandırılan vitrinin arxasında dəyirmi stullarda çılpaq qadınlar oturmuşdu. Stullar yavaş-yavaş fırlanıb, üstlərindəki gözəlçələri öndən, yandan, arxadan nümayiş etdirirdi. Qızların biləklərindən iri plastmas lövhələr asılmışdı. "Sex-şop"dakı kimi lövhələrdə qiymətlər yazılmışdı. Hər "mal"ın yaşından, bədən quruluşundan asılı olaraq Amerika dollarıyla öz qiyməti vardı. Allahqulu əvvəlcə elə bildi ki, bunlar da o biədəb mağazadakıtək maketlərdir. Amma diqqətlə bir xeyli baxandan sonra gördü ki, yox, bunlar canlı insanlardı. Qız-gəlini soyundurub, fırlanan stulların üstündə oturdaraq satışa çıxarmışdılar. Aman Allah, Avropa kinolarında gördüyü bütün mənəvi eybəcərliklər indi qabağına çıxırdı! Demə, bura onların, yəni bu yad şəhərin fahişəxanasıymış! "Heyvanıva şükr, İlahi, mən hara düşmüşəm?! Bu qürbət elə kim, necə gətirib atdı məni?!. Axı, hansı günahlarıma görə mən bu cəzanı çəkməliyəm?!." — əlbəttə, Allahqulu bütün bunları ürəyində düşündü. İçi etiraz hissindən od tutub yansa da, cınqırını belə çıxarmadı. Qorxdu ki, bu qərib şəhərin əxlaqsız sakinləri hoydu-hoyduya götürərlər onu. Elə buna görə sakitcə sivişib aradan çıxdı. Cəhənnəm olub getsinlər öz mənəviyyatlarıyla, ağrımayan başına dəsmal niyə bağlamalıydı!
Keçdiyi küçələrin bəzilərinin divarlarına ingilis, rus dillərində elanlar vurulmuşdu. Əvvəlcə buna heç əhəmiyyət verməmişdi, ancaq nisbətən xəlvət tinlərdən birində elə bil bir dəli şeytan dümsüklədi onu: "Ey dili-qafil, oxu bu kağızları!" Möcüzəydi, elanlardan bəziləri azərbaycanca, latın qrafikasıyla yazılmışdı. "N.Penus firmasına ildə iki dəfə Türkiyəyə, Dubaya, Hindistana… ezam olunmaq şərtilə 15-25 yaş arasında, bədən ölçüləri 90-60-90 olan gözəgəlimli süpürgəçi qızlar tələb olunur. Aylıq maaş 150-200$ civarında." Pa, Allahqulunu od götürdü! Elandakı məntiqsizlik dəli eləmişdi onu. Anlaya bilmədi ki, "N.Penus" firmasına süpürgəçi qızlar tələb olunur, yoxsa top-modellər?! Özü də niyə məhz 25 yaşına qədər? Bəyəm yaşlı qadınlardan xadimə çıxmaz? Hələ bu bir yana, bəs "Türkiyəyə, Dubaya… ezam olunmaq" nə deməkdi? Yoxsa o ölkədəkilər o qədər harınlamışdılar ki, artıq öz zir-zibillərini yığışdırmağa belə ərinir, digər dövlətlərdən süpürgəçi importuna möhtac qalmışdılar?! Yox, burda bir fırıldaq vardı…
Bu elanın Allahquluya bir xeyri dəymişdi: indi heç olmasa, dəqiq bilirdi ki, Türkiyədə, Dubayda, Hindistanda deyil. Bəs bu hansı ölkəydi belə? Nə olur-olsun, bunu elə indicə öyrənməliydi. Yan-yörəsinə baxdı, bir də gördü budur e, 45-50 yaşlarında iki arvad burcuda-burcuda gəlir. Arvadlardan birinin əynindəki ağ qolsuz maykanın sinəsinə iki qapqara əl şəkli çəkilmişdi. Qadın yeridikcə iri, lırt döşləri şəkil əllərlə birlikdə yırğalanır, adama elə gəlirdi ki, guya bir zənci kişi bu arvadın sinəsini gedə-gedə əlləşdirirdi. Allahqulunun ağzı açıla qaldığından heç nə soruşa bilmədi, bir də onda ayıldı ki, qadınlar artıq ötüb keçmişdilər. Tez onların arxasınca düşdü. Bu dəfə maykalı arvadın rəfiqəsinin "şortik"i onu heyrətləndirdi. Kvadrat formalı bu kök qadının iri, piyli dalına həmin o qapqara zənci "əlləri" həkk edilmişdi. Arvad yeridikcə ətli ombaları qalxıb enir, sanki rəfiqəsinin sinəsini əlləşdirən həmin "neqr" indi də onun dalına girişmişdi. Allahqulu ürəyində "lənət şeytana" deyib addımlarını yeyinlətdi, arvadlara çatanda azərbaycanca danışıqlarını eşitdi. Maykalı qadın rəfiqəsinə deyirdi:
— Eşitdin də, Zemanın qızını ər evindən qovdular…
Rəfiqəsi heyrətləndi:
— Necə qovdular, srağagün ərə getməmişdi bəyəm?
— Elə gecəylə dalından təpik ilişdirib atdılar çölə.
— A-a-a! Yazığın günahı nəydi?
— Qız çıxmışdı. Bakirəydi də…
Kvadrat formalı arvad ucadan içini çəkdi:
—V-a-ay! Zema biabır oldu. Bundan sonra camaatın arasında necə görünəcək? Cavanlığı Türkiyədə, Dubayda keçmiş o cürnə izvesnı qadın, gəl ki, qızı belə…
Maykalı qadın yanıqlı-yanıqlı köks ötürdü:
— Eh, dünyanın işlərindən baş çıxarmaq olur ki?!. Laxankalar… qalıb bir yanda, bakirələr ərə gedirlər…
Bu sözlər Allahqunu elə tutdu ki, arvadlardan nə soruşacağı da yadından çıxdı, halbuki, artıq onları haqlamışdı, hətta qadınların piyli bədənlərinin tər və dezodorant qarışığından yaranmış kəsif qoxusu da burnunu dalayırdı.
— A-a-z, bir ona bax! — Kvadrat formalı qadın çiynilə rəfiqəsinə toxunub söhbətin mövzusunu kökündən dəyişdi. O, qabaqda gedən ucaboy yeniyetmə gəncə işarə eləmişdi. Arvadlar oğlanın bərabərinə yetişən kimi ona sataşmağa başladılar. Gəncsə utandığından qulaqlarına kimi qızarmışdı. Qadınların ondan əl çəkməyəcəyini duyub yeyin addımlarla aradan çıxdı. Allahqulu daha özünü saxlaya bilmədi:
— Oğlunuz yaşında uşaqdır, ayıbdır sizinçün!
— "Yaşın nə fərqi var, sevirəm, gülüm!" — arvadlardan biri bərkdən hırıldadı. Sonra rəfiqələr ayaq saxlayıb geri çevrildilər və Allahqulunu görcək hiddətləndilər.
— Bura bax, qoca kaftar, get öz işinlə məşğul ol!
Allahqulu onların iri gövdələrini, qartal caynaqlarını xatırladan uzun, sivri dırnaqlarını, od saçan kinli gözlərini görcək həslədi, bu qadınlarla cəngə girməyin mənasızlığını dərk elədiyindən, daha burada yubanmadı. Başını aşağı salıb yoluna düzəldi. Arvadların qara-qışqırığının müşayiəti altında tini burulub gözdən itdi. "Kaftarın biri kaftar! Bir ayağı burdadır, bir ayağı gorda, gör nə fitilləyib!" "Bilmirəm bu qoca köpəyi hansı dərədən tapıb atıblar şəhərə!"
Bir xeyli gedib daha bir qələbəliyin qarşısında ayaq saxladı. Ayaq saxladı deyəndə ki, basırıqdan dayanmağa məcbur olmuşdu. Burda o qədər adam vardı ki, iynə atsaydın, yerə düşməzdi. Özü də çoxu kişi xeylağıydı, amma geyimləri, saç düzümləri qəribəydi. Əksəriyyətinin qulağından sırğa asılmışdı. Kişilərin çoxu bir-birini qucaqlayıb durmuşdular, bəzi cavanlarsa bu basabasda öpüşməklərindən də qalmırdılar. Ürəyində bu tərbiyəsizlərə nifrinlər yağdıra-yağdıra onların arasından keçmək istədi, amma qələbəliyin tən ortasında uzun, təmtəraqlı mavi maşının qarşısında ilişib qaldı. Maşın gəlin maşınıydı, bunu o saat anlamışdı. Limuzinin qapılarına olimpiya rəmzini xatırladan halqa şəkilləri vurulmuşdu ki, bu da Allahqulunun zənnində yanılmadığına sübut idi. Bəs niyə bu maşın ağ yox, mavi rəngdəydi? Güzgüsündən də qırmızı deyil, mavi lent asılmışdı. Allahqulu bunları düşünəndə birdən hamı əl çalmağa, xorla "Təbrik eləyirik!", "Pazdravlyayem!", "Xoşbəxt olsunlar!" qışqırmağa başladı. Sonra Mendelsonun məşhur marşının sədaları altında yuxarıda, izdihamın başı üzərindən görünən mavi rəngli mərmər pilləkənlərdə bəylə gəlin peyda oldu. Marşın sədaları kəsilən kimi, sovet dövrü dəbdə olan "Mavidir" mahnısını səsləndirdilər.
"Bu gün heç bilmirəm nə üçün, nədən,
Səma da mavidir, dəniz də mavi…"
Bəh-bəh-bəh, gəlin nə gəlin! Başından mavi fata asılmış qulaqları sırğalı oğlan! Bəyin də bir qulağında sırğa vardı, buna baxmayaraq, o, heç olmasa bığlıydı. Bəyin atası şadlığından yerə-göyə sığmırdı. "Gəlin"in atasısa doluxsunmuşdu. İndi onun ömrünün ən xoşbəxt anlarıydı, axı gözünün ağı-qarası sevimli oğlu… ərə gedirdi! Kişi qonaqlar (əgər onlara belə demək mümkündüsə, çünki hamı küçə şortularından da ekstravaqant geyimdəydi, çoxu — onların arasında sinli kişilər də vardı — saçlarını arxadan arvad kimi uzadıb bant da bağlamışdı!) onu təbrik edir, dodaqlarına qapanıb uzun-uzadı öpür, fürsət düşmüşkən ora-burasını da əlləşdirirdilər. Evlənənlərin anaları sevincdən axan göz yaşlarını heç cürə saxlaya bilmirdi. Bəyin anasının göz yaşları sifətindəki boyalara qarışdığından zalımın qızı lap sirk təlxəyinə bənzəyirdi.
Allahqulu eşitmişdi ki, Hollandiya "mavi"lərin cənnətidir. Niderlandda eynicinsli adamların izdivacına izn verilir və belə ürəkbulandıran mənzərələr orada adi haldı. Elə ona görə də fikirləşdi ki, yəqin ya Amsterdamdadır, ya da Rotterdam şəhərində. Gəldiyi bu nəticəyə indi özü də inanmağa başlamışdı, amma toydakıların azərbaycanca danışmaları, qarabuğdayı olması çox qəribəydi. Bəlkə Azərbaycan başbilənləri ölkədə son vaxtlar əxlaqsızlığın vüsət aldığını görüb, (cinsi azlıqlar, ələlxüsus homoseksuallar o dərəcədə azğınlaşmışdı ki, artıq yavaş-yavaş təşkilatlanır, mətbuatda təbliğat-təşviqat kompaniyası aparır, televiziya kanallarına yol tapır, Avropa Şurasının tələblərini — insan haqları, söz və cinsi azlıqlara fəaliyyət azadlığı və s. və i.a — əldə bayraq eləyib hökumətə təzyiq də göstərirdilər) hər iki dövlətin qarşılıqlı razılığı əsasında bütün "mavi" kişiləri, "lesbian" qadınları respublikadan kütləvi şəkildə Niderlanda köçürmüşdülər?! Bu fərziyyə Allahqulunun ağlına batdığından daxilən sakitləşdi. İndi toy ona hətta məzəli göründü. Kefi bir balaca kökəlmişdi, qarşısındakı homoseksualın mavi saçlarına, qulağındakı sırğaya kinayəylə baxıb pıçıltıyla soruşdu:
— Deyəsən, burdakıların hamısı əslən Azərbaycandandırlar, hə?
— Hamımız azərbaycanlıyıq, dana. — Kişi geri çevrilib sürməli gözlərini süzdürə-süzdürə cavab verdi. Onun ancaq-ancaq qırx yaşı olardı. Allahqulunun ömrü boyu dana sözündən zəhləsi gedirdi. Əvvəlcə istədi "yox bir öküz, camış" deyib idbar homoseksuala təpinsin, sonra kimlərin əhatəsinə düşdüyünü anlayıb tez fikrindən daşındı. Burda çox yubanmaq xatalıydı, dünya möcüzədən xali deyil, Allah göstərməmiş, bir tanışdan-filandan görüb elərdi onu, xəcil olardı el içində. Məqsədi hansı şəhərə düşdüyünü öyrənməkdisə, bunu alayı yerdə başqalarından da soruşa bilərdi.
Mavibaş kişi qadın kimi süzdürdüyü qonur gözlərini maraq dolu heyrətlə ona zilləmişdi.
— Nədir, əmi, yoxsa gəncliyini yada salmısan?
Vay dədəm, vay, "petux" onu özününkülərə bənzətmişdi! Mavilərin toyuna gəlmişdisə, demək, o da onlardandı. Dəhşətdən əvvəlcə Allahqulunun gözləri təpəsinə çıxdı, bilmədi bu idbara nə cavab versin, amma sonra bütün iradəsini toplayaraq güc-bəla ilə özünü ələ aldı, dabanına tüpürüb izdihamı tank kimi yara-yara əkildi. Qulaqlarında hələ də homoseksualların musiqiçilərə sifariş verdikləri "Mavidir" mahnısının sədaları səslənirdi:
"Bu gün heç bilmirəm nə üçün, nədən,
Səma da mavidir, dəniz də mavi…"
Ömründə ağlına gəlməzdi ki, sovet dövrünün populyar mahnılarından biri haçansa homeseksualların himninə çevriləcək! Nə yaxşı ki, bütün bunlar Bakıda baş vermir, yoxsa elə bilərdi dünyanın axırıdır.
Növbəti tinlərdən birində durub yenicə nəfəsini dərməyə başlamışdı ki, kişili-arvadlı, qocalı-cavanlı bir dəstə adamın kimisə hoydu-hoyduya götürdüyünü gördü. Bu, əyninə sadə, uzün don geymiş hicablı cavan qız idi. "Abırsızın biri abırsız", "utanıb yerə girmir", "kül olsun ata-anasının başına…" Qız heç kəsə əhəmiyyət vermədən məğrur-məğrur gedirdi. Allahqulu artıq ustalaşmışdı, əlüstü anladı ki, qızın adi paltarı, başını bağlaması camaatı qəzəbləndirib. Yəqin bu şəhərdə islamı xatırladan hər şey biədəblik, əxlaqsızlıq təcəssümüydü. Müsəlman təəssübkeşliyi Allahquluya güc gəldiyindən özünü qabağa verib qızın müdafiəsinə qalxdı:
— Balam, nə istəyirsiz uşaqdan?! Gedin öz əyin-başıvıza tamaşa eləyin! Bu qürbət eldə Azərbaycanın adını batırırsız!
Pa, qız yalan oldu, hamı ondan əl çəkib düşdü Allahqulunun üstünə: "Axmaq qoca, sən hardan çıxdın belə?!" "Bu kaftarı hansı əsrdən tapıb gətiriblər bura?!" "Balam, nə durubsuz, tezcənə bir polis çağırın, görmürsüz "Əl-qaidə"çidir?!." Allahqulu "Əl-qaidə" sözünü eşitcək yenidən sprinterçi məharətini nümayiş etdirməli oldu. Yerindən güllə kimi götürülüb bir dəqiqəyə iki tin qət elədi. "Qocaya baxın, nə qaçır!!" "Ujas, kakoy şustrıy stariçok!" — onu görənlər heyrətlə ayaq saxlayıb ardınca replika atırdılar. Allahqulu canının hayındaydı, bu atmacalara reaksiya verəcək halda olmasa da "qoca" sözü tikan kimi batırdı ürəyinə. Vallah, bu əndərabadi şəhərin adamlarının başları xarabdı. Kim onu görürdüsə, qoca deyirdi, hətta tay-tuşları da. Bəlkə bu qərib diyarda 45-50 yaşlı adamlar qoca sayılırdı? Bəlkə hələ də adını öyrənə bilmədiyi bu ölkənin qanunlarıyla 30-35 yaşlarında təqaüdə çıxırlar?
Allahqulu indi təhlükəsiz yerdəydi, yəni küçələrin birində, gediş-gəlişin nisbətən seyrək olduğu döngədə durub nəfəsini dərirdi. Yaman yorulmuşdu, oturub bir hovur dincini almağa gözünə hələ də bir bağdan, parkdan-filandan dəymirdi. Fikrini bir nöqtədə cəmləşdirə də bilmirdi, yoldan ötənlərdən, daha doğrusu, onların əttökən geyimlərindən əsəbiləşir, nə haqda düşündüyü yadından çıxırdı. İndi də 35-37 yaşlı hündür qadın hirsləndirdi onu. Donu dizdən azı iki qarış yuxarıydı. Kişilərdə şəhvət hissi oyadan tökmə, yoğun ayaqları vardı. Üz-üzə gəldiyi erkəklər bəlkə də elə buna görə geri çevrilib ağızları sulana-sulana ardınca baxır, bu iki kök, şəhvani ayaqları gözlərilə yeyirdilər. Özündən çox razı görünən qadın yalnız bu iki yoğun, gombul ayaqdan ibarət idi. Sanki onun nə ürəyi vardı, nə qaş-gözü, nə dil-dodağı, elə bil bu iki şişman ayaq qadın cinsinə mənsub canlı varlıqdı. "Əgər Avropa şəhərlərindən birindəydisə, — Allahqulu fikirləşdi, — Qərb gözəllik etalonuna görə, bədənin hipertrofik yerlərini göstərib bununla lovğalanmaq zövqsüzlüyə işarəydi. İncə-mincə Avropalı qadın çətin ki, belə şeyə meyl göstərəydi. O bu ayaqları gözə soxmazdı. Ancaq müsəlman ölkələrində, özü də Azərbaycanda kişili-arvadlı hamı hər şeyin yoğununu sevirdi. Deməli, bura hansısa müsəlman ölkəsiydi". Bu vaxt nəqliyyat tıxacı içindən bir marşrut avtobusu çıxıb səkinin qırağında dayandı. Sərnişinlər salonu tərk edənə kimi arxadakı maşınlar aramsız siqnal verib sürücünü tələsdirməyə başladılar. Allahqulunun ağlına bir ideya gəldi: avtobusa minib sonuncu dayanacağa qədər getmək! Beləcə, tanımadığı bu şəhərin müxtəlif yerlərinə həm tamaşa elər, həm də azacıq yorğunluğunu alardı. Necə deyərlər, bir gülləylə iki dovşan vurardı. Avtobusa minəndə şüşəyə vurulmuş marşrut sxeminə gözucu baxdı. İri 351 rəqəminin altında "Müqəddəs Valentin prospekti – Qız qalası" yazılmışdı. "Qız qalası" sözünü gözü almışdı, amma inana bilmirdi ki, bu öz Qız qalasıdır, Bakının rəmzi olan Qız qalası. Bəlkə buradakıların da öz "Qız qalası" vardı?!.
Avtobus böyük avtobus idi, lap sovet dövründəki "İkarus"lar kimi. Yerlərin hamısı tutulmuşdu. İki qoca ayaq üstəydi. Gövdələrini oturacaqlara yaymış cavanların heç tükü də tərpənmirdi. Tum çırtlayan kim, fıştırıq çalan kim, zümzümə eləyən kim, üz qabığına çılpaq qadın şəkli vurulmuş erotik jurnalı nümayişkaranə tərzdə vərəqləyən kim, öpüşən kim, mazaqlaşan kim… Pay atonnan, elə bil bütün dağları, təpələri bunlar yaratmışdılar, ayaq üstə güclə durmuş qocalarsa öz qocalıqlarının cəzasını çəkirdilər. Növbəti dayanacaqda maşına daha iki gənc mindi. Əlüstü iki sinli qadın ayağa qalxıb onlara yer göstərdi. Zalım uşaqları heç təşəkkür belə eləmədən keçib onların yerlərində oturdular. Guya elə belə də lazımmış, guya onlar qocaydılar, qocalarsa cavan. Bu şəhərdə deyəsən hər şey kəllə-mayallaq idi. Allahqulu hirsini güclə boğub pəncərədən şəhərə tamaşa eləməyə başladı. Avtobus tıxacın əlindən tısbağa kimi sürünürdü. Üzü tüklü, adi qolsuz maykada olan sürücünün yanında oturmuş tumanlı uşaq hər dayanacaqda başını qapının pəncərəsindən çıxarıb müştəri haylayırdı: "Yevangel Mayisey küçəsi.., Müqəddəs Pavel meydanı.., Sevgililər döngəsi.., Mavi park…" Yenə möcüzə: oğlan bütün bunları azərbaycanca söyləyirdi! Qürbət eldə doğma dili eşitmək Allahquluya nə qədər xoş idisə, şəhərin yeknəsəq, darıxdırıcı görkəmi onu bir o qədər mütəəssir eləyirdi. İlahi, bu şəhərin başbilənlərinin necə də primitiv zövqü vardı. Harada beş-üç metr boş yer görürdülərsə, o saat oranı zəbt eləyir, 15-20 mərtəbəli uzunsov, üstü bəzək, altı təzək binalar tikirdilər. Özü də bu binalar nəhəng domino daşlarıtək yan-yana, ard-arda bir-birinə o qədər sıx inşa edilirdi ki, biri uçulan kimi, şəhərin bütün qalan göydələnlərini də özüylə birlikdə aşıracaqdı…
Üzü tüklü sürücü avtobusu sonuncu dayanacaqda saxlayanda konduktor uşaq elan elədi:
— Qız qalası saunası! — Sonra, deyəsən, bu sözləri ingiliscə də təkrarladı. Yəqin əzbərlətdirmişdilər ona. Allahqulu ingiliscə hırnan zırı qanmasa da hiss elədi ki, uşaq da bu dildə çətinlik çəkir. Axırda bir ağız rusca da çığırdı: Sauna Devuşkə başına! — Əlbət "başnya" demək istəmişdi. Əvvəlcə cavanlar çıxdı avtobusdan. Yaşlılar ehtiramla, bir az da qorxa-qorxa onlara yol vermişdilər. Sonra qocalar düşdülər. Allahqulu hamını irəli buraxdığından lap axırda endi maşından. Bir tikə çörəkdən ötrü məktəbi atıb konduktorluq eləyən uşağa yazığı gəldiyinə görə min manatlığı onun ovucuna basıb "izdaçi lazım deyil" demişdi. Allahqulu avtobusdan enib ayağını elə yenicə asfalta qoymuşdu ki, oğlan "çoxsağol" əvəzinə çığırdı:
— Bu nədir, ay baba, bizə soxuşdurursan?!
— Min manatdır də, bala.
— Belə min manat olar, bu haranın puludur?
Sürücü tələsik özünü onlara yetişdirdi. Pulu uşaqdan alıb heyrətlə ora-burasına baxandan sonra Allahquluya təpindi:
— Bizə kəf gəlirsən, dayı?!
Allahqulu onun üzündəki təzə-təzə çallaşmağa başlamış tüklərinə baxıb:
— Min manatdır, qardaş, — dedi. — Gediş haqqı neçəyədir bəyəm?
Şofer min manatlıq əskinası onun gözləri qarşısında oynada-oynada səsini ucaltdı:
— Qoca kişisən, heç utanmırsan? Bu haranın puludur belə? Bu keçəl kişi kimdir?
— Məmmədəmin Rəsulzadədir də, tanımırsız onu?!
Sürücü min manatlığı onun cibinə basıb qışqırdı:
— Mən Məmməd-zad tanımıram, tez elə öz pulumuzu ver!
Allahqulu indi başa düşdü ki, avtobusa minməkdə səhv eləyib. Çoxu onun dilində danışsa da başqa ölkənin vətəndaşlarıydılar. Bu məmləkətdə Azərbaycan pulu işləmirdi. Cibindəki paralar indi adi kağız parçalarına çevrilmişdi. Bunlara nə çörək almaq olardı, nə su, heç bir stəkan tum da verməzdilər adama. İşlər şuluq idi. Doğma dildə danışan bu acgözlərin ürəyində nə rəhm vardı, nə mərhəmət. Bir gedişhaqqına görə gör nə qısnamışdılar onu divara. Belə getsə, qansızlar polis də çağıracaqdılar. Bəlkə qanunları, sakinləri debil olan ölkədə adi gedişhaqqını ödəməməyə görə adamı güllələyirdilər? Bunlardan nə desən çıxardı. Birdən gözü qolundakı "Pobeda" saatına sataşanda dərk elədi ki, ağır da olsa, sovet dövrünün köhnə yadigarıyla vidalaşmalıdı. Yalnız beləcə canını zəlilərdən xilas eləyə bilərdi. Bəxtindən bu istəyi də baş tutmadı, çünki sağ əlini sol qolundakı "Pobeda"nın qayışına aparanda diqqət yetirdi ki, saat işləmir. Əqrəblər dördün yarısında ilişib qalmışdı. Acgöz sürücü hirsindən ağzı köpüklənə-köpüklənə:
— Pulumu ver! — deyib onun yaxasından yapışanda Allah üzünə baxdı, (əbəs yerə adını Allahqulu qoymamışdılar ki!) başqa bir marşrut avtobusu irəli keçdi, dayanacaqdakı bütün sərnişinləri yığıb apardı.
— Vay, klentlərimizi qaçırtdılar!
Şoferlə konduktor onun yaxasından əl çəkib tələsik öz maşınlarına mindilər, motoru işə salıb avtobuslarıyla birlikdə nəqliyyat dəryasında gözdən itdilər. Allahqulu rahat nəfəs aldı, təhlükə sovuşmuşdu. İndi qalırdı bu şəhərin "Qız qalası"nı tapmaq. O da xoşbəxtlikdən, sən demə, lap burnunun ucundaymış. Geri çevriləndə görmüşdü. Üç tərəfdən "göydələn"lər arasında qalmış tikili hündürlüyüylə, ölçülərilə, zahiri görünüşüylə, bütün parametrlərilə Bakının "Qız qalası"na bənzəyirdi. Fərq burasındaydı ki, bu tikilini tarixi abidə adlandırmaq olmazdı, çünki fasadı müasir mərmər üzlüklərlə hörülmüşdü. Pəncərələrinin sayı çox idi, şüşələri də tünd, modern, lap Milli Bankdakı kimi. Divarlarında reklam lampaları sayrışırdı. İri, sensor giriş qapısının üstündən böyük monitor asılmışdı, ekranda çılpaq qadın şəkilləri bir-birini əvəzləyirdi. Tikilinin yuxarı hissəsinə elektron tablo vurulmuşdu. Titrlər aşağıdan yuxarıya yox, tablonun sol tərəfindən sağa doğru hərəkət edirdi: "Qız qalası" — super elit sauna". Ailəvi masaj - 20$, bodi masaj – 50$, idman masajı - 25$, erotik masaj – 100$…" "Super elit sauna"nın damına iynə atsaydın, adam əlindən yerə düşməzdi. Aşağıdan baxanda qarışqa kimi bapbalaca görünən çılpaq adamlar xarici estrada musiqisinin sədaları altında atılıb-düşür, ağız-ağıza verib xorla nəsə oxuyurdular. Ara-sıra yekəqarın, bazburutlu kişilər bahalı xarici maşınlardan enib giriş qapısına tərəf gedir, sensor qapılar öz-özünə avtomatik açılıb samballı müştəriləri "udurdu". Avtomatik açılan həmin bu qapılardan təşəxxüslü, yekəqarın kişilər çıxırdı. Onlar içkinin təsirindən xumarlanmış gözlərlə ətrafı süzür, erotik yaxud bodi masajdan sustalmış gövdələrini şəxsi, xidməti avtomobillərinin rahat oturacaqlarına yayaraq firavan, keyfiyyətli həyatın ağuşuna atılırdılar. Allahqulu fikir vermişdi: "Super elit sauna"ya tərəf hər adamı buraxmırdılar, belə ki, tində şlaqbaum quraşdırılmışdı. Burdan keçmək istəyən adamlar uniformalı cavanlara vəsiqələrini göstərəndən sonra şlaqbaum qalxırdı. Vəsiqələri olmayanlar oğlanların ciblərinə pul dürtürdülər, onlar da razılıqla gülmsəyir, "buyurun, buyurun" yaxud "pliz, pliz" deyə əllərinin altındakı düyməni basıb zolaqlı taxtanı qaldırırdılar.
Allahqulu yaxınlaşıb uniformalı cavanların qabağında dayandı. Ağzını açıb dillənməyə tərəddüd eləyirdi. Oğlanlar maşınların və adamların bu gur yerində birdən onu düzgün başa düşməzdilər, haray-həşir salıb polis çağırardılar, onda vay halına! Amma burdan uzaqlaşa da bilmirdi, maraq ona yaman güc gəlmişdi. Yalan söz idi, uşaqlıqdan qulağına yeridirdilər ki, guya Bakıdan başqa dünyanın heç bir yerində ikinci "Qız qalası" yoxdur. Bu "Qız qalası" onun göz açandan gördüyü doğma "Qız qalası"nın müasir, modern formasıydı. Onun keçmişini, tarixini öyrənmədən ötüb keçə bilməzdi.
— Hə, nədi, baba, sümüklərini ovxalatdırmaq istəyirsən? — oğlanlardan biri at kişnərtisini xatırladan səslə hırıldayıb balta dişlərini sərgilədi.
İkinci keşikçi Allahqulunu başdan-ayağa süzüb həmkarına dedi:
— Görmürsən xaricidir, dilimizi bilmir? Bir üst-başına bax, elə bil hansısa geridəqalmış müsəlman ölkəsindəndir…
İndən belə özünü əcnəbi kimi göstərib çox bəlalardan hifz ola bilərdi! Bu fikir Allahqulunun ağlına batdı. O saat rola girib kobud Azərbaycan ləhcəsiylə soruşdu:
— Men içeri necə keçə bilər?
Keşikçilər əllərinin baş barmaqlarını şəhadət barmaqlarına sürtüb birağızdan "mani, mani" dedilər. Allahqulu cibindən iki ədəd min manatlıq çıxarıb hərəsinin cibinə birini saldı. Oğlanlar düyməni basıb şlaqbaumu qaldırdılar, "qoca əcnəbi" zolaqlı taxtanın altından keçib on-on beş addım irəlilədi, sonra çevrilib geri boylandı. Keşikçilər onun verdiyi əskinasları gözləri qarşısına tutub ora-burasına baxır, məmnun halda gülümsəyirdilər. Deyəsən, onlar təcrübəsizlikdən, bisavadlıqdan bu pulları hansısa xarici ölkənin valyutası sanmışdılar.
Allahqulu "Super elit sauna"nın qapısı qarşısında ayaq saxladı, amma bu avtomatik qapılar aralanmadı ki, aralanmadı. Bəlkə bu elektron qapılar xüsusi proqramla işləyirdi, yəni pullu, vəzifəli adam görən kimi öz-özünə əlüstü açılır, adi fəhlə babanın üzünə bağlı qalırdı? Bakınn özündə belə əxlaqsızlıq yuvası sandığı saunalardan zindeyi-zəhləsi gedirdisə, nə iti azmışdı burada? Sadəcə, "qala"nın içini görmək istəyirdi. Uzun sözün kəsəsi, qapılardan kar aşmayacağını anlayıb ordan uzaqlaşmaq qərarına gəldi. Bu "qala-sauna"dan elə yenicə aralanmışdı ki, "sehrli" qapılar yenə öz-özünə açıldı. Statik azərbaycanlını xatırladan ortaboylu, qarabuğdayı, tüklü bir kişi çıxdı ordan. Boynundan qızıl zəncirli xaç asılmışdı. Bədəni süfrəyə təzəcə qoyulmuş xoruz əti kimi buğlanırdı. Guya qazanda indicə bişmişdi. Özüylə həmyaşıd olan bu kişi elə buğlana-buğlana da keçdi yanından. Allahqulu onu "qala"nın arxasındakı küçədə haqladı. Kişi şortikinin cibindən mobil telefonunu çıxarıb nömrə yığırdı. Allahqulu sıxıla-sıxıla soruşdu:
— Bağışlayın, qardaş, bir söz soruşmaq istəyirəm.
"Buğlanan" kişi onu indi görürmüş kimi təəccüblə baxdı.
— ?!.
— Saunanın qapıları niyə mənim üzümə açılmır?
Kişini gic gülmək tutdu:
— Nədi, dayday, yoxsa cavanlığını yadına salmaq istəyirsən?! Qoca bədəninə, deyəsən, çoxdandır qadın əli dəymir, hə?! — Allahqulunun sir-sifətini turşutduğunu görüb ciddiləşdi. — Ciblərində siçan oynayır, ona görə də qapılar açılmır, dana!
Allahqulu qeyri-ixtiyari əllərini şalvarının ciblərinə saldı:
— Beş-üç "şirvan"ım var.
— "Şirvan"? O nədir elə?
— Azərbaycan pulu.
— Burda Azərbaycan pulu keçmir. Elit saunanın qapısına pultanıyan cihaz quraşdırılıb. Xüsusi şüa vasitəsilə məsafədən müştərilərin ciblərini "görür". Xarici valyutan olsaydı, qapılar üzünə açılardı. Elə bil orta əsrlərdən gəlmisən, qoca…
— Bəyəm burda Azərbaycan manatı xarici valyuta deyil?
Allahqulunun sualı cavabsız qaldı. Kişi telefonuna baxıb ekrandakı eynəkli oğlana göstəriş verirdi:
— Maşını "Qız qalası"nın arxasına padavat elə!
Adamın ciblərini "görən" aparatlar, video-tele-telefonlar… Bu ölkə texniki baxımdan yaman inkişaf eləmişdi! Bircə marşrut avtobusları köhnəydi. Lap Bakıdakı kimi. Sınıq-salxaq "Qazel"lər, Nuh əyyamındanqalma "Raf"lar. Hələ cındırı tökülən bir xeyli "Jiquli" də gözə dəyirdi. Yəqin bu "Jiquli"lər əhalinin kasıb təbəqəsinin maşınlarıydı.
— Məzəli qocasan, dayı, — kişi gülə-gülə dedi. — Heç ürəyini sıxma, gələn səfər rastıma çıxsan, salaram səni içəri. Bilirsən nə canlar var orda? Sür-sümüyünü ovxalatdırarsan özünçün. Canında hal qalsa, yuxarı qalxıb göbək rəqsinə də tamaşa elərsən. — Bunları deyəndə başıyla "qala"nın təpəsinə işərə elədi. Elə bu vaxt dar yolla gələn "Cip" onların qabağında dayandı. Sükan arxasında bayaq video-telefonun ekranında gördüyü oğlan idi. Kişi maşınının arxa oturacağında əyləşib son dəfə heyrətlə Allahquluya baxdı, sonra gülümsəyib qapını örtdü. Sürücü o saat "Cip"i yerindən tərpədib gəldiyi yolla geri qayıtdı. Allahqulu kişidən "Super elit sauna"nın mənşəyi, tarixi barədə heç nə öyrənə bilməməsindən bərk təəssüflənmişdi. Bu yad eldə belə söhbətcil, zarafatcıl adam çətin ki, bir də rastına çıxaydı. Başqalarınasa yanaşmaqdan çəkinirdi. Onsuz da hamı ona təəccüblə, heyrətlə, bir az da şübhəylə baxırdı. Kimdi onunla durub çənə döyən? Ancaq möcüzə və ya təsadüf nəticəsində kimdənsə nəsə öyrənmək mümkün idi.
"Super elit sauna"nın böyründəki göydələnə fikir vermədən (Bakının özündəki "göydələn"lərdən də zəhləsi gedirdi. Paytaxtda onlar hələ təzə-təzə peyda olurdu. Şəhərin dağlıq hissəsindən baxanda harda, necə gəldi inşa edilən o monstrlar baş daşlarına oxşayırdı) bir az irəliləmişdi ki, yenə də ayaq saxlamalı oldu. Bu dəfə onu "Şirvanşahlar" restoranı heyrətləndirmişdi. Restoran eynən Bakının "Şirvanşahlar sarayı"ydı! Elə bil Bakıdakı tarixi abidəni əyləncə mərkəzinə çevirmişdilər. "Saray"ın sütunları arasındakı stolların arxasında imkanlı adamlar yeyib-içir, meydançanın ortasında gur ərəb musiqisinin sədaları altında bir dəstə rəqqasə göbək rəqsi oynayırdı. Restoranın qarşısına toplaşmış cavanlar darvazanın dəmir zolaqları arasından içəri boylanırdı. Restoranla "Super elit sauna" arasındakı məsafə eynən Bakıda Qız qalasıyla Şirvanşahlar sarayı arasındakı məsafə qədərdi. Bəlkə bu obyektlər — restoranla sauna Bakıdakı tarixi abidələrin surətləriydi? Bəlkə bütün Bakı əhlini öz amanabənd mikroavtobuslarıyla, köhnə "Jiquli"lərilə birlikdə haçansa bu bədheybət göydələnlər şəhərinə köçürmüşdülər, onlar da öz şəhərlərinin vizit kartı olan o tarixi abidələrin surətini yaratmaqla şanlı keçmişini unutmadıqlarını göstərir, bununla təsəlli tapırdılar? Restoranla üzbəüz səkidə qoca bir kişi oturub əntiq mallar satırdı. Qoca asfaltın üstünə köhnə, cındır xalça-palaz, qədimi aftavalar düzmüşdü. Allahqulu ona yaxınlaşaraq salam verib yanında əyləşdi. Kişi tərs-tərs ona baxdı. Amma bayaq Allahqulunu görəndə əvvəlcə onu müştəri sanıb sevinmiş, eynəyinin optik şüşələri arxasından nuru öləziyən gözlərində hətta güclə seziləcək qəribə bir parıltı da yaranmışdı. Qoca onun "dayı" sözünəmi əsəbiləşmişdi, yoxsa yanında oturmağınamı, Allahqulu bunun səbəbini anlamadı, heç anlamaq da istəmədi, çünki Məşədi İbad demişkən, artıq "bir növ adətkərdə" olmuşdu: onsuz da bu şəhərdə kimə yaxınlaşırdısa, hamı sir-sifətini turşudub ona çəpəki baxırdı.
Allahqulu satıcının yanında yerini rahlayıb:
— Allah bazar eləsin, — dedi. Kişi it mırıltısına bənzər səslə nəsə donquldanıb ona cinli-cinli baxdı. Nimdaş şalvarını dizdən qayçılayıb "şortik"ə döndərmiş qoca Tanrının yaratdığı canlı karikaturaydı: əyninə qolsuz mayka geymişdi, maykanın arxasında — kürəyində iri hərflərlə:
"Çatanda vədə,
Vergiləri vaxtlı-vaxtında ödə,
Qoy sənə deməsinlər gədə!" sözləri yazılmışdı; başındakı bir çəngə sarımtıl yoluq tükü biz-biz durmuşdu; qaşının birini qırmızı rəngə boyamışdı, o birini çəhrayı rəngə; qoltuğunun arasındakı qıllar narıncıya çalırdı; sinəsinin tükləri tünd yaşıl rəngdəydi; boyası çatmamışdımı, ya fantaziyası elə burayacanmış, nəydisə, təkcə ayaq tükləri yaşına uyğun təbii rəngindəydi — ağappaq…
Allahqulu qocanın boynundakı iri, paslı dəmir xaçı görəndə anladı ki, yad millətdən olan bu xaçpərəst kişi onun dediklərini başa düşməyib. Bu dəfə ixtiyara ingilis dilində müraciət elədi:
— Hay duydu, ankl!
Qocadan səs çıxmadı. Elə ən salamatı rus diliydi, dünyanın yarısı bu dildə danışırdı. Bakıda məgər az görmüşdü, Allahın zəncisi, qıyıqgözü də İvanın dilində qırıldadırdı. Ona görə də ruscaya keçdi:
— Kak dela, dyadya?
Qoca hirsli-hirsli fısıldayıb yenə cavab vermədi. Bəlkə o, Türkiyə ermənisiydi? Müsəlman məişətinin ayrılmaz atributu olan aftafanın nə məqsədlə işləndiyini onlardan yaxşı kim bilərdi? İçərişəhərdə belə qədimi aftafalar yaxşı pula gedirdi. Axmaq xaricilər onları bəlkə də mis dövrünün arxeoloji tapıntısı sanıb ətək-ətək (bizə görə) paralarından keçirdilər.
Allahqulu indi türkcə soruşdu:
— Nasılsın, amca?
Nəhayət, qoca ona baxıb gözlərini ağartdı, öz-özünə "Allahu-əkbər" deyib xaç çevirdi, yəni əlinin üç barmağını birləşdirib əvvəlcə alına apardı, sonra qarnına, sonra da növbəylə sol və sağ çiyinlərinə. Allahqulunu heyrət götürdü: bu əcaib qoca xaçpərəst idisə, "Allahu-əkbər" nə deməkdi?! Qəribə adamlar yaşayırdı bu şəhərdə. Hansı dinə, məzhəbə qulluq elədikləri də məlum deyildi.
— Pazarlığın iyi gedirmi? — Allahqulu türkcə davam elədi. — Şurası sizin başkendmi? İsmi ne? Şu sokak zaten bana Bakıdakı İçerişehri xatırlatıyor. Kız kalası, Şirvanşahlar sarayı… Bakıdakı kibi aynı tarixi abideler… — Kişidən səs çıxmadığını görüb əlini "Super elit sauna"ya tuşladı. — İşte şu banyonun kaç yaşı var?
— A gədə, Robik, gəl gör bu başdanxarab türk mənnən nə istəyir! — qoca restoranın darvazasından rəqqasələrə tamaşa eləyən dəstədən kimisə hayladı. Qələbəlikdən kimsə qışqırdı:
— Bir az gözlə, Edik dayı!
Allahqulunun çiçəyi çırtladı. Zənnində yanılmamışdı, bunlar, deyəsən, ermənilərdi, bəlkə də məlum Qarabağ hadisələri zamanı Bakıdan qaçmış ermənilər. Azərbaycanca gör nə təmiz danışırdılar! İndi onlardan hər şeyi yerli-yataqlı öyrənər!
Allahqulu həmyerlisiylə rastlaşdığına görə bir sevindi ki, şadlığından sualları bir-birinin ardınca güllə kimi yağdırdı:
— Ermənisən, Edik dayı? Bakının harasınnandın? Həlbət ev-eşiyinçün darıxırsan, hə? Yəqin çoxdan…
Dəhşətdən qocanın gözləri dörd oldu.
— Adə, erməni də varsan, beş də artıq! A kişi, nə istəyirsən mənnən, qoy çax-çuxmuzu eləyək də!
— Nöş hirslənirsən, dayday? Adın Edikdir, elə bildim ermənisən də…
— Erməni özünsən! — Kişi tüfəng kimi açıldı. — Sənə dedim ki, danışığıva fikir ver! Bəyəm Edik adında azərbaycanlı yoxdur?
— Bağışla, dayday, elə bildim…
— Allahu-əkbər! — Kişi acıqlı-acıqlı onun sözünü kəsib yenə xaç çevirdi. — Mənnən beşbetər, hayhayı gedib vayvayı qalıb, "dayı" deməyinə bax…
İndi də Allahqulu cinləndi:
— Atam yaşındasan, bəs səni necə çağırmalıyam?!
Qoca üzünü ona çevirib şübhəli-şübhəli baxdı. Sonra Allahqulunu təpədən-dırnağadək süzüb başını mənalı-mənalı yırğaladı. Nədənsə səsinin tonu yumşaldı:
— Deyəsən dəlixanadan bezbilet qaçmısan, ağsaqqal…
Allahqulu da indicə yıxıb-sürümək istədiyi ixtiyarın qırmızı və çəhrayı qaşlarını, sol qulağındakı sırğanı görən kimi hirsi soyudu, gülməkdən özünü güclə saxladı. İlahi, adam da özünü nə kökə salarmış!
— Qardaş, görürəm xəstə adamsan, — Edik mülayimcəsinə dilləndi, — yazığım gəlir sənə. Onsuz da bədbəxtin birisən, "eep"çilərə-zada tuş gələrsən, bədbəxt eləyərlər səni.
— "Eep"çilər nəmənədi?
— Etika-estetika polisi. — Qoca "eep" abrevviaturasını açıqladı. — Danışığın hətərən-pətərən, geyimin də biabırçılıq, əsl onların yemisən. Mən hələ "VP"çiləri demirəm…
— "VP"?!.
— Bəli, "VP"! — Qoca dostcasına gülümsədi. — Vergilər polisi! Görürəm bundan da xəbərin yoxdur. Ağıl qalıb ki başda?.. Kim bilir haçandır hava vergisi vermirsən, nə əcəb indiyədək sağsan… Mən hələ günəş vergisini-filanı demirəm…
Qoca xərifləyirdi, yəqin yaşdan idi. Hava vergisi, günəş vergisi? Bu nə danışırdı belə? Onun dediklərindən Allahqulu bir zad qanmadı. Bir-birinin qabırğasına girmiş bu göydələnlərin arasından heç günəş görünürdü ki, vergi də verəsən?
Bu vaxt Edik saatına baxıb şələ-şüləsini yığışdıraraq qablaşdırmağa başladı. Allahqulu da ona kömək elədi. Bircə uzunlülə plastmas aftafaya yer olmadı.
— Bunnan da xaricilərə satırsan? — Allahqulu soruşdu.
— Yox, bu antikvar yerlilərçündür. Bu gün beşini "əritmişəm", pis getmir. Əsasən imkanlı xanımlar alırlar. Bəzi elitarnı çayxanalarda da istifadə edirlər. Amma onlarınkı savrimennidir, mənimkinə çatmaz.
— Çayxanalarda?! — Allahqulunun gözləri dörd oldu.
— Çayı dəmləyirlər, suyu qaynadırlar, sonra hər ikisini bura töküb stolun üstünə padavat eləyirlər. Bəh-bəh-bəh, bir ləzzətli çay alınır ki! Amma onlar bu çaykeşləri Türkiyədən, İrandan gətizdirirlər. Bu plasmas dolça, — qoca aftafanı əlinə aldı, — əvvəllər buna aftafa deyirdilər, indi aftoş, keçən əsrin yetmişinci illərindənqalma antikvardır. Bunu Sovet höküməti buraxmışdı. Varlı evlərin, imarətlərin mebellərinin bəzəyidir. Axırıncısıdır. Tələsmirəm, arxayınam ki, gec-tez imkanlı bir xanım gəlib bunu da alacaq.
— Deməli, əhalisinin əksəriyyəti azərbaycanlı olan bu ölkədə aftafanın nə olduğundan heç kəsin xəbəri yoxdur?!. — Allahqulunun heyrətdən nə hala düşdüyünü indi bir Allah bilirdi. — İslam dünyasının ayrılmaz atributu olan afta…
Allahqunun axırıncı sözlərindən sonra qoca ürəyini tutub zarıdı:
— İslam dünyası nədir, zalım oğlu? Xəbərin yoxdu, müsəlmanam deyənə dağ çəkirlər? İndi elə bilərlər bomba-zaddır, biz də səninlə terrorçu, çağırarlar TMP-ni, gedərik əlli-ayaqlı…
— TMP?!.
— Terrorizmlə Mübarizə Polisi də, a dünyadan bixəbər…
Allahqulu aftafanın terrorizmlə bağlılıq ehtimalına heyrətlənməyindəykən qoca karton qutuya yığdığı mallarını belinə şələləyib ona mənalı-mənalı baxdı.
— Görürəm çoxdandır şəhərdə olmamısan, dünyadan xəbərin yoxdur. Sən də mənimtək qoca kişisən, nə ömrümüz qalıb?! Sənə qardaş kimi məsləhət vermək istəyirəm, əməl eləsən, bu yaşında başın salamat qalar. İndi mənə de görüm, ingiliscə bilirsən?
Allahqulu çiyinlərini çəkdi:
— Salam, sağol, vəssalam.
— Heyif, — Edik təssüflə köksünü ötürüb sözünə davam elədi. — İngiliscə bilənin bu ölkədə qılıncının dalı da kəsir, qabağı da. İndi bütün elitarnı ailələrdə uşaqlara laylanı belə ingiliscə çalırlar. Əlbət, fransızca da bilmirsən, hə? Heç olmasa nemes, cuhud, yapon dillərinnən birində qırıldatsaydın, birtəhər başıvı girləyərdin. Bu ölkə xaricilərindir, çox da bizimkilər idarə eləyirlər. Odur ki, dil bilmədinsə batdın…
— Türkcə ki bilirəm! — Allahqulu sevincək dedi.
— Onda sən çaldın! Kim soruşdu, deynən türkəm. Qardaş, adın nooldu sənin?
— Allahqulu.
Qoca diksindi, az qaldı şələsini salsın yerə.
— A kişi, bu nə addır belə?! Bütün dünya dövlətləri terrorizmlə vuruşduğu bir vaxtda elə onu istəyirsən ki, "Əl-qayda"çı kimi boğazlanasan?! Soruşsalar deyərsən Avramam, Arturam, beşmənkəsəm, amma bircə Allah adını bu şəhərdə dilivə gətirmə, müqəddəs Bakirə Mariyaya and olsun, məhv elərsən özüvü… Məni maraqlandırmır sən kimsən, nəçisən, amma bir onu bilirəm ki, buranın adamı deyilsən. Buranın adamısansa, yüz faiz ruhi xəstəsən. Bəlkə elə doğrudan da dəlixanadan qaçmısan, çünki görürəm ki, dünyadan xəbərsizsən. Amma bunun mənə bir isti-soyuqluğu yoxdur, əsas məsələ odur ki, bu gün xeyli qabağa düşmüşəm. Həyat vergisini, yaş vergisini, qocalıq vergisini, torpaq, hava, su, günəş vergilərini də ödəyəcəyəm, bir az da özümə qalacaq. Heç olmasa beş-üç gün çulumu sudan birtəhər çıxaracağam.
Allahqulu kirimişcə durub ona qulaq asırdı. Vergilərin absurdluğunu təfəkküründə heç cürə həzm eləyə bilmirdi. O biriləri bir yana, təkcə "hava" və "günəş vergisi" heç bir sağlam məntiqə sığmırdı!
Edik onunla vidalaşıb belindəki yükün ağırlığı altında əyilmiş halda ağır-ağır uzaqlaşaraq gözdən itəndən sonra Allahqulu onu əldən buraxdığına görə heyfisləndi. Təzə-təzə dostlaşdığı qocadan bu şəhərin tarixi, əhalisi barədə çox şeylər öyrənə bilərdi. Nəyə görə burada azərbaycanlılar çoxluq təşkil edirlər? Nə üçün həmin bu azərbaycanlılar adi aftafanın nə olduğunu bilmirlər? Edik, Robik… kimi adlar haradan yayılmışdı belə? Əcnəbilərin burada at oynatmalarının səbəbi nəydi? Nədən ötrü Allahın adını çəkmək olmazdı? Hələ "hava vergisi", "günəş vergisi"… Sual biriydimi, ikiydimi…
Bu arada kimsə uzaqlarda qəfildən "eep gəldi, eep gəldi!" çığırdı və onun çığırmasıyla restoranın darvazası ağzına toplaşmış dəstənin pərən-pərən düşməsi bir oldu. Sonra yolun başında iki qara polis nəfəri göründü. Əyinlərindəki polis formasıydı, amma şalvar əvəzinə şortikdəydilər. Lap Hindistan polisinə oxşayırdılar. Bəlkə bura elə Bombeydi, bütün azərbaycanlıları yığıb tökmüşdülər bu şəhərə? Allahqulu elə bu sualla da qanun keşikçilərinə müraciət eləyəcəkdi, amma onların qollarındakı sarğıda iri qara hərflərlə yazılmış "EEP" sözlərini görcək fikrindən daşındı. Qocanın xəbərdarlğı yadına düşmüşdü. Şər-xataya ürcah olmamış, tezcənə əkilib aradan çıxmaq lazım idi. Elə yenicə çevrilib "Super elit sauna"ya yön almışdı ki, arxadan kobud kişi səsləri eşitdi: "Dur!" "Dayan, qoca!" Allahqulunun ürəyinə damdı ki, bu, polislərdi, ona əmr eləmişdilər. Polislərdən kim xeyir görmüşdü?! Odu ki, elə yenicə dabanına tüpürüb yerindən götürülmək istəyirdi ki, paqonlular haqladılar onu.
— Ə, karqulaq qoca, bayaqdan səninləyik!
Allahqulu özünü türklüyə vurdu:
— Efv edermisiz, efendiler, xata yapdım! Umarım suçum öyle fazla deyil…
"Ə, bu türk imiş ki!" — "EEP"-çilərin qanı qaraldı. Kabab iyinə gəlmişdilər, sən demə, eşşək dağlayırlarmış!
Qanun keşikçilərindən biri — yekəqarın "EEP"-çi əlindəki zopanı qıllı ayaqlarına hirsli-hirsli yüngülcə döyəcləyərək:
— Qoca türk, — dedi, — bəxtin gətirib ki, yerli adam deyilsən, yoxsa bu əttökən geyiminlə şəhərin estetik görünüşünə xələl gətirdiyin üçün yaxşıca kötəklənəcəkdin!
Polisin zahiri görünüşü — sallaq, çəlləkvari qarnı, tüklü bədəni, əzazil baxışları ova çıxmış əlidəyənəkli neandertal adamı xatırlatdığından Allahqulunu vahimə basdı. Elə bil Afrika cəngəlliklərindən yekə bir qorillanı tutub əyninə polis forması geyindirmiş, əlinə zopa verib şəhərə buraxmışdılar. Beləsindən nə desən gözləmək olardı.
Bir az adama oxşayan ikinci paqonlu da Allahqulunu başdan-ayağa ikrah hissilə süzüb sir-sifətini turşutdu.
— Siz türklər elə odu ki, yetmiş ildir Avropa Birliyinə üzv ola bilmirsiz, dana. Ə, bu üst-başla, bu etika-estetikayla kimdi sizi Avropanın həndəvərinə buraxan?!
Allahqulu dinmədi. Qorxudan sarısını udub durmuşdu. Polislər onun timsalında sivil Avropa ölkələrinin "etika-estetika" standartlarından çox-çox geridə qalmış osmanlı türklərini xeyli dolayandan sonra ürəkləri sakitləşdi, "qoca"dan əl çəkib yollarına düzəldilər. Onlar gözdən itəndən sonra Allahqulu rahat nəfəs aldı. Xata sovuşmuşdu, polis zopalarını dadmaq "səadətindən" məhrum olmuş başı, kürəyi, sür-sümükləri salamat qalmışdı. Birdən fikirləşdi ki, bəlkə gördükləri bir yuxuymuş? Bütün yuxularından uzun çəkən yuxu. Axı o, fala, caduya, mistikaya-filana inananlardan deyildi. Dəqiq bilirdi ki, bir az əvvəl Bakıdaydı. Tanış qəzet köşkünün qarşısında durub satıcı Əskərlə mırt vururdu. Bir az o yanda polislərlə mitinqçilər arasında dava-dalaş düşmüşdü. Sonra nə olmuşdu, yadına gəlmirdi. Axı paqonlular, müxalifətçilər, elə Əskər, onun köşkü birdən-birə necə yoxa çıxa bilərdi? Belə şeylər ancaq yuxuda olardu!
Allahqulu bunları düşünüb gülümsədi, ürəyində "Allah, Məhəmməd, ya Əli" deyib yoluna düzəldi. Hara getdiyini heç özü də bilmirdi, ayaqları aparırdı onu. Ensiz, dar küçələr ona İçərişəhəri xatırladırdı, amma bir-birinə kip tikilmiş binalar İçərişəhərdəki iki-üç mərtəbəli qədim evlər deyil, uca, modern villalardı. Modern deyəndə ki, arxitektura baxımından bu villaların görkəmində heç bir yenilik-filan gözə dəymirdi. Diqqət yetirəndə görürdün ki, biri-birlərinə oxşayırlar. Fasadları, divarları ağardılmış daşlardan idi, bəzi binalara mərmərdən üzlük çəkilmişdi, qapı-pəncərələri də guya Avropa standartlarına tam uyğun gəlirdi, vəssalam. Onlara baxanda adam xoflanırdı. Bu binalar müxtəlif hormonal dərmanlar vasitəsilə əzələlərini süni şəkildə şişirtmiş "kulturçu"lara bənzəyirdi. İçərişəhərin evlərisə köhnə, ağır kişiləri, örpəkli, abırlı arvadları xatırladırdı. Bəlkə elə buna görəydi ki, hər dəfə Allahqulunun yolu İçərişəhərə düşəndə sanki ağsaqqalların, ağbirçəklərin arasıyla keçirmiş kimi istər-istəməz daxilən səfərbər olur, özünü yığışdırırdı. Burasa həsənsoxdu dəyirmanıydı, nə böyüyü bilinirdi, nə kiçiyi, ağsaqqalı qarasaqqalına qarışmışdı, qarasaqqalı ağsaqqalına. Bu dar küçələrdə kim qarşısına çıxırdısa, yarıçılpaq idi, maykadan, "şortik"dən, yüngül məstlərdən başqa heç nə yox idi əyinlərində. Çoxu ona yad olan dildə danışırdı. Azərbaycanca danışanlarınsa əksəriyyətinin ağzı söyüşlə açılıb, söyüşlə bağlanırdı. Belələrindən nə soruşaydı? Hələ bunlar bir yana, nə qədər səfirlik vardı burada! Elə bil dünyanın bütün ölkələrinin səfarətxanalarını bura yerləşdirmişdilər. Axırda dözə bilməyib, üz-üzə gəldiyi iki kişidən Azərbaycan səfirliyinin yerini soruşdu. Ağızlarında nəsə zümzümə eləyən kişilər əvvəlcə heyrətləndilər, sonra onu başdan-ayağa süzüb güldülər:
— Özünü həkimə göstərmisən, qoca?!.
Allahqulu verdiyi suala peşman oldu. Gərək dindirməyəydi onları. Bu şəhərin adamlarından hələ bir xoş söz eşitməmişdi. "Sizi görüm lənətə gələsiz!" — Allahqulu bunları ürəyində dedi, sonra dar küçələrlə, bir-birinə oxşayan şişman binaların arasıyla xeyli dolaşıb, axır ki, bu labirintdən təsadüfən çıxa bildi. Əslində, bu heç təsadüf də deyildi. Fəhmləmi, beyninin şüuraltı qatlarıylamı duyurdu ki, binalar ona tanış olmasa da, bu küçələrdən, xam adamı azdıran dolanbaclardan uşaqlıq çağlarında, cavanlığında çox keçmişdi.
Malalanmış uca hasarın darvazasından başqa küçəyə çıxanda ürəyi sancdı. Qarşısında peyda olmuş üç tərəfdən şüşəli beton tikili ona çox tanış gəlmişdi. Tikilinin üzərindəki iri "M" hərfindən bilinirdi ki, bu, metro stansiyasıydı. Gedib stansiyanın giriş qapısı qarşısında dayandı. Başını qaldırıb qapı üzərindəki yazını oxudu: "Bakı şəhər İcra Hakimiyyəti stansiyası". Gözlərini ovuşdurub bir də baxdı. Yazını düz oxumuşdu. Bakının İcra hakimiyyətinin yad şəhərin metro stansiyasına nə dəxli vardı, bunu heç cürə anlaya bilmirdi. Bura ona "Bakı Soveti" metro stansiyasını xatırladırdı. Eynən Bakıdakı həmin metro stansiyasıydı, sanki adını dəyişdirmişdilər. Hiss eləyirdi ki, qarşıdakı küçə də ona tanış gəlirdi. Hardansa Bakının İstiqlaliyyət küçəsi yadına düşdü.
— A kişi, keç yoldan, camaata mane olma! — Metroya girib-çıxanlar çiyinlərilə ona toxunub deyinirdilər. Allahqulu indi fikir verdi ki, pis yerdə dayanıb. Gediş-gəlişin ən gur yerində durub xalxın əl-ayağına dolaşır. Buna görə də məcbur olub yaxınlıqdakı bağa çəkildi. Bağ da nə bağ! Bir-iki skamyalı, beş-üç dekorativ palma ağaclı balaca sahə. Bu skamyaların, oyuncaq ağacların lap yanında növbəti göydələn tikilirdi. Tappaturupla işləyən fəhlələr artıq on səkkizinci mərtəbənin karkasını quraşdırırdılar. Ətraf betondaşıyan maşınlarla, müxtəlif inşaat texnikasıyla doluydu. Baş yolda avtomobil tıxacıydı. Biri-birinə dirənmiş maşınlar aramsız siqnal verir, küçədəki onsuz da qulaqbatırıcı səs-küyü daha da artırırdı. Ancaq Allahqulu bu saat bunların fərqində deyildi. O, Bakını yadına salmışdı. Ona elə gəlirdi ki, bura metronun "Bakı Soveti" stansiyasıydı, durduğu yersə köhnə kişilərin "Qoburnat bağı" ("Qubernator bağı") adlandırdıqları Vahid bağı. Onlarla maşının bir-birinə dirənib süründüyü küçə İstiqlaliyyət küçəsiydi, onunla kəsişən yol Şeyx Şamil küçəsi. Deməli, sola dönüb üzüaşağı getsəydi, Flarmoniyayla, Prezident Aparatının binasıyla rastlaşmalıydı, sağ tərəfə üz tutsaydı… stop! Evlər İstiqlaliyyət küçəsindəki evlər deyildi. Burda Filarmoniya-filan nə gəzirdi! Allahqulunun ürəyinə dərin nisgil çökdü. 30-35 il qabaq, onda ki, hələ uşaq idi, Yuxarı məhəllədən, Müşfiq küçəsindən podşipnikli taxta "sanka"lara minib Tramvay dairəsinin (sonralar həmin yerdə N.Nərimanova abidə ucaldıldı), Çəmbərəkəndin yanıyla M.Hüseyn, Buynakski (Şeyx Şami) küçələrilə üzüaşağı, düz Kommunist (indiki İstiqlaliyyət) küçəsinədək sürüşərdilər. Onda, deyəsən, hələ heç metro da yox idi. Sonra podşipnikli taxta arabalarını qoltuqlarına vurub pay-piyada üzüyuxarı — məhəlləyə qalxar, yenidən "sanka"larına minib eyni marşrutla ta Kommunist küçəsinədək sürətlə sürüşüb bir-birlərilə ötüşərdilər. Onda dünyanın düz vaxtlarıydı, bu qədər nəqliyyat nə gəzirdi şəhərdə. Gördükləri bir-iki köhnə avtobus olurdu, beş-üç "Pobeda", "Zimbala". Heç yol polisi-filan da gözə dəymirdi. İndisə Bakıda maşın əliindən piyada gəzmək xatalıydı, o ki "sanka" sürmək ola. Bakıya hələ min şükür, bu şəhərin işi Allaha qalmışdı, maşını sakinlərindən çox idi.
Allahqulunun nostaljiyə qapıldığı vaxt qarşısından keçən sinni kişi gözlənilmədən yerə yıxılıb sahilə atılmış balıq kimi çabalamağa başladı. Bu şəhərdə belə mənzərə yəqin adi hal aldığından küçənin ortasında ölümlə çarpışan adama əvvəlcə əhəmiyyət verən olmadı. Yalnız Allahqulunun "ay camaat, ay millət, daşdansız, dəmirdənsiz, kişi ölür axı!" hay-həşirindən sonra yerdə tirtap olmuş kişiyə maraq göstərən beş-on adam tapıldı.
— Yol verin, doktora yol verin! — camaat aralanıb bazburutlu kişini irəli buraxdı. Kişi qabağa keçib xəstənin üzərinə əyildi, qulağını onun qarnına qoyub əlilə adamlara susmaq işarəsi verdi.
— Bu necə həkimdir?! — Allahqulu təəccübləndi. — Ürəyi yoxlamaqdansa qarın yoxlayır…
Yanındakı qadın tərs-tərs ona baxdı:
— Doxturdan çox bilirsən?!.
"Həkim" bu vaxt xəstənin başını çırtmalayırdı.
— Adə, qarpız deyil e, adamdır! — Allahqulu dilini yenə dinc saxlamadı. "Həkim" bu replikanı qulaqardına vurub qəddini düzəltdi, cibindən yaylıq çıxarıb əllərini siləndən sonra xəstəliyin diaqnozunu elan elədi:
— Ostraxandroz!
— Ostraxondroz?!. — "Həkim"lə tay-tuş olan bir kişi adamların arasından nümayişkaranə tərzdə ucadan kinayəylə güldü. — Yaxşı-yaxşı fikirləşin, səhv etmirsinizmi, kolleqa?!
Kişinin şax duruşundan, tikanlı "kolleqa" atmacasından diksinən "həkim" zəndlə ona baxdı.
— Maykl Loynvord adına Özəl Tibb Akademiyasını fərqlənmə diplomuyla bitirən adamın səhv etməyə ixtiyarı yoxdur! Xəstənin sağ ayağı dizdən azacıq qatlanıb, əl barmaqları qıc vəziyyətdə, ağzı köpüklənmiş halda… bütün bu simptomlar ostroxondroz xəstəliyinin əlamətləri deyilsə, bəs nədir?!
Bunları söyləyən "həkim" lovğa-lovğa qollarını sinəsində çarpazlayaraq həşəmətli görkəm almağa çalışdı. O bu "möhtəşəm" pozasıyla həmkarından bilikdə bir boy uca olduğunu gözə soxmaq istəyirdi. "Kolleqa" da az aşın duzu deyildi, həmkarını yuxarıdan-aşağı süzə-süzə sarkazm dolu gülüşlə dedi:
— Bəs alındakı çapıq, batmış ovurdlar, alt çənənin impulsiv titrəyişləri?.. Bütün bu əlamətlər babasilə işarə etmirmi?!
— O saat görünür ki, Bakı Tibb Universitetini bitirmisiz, — "həkim" hirsli-hirsli cavab verdi, — ancaq oranın məzunları babasillə ostoxandrozu ayırd eləməkdə bu qədər çətinlik çəkər. Rüşvətlə oxumağın sonu budur…
— Rüşvətlə atan oxuyub, axmağın biri axmaq! — "Kolleqa" bomba kimi partladı. — Sən dövlət (bu sözü xüsusi vurğuladı!) universitetini özəl rüşvətxananla qarışdırma!
Bu sözlərdən sonra bir qiyam-qiyamət qopdu ki, gəl görəsən! Həmkarlar bir-birilə tutaşıb əlbəyaxa oldular. Boğuşa-boğuşa toz-tozanaq qoparıb bağın ortasınadək gedib çıxdılar, camaaat da onların ardınca! Bu vaxt qollarındakı nişanda "VP" yazılmış iki polis nəfəri hardansa çıxıb yerə sərələnmiş yaşlı kişinin başının üstünü aldı. Polislərdən biri kişini dəyənəklə o yan-bu yana çevirb xeyli "müayinə" edəndən sonra əl telefonuna oxşayan cihazı onun boğazına dirəyərək:
— Hava limiti qurtarıb, — dedi. İkinci polis ratsiyasını işə saldı:
— "Qarğa", "Qarğa", mən "Quzğun"am, necə eşidirsiz? Vergidən yayınan bir qocanın hava limiti qurtarıb, çabalayır. İcazə verin aparıb məhkəməyə təhvil verək. Oldu!
Bayaqdan asfalt üzərində çabalayan adam beş-üç dəqiqədən sonra özünə gəlib rahat nəfəs almağa başladı. Polislər əlüstü onu ayağa qaldırıb qollarını qandalladılar. "Dustaq" yalvarmağa başladı:
— Buraxın məni, nəyə istəyirsiz and içim, ürəyim getmişdi, hava borcum yoxdur!
— Kampiter yalan göstərmir! — Polislərdən biri bağırdı.
— Borcum yoxdur, borcum yoxdur! — Yazıq ilan dili çıxarıb yalvarırdı.
— Məhkəmədə ayırd edərlər! — Polislər ona məhəl qoymadan sürüyə-sürüyə apardılar.
Bayaqdan heç nəyə qarışmadan biganəliklə bu mənzərəyə tamaşa eləyən adamlar dağılaşanda Allahqulu onlara müraciətlə:
— Bunun günahı nəydi? — soruşdu. Ona təəccüblə baxıb heç bir söz demədən hərə öz yoluna düzəldi.
…Allahqulu birdən-birə yenidən özünü naqolay hiss elədi. Ürəyi bulanırdı, nəfəsi ağırlaşmışdı. Hər şey bu lənətəgəlmiş şəhərin boğucu havasındandı. Adamlar necə yaşayırdılar burda, bir Allaha məlum idi. Hər yan bir-birinin qabırğasına dirənmiş göydələnlər, hər tərəfdə maşın tıxacı, basırıq, oturub bir hovur dincəlməyə bir fəvvarə, park, bağ-bağça yox. Nə günəş görünürdü, nə göy üzü. Bu bədheybət, eybəcər binaların üstünü örtmüş qara duman — küçələrdə qarışqa kimi qaynaşan avtomobillərin tüstüsü — bu idimi göy üzü, səma?! Körpələr valideynlərindən "göy, asiman, fəza nəmənədir?" soruşanda onlara bu qara dumanımı göstərirdilər? Bu şəhərdə göy yox idi, qara vardı! Bəlkə burda göyə qara deyirdilər?!.
Yenə də eyni şeyi düşündüyünə görə özünə acığı tutdu. Cəhənnəm olsun bu şəhər də, onun göyü də, qarası da, maviləri də! Başqa fikri, dərdi-səri yox idi? Bakı birdən-birə hara qeyb olmuşdu? Ailəsi indi haradaydı? Əskər neyləyirdi?.. Bütün bu suallara cavab tapmaqdan ötrü gərək özünü həkimə göstərəydi, amma hələ ki, gözünə xəstəxanadan, poliklinikadan-filandan dəymirdi, yoxsa buranın sakinlərinin canları dəmirdəndi, azar-bezar bilmirdilər nə olan şeydir? Xəstələnəndə də bayaqkı sinli kişi kimi birdəfəlik tirtab olub sərələnirdilər küçənin ortasına? Birdən gözünə iki göydələnin arasına dürtülmüş üçmərtəbəli möhtəşəm bir saray dəydi. Sarayın ən uca nöqtəsində nəhəng, işıq sçan lövhədə "Stella" şadlıq evi" yazılmışdı. İri reklam lövhəsində ziyafət zalının tən ortasında durmuş limuzin şəkli gözə girirdi. Şəklin altındakı mətnə gülməyi gəldi: "Gəlin maşınının ziyafət zalına daxil olduğu ilk və tək məkan!!!" Pa atonnan, müştəri sorağıyla tay nələr fikirləşmirlər! Yox bir "gəlin maşınının bəyin düz yataq otağına daxil olduğu ilk və tək məkan"! Elə bu fikirlərlə də nəzərlərini "şadlıq evi"ndən yayındırıb yaxınlıqdakı göydələnə baxdı. Əslində, göydələnin birinci mərtəbəsinin iri, tunc rəngli şüşə vitrinləri, daha doğrusu vitrinlərdəki tibb emblemi — cama dolaşmış ilan şəkilləri onu özünə cəlb eləmişdi. Əvvəlcə elə bilmişdi ki, bura əczaxanadır, vitrindəki yazılar da dərmanların siyahısı. Amma sonra geniş, qəşəng, tünd rəngli qalın taxta qapının üzərindəki uzaqdan adamın gözünə girən elanı oxuyanda bərk sevindi: "Professor Atabalavver Memmedssonun "Xilaskar əllər" tibb mərkəzi". İstədiyim yar idi, yetirdi Pərvərdigar! Cəld özünü "Xilaskar əllər"ə çatdırdı. Reklam lövhəsindəki mətndən belə bəlli olurdu ki, guya burda babasildən tutmuş bədxassəli şişlərə qədər hər cür xəstəliyi tez və keyftyyətlə, ən başlıcası, ucuz qiymətə tam müalicə edirdilər. Reklam mətnindən o da məlum olurdu ki, guya dünya şöhrətli bu tibb mərkəzində tibb elmində analoqu olmayan üsullarla qısa bir zamanda ölünü belə ucuz qiymətə dirildirdilər! Nəsə, burda təəccüblü heç nə yox idi. Bakıda axır vaxtlar yağışdan sonrakı göbələklər kimi get-gedə sayı artan şəxsi xəstəxanaların, tibb mərkəzlərinin, poliklinikaların da reklam mətnləri beləydi. Onu heyrətləndirən burda çalışan həkimlərin şüşə lövhəyə vurulmuş qəribə adları, soyadlarıydı: "Uroloq. d-r. Turalik Xuanballa. kabinet 3; Veneroloq. prof-r. Canalli Qurbanberq. kab.8; Psixoloq. tibb elmləri namizədi Eldarado Canbaxışeller. kab.16; Cərrah. prof-r. Salem Şirrreroff. kab.23; Qulaq-burun-boğaz. d-r. Yulis Babuino. kab. 44…" Ömründə belə həftəbecər ad-soyad eşitməmişdi. İndi canının hayına qaldığından buna çox əhəmiyyət vermədi. Tibb mərkəzinin ağır taxta qapısını açıb içəri girdiyi bir məqamda arxadan qəribə səslər eşitdi: "Səfeh qoca…" "Bəlkə hələ beş-on gün ömrü qalmışdı, öz əl-ayağıyla gəlib qəbrə girir…" "Görəsən vəsiyyət edibmi?!." Bir anlıq ayaq saxlayıb çiyni üzərindən geriyə boylandı. Yoldan ötən təsadüfi adamlar iş-gücünü atıb onun ardınca baxır, təəssüflə başını bulayırdılar. Nəyə görəsə onların Allahquluya sidq-ürəkdən yazıqları gəlmişdi…
Allahqulu tibb mərkəzinə girib qapını arxasınca örtən kimi elə bil içində nəsə qırıldı. Ürəyini sirli-sehrli xoşagəlməz hisslər bürüdü. Sanki iki iri, ağır daş bağlanmış ayaqlarını ardınca sürüyüb xalı döşənmiş kimsəsiz dəhlizlə aram-aram addımladıqca bu qəribə hisslər daha da şiddətlənirdi. Bəlkə də haçansa eynən bu halı təsadüf ucbatından yol azıb ac şirlər mağarasına girmiş hansısa gicbəsər antilop keçirmişdi, kim bilir…
"Reqistriasion" (Qeydiyyat otağı) yazılmış ilk otağın şüşəsi arxasında ağ xalatlı qız başını stolun üstünə qoyub şirin-şirin yatmışdı. Allahqulunun yazığı gəldiyindən onu yuxudan oyatmamışdı. Solu, sağı nömrələnmiş kabinetlərdi. Amma reklam lövhəsindəki mətndən fərqli olaraq həkimlərin adı-soyadı qapılara iki dildə yazılmışdı: "…d-r. Turalik Xuanballa (Tural Xanbala); Canalli Qurbanberq (Canəli Qurbanov); Eldarado Canbaxışeller (Eldar Canbaxışlı); Salem Şirreroff (Səlim Şirinov); Yulis Babuino (Yunis Babulla)… Sonuncu soyadın tərcüməsi Allahqulunu əsəbiləşdirdi. Gül kimi Babullanı meymun cinsindən olan BABUİNə döndərmişdilər. BABUİNonunun əvəzinə BABULLlino pismi səslənəcəkdi?!. Ümumiyyətlə, adı, soyadı xarici dilə tərcümə eləmək kimə gərəkdi, bunun nə mənası vardı?!. Nəsə… qəribə, əndrabadi millət yaşayırdı bu şəhərdə!
"Terapevt (can həkimi) d-r. Maksimus Xose Antoniyo (Maqsud Xosu oğlu Anatollu)" yazılmış qapı azacıq aralıydı, amma otaqda heç kəs görünmürdü. Hər ehtimala qarşı qapını ehmalca döyəndən sonra içəri boylandı, yenə də heç kəs gözünə dəymədi. O biri kabinetlər də beləydi. Diş həkimi və cərrahın otağının ağ kaşı vurulmuş divarlarında qırmızı ləkələr vardı. Diqqətlə baxanda qan izinə bənzəyən ləkələr dəhlizin divarlarında da nəzərə çarpırdı. Tibb mərkəzinə çökmüş bu sakitlikdən Allahqulunun ürəyini vahimə bürüdü. Burada ölüxana sükutu hökm sürürdü. Nəhayət ki, dəhlizin axırında qulağına anlaşılmaz səslər dəydi. Bir az da qabağa gedəndə gördü ki, ağ xalatlı yaşlı xadimə qadın kimyəvi məhlulla dolu vedrənin qarşısında çömbəlib parket döşəmədəki bozumtul ləkələri (!) əski parçasıyla sürtə-sürtə zümzümə eləyirdi: "Həpi tu yu-yu-yu; Həpi tu yu-yu-yu…" Bura da başqa bir dəhliz idi, amma uzunsov yox, kvadrat. Yarı aralı qapısına "Baş həkim d-r. Seyyid-Aleks Karaballo (Seyid-Əli Qarabağlı)" yazılmış otağın yanında qəbula gələn adamlarçün iri, enli divan qoyulmuşdu. Baş həkimin kabinetindən yoğun, hirsli kişi səsi eşidilirdi:
— Beləliklə, mən sizə sonuncu xəbərdarlıq eləyirəm. Tibb mərkəzimiz tamamilə iflas olmaq qarşısındadır. Nəzərinizə çatdırmaq istəyirəm ki, hamimiz cənab Ataballaver bir ay vaxt verib bizə. Ya adam balası kimi işləyib onun dolyasını qaytarmalıyıq, ya da şələ-şüləmizi yığıb burdan cəhənnəm olmalı, özümüzə başqa sənət tapmalıyıq. Bu variant toyagetməlidir. Vay o gündən ki, cənab Ataballaver bizi məhkəməyə verə. Görüm onda bu boyda zırıltının altından necə çıxacağıq! Belə də biabırçılıq olar, altı aydır bir xəstə bu xarabanın qapısını açmayıb! Altı aydır bir naxoşun ayağı dəyməyib qurd piyi çəkilmiş bu viranəyə! Belə də tibbi mərkəz olar?!.
Kimsə etiraz elədi:
— Seyid Ağa müəllim, neyləyək e, camaat gəlmir də mərkəzimizə!
Bayaqkı hirsli səs daha da yoğunlaşdı:
— Sənə min dəfə demişəm ki, Seyid Ağa müəllim yox, cənab Seyyid Aleks! Bütün sivil dünyanın fanatik, terrorçu islam fundamentalizminə qarşı qanlı mübarizə apardığı bir zamanda hamımız burada qohum, yerli olmasaydıq, bu təxribatçı replikana görə dərinə saman təpərdilər. Axmağın biri axmaq, xəbərin yoxdurmu ki, müsəlmançılıqla hələ on il əvvəl vidalaşmışam? Düzdür, əvvəlcə "Yeqovanın şahidləri" xristian dini təşkilatının fəal üzvü oldum, ancaq elə ki, beş il qabaq gəlirimi kəsdilər, aylıq müftə pulumu vermədilər, "Pyatidesyatniklər"ə qoşuldum. Bəs sən özün, krişnait oğlu krişnait, guya bunlardan xəbərin yoxdur, hə? "Camaat gəlmir, camaat gəlmir!" Camaat hara gəlsin?! Sizin o mürdəşir… tfu, müqəddəs Pavel atanın yuduğu sifətlərinizi görməkdən ötrümü? Axırıncı kərəm bura altı ay əvvəl naxoş gəlmişdi. Özü də imkanlı adam. Başına nə oyun açmadız? Kor bağırsağının əvəzinə mədəsini kəsdiz, dişini müalicə etmək yerinə vurub cəhəngini qopardınız. Sizə diplom verənin atasına lənət! Qohumum, yerlim olmasaydız, hamınızı iti qovan tək qovardım burdan! İmpotensiyayla sonsuzluğu ayırd eləyə bilməyən uzunqulaqlar! Necə sizə anladım ki, qriplə tif ayrı-ayrı xəstəliklərdir; öd kisəsinin iltihabıyla babasil arasında yerlə göy qədər fərq var; çəpgözlüyün panosa heç bir dəxli yoxdur?! Neçə günahsız adamı o dünyaya yollamısız, neçəsini ömürlük şikəst qoymusuz, heç sayını bilirsiz?! Yaxşı ki, indi camaatın əksəriyyəti ölülərini yandırır, müsəlmansayağı basdırsaydılar, əməllərinizin bəhrəsi kimi şəhərin ətrafı indi nəhəng bir qəbiristanlığa çevrilmişdi! Mərkəzimizin təzə-təzə açıldığı vaxtları xatırlayırsınızmı? Xalqın onda hələ tibb ocaqlarına böyük ümidi vardı. Millət onda bütün vergiləri unudub axın-axın axışards bura. Arvad-uşaqlarının boğazından kəsdiklərini siz haramzadalara yedizdirərdilər. İndi gör nə günə qalmışıq ki, ingilis dilində hırnan-zırı qanmayan adicə xadimənin də donluğunu ödəməyə acizik. Allahın tupoy süpürgəçisi "ya maaş, ya istefa!" — deyib bizi Avropa məhkəməsiylə hədələyir! Bütün taxsırlar məndədir. O cürnə mütəxəssisləri qovub siz qoyunotaran zoofilləri yığdım başıma, bu da nəticəsi. İndi o həkimlərin sorağı Avropadan, Amerikadan gəlir, mənsə siz çoban uşaqlarına hələ də qandıra bilmirəm ki, ürək sağda yox, sinənin sol tərəfində yerləşir; qara ciyər başqa şeydir, ağ ciyər tamam başqa şey!..
Allahqulu yoğun səsli kişinin halına acıdı. Qohumbazlığın, yerlipərəstliyin, pulla uşaq oxutdurmağın axırı elə belə də olmalıydı! Belə bir son Azərbaycanı da gözləyirdi! Kişiylə həmrəyliyini bildirmək məqsədilə elə təzəcə başını aralı qapıdan içəri salıb salam vermişdi ki, otaqdakı ağxalatlıların hamısının dəhşətdən gözləri təpəsinə çıxdı. Elə bil neçə milyon il qabaq nəsli kəsilmiş hansısa dinozavrmı, mamontmu dirilib Allahqulunun simasında zühur eləmişdi! Əvvəlcə baş həkim — bayaqdan məruzə eləyən kişi əlini ürəyinin üstənə qoyaraq "T" formalı stolun baş ucundan yavaş-yavaş ayağa qalxıb titrək, yoğun səsilə "xəstə-ə-ə…" pıçıldadı, sonra uzunsov stolun ətrafında oturmuş digər ağxalatlılar da özlərinə gəlib ağır-ağır yerlərindən durmağa başladılar. Onların gözləri qəfil baş vermiş möcüzədənmi, altı aylıq fasilədən sonra heç gözlənilmədən iş yerlərinə qədəm basmış müştərini görmək səadətindənmi-nədənsə işım-işım işıldayırdı.
— Sənə qurban olaq, sevimli xəstə, keç içəri… — Baş həkim xırıltılı səslə pıçıldadı, sanki indicə canı ağzından çıxacaqdı. "Xəstə… xəstə…" — otağı uğultu bürüdü. Biri cibindən iri kəlbətin çıxarıb havada oynada-oynada:
— Qədəmlərinə qurban, xəstə əmi, — dedi, — indicə sənə elə bir protez diş qayırım ki, qoz sındırarsan.
— Ölüm ayağının altında, xəstə baba, — başqa birisi sağ əlində tutduğu cərrah bıçağını itiləyirmiştək sol əlinin içinə sürtə-sürtə dilləndi. — Görünür mədəndə xora var, bu dəyqə onu elə kəsib götürüm ki, heç ruhun da inciməsin…
Sonra terapevt də dil açdı, uroloq da, loqopet də… hətta ginekoloq qadın da öz xidmətlərini ona təklif elədi:
— Xəstə dayı, baxma ki, mamaçayam, kişi xəstəliklərindən də başım çıxır. Yəqin prostat vəzin incidir səni. — Ginekoloq hardansa iri bir maqqaş çıxarıb Allahquluya tərəf tuşlayaraq əlavə elədi: Beşcə dəqiqəyə şişini elə qoparım ki, heç uf da eləməyəsən…
Allahqulu onların qaynaşan gözlərindən, əllərindəki Nuh əyyamındanqalma tibbi alətlərdən bərk qorxdu, amma onu ən çox qorxudan bu ağ xalatlı "ovçu"ların sanki uzun sürən aclıqdan sonra şikar tapmış kaftar sürüsütək pəncələri üstə, ustufca-ustufca ona sarı yerimələriydi. Elə bil bu göydəndüşmə "ov"un indicə ürküb qaçacağından yamanca ehtiyatlanırdılar. Amma o bu gümanında yanılmamışdı, bunu baş həkimin öz həmkarlarına az qala yalvara-yalvara dediyi sözlər də təsdiqləyirdi: "Uşaqlar, sizi and verirəm müqəddəs Yeqovaya, yavaş-yavaş, yavaş… xəstəni hürkütməyin…" Məsələnin nə yerdə olduğu ancaq bu vaxt Allahquluya çatdı. Başa düşdü ki, bir an da yubansa, bu ölkənin adətlərinə uyğun olaraq bir-iki saatdan sonra krematoriyada yandırılacaqdı, odur ki, vaxt itirmədən tez dabanlarına tüpürüb "asta qaçan namərddir" deyə aradan çıxdı. "Tutun xəstəni!!!" — Baş həkimin bağırtısı belə daha onu əyləyə bilməzdi. Arada xadimə qadının kimyəvi maye dolu vedrəsi Allahquluunun ayağına dolaşıb aşdı, arvadın onun ardınca tolazladığı "şvabra" da kara gəlmədi. Baş həkimin kabinetindən çıxan ağxalatlılar sürüşkən döşəmədə büdrəyib bir-bir yerə çırpıldılar. Sözün əsl mənasında həyat və ölüm arasında qalmış Allahquluya ən son maneə qeydiyyat otağında mürgüləyən qız idi ki, o da şirin yuxusundan ayılıb dəhlizdəki vurçatlasından xəbər tutanacan iş işdən keçmişdi — Allahqulu artıq küçədəydi! Burdasa bir dəstə adam polislərin müşayiətilə küçə boyu irəliləyirdi. Başları daz qırxılmış bu adamlar kəfən kimi ağ parçanı əyinlərinə dolamışdılar. Əllərindəki transparantlarda "Krişna Allaha ibadət edin!" sözləri yazılmışdı. Bəziləri inəyin (!) və ağ parçaya bürünmüş hindistanlıya bənzər keçəl kişinin şəkillərini başları üzərinə qaldırmışdı. Allahqulu bu dəqiqə özünü ilan ağzından çıxmış qurbağa kimi hiss eləsə də təhlükənin tam sovuşduğuna əmin deyildi. Buna görə də hər ehtimala qarşı özünü krişnaçıların arasına vurub onların "Krişna rama, rama Krişna" dualarını dinləyə-dinləyə "Xilaskar əllər"dən uzaqlaşdı. Sonra rahat nəfəs almaqdan ötrü izdihamdan aralanıb səkiyə çıxdı. Krişnaçıların ardınca yenə də polislərin müşayiətilə başqa bir dəstə gəlirdi. Bunlar "Yeqovanın şahidləri"ydi. Onların arxasınca "Pyatidesyatnik"lər keçdi. Daha sonra növbə "Babtistlər"ə, "Şəfaverici xaç suyunun ardıcılları"na… çatdı. Yoldan ötənlərsə yəqin öyrəncəli olduqlarından bütün bunlara biganəydilər. "Lüteranlar" dəstəsinin transporantlarından birinin yazısı Allahqulunu yaman heyrətləndirdi: "Hamı motodroma!!!" Onun yadına Azərbaycan müxalifətçilərinin bəyənmədikləri Biləcəridəki məşhur motodrom düşmüşdü. Sən demə, bu şəhərin də öz "motodrom"u varmış! Bərəkallah! Elə bu vaxt əsasını taqqıldada-taqqıldada küçəylə keçən "şortik"li (!) qocanı görcək Allahqulunun çiçəyi çırtladı.
— Ekskyüzmi, ankl, — deyə kişiyə yaxınlaşdı. Qocanın təəccüblə baxdığını görüb ona ingiliscə müraciət eləməyinin mənasızlığını anladı. O bu dildə heç nə qanmırdı.
— Ə, nə istəyirsən? — Qoca ayaq saxladı. Bu dəfə Allahqulu təəccübləndi. Onun azərbaycanca bildiyini heç gözləmirdi.
— Bağışla, ağsaqqal, — Allahqulu utana-utana soruşdu, — bunlar kimdir və hara gedirlər?
Qoca kinayəli baxışlarıyla Allahqulunu başdan-ayağa süzüb:
— Dostum, — dedi, — deyəsən, başqa ölkədən gəlmisən. Bə bilmirsənki bunlar dini azlıqlardır? Bu gün nümayiş günüdür. Bütün dini, milli, cinsi azlıqların motodromda nümayiş keçirdikləri gündür.
— Sizdə də motodrom var?!
— Sizdə bilmirəm, bizdə var.
— O harda yerləşir?
— Biləcəri aşırımında. Piyada getsən axşam ordasan, maşınla üç günə…
— Burda da Biləcəri?!. — Allahqulunun ağzı açıla qaldı. Qoca ona daha heç nə demədi. Heyrətlə başını buladıqdan sonra ağır-ağır yoluna düzəldi. Allahqulu qocanın ardınca baxa-baxa qalmışdı. Möcüzəydi: burda — tanımadığı, alışa bilmədiyi bu qəribə şəhərdə də Biləcəri vardı, burda da nümayişləri motodromda keçirirdilər, amma Bakıdakından fərqli olaraq ora gülə-gülə, sevinə-sevinə, "Krişna rama, rama Krişna", "Vo imya Otsa i Svytovo duxa"… kəlamlarını dodaqlarında zikr eləyə-eləyə gedirdilər. Onları gülərüz, mehriban polislər müşayiət edirdi. Başlarına zopa dəymirdi, "demokratik" dəyənəklər yemirdilər.
"Mavidir" mahnısının sədaları altında "Yaşasın həmcins seksual partnyorlar!", "Gələcək "gey"lərindir!", "Daim Kişi+Kişi olsun!", "Xoruz" deputatlara daha çox imtiyazlar verilsin!" kimi transporantlarla "silahlanmış" seksual azlıqlar şosedə görünən kimi Allahqulu cəld oradan uzaqlaşdı. İki tin aşağıda növbəti göydələnin ofisə çevrilmiş birinci mərtəbəsi qarşısında iynə atsaydın, adam əlindən yerə düşməzdi. Çoxu da qız-gəlin idi. Kompaniyanın iki dildə yazılmış adı Allahqulunu açmadı: "Mame Roze off kompany" ("Mama Rozanın kompaniyası"). Giriş qapısının üzərindəki iri lövhəyə sarı parikli, qırmızıyanaq gombul qadının şəkli vurulmuşdu. Şəklin altında elan vardı: "Gənc qızlar və xanımlar, Roza ana sizi xaricə işə dəvət edir. Dubay, Türkiyə, Hindistan — 16-25 yaşlı qızlar üçün ayda 2000-2500$, 25-dən 35-dək 1000-1500$, Afrika ölkələri — gənc qızlar 500-1000$, 25-35 yaşlı xanımlar üçün ayda 300-500 dollara qədər… Şərtlərimiz: yaş — 16-35 arasında, bədən quruluşu — gözəgəlimli. Seçim — müsabiqə əsasında. Müsabiqəyə qatılmaq üçün kompaniyamıza aşağıdakı arayışlar təqdim edilməlidir: şəxsiyyət vəsiqəsi, sağlamlıq haqqında arayış, öndən, arxadan, yandan üç ədəd çılpaq fotoşəkil, evli xanımlar üçün ərlərinin, həddi-buluğa çatmamış qızlar üçün valideynlərinin Dövlət Notarial konturunda təsdiq edilmiş yazılı razılığı və 100$ dövlət rüsumu ödənilməsi barədə qəbz." Bu vaxt leqal fahişəxananın qapıları açıldı və iki qısa donlu, totux-motux qız uşağıyla çölə çıxan yarıçılpaq cavan qadın xoşbəxt-xoşbəxt ətrafa baxıb qələbəlikdən kimisə səslədi:
— Alik! Alik!
"Şortik"li yekəqarın, tüklü kişi camaatı aralayıb qadının üstünə atıldı, ondan nəsə soruşub sevincək "yes!!!" bağıraraq arvadla qızları bağrına basdı. Sonra dördü də qolboyun olub, həsrətlə onları süzən izdihamın arasıyla şəstlə irəliləməyə başladı. Onlar Allahqulunun yanından ötəndə şadlığı yerə-göyə sığmayan kişinin bəxtəvərcəsinə qadına dediyi sözlər aydınca eşidildi:
— Hər üçünüzü müsabiqədən keçməniz münasibətilə təbrik eləyirəm, mənim əzizlərim! İnanırdım ki, başımı ucalara qaldıracaqsınız!
— Papa, heyif ki, mama yaşına görə Afrikaya düşdü, — qızlardan biri təəssüfləndi.
— Müqəddəs Valentinə and olsun, buna da min şükr! — Kişi kefini pozmadan cavab verdi. — Budey qonşu qadın Jorjetta… Heç otuz yaşı yoxdur, dalbadal üç ildir müsabiqədən keçə bilmir.
Arvad söhbətə müdaxilə edib kişinin sözünə qüvvət verdi:
— Yazıq əri nələr eləmədi ondan ötrü. Xirtdəyədək borca girib şəhərdə fitnesklub, aerobika, sportzal qalmadı aparmasın arvadını. Heç bir xeyri olmadı. Beş-altı kilo arıqlaya bilsəydi, indi saunalarda çürüməzdi, ölüsü Laosda, Vyetnamdaydı. Ən azından Fil Sümüyü shillərində işlərdi özüyçün…
— Yaxşı, mənim əzizlərim, onun-bunun dərdini çəkmək bizə qalmayıb, nə vaxt yola düşürsünüz? — Kişi səbirsizliklə soruşdu.
— Cümə axşamı.
— Sizi aeroportdan özüm yola salacam!
Allahqulu bu xoşqeyrət ailənin ardınca baxıb hirslə yerə tüpürdü. Bakıda da arvad-uşağını "alver" dalınca Dubaya, Türkiyəyə yola salan kişilər haqqında eşitmişdi; "mama rozalar"dan, əslində qadın alveriylə məşğul olan müxtəlif turist firmalarından da xəbəri vardı, amma burda gördükləri əxlaqsızlığın ən yüksək zirvəsiydi! İş gör nə həddə çatmışdı ki, kişi fahişəlik müsabiqəsindən uğurla keçmiş əhli-əyalıyla qürrələnirdi! Sənə min şükür, ay Bakı!
— Nəvənizi gətirmisiniz müsabiqəyə, yoxsa nəticənizi? — Yekəqarın, qısadonlu yaşlı qadının səsi Allahqulunu fikirdən ayırdı. — Mən nəvəmləyəm. Uşaq içəridədir. Sevimli Sabinkam. İoan ataya and olsun, müsabiqədən keçsə, bir çoşka nəzir demişəm, xalis Urusyet donuzu! Məgər ondan artıqları keçəcək, niyə də keçməsin?! Təsəvvür edirsinizmi, Syabamın hələ on yeddi yaşı olmayıb, amma bir oynayır, bir oxuyur, bir çalır ki…
— ?!.
— İnanıram, mənim Syabam mütləq müsabiqədən keçməlidir. O, Türkiyənin, Dubayın ən bahalı otellərinə, kazinolarına layiq qızdır! Siz bir onun fiqurasını görəydiz! Yaşının az olmasına baxmayın, çox təcrübəlidir, iyirmi-otuz dəfə uşaq salıb…
"Bu axmaq qarı nə danışır, İlahi?!" — Allahqulunun dili-ağzı qurudu. Onun yekə, lırt, sallaq qarnına, qısa donu altından çıxmış çubuq ayaqlarına, keçmiş SSRİ-nin xəritəsini andıran qırışlı sinəsinə baxanda ürəyi bulandı. Cavanlığında bu qarının üzü üzlər görmüşdü ha! Buna şübhə ola bilməzdi. Onun batini zahirindən də iyrənc idi. Allahqulu ömründə insanlara xarici görkəmlərinə görə qiymət verməmişdi. O qədər zahirən eybəcər, daxilən gözəl, mənən təmiz, saf insanlarla rastlaşmışdı ki. Onların zahiri kifirliklərində belə sanki bir cazibədarlıq vardı! Elə Əskərin özü, sifətini heç it də yalamazdı, amma o, Allahqulunun xoşuna gəlirdi, elə bu sifətdə, bu xasiyyətdə. İndi qarşısında durub ağzını Allah yoluna qoymuş bu qarı kimilər həmişə ürəyini bulandırmışdı. Bu dəqiqə yenə də çiyrəndiyindən ödü ağzına gəlirdi: qabağındakı qadın iyrəncliyin, eybəcərliyin canlı təcəssümüydü!
— Deyirlər Türkiyədə, Dubayda, Hindistanda enli, aşağı hissədən yoğun qızlarımıza bərk tələbat var. Afrikada ağbəniz, sarışın qızlrımız xod gedir. Trinidad Tobaqo, Fil Sümüyü sahillərində…
— Ay xala, — Allahqulu yavaş-yavaş cin atına minirdi, — bəs sizin kişilərə heç yanda tələbat yoxdur? Azərbaycanlılar haqqında eşitmisən? Kimin oğlundan əskiyik? Elə mən özüm, baxma ki, qırx beş yaşım var, ehtirasda nə əfəndilərdən geri qalaram, nə də ərəb şeyxlərindən. Şəhərinizdə elə bir idarə, təşkilat varmı orda mənim kimi erkəklərə də "spros" olsun? Ayda yüz, iki yüz dollara zənci kimi "işlərdim"…
— Ə, qoca kaftar, xala sənin qızındır! — Qarı yumruqlarını düyünləyərək yambızlarının üstünə qoyub kiril əlifbasındakı "F" hərfi formasını aldı. Bu, qadınlarda davaya çağırış idi. — Mən bunu adam bilib yaxınlaşdım. Bir ayağı burdadır, bir ayağı gorda, danışığına bax. "Kimin oğlundan əskiyəm?!" Qulağından halva iyi gəlir. A bədbəxt, sənin kimilərə ancaq o dünyada tələbat var!..
Bu qadın da onu əldən düşmüş qocaya bənzətmişdi. Amma bunun Allahqulu üçün heç bir əhəmiyyəti yox idi. Artıq o geri çevrilib ardınca qarının yağdırdığı nifrinlərə fikir vermədən yoluna düzəlmişdi. Qoca arvadın fiqurası hələ də xəyalından çəkilməmişdi. Görəsən o boyda çəlləkvari qarın, o iriliyində gövdə toyuq ayaqları üzərində necə duruş gətirirdi?
Aşağı küçədəki binanın önündə basırıq idi. Bura əsasən cavanlar toplaşmışdı. Belə məlum oldu ki, bu gənclər "Yeni ulduz-25796" telemüsabiqəsinə qatılmaqçün bir-birilərinin belinə minirdilər. O biri küçədə teleulduz olmaq istəyən qocaların yarışmasıydı. Qalibə 500 kb/m təmiz hava (???) vəd edilirdi. Bundan ötrü özünü şəhid eləməyə hazır olan ahıllara Allahqulunun yazığı gəldi. Əsalar havada qılınc kimi toqquşurdu. İnfarkt olub yerindəcə keçinən kim, başı yarılan kim, eynəyi sınan kim, protez dişləri ayaq altında qalan kim!
— Mənəm ağbirçəklər arasında super top-model! — Bunu 75-80 yaşlı mini yubkalı bir qarı çığıra-çığıra dedi. Ağzında bir dənə də dişi olmadığından səsi fışqırıq kimi çıxdı.
Yaxınlıqdakı başqa bir küçədə də mərəkəydi. Babalar, nənələr, valideynlər beş-on yaşlı yarıçılpaq qız uşaqlarını “ərəb rəqsi” yarışına gətirmişdilər. Aman Allah, bapbalaca körpələr bu yarışı təşkil edən firmanın qarşısındaca məşq edə-edə necə də göbək atır, burcudur, öz cılız bədənlərini əsdirirdilər! Allahqulu burda da duruş gətirə bilmədi. Yol aldı üzüyuxarı. Qarşısına çıxan adamların əttökən geyimlərini görməməkçün başını aşağı dikib gedirdi. Hərdən qulağına tikanlı atmacalar dəyirdi. Onun öz geyimi, zahiri görkəmi ətrafdakılarçün əcaib idi. Beləcə xeyli getdi, yolayrıcıların birində ayaq saxlayıb durdu. Yenə həmin darıxdırıcı mənzərə: dörd tərəf göydələn; günəş işığı düşməyən yarıqaranlıq küçələrdə avtomobil tıxacı — bir-birinə dirənib tısbağa kimi “yeriyən” maşınlar; binaların damları arasından bir parçası görünən qapqara göy üzü…
Bütün bunlara dözməyə daha onda tab qalmamışdı. Bu uzun, darıxdırıcı yuxu bitmək bilmirdi ki, bilmirdi! Nə vaxtadək belə davam edəcəkdi, bu üzücü yuxunun bir sonu yox idimi?! Yaxşı ki, çolaq ayağını ardınca çəkə-çəkə o biri küçəylə gedən gözü eynəkli, əli əsalı donqarbel qoca qanının arasına girib fikrini məşğul elədi, yoxsa qəribsədiyindən bəlkə də Allahqulunun ürəyi partlayacaqdı. Qocanın qırışlı, büzüşük sifəti uzaqdan belə ona çox tanış gəldi. Hardasa görmüşdü onu. Bu kim idi axı? Yad, qürbət eldə tanışla rastlaşmaq səhrada bulaq tapmaq kimi bir şey idi. Allahqulu göydəndüşmə bu fürsəti əldən buraxan deyildi. Bircə yolu keçib o biri küçədə qocanı haqlamaq qalırdı. Tıxaca düşüb bir-birilərinə kip dirənmiş avtomobillərin arasıyla sivişib yolu keçmək — elə dərd də burasındaydı. Allahqulu sürücülərin etirazına məhəl qoymadan maşınların buferlərinin üstüylə adlayıb yolu keçməli oldu. Lap axırda sınıq-salxaq “Moskviç-407”-nin kapotunun üstünə dırmanıb o biri küçənin səkisinə tullandı. “Moskviç”in sürücüsü bəlkə öz maşınından da yaşlıydı. Yazıq kişi çığır-bağır salmaq əvəzinə gözləri bərələ halda Allahquluya baxırdı.
— Bağışla, dayday, — Allahqulu onsuz da əzik-üzük olan maşınının kapotunu əzdiyinə görə ahıldan üzr istədi. Kişinisə deyəsən heç maşını maraqlandırmırdı:
— Neçə yaşın var, ay qoca?!
Allahqulu onun heyrətinin səbəbini anladı. Bu şəhərdə o hamıya qoca görünürdü. Mağazaların vitrin şüşələrində öz əksinə ötəri də olsa baxmışdı. Sifəti qırış-qırış idi, xeyli seyrəlmiş saçları düm ağ. Amma o buna çox əhəmiyyət verməmişdi, çünki hələ heç dəqiq bilmirdi ki, ümumiyyətlə, bu şəhərin özü yuxudur, ya gerçək. İndi də bu sinli sürücü. Zavallı hələ də nuru öləziyən gözlərinə inana bilmirdi: maşınların buferləri, kapotları üstüylə gəzən qıvraq qoca dünyanın səkkizinci möcüzəsiydi!
Allahqulu sifəti ona tanış gələn axsaq ixtiyarı xatırladı. Axı harda görmüşdü onu? Kim idi o adam? Necə də qəzetsatan Əskərə oxşayırdı. Amma Əskər hələ cavan kişiydi. Bəlkə Əskərin atasıydı? Yadına düşdü ki, Əskərin atası üç-dörd il qabaq rəhmətə getmişdi. Bir dəfə onu qəzet köşkündə üzütüklü görən vaxt əlini salavat çevirirmiş kimi üzünə aparıb soruşanda ki, noolub, Əskər qəmli-qəmli cavab vermişdi ki, ölənlərin öehiştlik, bəs kişi rəhmətə gedib. Onda bu adam kim ola? Şikəst ayağını arxasınca sürüyə-sürüyə küçə boyu üzüyuxarı gedən qocasa adamların arasında əriyib yavaş-yavaş gözdən itməkdəydi. Allahqulunun ağlına birdən-birə nə gəldisə, (bəlkə də bu, instinktiv baş vermişdi) əllərini ağzının kənarında “o” şəklində tutub: “Əskər! Əskər!” çığırdı. Qoca küçənin o biri başında ayaq saxladısa da, geri çevrilmədi. Allahqulu ucadan bir də hayladı:
— Əskər!!!
Hiss elədi ki, kişi onu eşidib dayanmışdı, amma nəyə görəsə başını səs gələn tərəfə döndərmirdi. Allahqulu təəccüblə baxan adamlara məhəl qoymadan ona sarı qaçdı. Kişiyə on-on beş addım qalmış durub bir də çağırdı:
— Əskər!
Qoca yerində mıxlanıb qalmışdı. Hiss olunurdu ki, boynunu arxaya döndərməyə nədənsə tərəddüd eləyir. Hardansa bir dəli şeytan Allahqulunun yadına saldı ki, bu möcüzələr şəhərində hamının adı “Xilaskar əllər”dəki kimi iki dildəydi. Deməli, “Əskər” “Oskar” ola bilərdi.
— Oskar! — Allahqulu elə belə də çağırdı. Nəhayət ki, boynunun dibindən at quyruğu sayaq uzatdığı rəngli saçlarına bant vurmuş “şortik”li donqarbel qoca bütün vücuduyla ağır-ağır geri çevrildi. Onun boynundan iri xaç asılmışdı. Kirdən boz rəngə çalan qısaqol maykasının sinəsinə gitaralı saqqallı zəncinin şəkli həkk olunmuşdu. Şəklin altında iri hərflərlə “Bidj Booys: Stairway skyward” sözləri yazılmışdı. Yaşına uyğun geyinməmiş ixtiyar bu görkəmdə çox gülməli görünürdü, amma Allahqulu güləcək halda deyildi. O, qəzetsatanı tanımışdı! Qarşısındakı birdən-birə qocalmış Əskər idi!
Qoca eynəyinin böyüdücü şüşələri arxasında bərələ qalmış gözlərilə onu diqqətlə bir xeyli süzəndən sonra qorxa-qorxa pıçıldadı:
— Aleks…
— Əskər?!. — Allahqulu gördüyünə hələ də inana bilmirdi. Bu, Əskər idisə, niyə belə qocalmışdı? Ayağı nədən çolaq olmuşdu? Bu üst-baş nə idi, bu nə saç-saqqaldı belə? Hər şey cəhənnəmə, bu lənətəgəlmiş yekə xaçı haradan tapıb asmışdı boynundan?
— Xoş gördük, Aleks! — Əskər ona əl uzatdı.
— Mən Allahquluyam.
— Hələ də adını dəyişməmisən? — Əskər hürkək-hürkək ətrafına baxıb pıçıldadı. — Qorxmursan?
— Nədən qorxmalıyam ki? — Allahqulu təəccübləndi. — Bu axmaq şəhərdə azərbaycanlılar öz adlarını dəyişirlərsə, bu o demək deyil ki, mən də Aleks olmalıyam. Yaxşı, de görək sən burda neyləyirsən?
— Çıxdım özümçün bir az mərkəzdə gəzəm. Burda təmiz hava azdır, adam boğulur. Məcbur olursan tez-tez nəfəsini saxlayıb havaya qənaət eləyəsən. — Şəhadət barmağını boğazındakı xırdaca qırmızı nöqtənin üstünə qoyub dedi: — Belədə sayqac (?) da az fırladır. Neyləyim, pensioner adamam, məndə hər ay o qədər hava pulu nə gəzir. Yaxşı ki, şəhərə gün işığı düşmür, yoxsa təqaüdümün yarısı günəş vergisinə (?) gedərdi. Vay hələ də əyalətdə ilişib qalmış yazıqların halına. İstədin-istəmədin, yenə də neçə saat günün altında olmalısan. — Allahqulunu gördüyündən həddindən çox sevinmişdi-nədir, Əskərin dili yaman açılmışdı. — O gün rayondan bir qohum gəlmişdi. Təsəvvür eləyirsənmi, zalımın balası bir aya səkkiz yüz əlli ra günəş işığı qəbul eləmişdi! Dedim, a bədbəxt, qazandığın elə günəş vergisinə gedir ki. Rədd elə kənddəki evini, gəl şəhərə dedim. Buranın havası da ağırdır, gün işığı da görmürük. Qayıtdı torpaqdan ayrıla bilmirəm, ay Oskar. Vaxtilə beş min əhalisi olan kənddə bircə mən qalmışam. Mən də dədə-baba yurdunu atıb gəlsəm, ulularımızın ruhları qınamazmı məni? Sözə bax e, “ulularımızın ruhları”, hi-hi-hi! — Əskər bir ağız gülmək istədi, amma ağzındakı yöndəmsiz, protez dişləri laxlayıb yerindən oynadığından tez bu fikrindən vaz keçdi. Əlilə ağzını tutub hirsli-hirsli mızıldadı: — Köpəyin uşaqları, adi protez də qayıra bilmirlər. Müqəddəs İohan ataya and olsun…
— A kişi, bir dayan görək! — Allahqulu onun sözünü kəsdi. — Sayqac nədir, hava pulu nəmənədir, günəş vergisi nə olan şeydir? Biz hardayıq, hansı ölkədəyik? Bu həftəbecər adamlar hansı məmləkətin vətəndaşlarıdır? Bura hansı şəhərdir?
— Yaman qocaldıq. Amma sən qıvraq qalmısan.— Əskərin gözləri yol çəkdi, elə bil öz-özüylə danışırdı. — Gör necə də tez keçdi bu otuz beş il, ay Aleks… Səni başın qan içində polislər aparandan sonra yoxa çıxdın. Axşam televizorla yaralıları göstərdilər, çoxu polis işçiləriydi. Səni xəsarət alanların arasında görməyəndə bir az sakitləşdim. Yaxşı ki, o gün ölüm-itim olmamışdı. Daha bir də yanıma gəlmədin. Bəs otuz beş il haralardaydın? — Allahquluya ağzını açmağa imkan vermədən köks ötürüb sözünə davam elədi. — Heç bilmirəm xəbər tutdunmu, axı o vaxt vəhşi izdiham mənim də budkamın şüşələrini qırıb tökmüşdü. Onları görüm lənətə gəlsinlər. Bir ətək xərcə salmışdılar məni. — Sonra yenə Allahqulunu sınayıcı nəzərlərlə başdan-ayağa süzməyə başladı. — Bu otuz beş ildə heç əyin-başın dəyişməyib. Axırıncı dəfə necə görmüşdüm səni elə həmin libasdasan. Əsl köhnə kişisən. Sənin kimi köhnə kişiləri indi barmaqla saymaq olar. Köhnə dəbdən, köhnə stildən hələ də ayrılmamısan. Acığına gəlməsin, xətrini istədiyimdən deyirəm, bu üst-başla adam arasına çıxmaqdan utanmırsan? Ayıbdır axı! Budey, camaatın gözü səndədir, gör necə rişxəndlə baxırlar. Guya hansısa geridəqalmış müsəlman ölkəsindən gəlmisən. — Əskər doğrudan-doğruya ehtiyatla yan-yörəsinə baxırdı. — Gəl burdan uzaqlaşaq, cavanlar görərlər, sonra tənələrindən qurtara bilmərik. Vaxtın varsa, yaxınlıqdakı “Antonio” bağına gedib dərdləşək.
Allahqulu heç nə deməyib Əskərlə yyanaşı üzüaşağı getməyə başladı. Bu yad, əcaib şəhərdə tanış adamla rastlaşmaq tale hədiyyəsiydi. Bir az da səbr eləyib Əskərlə qəribə adı olan o bağa çata bilsəydi, onu üzən, içini qurd kimi gəmirən bütün suallara cavab tapacaqdı. Bura hansı şəhərdi, hansı məmləkətdi.., Əskərin burada nə iti azmışdı.., “otuz beş ildi yoxa çıxmışdın” deyəndə nəyə işarə eləyirdi?.. Və s. və i.a… Nəhayət ki, daxilini didib-parçalayan iztirablara son qoyulacaqdı, bircə o bağa tezcənə yetişə bilsəydilər! Amma “yaxınlıqdakı” həmin bağ ya çox uzaqdaydı, ya da çolaq ayağını arxasınca sürüyən bu qoca o qədər ləng yeriyirdi ki, darıxdığından yol Allahquluya çox uzaq görünürdü. Bunu Əskər də hiss eləmişdi.
— Sənə nə var ki! Səksəni haqlamısan, maşallah, hələ də top kimisən. Ayağım belə olmasaydı, görüm necə çatırdın mənə…
Onun səsindəki qəmgin notlar Allahqulunu pərt elədi. Anladı ki, əlil adamın yanında ding-ding dingildəmək, çolağın canüzən asta yerişindən təngə gəlib, üstəlik bunu biruzə vermək heç də yaxşı iş deyil. Düzdür, Allahqulu da başa düşüləsiydi, onun darıxmağının, özü də bilmədən zahiri hərəkətlərilə Əskəri tələsdirməyinin məntiqi əsasları vardı, amma bunların heç biri axsaq qocaya — bilərəkdən olmasa belə — şikəstliyini xatırlatmağa haqq qazandırmırdı.
— Axı bu nə qəzadı başına gəldi? — Allahqulu sıxıla-sıxıla soruşdu. Əskərin qəlbini qırmamaqçün heç “ayaq” sözünü də dilə gətirməmişdi. Topal qoca yerişinə ara vermədən ona çəpəki nəzər salıb qəmli-qəmli dilləndi:
— Sənin heç dünyadan xəbərin yoxmuş ki… Bəs məşhur “Sahil” faciəsi” eşitməmişdin? On il əvvəl budkamın dalındakı, metronun üstündəki həmin o zırpı bina batmışdı. Altı tunel, fundamenti yalanbaşdan. Nə qədər adam qırılmışdı metroda. Budkamı beton kaşa eləmişdi. Ayağım plitənin altında qalmışdı. Hələ yaxşı qurtarmışam, qıçımı dizdən aşağı kəsmək istəyirdilər. Bir cuhud həkim xilas elədi. Deyirlər köçüb gedib. Elə doxturlar indi harda var? Gör nə günə qalmışıq ki, adi kor bağırsağının aperasiyasıyçün camaat borca girib İrana, Urusetə yollanır.
Allahqulu heç nə demədi. Bu ölkədə tibb sahəsinin nə vəziyyətdə olduğunu “Xilaskar əllər”in timsalında görmüşdü. Təhsil də… mənəviyyat da eləcə… Bütün bunlar cəhənnəmə, ən başlıcası, Əskərin bu ölkədə nə ölümü vardı? Elə özü burada nə gəzirdi, necə gəlib çıxmışdı buraya?
Ticarət mərkəzinə çevrilmiş yeraltı keçiddə basırıq idi. Burda nə satmırdılar: pal-paltar, pornoqrafik videodisklər, müxtəlif peşə diplomları, ev, bağ, maşın, qadın… hətta bir kişi yüz kubmetrlik ucuz hava (?!) kartı təklif edirdi. Allahqulnn heyrətlə kişiyə baxdığını görən Əskər ehmalca onun qoluna toxundu:
— Bənd olma, hamısı geydirmə kartlardır sırıyırlar camaata. O gün qonşum yetmiş avroya əldən yüz əlli kub metr hava almışdı. Evə gələn kimi yükləmişdi ciyərlərinə, heç bir həftə çəkmədi, gecənin yarısı az qaldı boğula. Sonra məlum oldu ki, kartda cəmisi bir kub metr hava var.
İlahi, bu nə danışırdı belə? Yoxsa o da bu şəhərin sərsəm sakinləri kimi xərifləmişdi? Yeraltı keçiddən çıxıb bir az getmişdilər ki, Əskər çəliyini növbəti göydələnlərə tərəf tuşladı:
— Bu da “Antonio” bağı!
Pa, bağ nə bağ! Üç tərəfdən onbeşmərtəbəli binalarla əhatəyə alınmış iki sot sahəyə adi plitələr döşənmiş, zövqsüz, dekorativ ağaclar əkilmiş, “ağac”ların altına taxta skamyalar qoyulmuşdu. Ən dəhşətlisiysə o idi ki, skamyalarda oturmuş cütlər — “şortik”li qocalar və qısadonlu qarılar gənc sevgililər kimi mazaqlaşır, qucaqlaşıb öpüşürdülər! Əskər matı-qutu quruyub gözləri dörd olmuş Allahquluya baxıb qıvraq səslə dedi:
— El içində bura “Sevişən qocalar bağı” da deyirlər. Görürəm ayağın heç dəyməyib bura. Mənsə çox olmuşam. Axırıncı kərəm inişil saz bir nənəşkayla gəlmişdik. Düzdür, bir az radikuliti vardı, iki dəfə infarkt keçirmişdi, şəkəri də incidirdi onu, sol qulaqdan da ağır eşidirdi, amma canlara dəyəndi köpəyin qızı. Təsadüfən nəvələrindən biri görmüşdü, yazıq qarını evdə yaman incitmişdilər. Demişdilər o kifir qoca kimdi yanında, niyə adımızı batırırsan, özünə yaraşanını tapa bilmirdin?! Bunları mənə telefonda danışanda ağzımdan çıxanı döşədim qabırğasına. Dedim nəvələrinin minnəti olsun ki, nənələri mənim kimi kişiylə fırlanır. Qayıtdı ki…
— Gəl oturaq! — Allahqulu onun sözünü kəsib özünü bağırmaqdan güclə saxladı. İyrənc qocalardan mümkün qədər kənarda, boş skamyalardan birində əyləşdilər.
— Axşamlar burda yer tapmaq olmur. — Əskər təzəcə yerini rahlamışdı ki, yenidən dil boğaza qoymadı. — Ahılların şəhərdə beş-üç bağları qalıb, biri də bu, onu da əllərindən almağa çalışırlar. Pullu köpəyuşaqlarının gözləri doymur ki, doymur də! İndi də bu bağı qaralayıblar… Şadlıq evi tikmək istə…
Allahqulu arxasını o biri skamyalarda mazaqlaşan biədəb qocalara çevirib səbirsizliklə Əskərdən soruşdu:
— Mən hardayam, bura hansı şəhərdir?!. (Əskər ona şübhəylə baxırdı.) Qorxma, xəstə-zad deyiləm. Ağlım da başımdadır.
— Bəs deyirsən ağlım başımdadır… — Əskərin gözləri eynəyinin optik şüşələri arxasında bərəlmişdi. — Bakıdasan də… doğma şəhərində…
— Bu hansı Bakıdır?
— Bəyəm neçə Bakı var?!.
— Yox, bu mənim şəhərim deyil. Mənim doğulduğum, böyüdüyüm, gördüyüm şəhər deyil!
— Anladım. — Əskər böyük bir sirrin üstünü açıbmış kimi rahat nəfəs aldı. — Düz otuz beş il qabaq məşhur “qanlı mitinq” vaxtı nümayişçilərdən kiminsə atdığı daş başını yarmışdı. Səni mənim gözüm qabağında polis maşınına mindirib hansısa xəstəxanaya aparmışdılar. O vaxtdan səni görməmişəm. Hardaydın, nə edirdin indiyədək, bu ancaq özünə məlumdur. Mən bir şeyi dəqiq bilirəm ki, sən burda deyildin. Geyimin də otuz beş il əvvəlki kimidir. Yəqin başqa ölkədəydin. İndi qayıdıb gördüklərinə inanmırsan. Əlbəttə, şəhər artıq sənin qoyub getdiyin şəhər deyil. Bakımız çox dəyişib, gözəlləşib. Paytaxtımızın sakinləri də artıq sivil Avropa mədəniyyətinə interkas, inteqras… tfu, şoğərib, yəni Avropa mədəniyyətinə qovuşub. Biz suveren (bu sözü xüsusi vurğuladı) Azərbaycan Respublikasının hər mənada azad, xoşbəxt vətəndaşlarıyıq. Hə, sonra nə deyim?! Başa düşürəm, qürbətdən, özü də hansısa terrorçu müsəlman ölkəsindən gəlmisən. Köhnə tanış kimi borcum hər şeyi sənə bitdə-bitdə anlatmaqdır. Buyur, nə istəyirsən soruş! Bəzi şeyləri bilməsən, çətin olar səninçün. Qərib adamsan, “vergilər polisi” bəlkə bağışladı səni, amma “etika polisi”nin cənginə keçərsən, deportasiya eləyərlər səni gəldiyin məmləkətə.
Allahqulunun fikri bayaqdan Əskərin danışdıqca ağzında oynayan kobud protez dişlərində qalmışdı. Ömründə belə eybəcər, qaba protez görməmişdi. Buna görə də onun ancaq son sözlərini eşitmişdi.
— “Etika polisi”?!.
— Daxili İşlər Nazirliyinin bir şöbəsidir. Mənəviyyat Nazirliyinin qanunlarının icra olunmasına nəzarət eləyən böyük bir alaydır.
— Mənəviyyat Nazirliyi?!
Əskər güldü, vaxtında əlini ağzına aparmasaydı, laxlayan protez qopub düşəcəkdi.
— Mənəviyyat Nazirliyi də, ay bixəbər! Xoşbəxtlik Nazirliyi, Həyat və Ölüm Nazirliyi, Qocalarla İş üzrə Nazirlik, Hava-Su Nazirliyi, Günəş İşığından İstifadə Nazirliyi, canım sənə desin, Cinsi Azlıqlar Nazirliyi… yüzlərlə nazirlikdən biri! Bu üst-başla, bu vid-fasonla indiyədək sənə “etika polisi” ilişməyibsə, bu özü möcüzədir.
— Noolub mənim vid-fasonuma?! Bir özüvə bax, gör kimə oxşayırsan! — Allahqulu cin atına mindi. — Neçə saatdır fırlanıram bu şəhərdə, hələ bir dənə fərli adama rast gəlməmişəm. Guya bura Bakıdır. Mən gördüyüm Bakıda namus-qeyrət hələ əldən getməmişdi, şəhərdə belə lümlüt gəzmirdilər, böyük-kiçik vardı, ağsaqqal-ağbirçək vardı… Hara baxır sizin “etika polisi”niz, “mənəviyyat nazirliyi”niz?!
Əskər ehtiyatla ətrafa boylanandan sonra pıçıldadı:
— Yavaş, a kişi… Sevişən qocaları narahat eləmə, “etika polisi”ni çağırarlar, vay halına! Sənin tanıdığın Bakı keçmişdə qaldı, indi iki min otuz üçüncü ildir. Suveren Azərbaycanın vətəndaşlarıyıq, tam demokratik ölkədə yaşayırıq, “ağsaqqal” nədir, “ağbirçək” nədir?!
— Neçənci, neçənci ildir?!
— Balam, aydan gəlmisən, iki min otuz üçüncü ildir, dana! — Əskər yenə ona şübhəylə baxdı. Otuz beş il qabaq bu kişinin başına dəyən daş, deyəsən, hələ də öz təsirini göstərirdi… Onun nədənsə “etika polisi”nin nəzərindən yayınan arxaik geyimi, dövranla uyuşmayan köhnə düşüncə tərzi, zaman-məkan unutqanlığı, yaşına yaraşmayan qıvraqlığı, hərəkətlərinin cəldliyi… yəqin ki, həmin o daşın təsirindəndi. Əskər gülümsəyib başını mənalı-mənalı bulayandan sonra dedi: — Görürəm heç ayın tarixi də yadında deyil… Yaxşı ki, heç olmasa adanı unutmamısan. Nə sualın varsa ver, ta əlimdən nə gəlir ki!
2033-cü il! Ta bu boyda zarafat olmaz! Eşitdikləri, gördükləri heç yuxu da deyildi. Yuxuda adam ağrı hiss eləmir, osa bu gün min dəfə ağrımışdı. Avtobusda cavanlara yer verməyəndə “şortik”li ahıllar, qısadon ağbirçəklər belə ona təpinmişdilər: “Həyasız qoca, heç utanıb qızarmırsan, niyə gənclərçün ayağa durmursan?!” Cavanlar onun yaxasından tutub yerindən qaldırmış, “zəmanə korlanıb, kiçik-böyük (elə belə də demişdilər: "kiçik-böyük", “böyük-kiçik” yox!) qalmayıb” deyərək yumruqla sinəsindən basmışdılar. Onda ağrı hiss eləmişdi. Anlamışdı ki, nə yuxudadı, nə də paralel dünyada-filanda, gördükləri də gerçəkmiş. Bu onu çox da mütəəssir eləməmişdi, çünki bir az əvvəl röyada olub-olmadığını yəqinləşdirməkçün eksperiment aparmışdı: özünü cımcıqlamış, qolunu var gücüylə dişləmiş və ağrının şiddətindən anlamışdı ki, yad, qürbət bir şəhərdə olsa da, real aləmdədir! Amma yenə də qorxmamışdı, çünki ürəyinin dərinliklərində bir ümid vardı. Ona elə gəlirdi ki, hələlik yadına sala bilmədiyi hansı səbəbdənsə yaddaşı müvəqqəti zədələnib, elə ona görə də bura necə gəlib çıxdığını xatırlamır, elə ki, yaddaşının vacib informasiya daşıyan zədəli yeri bərpa olacaqdı, Bakıda mitinq vaxtı metronun yanındakı qəzet köşkünün qabağında dayanıb Əskərlə söhbət elədiyi vaxt qəflətən nə baş verdiyi, bura necə gəlib düşdüyü də aydınlaşacaqdı. Əskəri görəndə uşaq kimi sevinmişdi. Bütün sirlərin, müəmmaların açarı bu kişidəydi. Bu kişi onun yaddaşının ən vacib, amma qaranlıq guşələrinə işıq tutacaqdı. “2033-cü il”! Allahqulu hər cür möcüzəyə hazır idi, lakin Əskərdən belə şeyi gözləmirdi. Bu heç bir məntiqə sığmırdı. Bir anın içində ömrün son, böyük bir tikəsi necə itmişdi, hara qeyb olmuşdu?!.
— Deməli, otuz beş il qabaq səninlə budkanın qabağında dayanıb söhbət eləyirdik, o yanda dəniz görünürdü, ürəyim sıxıldığından səniynən mırt vurub bir az bulvarı gəzmək istəyirdim, hə, sonra nə baş verdi? — Allahqulu qorxa-qorxa soruşdu.
— Dəniz o vaxt vardı, indi dəniz görə bilərsən?! — Əskər hırıldadı.
— Nədi, yoxsa Xəzəri də qurudublar?
— Milli Məclisdə bir dəfə ortalığa belə bir fikir atmışdılar, yəni dənizin respublikamıza aid olan hissəsini qurudub yerində əllimərtəbəli binalar tikmək. Sonra belə qərara gəldilər ki, nöyütümüz tükənmək üzrədir, xəzinə də boş, bu ideya qalsın yaxşı günlərin birinə. Mən bunu sözgəlişi dedim. Deputatlardır da, ağıllarına nə gəlir danışırlar. Odey, o səfər biri belə təklif verdi ki, onsuz da millətin hamısı axışıb gəlib şəhərə, meşələr kəsilib, çaylar quruyub, kəndlər, rayonlar boş qalıb, gəlin o xaraba qalmış əraziləri əcnəbilərə satıb xəzinəni dolduraq, onsuz da xarici dövlətlər sinov gedirlər o yerlərçin, deyirlər siz bir papaq eləyin, biz hazır, pulumuza nə gəlib! — Əskər həvəslə danışırdı, görünür bu ideya onun da könlündəndi. — Hə, nəsə… Onu deyirəm axı, indi dənizi ancaq bulvarın qabağındakı evlərin pəncərələrindən görmək olar. Bir qohum var, oğlu telestudiyada injinerdir, and içir ki, televiziya vışkasını remont eləyirdik, vışkanın deyir lap təpəsinə qalxmışdım, tay bundan da uca yer şəhərin heç yerində yoxdur, deyir onda fikir verdim ki, dəniz görünmür, hara baxırsan elə hey iyirmi-otuz mərtəbəli binaların damları gözə girir, elə bil bu şəhər ancaq damlardan ibarətdir. Asfaltın istisindən, maşınların tüstüsündən göyün üzü də, deyir, qapqara his, guya qara örpək çəkiblər şəhərin üstünə. Sən də başlamısan ki, dəniz belə gəldi, bulvar elə getdi… Hə, deməli, otuz beş il əvvəl budkamın qabağında laqqırtı vururdun mənimlə. Bugünkü kimi yadımdadır, yaddaş belə olar e! Mitinqi unutmamısan ki?
— Yox... Bağ tərəfdə “istefa”, “istefa” qışqırırdılar…
— Bəs sonra?
— Sonra… xatırlamıram. Bir o yadıma gəlir ki, heç nə yadıma gəlmir…
— “İstefa-istefa”, axırı döndü oldu “Mustafa”, — Əskər yaxınlaqdakı skamyalardan birinin qabağında nəsə axtaran qocayla qarıdan gözünü çəkib sözə başladı (yəqin onlardan hansısa bayaq öpüşəndə protez dişlərini salıb itirmişdi). — Polislər cumdular mitinqçilərin üstünə, onlar da başladılar bunları daşa basmağa. Dava-dalaş, mərəkə… daşlardan biri gəlib dəydi başına, huşunu itirdin, qan apardı səni… — Əskər boynunu uzadıb onun başına baxdı. Allahqulunun ağ, seyrək saçları arasından noxud boyda qara çapıqlı şiş görünürdü. — Oy da, hələ də yeri qalıb e! — Əskər heyrətlə içini çəkib sözünə davam elədi. — Sonra “iskorı” gəldi, minməyib "istefa" bağırdın, polislər apardı səni, o vaxtdan ta indiyədək düz otuz beş ildir qeyb olmuşdun. Həmişə tanış-bilişdən xəbər alırdım səni. Qazik yadına gəlir, Qəzənfər də, kliyentim? Hərdən o da köşkün qabağında dayanıb laqqırtı vurardı mənimlə. Səni ondan da soruşmuşdum. Demişdi nə bilim, mən də sənin kimi. Bədbəxt küçələrdə səfil kimi öldü. Oğluna toy çaldırırdı, ev-eşiyini satdı, bir az da borc elədi, pa, nədi-nədi, balasının xeyir işində yetmiş min dollara türk müğənnisi Abdal Levent Boşgül fonoqramla beş-üç nimdaş mahnı "oxuyacaq"! Kişi bir-iki saatlıq şöhrətin qurbanı oldu. Ev yox, eşik yox, iş yox, təzəbəy oğlu da kirayədə qalırdı… Beləcə Qazik heç olub getdi… Bəs Mükafatı xatırlayırsan? Həmişə məndən müxalifət qəzetləri alan Mükafat da! Yazıq havasızlıqdan öldü. Qənaət eləmədi havaya. Həmişə zəmanədən gileylənib hey köksünü ötürərdi. Adam içini çəkəndə hava sayğacı ikiqat yazır axı. Bax beləcə, köks ötürə-ötürə, sayqac vurdu kəlləçarxa. Gəl indi bunun altından çıx görüm necə çıxırsan. Qohum-qardaş nə qədər dedi ona ki, barı hərdən nəfəsini saxla, bir az vozduxa qənaət elə, nə xeyri! Astmalı xəstələr kimi boğula-boğula yaşadı, xəstə ürəyi də bu yandan… axırda kəlləsini qoydu yerə.
"Günəş vergisi"… “Hava sayğacı”… Allahqulu bu anlaşılmaz ifadələrin mənasını beynində çözməyə çalışır, əliylə başındakı şişi ovxalayırdı. Təpəsində doğrudan-doğruya noxud boyda yara vardı.
— Tanrının bizə havayı verdiyi havaya da şotçik qoyarlar?! Bu harda görülüb axı?.. — Allahqulunun yarası yadından çıxmışdı. — Bayaq buna oxşar bir hadisənin şahidi olmuşdum…
— Nəfəs alırsan, nəyə görə də pul verməyəsən? — Əskər biganə-biganə cavab verdi, guya bu, elə belə də olmalıymış. — Yəqin o kişi də Qazik kimi hava pulunu verməmişdi. Sən axı suveren (yenə bu sözü xüsusi vurğuladı) Azərbaycanda yaşayırsan! — Əskər lap YAP deputatı kimi danışırdı, elə bil Milli Məclisin tribunasındaydı! — Bu yaxınlarda Vergilər Komitəsi Günəş, Hava, Su, Qaz, İşıq, Xoşbətlik, Dünyayagəldi, Dünyadangetdi… vergisini üç yüz əlli dəfə artıranda bəzi müxalifət partiyaları mitinq keçirməyə cəhd göstərdi, xeyri nə oldu, üzdəniraq mitinqlərinə öz partiya fəallarından beş-üç adamdan savayı heç kəsi cəlb eləyə bilmədilər, vəssalam. Deyilənə görə, "yaş vergisi"nin iki dəfə artırılmasıyla əlaqədar Dördüncü Antuan dairəsində bu gün də icazəli mitinq keçirəcəklər. Görək onlara kim hay verəcək!.. — Əskər ağzındakı protez dişlərini laxlada-laxlada güldü.
Allahqulu şokdaydı. "Hava vergisi", "Günəş vergisi", "Dünyayagəldi", "Dünyadangetdi"… vergisi. Yatsaydı, heç yuxusuna belə şeylər girməzdi.
— Havaya da vergi qoyarlar? — Allahqulu pıçıltıyla soruşdu. Ona görə yox ki, sualına görə kimdənsə ehtiyatlanıb-eləyirdi, sadəcə, vergilərin adlarından, növlərindən elə heyrətlənmişdi ki, danışmağa belə heyi qalmamışdı, dili güclə söz tuturdu.
— Nəyə görə də qoymasınlar?! — Bu dəfə onun qanmazlığına Əskər təəccübləndi. — Nəfəs alırsan, deməli, vergi ödəməlisən! Özü də qiymətlər dünya standartlarına uyğun olmalıdır. Düzdür, çürümüş müxalifət partiyalarının sayıqlamalarına görə, dünyada heç belə vergi növləri də yoxdur, guya bənzəməyə çalışdığımız dünyanın aparıcı ölkələrində adi fəhlə bizim nazirlərdən də çox maaş alır. Amma hökumətimizin fikrincə xalqımız firavan yaşayır, gəlirləri artıb, hamının evində pulkəsən maşını var... Xalq pis yaşayırsa, bə bu qədər xarici avtomobil haradandı? Bə bu qədər villaları, uca-uca binaları kimlər tikir, kimlərçün tikir? Görünür qürbətdən gəlmisən, çox şeydən xəbərin yoxdur. Soruşa bilərsən, ay Oskar, bə bu "günəş vergisi" nə mənədir? Mən də deyirəm ki, dostum, günəşdən işıq alırıqsa, deməli, o işıq havayı olmamalıdır, pul ödəməliyik. Bazar iqtisadiyyatıdır, keçid dövrüdür axı. Bir vaxt günəş də sönəcək, beləcə, verginin qorxusundan günəş işığına qənaət eləyə-eləyə onun da ömrünü uzadırıq. Budur dövlətimizin iqtisadi siyasəti. "Hər şey xalq üçün, hər şey xalqın rifahı naminə!" Bə biz sevimli hökmətimizə dəstək verməsək, kim…
— Bəs "dəniz vergisi" necə, ödəyirsinizmi? — Allahqulu hirsindən elə-belə, lağ üçün soruşdu.
— Əlbəttə! — Əskər tam ciddi şəkildə cavab verdi. — Camaat özbaşınadır bəyəm? Dəniz kənarında yaşayasan, suyunda çiməsən, havasından udasan, vergisini verməyəsən, heç elə şey olar?
Əskər ona çox şeyləri aydınlaşdırdı. Sən demə, küçədə adamların tez-tez içini çəkib uzun müddət nəfəsini geri verməmələrinin səbəbi — sayğac çox yazmasın deyə — havaya qənaətmiş. Əgər çox gülməsən, dərindən çox nəfəs almasan, tez-tez köks ötürməsən, hava pulunu birtəhər ödəyə bilərdin. Yox, əgər sayğacın yazdığı məbləği il ərzində dövlətə ödəməsəydin, başlayacaqdın tez-tez astma xəstəliyinə tutulmuş adamlar kimi boğulmağa. Ta hava pulunu ödəməyincə beləcə yaşayacaqdın. Vay o gündən ki, boğulub çabaladığın məqamda "vergilər polisi"nin əlinə keçəydin, qollarını qandallayıb aparacaqdılar səni məhkəməyə. Beş-altı il iş alacaqdın. (Bayaq küçədə çabalayıb boğulan kişinin sirri Allahquluya indi əyan oldu.) Camaatın günəş işığı düşən yerlərdən qaçması da elə sayğaca görəydi. Bu sayğac şoğərib nöqtə boyda bir "çip" imiş, adam doğulan kimi bu "çip"i onun boğazının dərisinin altına yerləşdirirlərmiş. Həmin bu gözünədöndüyüm "çip" (xalq ona "cip" deyirdi) — universal sayğac da dönüb olurdu insan ta ölənədək onun orqanlarından, bədən üzvlərindən biri, özü də ən başlıcası! Düz on səkkiz yaşın tamam olan kimi sayğac avtomatik işə düşürdü! Nə qədər nəfəs aldın, nə qədər günün altında, dəniz kənarında oldun, hər şeyi o "çip" qeydə alırdı. Hətta adamın göz yaşları da sayğacın nəzarəti altındaydı, ağlamağa görə də pul yazırdı, çünki bu ölkədə göz yaşları qadağan idi. Məntiq də bu idi ki, azad, suveren, firavan respublikanın bəxtəvər vətəndaşısansa (bütün vətəndaşlarının bəxtəvər olmasına hökumətin əlbəttə ki, şəkk-şübhəsi yox idi!) "həyat vergisi", "xoşbəxtlik vergisi" (firavan dövlətin bəxtəvər vətəndaşı olduğun üçün!) ödəməliydin, sənsə hələ gözlərinin şorpasını axıdır, dövlətin yeritdiyi uzaqgörən siyasəti bəyənməyib zarıyırsan. Buyur, doyunca ağla, (onsuz da sayğac yazır!), əlin cibində olsun! Amma qara camaat da boş-bekar durmurdu. Bu ucdantutma milli sayğaclaşmadan sonra əldən zirəklər dövlətin "cip"inə qarşı o saat bir "anti-cip" ixtira eləmişdilər. Alverçilər tərəfindən qara bazarlarda əl altından od qiymətinə satılan həmin bu "anti-ciplər" qurd ürəyi yemiş müştərilərin gündəyməzinə yerləşdirilir və vətəndaşların orqanizmindəki dövlət sayğaclarının normal işinə əngəl törədirdilər. Bu neqativ halların qarşısını almaqdan ötrü Cinayət Məcəlləsindəki müvafiq qanunlar nə qədər sərtləşdirilsə də, bəzi məsuliyyətsiz vətəndaşlar hələ də "anti-cip"lərdən istifadə edir, dövlət büdcəsinə külli miqdarda ziyan vururdular. Əskərin dediklərindən o da məlum oldu ki, dünyaya yenicə göz açan körpələr belə borcla doğulurmuş. Yəni, həyata gəldinmi, artıq hökumətə min dollara qədər borcun var. Bəs iyirmi-otuz il qabaq xarici maliyyə təşkilatlarından alınan saysız-hesabsız kreditləri kim qaytarmalıydı?! Allahqulu Əskərdən onu da öyrəndi ki, Avropa Şurasının tamhüquqlu üzvü olandan sonra millətin mənəviyyatında da xeyrə doğru kəskin dəyişikliklər baş verib. Belə ki, islam terrorizminin əlamətləri sayılan namus-qeyrət, şərəf-ləyaqət, kişi sözü… kimi arxaik nəsnələr, kif atmış məfhumlar çoxdan öz yerini Avropa mədəniyyətinin rəmzi olan mənəvi sərbəstliyə, azad sevgiyə, alfonsluğa, ailəcanlılıqdan seksual xaosa… veribmiş… (Avropanı ancaq televiziyayla seyr eləyən əskərkimilərə elə gəlirdi ki, guya Qərb əxlaqı, Qərb mədəniyyəti elə buymuş!) Bax belə! Aha, sən demə, nəqliyyatda, küçələrdə, uca binaların tinlərində nümayişkaranə tərzdə mazaqlaşan cavanların (təkcə cavanlarınmı?!) biədəbliyi haradan qaynaqlanırmış! Demə, artıq Allahqulu, İmamvedi, Seyidağa, Pirəli, Həsən, Hüseyn… kimi arxaik adam adları islam terrorçuluğunun nişanələritək yavaş-yavaş tarixin Qərb istehsalı olan zibil yeşiyinə atılırdı. İslam dini indi dəbdə deyildi. İş o yerə çatmışdı ki, "Mən müsəlmanam" demək "Mən terrorçuyam" etirafına bərabərdi! Babəki, Koroğlunu, Nəbini… daha məktəblərdə tədris eləmirdilər. Nigarı, Həcəri… tanıyan kim idi?! Bu ölkədə daha cavanlar yaşlıları görəndə yox, yaşlılar gənclərlə rastlaşanda ayağa qalxır, yer göstərir, ehtiramla birinci salam verirdilər. Yeddidən yetmiş yeddiyə hamı oxuyur, evdə, işdə, nəqliyyatda… zümzüməylə məşq eləyir, "Yeni ulduz -№ filan" tele-müsabiqəsinin qalibi olub populyarlaşmağa can atırdı. Bahalığın, kasıbçılığın, ağır vergilərin tüğyan elədiyi zamanda camaat bir-birinə o qədər yadlaşmışdı ki, cəmiyyətin aşağı təbəqəsi arasında qohumpərəstlik kimi keçmişdənqalma neqativ halların kökü də artıq tamamilə kəsilmək üzrəydi. Belə ki, əmioğlular, xalaoğlular, bibiuşaqları-filan bir-biriləriylə polis şöbələrində tanış olurdular. Küçədə, nəqliyyatda, qonşuluqda… iki adamın davası düşürdü. Dalaşıb bir-birilərinə xəsarət yetirirdilər. Ancaq polis şöbələrində ilkin istintaq zamanı məlum olurdu ki, bu bədbəxtlər qohummuşlar! Bu hələ harasıydı! Allahqulu eşidəndə ki, Avropa Şurasının tələbiylə cinsi azlıqlar açıq fəaliyyətə keçib öz partiyalarını, qəzetlərini, telekanallarını yaradıblar, az qaldı havalana!
— Necə?!. — dəhşətdən yazığın gözləri dörd oldu. Başı dalına qarışdığından Əskər onun bu hərəkətinə əhəmiyyət vermədi. Qoca yerindəcə qurcalanır, gövdəsini qəribə tərzdə yırğalayırdı, elə bil tikan üstündə oturmuşdu.
— Sən özgəsi deyilsən… Dalım gicişir… — Əskər zarıya-zarıya dedi. — Deyəsən yenə "anti-cip"in gicliyi tutub. Kitayski maldan nə gözləyəsən! Babasilin ağrısına min şükür…
Bu dəfə Allahqulu Əskərə tərs-tərs baxdı. Cin vurmuşdu beyninə, bir dəli şeytan deyirdi ki, sal bu mütrüfə oxşayan qocanı təpiyinin altına!
— O gün metroda bir qız uşağı təsadüfən ayağımı tapdalamışdı. — Əskər eynəyini çıxarıb şüşələrini yaylıqla təmizləyəndən sonra sözünə davam elədi. — Cavan olduğuna görə birinci mən üzr istədim, dedim qızım, üzr istəyirəm, bilə-bilə olmadı, bu baş, bu qılınc, vur boynumu, bir də siz gənclərə qarşı belə qələti eləmərik. Yanında elə özü yaşda padruqası da vardı. Gördüm uşağın qanı şirin gəlir mənə. Keçdilər günahımdan. Durub yer göstərdim onlara, oturdular. Ordan-burdan söhbət elədik, belə məlum oldu ki, sən demə, bu qız… — Qəhərləndiyindən bu yerdə səsi titrədi. — Bu qız… bu qız… mənim nəvəmmiş… Bir on beş-iyirmi il vardı görmürdüm onu. Neyləyəsən, zəmanə belədir də. Qardaş qardaşı tanımır. Əmioğlular, xalaoğlular təsadüfən, o da polis şöbələrində, vergilər idarəsində-filanda tanış olurlar. Hə, uşaq yaman sevindi, dedi, baba, bu qız mənim nişanlımdır. Bir aya "Lesbos" şadlıq evində toyumuz olacaq. Çıxarıb on beş dənə də dəvətnamə verdi ki, baba, tanış-tunuş görsən, payla. — Əskər "şortik"inin arxa cibindən zərf çıxarıb Allahqquluya tərəf uzatdı. — Müqəddəs Valentin, müqəddəs Antoniyo köməyin olsun, ay Aleks. Üç gündən sonra nəvəmin toyudur. Öz rəfiqəsilə (?) evlənir. Çox mübarək, nəvələrindən görəsən!
— Kiminlə, kiminlə evlənir?!. — Təbii ki, Allahqulu zərfi almadı.
— Öz rəfiqəsilə, bayaq dedim axı. Bir-birinə ərə gedirlər. Lesbiyankadır-nədir, onnandırlar, dana!
— Dana da varsan, mal da, heyvan da! — Allahqulunun ağzı açıldı, dişinin dibindən çıxanı döşədi Əskərin qabırğasına, sanki şəhərin simasının dəyişməsinin, millətin mənən eybəcərləşməsinin… bütün naqisliklərin baisi bu kişiydi! Çənəsi elə qızışmışdı ki, heç özünün də xəbəri olmadan ayağa durub yumruqlarını düyünləmişdi. Qəflətən uzaqda, bağın baş ucunda əllərində yoğun "demokratikləşdirici" dəyənəklər tutmuş iki "ep"çi (etika polisi) peyda olmasaydı, yəqin ki, Əskər bu gecəni xəstəxananın reanimasiya şöbəsində keçirəcəkdi. "Ep"çiləri görcək Əskər də xoflandı:
— Sakit, indi apararlar səni, — deyib tez Allahqulunun əlindən tutaraq yanında otuzdurmaq istədi. — Gəl mazaqlaşaq, qoy elə bilsinlər sevişən "mavi" qocalarıq, yoxsa…
Allahqulu nifrətlə əlini onun əllindən qoparıb:
— Rədd ol, murdar! — bağırdı. Polislər siqnal alıbmıştək o saat ona tərəf cumdular. Allahqulu heç geriyə də boylanmadan küçə boyu üzüyuxarı qaçdı. Niyə üzüyuxarı qaçdığını özü də bilmirdi. Yuxarı tərəfdə onun məhəlləsiydi! Evi, uşaqları ordaydı. Ayaqlarına təpər verən də yəqin elə bu anlaşılmaz hiss idi, yoxsa sütül uşaqlar olan polislərçün cəmiyyətin etik normalarını pozub "Sevişən qocalar bağı"nda şuluqluq salan qırx beş yaşlı bir kişini haqlamaq bir o qədər də çətin məsələ deyildi.
Allahqulu qarşısına çıxan insan selini yara-yara iki-üç dəqiqə qaçandan sonra yorulub geri boylandı. İzdihamın arasında paqonlular gözə dəymirdi. Sprinter sürətli qocanı görən "ep"çilər heyrətlərindən, deyəsən, yerlərindəcə donub qalmış, heç onun ardınca qaçmamışdılar da. Ayaq saxlayıb nəfəsini dərmək istəyirdi ki, hoppadan tindən çıxan qalxanlı, zopalı minə qədər polis binaların arasındakı balaca meydançanı üzük qaşı kimi əhatəyə aldı. Onların arxasınca əli transparantlı bir dəstə adam "is-te-fa, is-te-fa!" bağıra-bağıra polis kordonunun arasından keçib meydançaya doluşdu. Hər bir mitinqçiyə üç polis, daha doğrusu üç dəyənək düşürdü! Əlüstü səyyar tribuna, it ilindənqalma səsucaldıcı da hazır oldu. Transparantlardakı şüarlar da Nikolay padşahdanqalmaydı: "Yaşasın Gursavad partiyası!", "Siyasi məhbuslara azadlıq!", "Şəffaf, demokratik seçkilər keçirilməlidir!", "Memedson Sebzalika azadlıq!" (Bu şüar "Məmmədəli Səbzəliyevə azadlıq"ı xatırladırdı) və s. və i.a… Əskər demişkən, bir anın içində otuz beş il keçmişdisə, müxalifət öz taktika və strategiyasında yenə də heç nəyi dəyişməmişdi. Köhnə hamam idi, köhnə tas. Amma bir yenilik gözə dəyirdi: "Yaş vergisini iki dəfə artıranlara ar olsun!", "Yaş vergisi əvvəlki taariflərə qaytarılsın!" — bu şüarlar təzəydi. İlk dəfəydi ki, müxalifət sosial, məişət yönlü tələblər səsləndirirdi. Amma geniş kütlələri öz mitinqlərinə cəlb eləmək otuz beş il qabaqkı kimi yenə problem olaraq qalırdı.
— Əlli-altmış adamla hökuməti "yaş vergisini əvvəlki taariflərə qaytarmağa" məcbur etmək xalis utopiyadır. — Allahqulu çiyni üzərindən gözucu geriyə baxdı. Bu sözləri deyən "şortik"li bazburutlu kişiydi. Çəlləkvari qarnı vardı. Qolsuz "mayka"nın üstündən çılpaq boğaza qalstuk taxmışdı. Yanındakı kişi də təxminən onun kimi geyinmiş, onun kimi qırımlıydı. Başlarında şlyapa da vardı, yəqin millətin ziyalılarıydı. Onların arxasında yüzlərcə adam toplaşıb azarkeş marağıyla mitinqçiləri seyr eləyirdi.
— Bapbalaca dəstəylə, — kor-kor, gör-gör, onların da çoxu "gursavad" fəallarıdır, — küçədə gediş-gəlişi bağlayıb çığır-bağır salmaqdansa, samballı bir çayxanada toplaşıb daha radikal tələblər irəli sürmək, şübhəsiz, bundan effektiv alınardı. — Bunusa "bazburutlu"nun yanındakı "qırımlı" kişi dedi. Hələ üstəlik, bir ağız hırıldadı da. Allahqulu daha onlara baxmır, səslərini eşidirdi.
"Bazburutlu" kişi:
— Ən başlıcası, xalq susur, xalq qoyun sürüsütək başını aşağı salıb sakit-sakit otlayır.
"Qırımlı" kişi:
— Yuxarıda oturanlar ağıllı adamlardır, camaatın dabbaqda gönünə bələddilər, yaxşı anlayırlar ki, "bu xalq dözümlü xalqdır", əgər nəyinsə qiymətini üç faiz, beş faiz qaldırsaydılar, hamı küçələrə tökülüşərdi, amma çörəkdən savayı nəyin qiymətini iki yüz, üç yüz, lap beş yüz faiz artırsan da dinən deyil.
— Baran est baran!
— Hi-hi-hi!
Allahqulu "millət barandısa, siz lap yağlısındansız" deməkdən güclə özünü saxlayıb irəli keçdi. Yanındakı qocadan:
— Dayday, bu nə mitinqdir belə? — soruşdu.
Qoca tərs-tərs ona baxıb gözlərini bərəltdi:
— Aydan gəlmisən, əmican?! — Özü yaşda olan birisindən "dayday" sözü eşitmək ağsaqqalın xoşuna gəlməmişdi.
— Bağışla, qardaş, — Allahqulu səhvini düzəltdi, — yaş vergisi nə olan şeydir, bunu öyrənmək istəyirdim.
Qoca əvvəlcə yenə gözlərini bərəltdi, sonra onu başdan-ayağa süzüb:
— Yerli adama oxşamırsan, — dedi.
— Elədir, day… (az qala dayday deyəcəkdi, lənət kor şeytana!) qardaş. Xaricdən gəlmişəm, şəhərinizdə qonağam.
— Üst-başından görünür. Özü də hansısa müsəlman ölkəsindənsən.
— Düz tapmısan, qardaş.
— Hələ də qırıb qurtarmayıblar sizi? Gəlmisən cavanlarımızı yoldan çıxarıb müsəlman eləyəsən?!
— A kişi, hay-hayım gedib, vay-vayım qalıb, kiminlə nə işim var?! Dedim ki, qonağam, yolla keçirdim, yaş vergisini eşitdim, gülməli gəldi mənə, mənasını bilmək istədim. — Allahqulu hirsləndi, amma tez özünü ələ aldı, çünki bayaq Əskər çox şeylərdən onu hali eləmişdi. Sən demə, öz dini özülçülüklərindən hələ də xoşluqla ayrılmayan bəzi islam ölkələrində ABŞ-ın timsalında Qərblə dava gedirdi. Bütün dünyada müsəlmanları gözümçıxdıya salmışdılar. Yalnız pasportlarına "Lm" (Loyal müsəlman) möhürü vurulmuş adamlar dünyanı sərbəst dolaşır, mədəni Avropa Birliyi dövlətlərində yaşamaq hüququ qazanırdılar. Qərbin islama bundan böyük güzəşti ola bilməzdi. Öz dini mənsubiyyətindən, müsəlmanlığından vaz keçə bilmirsən, çox əcəb; buyur, demokratik əsaslara söykənmiş sivil dövlətini qur; mənə (yəni Qərbə) sədaqətini göstərməkçün vətəndaşlarının pasportlarına "Lm" damğası vur; Avropa Birliyi sıralarına qatılmaqçün növbənin ən axırında dur; bəlkə də səni qəbul elədilər gələn tur… Allahqulunun yadına düşdü ki, Əskər bunları qafiyəylə demişdi. Əskər onu da demişdi ki, Azərbaycanda müsəlmanlar azlıq təşkil edirdilər. Onların da hamısı şəxsiyyət vəsiqələrində "Lm" damğası gəzdirənlərdi. Əskər danışmışdı ki, Amerikaya mühacirət eləmək istəyən qonşusu Vəliməmməd keçən il ABŞ səfirliyinə söhbətə çağırılanda, səfirlik nümayəndəsinin "dini mənsubiyyətiniz?" sualına "real müsəlman" cavabı vermiş, elə oradaca islam fundamentalçısı kimi həbs edilmiş, məhkəmədə "loyal" sözü dilinə yatmadığıyçün çaşıb səhvən "real" söylədiyini heç cürə sübuta yetirə bilməmiş, beş il iş alıb çala-çala getmişdi. Bax belə. Allahqulu bütün bunları yada salıb qocaya:
— Qorxma, — dedi, — müsəlmanam, özü də loyalından!
Kişi nəhayət ki, sakitləşib onun yaxasından əl çəkdi, könülsüz də olsa mızıldana-mızıldana "yaş vergisi"nin mənasını anlatmağa başladı.
— Ay əcnəbi, mənim yetmiş beş yaşım var. Hər ay yetmiş beş avro yaş vergisi ödəyirdim. Bir yaşına çatmış körpə bir avro, on beş yaşlı uşaq on beş avro, əlli yaşlı kişi hər ay əlli avro vergi verirdi. Hökumət vergiləri iki dəfə qaldırandan sonra nə qədər verməliyik? Bir yaşlı çağa üç avro, qırx yaşlı kişi yüz iyrmi… mənim kimi yetmiş beş yaşlılarsa hər ay iki yüz iyirmi beş avro tərləməliyik. Nədi-nədi, nöyütümüz tükənir, xəzinə boşdur. Bu "ölü vergisi" olmasaydı, çoxdan kəlləmi qoymuşdum yerə! Camaatı bir günə salıblar ki, adam ölməyə də qorxur. Bunları görüm…
Qoca sözünü bitirə bilmədi, çünki səyyar tribunanın ardına keçib səsucaldıcını işə salan daz, yumrusifət qıvraq ixtiyar beş dəqiqəlik icazəli mitinqi açıq elan eləmişdi. Onun zolaqlı narıncı qalstuku nədənsə qarpızı xatırladırdı. Bəlkə elə buna görəydi ki, mitinqi kənardan seyr eləyənlər dazbaşı göstərib öz aralarında "Qarpız baba danışır" deyirdilər. "Qarpız baba"dan sonra mitinqçilər "Başqan, Başqan!" bağırmağa başladılar və elə o saat hardansa bir qara limuzin peyda oldu və keçəl, ağbaş, eynəkli, ağzıqəlyanlı, bəyaz bığlı bir qoca cangüdənlərinin əhatəsində maşından düşüb əsasını taqqıldada-taqqıldada polis kardonundan keçərək səyyar kürsüyə tərəf yön aldı. Başqan mikrafonu əlinə götürüb elə ağzını açan kimi Allahqulunun yadına düşdü ki, bu qocanı haradasa görüb. Əlbəttə, bu "ağsaqqal" onda cavan idi, amma yenə də… Əgər bu ixtiyar onun tanıdığı adam idisə, ilk sözü "hesab edirəm ki" olmalıydı!
Başqan qəlyanından bir-iki dərin qullab vurub nitqinə başladı:
— Hesab edirəm ki, beş dəqiqəlik icazəli mitinqimizi açıq elan eləmək olar…
— Hesabla, hesabla… Əlli ildir hesablayırsan… — Allahqulu ürəyində deyinib yoluna düzəldi. Bu adamı neçə on illərdi tanıyırdı, sözünün əvvəli "hesab edirəm ki"ylə başlıyıb "hesab edirəm ki"ylə bitirdi. Bu ixtiyar, görünür, cəbri, hesablamanı yaxşı bilmirdi, yoxsa siyasi fəaliyyətində əlli ilə bir irəliləyiş gözə dəyərdi…
Geriyə belə baxmadan üzüyuxarı gedirdi. Dağlı məhəlləsini, Sovetskini, Yasamalı, Alatavanı… görəcəyinə heç bir ümidi yox idi. Bu qədim məhəllələr də Kubinka, Papanin, Zavağzalnı, İçərişəhər… kimi yəqin çoxdan yer üzündən silinmişdilər. İndi əcnəbi adları daşıyan prospektlər, küçələr, döngələr, parklar, bağlar xiyabanlar… vardı. Sanki yadellilər qoşun yeritmədən, bir güllə belə atmadan Bakını işğal edib məhəllələrini, küçələrini, parklarını şumlamış, yerində ildırım sürətilə çoxmərtəbəli binalar ucaldıb darısqal küçələrinə, yarım sotluq parklarına, beş-üç adam sığışan bağlarına öz adlarını vermişdilər. Elə bil bu şəhərin sakinlərinin mənəviyyatı da yadellilər tərəfindən heç bir zorakılığa məruz qalmadan işğal olunmuşdu… Guya bu şəhər əhalisiylə birlikdə könüllü surətdə özünü qəsbkar altına yıxmışdı… (Allahqulu öz ev-eşiyini, qapısını qoruyan adamı ömründə bircə dəfə görmüşdü. Brejnevin Bakıya gəlişi ərəfəsində Çəmbərəkəndi tələm-tələsik sökürdülər. Baş katib "Moskva" mehmanxanasının pəncərələrindən aşağı boylanıb quşxanalara bənzəyən yastı-yapalaq evləri görcək sovet vətəndaşları haqqında nə düşünə bilərdi?! Yuxarıdan — o vaxtkı Kirov parkı tərəfdən, aşağıdansa Teleteatr səmtdən Mehdi Hüseyn küçəsini bağlayıb paytaxtın bütün ağır texnikasını tökmüşdülər Çəmbərəkəndə. Traktorlar bir yandan həyətləri, boşaldılmış evləri, əncir, tut ağaclarını uçurub yerlə bir eləyir, bir yandan da köçürülən əhaliyə yeni mənzillərinin orderlərini verib ayın-oyununu, şələ-şüləsini yük maşınlarına doldurur, Əhmədliyə, Günəşliyə… yollayırdılar. Cəbhə bölgəsini xatrladan o boyda məhəllədə traktorlar, buldozerlər tərəfindən mühasirəyə alınmış bircə ev salamat qalmışdı. O daxmaya heç bir texnika yaxın dura bilmirdi, çünki qoşalüləylə silahlanmış bir qoca evinin qarşısındakı bəlkə özündən də yaşlı tut ağacının arxasında gizlənib dədə-baba ocağının qəsdinə duran hər kəsə atəş açırdı… O, heç yana köçmək istəmirdi, öz daxmasını şah saraylarına da dəyişməzdi! Məhəllə onsuz da ölümə məhkum idi, ertəsi gün Çəmbərəkəndin daşı daş üstə qalmamışdı. Qocanın axırı nooldu, milislər tərəfindən güllələndimi, həbs edildimi, bunu Allahqulu bilmədi, bununla heç maraqlanmadı da. Amma bir şeyi anladı ki, Vətən ev-eşikdən başlayır! Sonralar tarix göstərdi ki, həmin qoca Bakının sonuncu köhnə kişisiydi, çünki o kişidən sonra Bakıya müqavimətsiz yiyələndilər!..)
Allahqulu köhnə Bakıyçün, həmişəlik itirilmiş doğma şəhəriyçün birdən-birə yaman darıxdı. O Bakıyçün ki qədim məhəllələrinin böyük-kiçiyi, ağsaqqalı, ağbirçəyi vardı; o Bakıyçün ki köhnə həyətlərində azərbaycanca pis-yaxşı danışan yetmiş iki millət yaşayırdı, biri beş-üç günlüyə harasa gedəndə yastıdam evinin qapısını ən ucuz açarla açarlayıb qıfılını kandardakı həsirin altında "gizlədərdi"; o Bakıyçün ki mərdi də məlum idi, namərdi də, igidini də tanıyırdılar, qorxağını da… Həyətlər darısqaldı, amma əksər (!) sakinləri genişürəkliydi, çoxu (!) son tikəsini qonşusuyla bölüşməyə hazırdı… Eh, hanı o Bakı..? hanı şəhərin yuxarı yerindən əl içi görünən o dəniz..? hanı o qədim məhəllələr..? hanı o köhnə həyətlər..? hanı qırlı damlardakı o quşxanalar, hanı o göyərçinlər..? hanı o genişürəkli, işıqlı adamlar..? hanı burnufırtıqlı çağlarında axşamadək "sanka" sürdüyü o küçələr..? hanı arxasından sallandığı o tramvaylar..? hanı tez-tez naqillərdən "buynuz"ları çıxan o trolleybuslar..? hanı o… hanı?.. hanı?..
Yenə də ailəsini xatırladı. Arvad-uşağı indi haradaydı? Oğlanları böyüyüb yəqin ata olmuşdular. Qonum-qonşu, görəsən, neyləyirdi? Hara köçürmüşdülər onları? Kim ölmüşdü, kim qalmışdı? Küçələrini söküb yerinə nə tikmişdilər? Bütün bu suallara çətin ki, cavab tapaydı, çünki məhəllə yox idisə, onda bu şəhərdə əhli-əyalı nə gəzirdi, qonum-qonşusu nə qayırırdı! Bu fikirdən vahimələndi, soyuq tər basdı onu. Bir az da dərinə getsəydi, dəhşətdən ürəyi partlayacaqdı. Göydələnlərin arasında — beton cəngəllikdə azıb qalmışdı.
— Hanı mənim şəhərim?! — bu qışqırıq qəflətən, özündən asılı olmadan sinəsindən qopdu.
— Hanı mənim şəhərim?! — bir də, bu dəfə lap ucadan çığırdı.
— Hanı mənim şəhərim?!! — elə bar-bar bağırdı ki, səsi qulaqlarında əks-səda verdi: "şəhərim… şəhərim… şəhərim…" Ətrafındıkı nəhəng binalar birdən-birə azman, bədheybət, canlı divlərə dönüb ağır-ağır üstünə yeridilər… Bu "div"lər onun şəhərini parçalayıb udmuşdular! Gözü təsadüfən böyründə asfalta basdırılmış uzun, nizəvarı dəmir borunun baş ucundakı reklam lövhəsinə sataşanda birdən-birə qollarına elə güc gəldi ki, bir həmləylə borunu kökündən dartıb qopartdı. Borunu asfalta çırpan kimi qara, plastmas reklam lövhəsi yazılarıyla birlikdə qırıq-qırıq olub yerə səpələndi. "Vətən gözəlləri, tələsin! "Aqraş" firması 15-25 yaşlı yaraşıqlı qızların Türkiyədə, Dubayda və digər ölkələrdə yüksək maaşlı işlə təmin edilməsinə zəmanət verir. İşə qəbuq müsabiqə yoluyladır…" Əlindəki uzun, nizəvarı boruyla silahlanmış Allahqulu yel dəyirmanlarına hücum çəkən Don-Kixot kimi "div"lərin üzərinə şığıdı. "Nizə" əvvəlcə XXI əsrin Don-Kixotunun qabağındakı "div"in — göydələnin "bağrına" sancıldı. Bu, binanın birinci mərtəbəsində yerləşən "Sex-şop" mağazasının nəhəng vitrin şüşəsiydi. Bir anın içində bahalı mallar — süni cinsi orqanlar, havayla üfürülən çılpaq qadın maketləri… çılik-çilik olub tökülən şüşələrin altında qaldı. O biri "elitar" mağazaların vitrinləri də beləcə dağıdıldı. Qırılan vitrinlərin siqnalizasiya sistemləri işə düşüb qulaqbatırıcı səslə haray salmışdılar. Allahqulu bu səsləri yaralı "div"in nəriltisi sanırdı. Şəhərini udmuş düşmən can üstəydi. Bu hələ minlərdən biriydi. Hamısından bir-bir öc alacaqdı!
Camaat ayaq saxlayıb heyrətlə ona baxırdı. Uzun dəmir boruyla mağazalara hücum edən bu qəribə geyimli kişi onların nəzərində dəlixanadan qaçmış ruhi xəstəydi. Bəlkə elə buna görə də qələbəlikdən kimsə:
— Bu qoca bütün dükanları dağıdacaq, tez dəlixanaya zəng eləyin! — bağırdı. "Polis! Polis!" çığıranlar da tapıldı. Paqonlular haraysız da hardansa tökülüşüb gəlmişdilər. Hədəf məlum idi, təkcə "xidməti borc"larını yerinə yetirmək qalırdı, yəni toqqalarından sıyırdıqları yoğun, qara zopaları işə salıb cinayətkarın başını qarpız kimi paralamaq! Allahqulu bunu duymuşdu, odur ki, "qanun keşikçiləri"nin fikrini özündən yayındırmaqçün ciblərindəki heç bir dəyəri olmayan bütün "ölü" pulları çıxarıb havaya vızıldatdı. Göydə uçuşan əskinasları görcək aləm bir-birinə dəydi. Allahqulu bu qarmaqarışılıqdan yararlanıb ikinci göydələnə hücum eləmək istəyəndə "nizə" gözlənilmədən dambıltıyla əlindən yerə düşdü. Qolları birdən-birə təpərini itirmişdi. Hiss elədi ki, nəfəsi də qəflətən ağırlaşıb, havası çatmır. Gözlərinə elə bil tor gəlmişdi, hər şeyi sanki bulanlıq şüşə arxasından görürdü. Boynunun ardı ağrıyırdı, deyəsən, təzyiqi qalxmışdı. Başı da yüngülcə gicəllənir, bütün vücudu əsim-əsim əsirdi. Bunlar az imiş kimi, bu yandan da yavaş-yavaş damağının boşaldığını hiss elədi. Heç nədən bir-birinin ardınca yetişmiş meyvətək kökündən qopub ağzına dolmuş dişlərini qanla birlikdə yerə tüpürəndə lap vahimələndi. Vay dədəm, vay, bu nə idi belə?! Hoppadan nooldu ona?! İndi dərk elədi ki, Əskər deyən gerçəkmiş, yəni bir anın içində otuz beş il ötmüşdüsə, deməli, səksən yaşı varmış və səksən yaşlı bir qocanın halı bundan artıq olmayacaqmış ki! Elə bu vaxt arxadan üstünə atılıb onu qamarladılar. Heç müqavimət də göstərmədi, müqavimət göstərməyə canında hey nə gəzirdi. Axır ki, yaxalanmışdı. Sonra bəstəboy, qara polis nəfəri qabağa keçib Allahquluyla üz-üzə dayandı. Nifrətdən qara polisin gözlərinə qan sızmışdı.
— Ə, belə qudurmusan, qoca köpək?! — Qara polis toqqasından asılmış qandalı çıxarıb Allahqulunun qollarına vurmaq istədiyi məqamda yer silkələnməyə başladı. Polis özünü itirdi, əvvəlcə bilmədi nə baş verib, yeraltı təkanlar güclənəndə "zəlzələ!!!" bağdı, əlindəki qandalı tullayıb qaçdı. Allahqulunu qamarlamış paqonlular da öz "ov"larını buraxıb əkildilər.
"Zəlzələ!!! Zəlzələ!!!" Çığırtı, bağırtı, ah-nalə, bir-birinə çırpılan maşınların, qırılıb tökülən şüşələrin səsi… şəhərə çaxnaşma düşmüşdü. Son qüvvətli təkandan sonra hər şey bitdi…
…Haçandan-haçana Allahqulu özünə gələndə dəmir-beton qalıqlarından yaranmış nəhəng təpənin üstündəydi. Şəhərin bütün binaları dağılıb dəmir-beton təpələrinə çevrilmişdi. Bəs o, üstünə aşan göydələnlərin arasından necə sağ çıxmışdı, niyə yıxılmamışdı, necə hələ də ayaq üstə qalmışdı? Ətrafındakı beton qalıqları arasından armaturlar, dəmir parçaları, əllər, ayaqlar, taykeş kişi ayaqqabıları, qadın dikdabanları, müxtəlif məişət əşyaları, hətta polis dəyənəyi görünürdü… Uğuldayan qulaqlarına uzaqlardan "təcili yardım" maşınlarının sirenaları gəlib çatır, yaxınlıqdan inilti səsləri eşidilirdi. Səmanı bürümüş toz dumanı şəhərin xarabalıqları üzərinə yatan kimi göy üzü göründü! Gömgöy göy üzü! Birdən diqqət yetirdi: İlahi, bu ki, göy deyildi… dənizdi! Çalxalanıb, silkələnib bütün gəmiləri, neft buruqlarını sırtına alaraq şahə qalxmış dəniz! Sakinlərinə qəzəblənmiş Allahın tüpürcəyi sunamiyə dönüb, viran qalmış şəhərin üzünə çırpılacaqdı! Bu son idi! Allahqulunun ağlına gələn ən son fikir də elə bu oldu və…

***
Ağır-ağır gözlərini açanda başı üzərinə əyilmiş xeyli adam gördü. Əskər də burdaydı, plastmas butulkadan süzdüyü mineral su ilə onun sir-sifətindəki qanı yuyurdu. Tibb bacılarından biri tənziflə qafasındakı yaranı sarıyır, digəri qolundan tutub nəbzini yoxlayırdı.
— Ayıldı! — Əskərin cavan sifəti gülümsədi.
— Neçənci ildir? — Allahqulu tələsik soruşdu. Əskər onu eşitməmişdi, sualını mənasız sanmışdı, nəydisə, tamam başqa şeylər haqqında danışırdı:
— Səhərəcən budkanı belə qoymaq olmaz, gərək gecəylə şüşələrini saldıram. Səndə də qorxulu heç nə yoxdur. Balnissada yüngülvari baxacaqlar, bir-iki saata evindəsən, inşallah. İkimiz də yaxşı qurtarmışıq.
— Səndən soruşuram, indi neçənci ildir?! — Allahqulu səsini ucaltdı.
— Doxsan səkkizinci. — Əskər yenə gülümsədi. Yox, bu orta yaşlı kişi Allahqulunun gördüyü həmin o idbar qoca deyildi.
— Bəs sizcə indi neçənci il olmalıydı? — Sarğıya son düyünü vuran tibb bacısı kinayəylə soruşdu.
— İki min otuz üçüncü, — Allahqulu soyuqqanlıqla dedi. Yaralanıb bayılanda bütün gördükləri gözləri önündə kino lenti kimi bir də hərləndi. — Özü də Bakını işğal eləmişdilər…
— Ermənilər?.. — Yan-yörəsindəkilərdən kimsə hırıldadı.
— Ermənilərdən beşbetərləri!.. — Allahqulu gördüklərini bir daha xatırlayıb kinli-kinli cavab verdi. "İst-e-fa! İs-te-fa!" Bu vaxt yaxınlıqda, "təcili tibbi yardım" maşınının yanında ağzınadək yaralı müxalifətçilərlə dolu polis avtobusu dayandı. Bu tükürpədici hayqırtılar oradan gəlirdi. Qəflətən ona nə oldusa Allahqulu var gücünü toparladı, asfalta dirsəklənib ayağa durdu. — "İst-e-fa! İs-te-fa!" — Bu sözlərdə nə sirr vardısa, birdən-birə qollarına güc, canına təpər gəldi.
— İs-te-fa, is-te-fa! — Əvvəlcə onu dövrəyə almış adamlara baxıb çığırdı. — İs-te-fa, is-te-fa! — Bu sözlər indi Əskərin sınıq şüşəli köşkünə, ətraf binalara, dar küçələrə, dar küçələrdə bir-birilərinə dirənmiş müxtəlif markalı avtomobillərə, "təcili tibbi yardım" maşınına, polis avtobusuna… yerə-göyə ünvanlanmışdı. — İs-te-fa! İs-te-fa!!! — Busa artıq (əstəğfürullah!) Yaradana qarşı üsyan idi!..

***
…Yaralı müxalifətçiləri aparan polis avtobusu get-gedə uzaqlaşdıqca Allahqulunun özünəməxsus səsi ümumi xorun içində daha da aydın seçilirdi:
— İs-te-fa, is-te-fa!!!

2004