Oqtаy Əhmədov

HANOYDA İNTİHAR CƏHDİ

mənə elə gəlir ki, "Hаnoy"u "Bаkı", "İmişli"... аdlаrıylа əvəzləsək də mаhiyyət dəyişməyəcək


Televizorda Braziliya teleserialının son kadrları göstərilirdi.
Qara oğlanlanla qapqara qız marça-murçla uzun-uzadı öpüşəndən sonra qarabala:
- Mən səni sevirəm, Mariya, - dedi.
- Mən də səni sevirəm, Xuliyo Antonio, - qız cavab verdi.
Bu vaxt ekran qaranlıqlaşdı, sonra latın-amerikan musiqisinin sədaları altında filmin titrlərini göstərdilər və qadın diktorun səsi eşidildi: "Doqquz yüz doxsan dördüncü seriyanın sonu."
Kasıbyana otaqda köhnə divanda oturmuş evin xanımı Lin Syun Tvanq yaşarmış qıyıq gözlərini yaylıqla ehmalca silib oğlunu səslədi:
- Zyun!
Anasının səsinə hay verən yeniyetmə oğlan uşağı otağa girib ağzında nəsə çeynəyə-çeynəyə soruşdu:
- Nədir? - Görünür, oğlan mətbəxdə yemək yeyirdi, çörəyin üstündən qalxmışdı.
Lin Syun cibindən əl boyda güzgü çıxarıb gözlərinə çəkdiyi sürməyə baxdı və məmnun halda gülümsündü: teleserialın təsirindən kövrəlsə də, sürmə göz yaşlarına bulaşıb ətrafa yayılmamışdı.
- Yeyib qurtardın?
- Hə.
- Həyətə düşəcəksən mənimlə?
- Sən get, mən sonra gələcəyəm, - Zyun nəhayət ki, ağzındakı tikəni udub cavab verdi.
- Atan nə edir, yazır? - Qadın hələ də aynadan ayrılmamışdı.
Oğlan sir-sifətini turşudub çönüb getdi, səsi dəhlizdən gəldi:
- Eyvanda siqaret çəkir.
Lin Syun boş otaqda deyinməyə başladı:
- Camaatın kişiləri qaz vurub qazan doldurur, bu bədbəxtin oğlu qırt toyuq kimi girib evə, nə çölə çıxır, nə hava üzü görür. Pa, şairdir kişi… qazetdə çalışır. Aldığı nədir, qəpiq-quruş… Nə bir dəfə bir yanda adını çəkiblər, nə də bir dəfə televizorda-filanda göstəriblər ki, biz də baxıb fors eləyək. Çürütdü ömrünü boş məşğuliyyətlə… - Axırıncı sözlərini ərinə eşitdirməkçün ucadan, az qala qışqıra-qışqıra dedi: - Altı aydır kitab bağışlayıb sədrlərinə, hələ də xəbər-ətər yoxdur…
Beşmərtəbəli beton binanın qarşısındakı işıqlı asfalt meydançanı get-gedə səs-küy bürüdükcə, bayaqdan beşinci mərtəbənin balkonunda siqaret çəkən şair Pak Un Tvanq arvadının son sözlərini eşidib fikrindən ayrıldı, indi dərk elədi ki, televiziyayla yayımlanan daha bir latın-amerikan serialı indicə bitib və birazdan aşağıdakı asfalt meydança məhəllə adamlarıyla dolub, yuxarıdan baxanda qaynaşan qarışqa yuvasını xatırladacaqdı. Körpələrini gəzdirən analar, mırt vuran bekar kişilər, domino oynayan qocalar, cığır-bağır salıb qaçışan uşaqlar… bir mərəkə qopacaqdı ki, elə bil bütün Hanoy şəhərini bu meydançaya yığıb doluşdurmuşdular.
Pak Un bir ildir qələmə aldığı poemanı heç cürə bitirə bilmirdi. Axırıncı dəfə nə vaxt bir misra, bir beyt yazdığı yadına düşmürdü. Yayın sonuncu ayı havalar elə qızmışdı ki, istidən beton evi axşamlar domna peçinə dönürdü. Bu yandan da ta gecəyədək, havanın bürküsü azacıq azalıb camaat ev-eşiyinə dağılışana qədər həyətlərindəki meydançanı başına götürmüş hay-küy, qaraqışqırıq, gülüş səsləri… Buyur, belə şəraitdə söz qoş, qafiyə axtar! Bu axşam da deyəsən heç nə alınmayacaqdı. Bəlkə payızı gözləyəydi? Havalar sərinləşəndə əsərini bitirib… Amma payızın da öz qayğıları vardı. Aramsız yağışlar başlanacaqdı. Evinin damı damırdı, otaqlarının tavanı aşsüzən kimiydi, sel-su aparacaqdı onları. Damın təmiri bir ətək pul istəyirdi. Gərək poemasını yazda bitirib «Vyenqkonq« wurnalına təhvil verəydi ki, payızqabağı əsərini çap elətdirib qonorarını alaydı, o da üsütünü düzəldib damın təmirinə xərcləyəydi. Bəlkə elə buna görə də ürəyinin dərinliyində payızın yubanmasını arzulayırdı…
Hərdən ağlına dəli fikirlər gəlirdi: nə qədər ki, qolunda güc, ayaqlarında təpər vardı, qələmi yerə qoyub rikşalıq eləmək! İcarəyə üçtəkərli velosiped-araba götürüb müştəri sorağıyla Hanoyun küçələrini dolaşmaq! Müqəddəs Buddaya and olsun, bir aya güzaranları elə yaxşılaşacaqdı ki, gündə olmasa da, külfəti həftədə ən azı iki dəfə ət yeyəcəkdi, yoxsa düyü təpişdirməkdən zinhara gəlmişdilər.
«Altı aydır kitab bağışlayıb sədrlərinə, hələ də xəbər-ətər yoxdur…« - Pak Un öz-özünə donquldandı. Arvadı yaralı yerinə toxunmuşdu. Kaş tezbazar çıxıb gedəydilər gəzməyə, o da bir hovur dincini alaydı, yoxsa əsəbləri tarıma çəkilmişdi, adi bir atmacadan, zarafatdan bomba kimi partlaya bilərdi. Onsuz da axır vaxtlar quduz itə dönmüşdü, işdə, evdə, həyət-bacada kimi gəldi qapmaq istəyirdi.
«Kitab bağışlayıb sədrlərinə…« - arvadının onu şillə kimi tutan sözlərini bir də xatırlayan kimi, üç-dörd gün əvvəl gördüyü müdhiş mənzərə gözləri önündə canlandı: Vyetnam Yazıçılar İttifaqının qabağına köhnə sovet samosvalı gətizdirmişdilər. Muzdlu fəhlələr illərlə İttifaqın sədrinin kabinetinin eyvanında qalaqlanmış topa-topa kitab tayalarını kisələrə doldurub samosvalın banına boşaldırdılar. Bu, illər uzunu müəlliflərin öz avtoqraflarıyla Yazıçılar İttifaqının sədri Pen Po Puna ərməğan elədikləri kitablardı. Yük maşınının banına azı üç ton makulatura yığılmışdı. Onun kitabı da bu zibil yığınının arasındaydı! Pak Unun buna zərrəcə şübhəsi də yox idi. Əl boyda yelaparanını - yumruğuna sığışan şer kitabçasını sədrə bağışlamaqdan ötrü günlərlə İttifaqa ayaq döymüş, sədrin kabineti qarşısındakı növbələrdə saatlarla gözləmişdi.
Pen Po Pun cənabları ünlü şair olmaqla bərabər, həm də böyük siyasətçiymiş: üç ton makulatura dolu samosval İttifaqın binası qarşısından uzaqlaşan kimi qəzetçiləri kabinetinə dəvət eləyib ona bağışlanmış həmin kitabları guya dustaqxanalara, qocalar evinə, rayon kitabxanalarına təmənnasız pay verdiyini təntənəylə elan eləmiş, xalqın maariflənməsi yolunda bundan sonra da əlindən gələn köməkliyi əsirgəməyəcəyini bir daha dilə gətirmişdi. Sədrin qəzəbinə gəlib ölüm hökmü oxunmuş o kitabların şəhər kənarındakı Zyünyan zibilliyində yandırılmağa yollandığı bircə Pak Una məlum idi. Bunu çənədən boş olan samosval şoferinin qılığına girib öyrənmişdi. Məşhur Zyünyan zibilliyində heç kəsin tanımadığı müəlliflərin kitablarını yandırıb külünü göyə sovuracaqdılar, - bu lap Sonqmi kəndinin faciəsindən (ABŞ qoşunlarının Sonqmi kəndində törətdikləri qırğına işarədir - tərcüməçi) də dəhşətliymiş!..
- Pak! Pak! - Arvadının harayı Pak Unu diksindirdi. Görəsən ona nə olmuşdu ki, belə çığırırdı?! Özünü tələsik qonaq otağına salanda artıq oğlu da ordaydı, anasının səsindən uşağın da ürəyi düşmüşdü.
- Bir ora bax, sədrinizi göstərirlər!
Pak Un televizorun idarə qurğusunu arvadının əlindən alıb divanda oturdu, düyməni basıb natiqin səsini artırdı. Natiqsə Vyetnam Yazıçılar İttifaqının katibi Fin Kuş Dranq idi. Katib buz üstə çıxmış dana gimi gözlərini bərəldərək ayaq üstə durub boğuq səsilə şablon, çeynənmiş ifadələrlə dolu basmaqəlib bir nitq irad eləyirdi: «…Onun publisistikasında torpağa bağlılıq, el-oba sevgisi, Vətən məhəbbəti daha qabarıq nəzərə çarpır…«
Bura sədrin kabinetiydi. Pak Un görən kimi tanımışdı. Həmin kabinet ki, haçansa onun meşin qapısı arxasında saatlarla növbə gözləmişdi. Nədi-nədi, həmin kabinetin sahibinə müəllifi kimi cılız, arıq-uruq kitabçasını bağışlayacaqdı, o kitabça da ölümə məhkum edilmiş minlərlə başqa kitablar kimi günlərin bir günü iri-iri kisələrə doldurulub sovet samosvalında uğursuz imzaların Osventsiminə - Zyünyan zibilliyinə yollanacaqdı…
Sonra sədri göstərdilər. Pen Po kreslosuna yayxanıb, azı bir metr uzunluğundakı məşhur müştüyünü tüsdülədirdi. Onun sol tərəfində prezident təqaüdçüsü, iki dəfə dövlət mükafatı laureatı, Vyetnam «sosialist əməyi qəhrəmanı«, Vyetnam Yazıçılar İttifaqının «Qocalar Qocası« fəxri titulunu daşıyan xalq şairi Şan Zü Xox oturmuşdu. Düzdür, onun şişman sifəti görünmürdü, hansısa qalın kitabı əzəldən zəif görən gözləri önünə tutub mütaliəylə məşğul idi; amma başındakı şiş uclu, Sanço Pançonun dəbilqəsinə bənzəyən milli, üçkünc həsir papaqdan; hərdən fil qulağıtək yelləyib zəhlətökən milçəkləri qovan palaz qulaqlarından; dostu, rəhmətlik Ho Şi Min kimi uzatdığı keçi saqqalından bu adamın məhz Şan Zü olduğu heç bir şübhə oyatmırdı.
- Yenə hansı bəxtəvəri tərifləyirlər görəsən? - Lin Zyün bu ikibaşlı sözləri deyib oğrun-oğrun ərinə baxdı. Pak Un oturduğu yerdəcə quruyub qalmışdı. Arvadının növbəti atmacasına reaksiya verəcək halda deyildi, gözləri televizora mıxlanmışdı, qafasında ancaq bir fikir dolaşırdı: doğrudan da o hansı ultra-istedad sahibiydi ki, Vyetnam Yazıçılar İttifaqının rəhbərliyini bir yerə toplayıb, tərifə simic qocaları öz şəninə diferamblar oxumağa məcbur edirdi? Birdən ekranda iri planda Ho Yu Feni göstərdilər. Yoğun, enli gövdəsini sədrin kabinetindəki kresloya yayıb təkəbbürlə oturmuşdu. Zalımın qızı özünü bir boğurdu ki, elə bil səhər-səhər ədəbiyyat üzrə Nobel mükafatına layiq görülmüşdü, halbuki əyninə dürtdüyü zər-məxmər olmasaydı, Vyetnam obıvateli onu vağzal bazarında düyü satan adi kəndçi arvadlardan çətin ayırd edəydi. Bu həmin Ho Yu idi ki, keçən il Pak Un onu işlədiyi "Aypara" wurnalının redaksiyasından qovmuşdu. Yaşı qırxı haqlamış bu dul qadınla əvvəlcə həlim davranmışdı, böyük qardaş kimi mehribancasına başa salmağa çalışmışdı ki, anam-bacım, ədəbiyyat siz girdiyiniz kol deyil, həvəsdi-bəsdi, gedin özünüzə başqa məşğuliyyət tapın. Qadın bu xeyirxah məsləhətdən nəticə çıxarmaq əvəzinə hiddətlənib səsinin yoğun yerinə salmışdı:
- Heç bilirsiniz mən kiməm?! Sizi qırx səkkiz saat ərzində redaksiyadan didərgin saldıraram!
Pak Un Ho Yunun «…salaram« yerinə «saldıraram« deməsinin mənasını gözəl anlamışdı. Ho Yunun Yazıçılar İttifaqının kadrlar şöbəsinin rəisi Ar İf San xanımla cici-bacı olduğundan xəbərdar idi, arxasında «Ağsaqqallar ağsaqqalı« Şan Zü kimi bir zırıltının durduğunu da yaxşı bilirdi, buna görə də Ho Yu onu üçüncü şəxsin diliylə hədələyəndə əsla təəccüblənməmişdi, əksinə, o təhdidi eşidəndə «Ağsaqqallar ağsaqqalının« Sanço Pançonun dəbilqəsinə bənzəyən üçkünc, şiş uclu milli həsir papağı, Ho Şi Minin saqqalına oxşayan keçi saqqalı, palaz qulaqları gəlib əlüstü durmuşdu gözləri önündə.
- Xanım, bütün hədə-qorxularınıza baxmayaraq, yenə də təkrar edirəm ki, siz evinizdə ləzzətli düyü aşı bişirə bilərsiniz, amma poeziya sizin xörəyiniz deyil. İltihablı beynin ifrazatı olan ”Günahsız quşcuğaz haqqında ballada” poemanızsa ədəbiyyata karikaturadır.
Müəllif hirsli-hirsli dişlərini qıcadıb «baxarıq« demişdi, sonra orfoqrafik səhvlərlə dolu əlyazmalarını - üzərinə Pak Unun karandaşla «qrafomaniya« yazdığı yekəqarın qovluğunu qoltuğuna vurub dikdaban ayaqqabılarıyla redaksiyanın dəhlizində döşəməni taqqıldada-taqqıldada çıxıb getmişdi. Heç bir həftə keçməmişdi ki, baş redaktor Pak Unu kabinetinə çağırıb üstünə qabarmışdı:
- Niyə məni zərbə altına qoyursan? Niyə Ho Yunun poemasını qaytarmısan?
- O poema deyil, zibildi, zibil!
- Mən də bilirəm o arvadın yazdıqları zibildir! Birtəhər yola verəydin də! Tanıyırsan onu? Xəbərin varmı kimin adamıdır, kim durub arxasında? Şəxsən Şan Zünün özü - Ağsaqqallar ağsaqqalı! Səhər o boyda kişi, rəhmətlik Xo Şi Minin dostu, iki dəfə dövlət mükafatı laureatı, xalq şairi Şan Zü çağırtdırıb məni kabinetinə, dişinin dibindən çıxanı döşəyib qabırğama.
Soruşub o Pak Un kimdir ki, mənim sevimli Ho Yumu…
Pak Un daha ardını dinləməmişdi, baş redaktorun kabinetinin qapısını çırpıb wurnaldan o gedən getmişdi. İndi müxalifətin "İşıqlı gələcək" qəzetində çalışırdı. Maaşı «Aypara« wurnalındakından aşağı olsa da, baş-beyni dinc idi, qəzetlərində ədəbi mətnlər verilmədiyindən Ho Yu kimilərin sir-sifətini görmürdü…
- Tanıyırsan bu qadını? Yəqin məşhur şairdir, hə?! Oxumusan kitablarını?! - Lin Syun televizordan gözlərini çəkmədən həsədlə köksünü ötürüb ərindən soruşdu. Pak Un kağız kimi ağarmışdı, bıçaq vursaydın qanı çıxmazdı. İllər uzunu işlədiyi wurnaldan qəfil ayrılığının sirrini hələ də arvadına açmamışdı. Pak Un, könlündən keçdisə də, şəhadət barmağını ekrana tuşlayaraq "budur o!" deyib wurnalla qəfil vidalaşmağının səbəbkarını Lin Syuna göstərmədi.
İndi Şan Zü ayaq üstəydi. Gah əlindəki qalın kitaba, gah da özündən razı halda kresloya yayxanmış Ho Yuya baxıb sözün hərfi mənasında ağzı köpüklənə-köpüklənə yoğun səslə, adəti üzrə bağıra-bağıra nitq söyləyirdi.
- Mən Ho Yu qızımızın poeziyasından danışacağam, poeziyasından. Heç kəsə bənzəməyən özünəməxsus poeziyasından! Mən ilk dəfə bu kitabla tanış olanda "Günahsız quşcuğaz haqqında ballada" poeması gözümə dəyən kimi sevindim. Sevindim ona görə ki, indiyədək Ho xanımın istedadlı qələmindən çıxan bütün şerlərilə tanışdım, o şerlər haqqında mətbuatda dəfələrlə tərif dolu məqalələrlə çıxış eləmişdim. İndisə birdən-birə onun poemasını görəndə sevincim yerə-göyə sığmadı! Mənim şair qızım poema da yazırmış! Şadlığımdan gözlərim doldu. Şırhaşırla yanaqlarıma süzülən göz yaşlarımı silə-silə günahsız quşcuğazın, adi bir sərçə balasının böyük ustalıqla qələmə alınmış keşməkeşli həyat tarixçəsini oxuyub hamımızın sevimlisi Ho xanımın necə də bənzərsiz şair olduğunu özlüyümdə bir daha təsdiqlədim! Bu epopeya siqlətli misilsiz poema ilin ədəbi hadisəsidir desəm, yəqin aparıcı tənqidçilərimiz də tezliklə təsdiq edəcəklər ki, yanılmıram. Müqəddəs Buddaya and olsun…
- Yatmışıq fil qulağında, gör necə şairlərimiz varmış! - Lin Syun həsədlə ah çəkib kresloda oturdu, görünür Şan Zünün alovlu nitqi Ho Yunun həqiqətən böyük istedad sahibi olduğuna onu da inandıra bilmişdi və elə buna görə də Lin Syun evin bürküsündən qaçıb həyətdə sərinləmək fikrini deyəsən tamamilə unutmuşdu. - Afərin sənə, afərin! - Lin Syun bu dəfə də yanıqlı-yanıqlı köksünü ötürüb guya öz-özüylə danışırmış kimi ərini cırnatdı. - Arvad olasan, belə kitablar yazasan, millətin böyük-böyük yazıçılarını, şairlərini başına toplayıb özünə tərif dedizdirəsən?!.
Pak Un kimilərə ədəbiyyatda yer yox idi! Heç vaxt onu televiziyayla göstərməyəcəkdilər, heç vaxt heç yerdə adını dilə gətirməyəcəkdilər, ölsəydi də heç vaxt xatırlanmayacaqdı. Qırx beş illik ömründə ilk dəfəydi ki, həqiqət bütün çılpaqlığıyla - lümlüt gəlib durmuşdu Pak Unun qarşısında. Bu həqiqət Ho Yunun fiqurası kimi o qədər eybəcərdi ki, Pak Unun ürəyi bulandı. Ömrünün yazı masası arxasında keçirdiyi otuz ili, - həyatının mənası sandığı bir iş - sən demə, boş, gülünc, puç bir məşğuliyyətmiş. Pak Unun axmaq bir ideya uğrunda məhv elədiyi ömrünə görə, heç vaxt onun olmayacaq bir səadətin ardınca indiyədək həyasızcasına düşdüyü üçün özündən iyrəndi...
Pak Un əvvəlcə dişi ağpıyan adamlar kimi zarıdı, sonra başını qapazlaya-qapazlaya bağırmağa başladı:
- Kül Vyetnam ədəbiyyatının təpəsinə, gör kimlərə qalır!
Lin Syun ərinə baxanda dəhşətə gəldi: Pak Unun televizora zillənmiş gözləri ekrandakı katibin gözləri kimi dombalanmış, başındakı ağ, seyrək tükləri biz-biz durmuşdu. Lin Syun:
- Sənə nə oldu? - soruşdusa da, cavab ona məlum idi: əri - illər uzunu hər gecə bir qutu siqaret fısqırdıb kağız-kuğuz içində eşələnən uğursuz şair öz qadın həmkarına həsəd aparırdı, özü də bu həsəd hissi elə güclüydü ki, Pak Unun milli qıyıq gözləri inanılmaz dərəcədə bərəlib az qala yuvasından çıxmaq həddinə çatmışdı və paxıllıqdan od tutub yanan başında biz-biz durmuş ağ, seyrək tükləri arasından bir qara tüstü də qalxırdı. Bunu Lin Syun apaydın görürdü.
Pak Un arvadına cavab verəcək halda deyildi, əslində heç onun sualını eşitməmişdi də, çünki bu dəqiqə, bu an ona elə gəlirdi ki, əlçatmaz, ünyetməz bir adada Robinzon Kruzo kimi tək-tənha qalıb və bu dəqiqə, bu an bütün dünya ondan ötrü dörd nazik taxta ayaq üstə durmuş köhnə, iri televizordan, bir də orda göstərilən adamlardan ibarət idi. İndi birdən-birə sanki ekran da rənglərini itirmişdi, ağ-qara göstərirdi.
- "Günahsız quşcuğaz haqqında ballada" poeması çox sadə dildə qələmə alınsa da, doğma Vyetnam dilimizin bütün rənglərini, çalarlarını, zənginliyini özündə əks etdirir… - Şan Zü qulaqlarına çatan nəhəng ağzını aralayıb ətrafa tüpürcək yağdıra-yağdıra fasiləsiz danışır, dodaqlarına, çənəsinə yayılmış selikli qişanı cəhənginə sığmayan böyük, ətli diliylə yalayırdı. Bu tüpürcəklər ən çox Ho Yunun boyalı üzünü bulaşdırmışdı, çünki onun oturduğu kreslo Şan Züyə daha yaxın idi, yəni öz kumirinə heyran-heyran baxan qadın, demək olar ki, xalq şairinin çənəsinin altındaydı. - Şan Zü dil boğaza qoymadan danışırdı:
- Səhər yolla gedirdim,
Şəhəri seyr edirdim… - Poema bu sadə, lakin dahiyanə misralarla başlayır. Müstəqil Vyetnamın müstəqil qadını səhər tezdən yol ilə gedir və doğma Hanoyunu seyr eləyir. Başı bəlalı Vyetnam Amerika müstəmləkəçilərinin pəncəsindən xilas olub suverenlik qazandıqdan sonra Hanoy necə də böyümüş, gözəlləşmişdir. Hər tərəfdə göydələnlər, modern binalar, gözqamaşdırıcı reklamlar, yeni asvalt döşənmiş küçələr, prospektlər… ölməz, əbədi prezidentimiz Ho Şi Minin adını daşıyan parklar, istirahət ocaqları… Vətənimizin paytaxtının vəsfinə həsr edilmiş birinci hissədən - poemanın bəlkə də yarısını təşkil edən yığcam, lakonik fəsildən sonra əsərin ikinci hissəsi, mən deyərdim ki, poemanın kulminasiya nöqtəsi yetişir. Əsərin lirik qəhrəmanı - müstəqil Vyetnamımızın müstəqil qadını qəflətən nə görsə yaxşıdır? Görür ki, təmiz, abad küçələrin birində ağacdakı yuvasından hələ dimdiyinin sarısı getməmiş ətcəbala bir quşcuğaz yıxılıb yerə düşmüşdür. Müstəqil vətənimizin müstəqil quşcuğazı hələ uça bilmir, asvalt üzərində çabalayır, atılıb-düşür, yuvasını, anasını axtarır. Mərd xalqımızın namuslu, ismətli lirik qəhrəmanı - qırx beş yaşlı gənc şair qız tərəddüd etmədən dərhal öz kömək əlini günahsız quşcuğaza uzadıb onu küçələri dolaşan ac, yiyəsiz pişiklərin, avara, quduz itlərin cəngindən xilas etməklə okeanın o tayındakı düşmənlərimizə göz dağı çəkir! Hə, Sem dayı, (ABŞ-a işarədir - tərc.) görürsənmi, biz belə xeyirxah, alicənab, ulu millətik. Biz adi, günahsız bir quş balasını da darda qoymur, ona yiyə dururuq! Böyük istedadla qələmə alınmış əsərin bu yerini kövrəlmədən və eyni zamanda qürur hissi kesirmədən oxumamaq qeyri-mümkündür. Görün bizim şair qızımızın təbi bu yerdə necə fantan vurur… - Şan Zü sol əlindəki qalın kitabı varaqlayıb axtardığı səhifəni tapdıqdan sonra kitabı gözlərinin qabağına tutdu, sağ əlinin şəhadət barmağını qaldırıb düyü arağının təsirindən kövrəlmiş səsilə oxudu:
Quşu yerdən götürdüm,
Evimizə gətirdim.
Dən verdi ki, ölməsin,
Düşmən bizə gülməsin…
Lin Syun sidq ürəkdən "əhsən!" dedi. Bu dəfə onun qətiyyən ərini sancmaq fikri yox idi, öz nitqiylə özünü ekstaz vəziyyətinə çatdırmış xalq şairinin emosionalcasına söylədiyi misralar həqiqətən ona bərk təsir eləmişdi. Bu incə, kövrək misraları qadın yazmışdı, elə buna görə də Lin Syunun qadın ürəyi riqqətə gəlmişdi. Axı o hər şeydən öncə anaydı! Hansı ana anasından ayrı düşmüş balanın - adi, ətcəbala quşcuğaz olanda noolar - iztirablarına, özü də bu iztirablar analıq instinkinin diqtəsiylə qadın tərəfindən qələmə alınmışdısa, biganə qala bilərdi?!.
Lin Syun indiyədək şair sandığı ərinin cəmisi bir dəfə, o da nişanlı olduqları vaxt "Sayqon-mediya" qəzetində basılmış şerini oxumuşdu. Elə qəliz şerdi ki, heç nə anlamamışdı. Adı da əndrabadiydi - "Paradoks." O vaxtdan bu çağacan Pak Unun nə bir əlyazmasına baxmış, nə də kitabını varaqlamışdı. Şair belə olardı - bu arvad kimi. Elə sadə, elə anlaşıqlı dildə, ən başlıcası elə gözəl yazırdı ki, adamı ağlamaq tuturdu, o boyda xalq şairlərini vəcdə gətirirdi. Ərinin mənzilin girəcəyindəki şkafda saxladığı iki kisə əlyazması indi Lin Syunun nəzərində tarakanları, müxtəlif iyrənc həşəratları özünə cəlb eləyən zir-zibil yığınından savayı bir şey deyildi. Beləcə davam eləsə, Lin Syunun yeknəsəq həyatında heç nə dəyişməyəcəkdi. İllər ötdükcə, şkafdakı kisələrin sayı çoxalacaq, nə qədər dərman səpirsən-səp, evdəki tarakanların kökü kəsilməyəcəkdi. Bu acı perspektiv Lin Syunu qorxuya saldı, ürəyində qəti qərara gəldi ki, əriylə tam ciddi söhbət eləməyin məqamı yetişib. Veriliş bitən kimi oğluyla həyətə düşüb bir az gəzişəcək, sonra evə qalxıb uşağı yatızdıracaq, mətbəxə çəkilib Pak Unla məsələni çürüdəcəkdi. Ya biz, ya makulatura dolu o kisələr - ərini seçim qarşısında qoyacaqdı. Əgər yaşı qırx beşi ötmüş bu kişiyə doğmaca ailəsi yox, iki kisə kağız-kuğuz əzizdirsə, günü sabah Lin Syun şələ-şüləsini yığıb balasını da salacaqdı yanına, düz atasıgilə üz tutacaqdı! Buyur, ailəni əməllicə dolandıra bilmirsənsə, barı həşəratları bəslə… Lin Syunu bu qara-qara fikirlərdən qurd ulartısına bənzər tükürpədici bir səs ayırdı. Başını çevirib ərinə baxanda matı-qutu qurudu: Pak Un ayaq üstə durub çənəsini irəli uzadaraq eynən yalquzaq kimi ulayırdı…
- Poemanın qırx üçüncü fəslində namuslu, ismətli, alicənab vyetnamlı qızın bəsləyib böyütdüyü həmin o günahsız quşcuğaz artıq yuva qurmuş və müstəqil, suveren vətənimizin suveren səmalarında pərvaz… - Protez dişləri ağzında laxlayıb yerindən qopduğundan Şan Zü sözünün ardını gətirə bilmədi. Verilişin operatoru kameranı cəld Pen Poya yönəltməklə xalq şairini bu naqolay vəziyyətdən xilas elədi. İndi ekranda Pen Ponu göstərirdilər. Yazıçılar İttifaqının sədri həyatda çox qovğalardan çıxmışdı, təcrübəli adamdı, özün itirmədən külü sönmüş uzun müştüyünü külqabına qoyub gövdəsini ağır-ağır kreslodan qaldıraraq mikrafonu götürdü:
- Mən yazıçı-publisist, şair-dramaturq, tərcüməçi, filoloq, etnoqrof, ədəbiyyatımızın dəyərli tədqiqatçısı Ho Yu xanımın istedadla qələmə aldığı…
- Rədd olun!!! - Pak Un bar-bar bağırıb əlindəki pultu televizora tolazladı. Məsafədən idarəetmə qurğusu ekrana çırpılıb çilik-çilik oldu.
- Başına hava gəlib, a kişi?! - Lin Syun da çığırdı. - Sən də bu arvad kimi yaz, qoy səni də tərifləsinlər, tay televizorun günahı nədir? Hələ heç kreditin pulunu verib qurtarmamısan!..
Lin Syunun ürəyi doluydu, açacaqdı sandığı, tökəcəkdi pambığı. Hələ Zyun da əsəbiləşmişdi. Atasının heç bir etik çərçivəyə sığmayan kobudluğu onu da cin atına mindirmişdi. Bu evdə ən bahalı, ən qiymətli, ən lazımlı şey televizor idi. Bu müqəddəs əşyaya təcavüzü nə Lin Syun, nə də oğlu Zyun heç kəsə, heç Pak Unun özünə belə bağışlamazdı. Odu ki, ana-bala bu dəqiqə Pak Unu didib-parçalamağa belə hazır idi, amma sonrakı hadisələr sürətlə baş verdiyindən yazıqlar ağızlarını açmağa belə macal tapmadılar. Qollarına hardansa pəhləvan gücü gəlmiş Pak Un televizoru qamarlayıb dayaqlarını yerdən üzdü, bu iri qutunu sinəsi bərabəri qaldırıb döşəməyə çırpmasıyla arvadının qıyya çəkməsi bir oldu. Lin Syun əllərini qoynuna qoyub elə çığırmışdı ki, elə bil ətindən diri-diri bir parça qoparmışdılar. Zavallı qadın birdən-birə iki faciəylə üzləşirdi: birincisi, əri havalanmışdı, buna indi onun heç bir şübhəsi yox idi, sadəcə, çoxdan gözlədiyi bir olay baş vermişdi; ikincisi də ki, canı qədər istədiyi televizorla ayrılırdı. Ərinin haçansa sağalıb adam olacağına ümid vardısa da, bu evə tezliklə təzə televizor alınacağı inandırıcı deyildi, çünki ailədə işləyən təkcə Pak Un idi, o da belə… Pak Un əmməlli-başlı dəli idi. Lin Syun bunu Pak Unun gözlərinə baxanda dərk eləmişdi və ərdə olduğu bu on beş il ərzində ilk dəfəydi ki, bərk qorxmuşdu. Televizor cəhənnəmə, indi onunla balasının həyatı təhlükədəydi. Buna görə də oğlunun qulağına dili topux çala-çala :
- Zyun, qaç həyətə, təcili yardımı qarşıla, mən indicə dəlixanaya zəng vuracağam, - pıçıldamış, oğlan da yerindən güllə kimi götürülüb küçəyə qaçan kimi Lin Syun da dabanına tüpürmüşdü…
Zərbədən laklı taxta qutusu sınıb qaranlıq ekranı ortadan çat vermiş televizor əvvəlcə xırıldadı, sonra Yazıçılar İttifaqı sədrinin yoğun səsilə dilə gəldi: "…Ho Yu xanımın bu əsəri ədəbi hadisədir desəm, yanılmaram…"
Pak Unun ağlı daha başında deyildi, qeyri-insani çığırtılarla naqilləri elektrik şəbəkəsindən qoparıb televizoru yenidən qucağına götürdü…
Camaat binanın qarşısındakı işıqlı meydançaya təzə-təzə toplaşırdı. Lin Syun həyətə yenicə çıxmışdı ki, ərinin balkondan gələn vəhşi nəriltisindən diksindi:
- Quşu yerdən götürdüm,
Evimizə gətirdim!!!
Pak Ungildən bir mərtəbə aşağıda, alt mənzildə yaşayan tənha qadın Van Xınq da Lin Syunlaydı. O da növbəti teleserial bitən kimi dabansız, yumşaq məstlərini ayağına keçirib havaya çıxmaq istəmiş, amma yuxarıda, qonşularıgildəki hay-kuyu eşitcək şüurunu qarşısıalınmaz maraq hissi bürüdüyündən başmaq seyrini təxirə salıb əlüstü qulaqlarını şəkləmişdi. Hələ indiyədək heç vaxt üst mərtəbədən belə qaraqışqırıq eşidilməmişdi. Sonra görəndə ki, yuxarıda vur-çatlasındır, aləm qarışıb biri-birinə, qonşularıgildə elə bil bomba partlamışdı, zalın iki yüz əlli min dranqlıq (dranq - Vyetnamın milli pulu) çil-çırağı zəlzələdəki kimi qarmağında yellənir, bir ətək xərc çəkib ağartdığı tavandan başına əhəng, mala qırıntıları tökülür, bu vaxt yaman hiddətlənmişdi, qərara gəlmişdi ki, qalxıb qonşularının abrını ətəklərinə büksün. Mənzilinin ağır seyf qapısını elə yenicə açmışdı ki, Lin Syun dili döşündə salamsız-kəlamsız özünü içəri salmışdı, bəs, qonşu, telefonunu ver, dəlixanaya təcili zəng eləməliyəm, kişim havalanıb. Monoton həyatında teleseriallardan savayı maraqlı heç nə olmayan Van Xınqı bu xəbər elə sevindirmişdi ki, şadlığından telefonu cəld qapıb özü nömrəni yığmış, dəstəyi qulağına birnəfəsə: "Təcili özünüzü filan küçəyə, filan binaya, filan mənzilə yetirin, - demişdi, - qonşu kişi dəli olub!" Van Xınqın lırt, süst bədəninə sanki birdən-birə hardansa gənclik enerwisi dolmuşdu, yaşına uyğun olmayan cəldliklə pilləkənləri tullana-tullana, üç-üç düşmüşdü. Beşinci mərtəbədəki kişi havalanıb! Deyirlər şair imiş, qəzetdə işləyirmiş… Bürkülü, darıxdırıcı yay axşamları sonu görünməyən sabun operalarından sonra həyətə yığışıb qeybət qıran məhəllə arvadları bu mövzunu məcunlu saqqız kimi, ta televiziyada yeni teleserial göstərilənə qədər çeynəyəcəkdilər…
Pak Un televizoru səndirləyə-səndirləyə, güc-bəla qucağında eyvana gətirib məhəccərin üstünə qoymuş, sonra dəli nərə çəkmişdi. Sinəsini elə bil məngənəyə salıb sıxmışdılar. Çığırmasaydı, sanki ürəyi partlayacaqdı. Aşağıda, dirəklərdən asılmış balaca elektrik lampalarının zəif-zəif işıqlandırdığı meydançada xeyli alam gəzişirdi. Onlar da bu əcaib, vahiməli bağırtıdan səksənib ayaq saxlamış, başlarını qaldırıb səs gələn tərəfə baxmışdılar. Bu adamlar indi Pak Unun nəzərində qarışqa kimiydilər. Meydançaya niyə yığışmışdılar, məqsədləri nəydi, onun dumanlı təfəkkürü hal-hazırda bunu dərk eləmək iqtidarında deyildi. Hətta məhəccərin üstünə qoyub bərk-bərk qucaqladığı iri, ağır qutunun da nə olduğunu hələ ki ağlı kəsdirmirdi. Qəflətən ona elə gəldi ki, bu sınıq-salxaq qutu Vyetnam Yazıçılar İttifaqının binasıdır. Elə bu fikrin özü yenidən damarlarında qanını coşdurdu, siqaretdən çürümüş dişlərini televizora saplayıb ağrıdan gözləri yaşaranadək gəmirdisə də, ağzındakı xoşagəlməz tamdan, bir də dişağrısından savayı heç nəyə nail olmadı, yəni qutudan bir qırıntı belə qopmadı. İndi gözlərinə Yazıçılar İttifaqının binasının maketi kimi görünən köhnə, ağır, yöndəmsiz yeşiyə qanlı-qanlı son dəfə baxıb var gücüylə onu üzüaşağı itələdi…
Sonra meydançada dəhşətli gurultu qopdu. Aləm dəydi bir-birinə. Səs-küy, qaraqışqırıq…
Səhər-səhər meydança yenə adamla doluydu. Hətta yaxınlıqdakı binaların sakinləri də bu qələbəliyi görüb özlərini bura yetirmişdilər. Küçəylə keçən avtobuslar, rikşalar da sürətini azaldır, sürücülər, sərnişinlər də maraqla boylanırdılar. Qonşuların bəzisi ailəliklə eyvana çıxıb məhəccərə söykənərək aşağıdakı tamaşanı seyr edirdi. Arvadların çoxu Van Xınqın başına toplaşmışdı. Onu üzük qaşı kimi əhatəyə almışdılar. Osa əlləri qoynunda, tez-tez başını qaldırıb beşinci mərtəbəyə sarı boylana-boylana dünənki dəhşətli hadisəni təfərrüatına qədər nəql eləyir, ən xırda detalı belə nəzərdən qaçırmamağa çalışırdı.
Bir az aralıdadakı dəstənin ortasında əli çəlikli qocaman partizan, müharibə veteranı Vranq Bunq Txan dayanmışdı. Döşünə taxdığı müxtəlif orden və medallar günün işığında bərq vururdu. Tanıyanlar yaxşı bilirdilər ki, bu kişi azı bir kilo ağırlığında dəmir-dümürü sinəsindən boş yerə asmayıb, çünki Vranq Txan təkcə Qələbə günü, bayramda-filanda deyil, lap elə Rayon Kommunal-Təsərrüfat müdirinin qəbuluna gedəndə də sinəsində metallom gəzdirirdi. Bu gün Vranq Txan kişi nəğd eləmişdi ki, dünənki olayla əlaqədar şahid qismində dindirilməkdən ötrü onu mütləq polis idarəsinə çağıracaqdılar, döşündən sallananlarsa həmişəki kimi sözlərinin təsir gücünü birə beş artıracaqdı. Qoca partizan çəliyini axşam televizorun çırpıldığı yerə (sübh tezdən süpürgəçilər deyinə-deyinə artıq həmin yeri süpürüb-təmizləmiş, televizorun qalıqlarını küçədəki iri zibil çəlləyinə atmışdılar) tuşlayıb sözə başladı:
- Axşam evdən elə təzəcə çıxıb havamı dəyişmək istəyirdim ki, bir də eşitdim gurt, bir şey partladı. Ürəyim qopub düşdü ayaqlarımın altına. Əvvəlcə elə bildim yenə müharibə başladı, amerikanlar napalm bombası atdılar şəhərə. O bombanın səsi yaxşı yadımdadır. Kasset bombalar başqa cür partlayır. Onların səsi alayıdır… Tez özümü həyətə salıb nə görsəm yaxşıdır, paho…
Bəzi sentimental evdar qadınlarsa əsla tanımadıqları kişinin qəfil dəliliyini uzun illərdir hər axşam televiziyayla yayımlanan, hələ də sonu görünməyən Məhəbbət və nifrət adlı Braziliya teleserialının təsiriylə əlaqələndirir, doluxsunmuş gözlərini naxışlı yaylıqlarıyla silə-silə Mariya Lopes de Veqayla Xuliyo Antoniyo don Pedronun faciəli, keşməkeşli, ürək parçalayan məhəbbət dastanının hələ indən belə çox adamı havalandıracağı fikrini irəli sürürdülər…
Beləliklə, bütün bu söz-söhbətlərdən, şahid ifadələrindən belə məlum olur ki, (əksəriyyətin fərziyyəsi beləydi) axşam beşinci mərtəbədəki heç kəslə ünsiyyət saxlamayan, səhərlər işinə gedib gecə evinə qayıdan, çölə çıxmayan, qırx dərəcə istidə belə bir dəfə də həyət-bacaya düşməyən, qısası, yaşı əllini haqlamış qılaflı bir kişi, yəni çox şübhəli tip, - deyilənlərə görə şair imiş,- sürdüyü qapalı həyatın nəticəsi kimi, nəhayət ki, havalanır. Başlayır bağıra-bağıra evi vurub dağıtmağa. Arvad-uşağı vaxtında əkilib cəld aradan çıxmasaydı, yəqin onları da televizorlarının aqibəti gözləyəcəkdi… Qəribə də olsa, bu dəfə ”Təcili tibbi yardım” briqadası vaxtında özünü hadisə yerinə yetirə bilmişdi. Ruhi xəstəxanadan gəlmiş kəlboyun sanitarlar mənzilin qapısını qırıb evə girəndə Pak Un mətbəxin tavanındakı qarmaqdan asılmış kəndirin ilməyini təzəcə boynuna keçirmişdi. Elə bu kəndirlə onun əl-qolunu bərk-bərk sarıyaraq maşına basıb dəlixanaya aparmışdılar. Xəstə "Təcili yardım"a dürtülməzdən öncə, həyətə doluşmuş camaatı sarı dönüb son dəfə bir ağız da bağırmışdı:
- "Quşu yerdən götürdüm,
Evimizə…" - ağzı sanitarlar tərəfindən sürücünün kirli əskisiylə tıxandığından sözünü tamamlaya bilməmişdi. Hamının diqqəti Pak Unda olduğu üçün kənarda durub oğlunun qolları arasında hıçqıran qadının zarıltısını Vanq Xınqdan savayı heç kim eşitməmişdi:
- Biabır olduq… biabır olduq…
Lin Syunla oğlu Zyun həyətdə görünəndə sanki qurbağa gölünə daş atdılar. Camaat xırp səsini kəsdi. Hamının gözü bu bədbəxt ana-baladaydı. İndiyədək başqalarından heç nəylə seçilməyən Lin Syunla Zyunun ömürlərində ilk dəfəydi ki, bu qədər adam arxalarınca baxırdı. Onlar Pak Unun sayəsində məhəllənin ən məşhur adamlarına çevrilmişdilər! Yollandıqları yerin adı iri hərflərlə peysərlərinə yazılıbmıştək xəcalətdən, utandıqlarından büzüşüb yumağa dönmüş zavallılar başlarını aşağı salıb artıq hamıya bəlli olan yerə tələsirdilər.
- Dəlixanaya gedirlər… - qələbəliyin içindən kimsə dilləndi. O saat ağbirçəklərdən biri ah çəkib: "Dəli arvadı olmaq böyük dərddir" deməklə yuxa qadın ürəklərini kövrəldib riqqətə gətirdi. Zərif cinsin nümayəndələrinin, təbii ki, Lin Syuna yazıqları gəlirdi. Kişilərsə öz növbəsində Zyunun halına acıyırdılar:
- Oğlan uşağının atasız böyüməsi müsibətdir…
Bu olayın üstündən bir ay ötmüşdü. Lin Syun oğlu Zyunla neçənci dəfəydi ki, Hanoyun Mərkəzi Ruhi Xəstəxanasının tanış korpusunun tanış taxta qapısının açıq nəfəsliyindən ərini seyr edirdi. Altı kvadratmetrlik təkadamlıq otaqda Pak Unu dəmir çarpayıya uzadıb əl-ayağını yapışqanlı lentlə sarımışdılar. Pak Un heç nə ifadə eləməyən ölü qoyun gözlərilə doğmalarını süzüb, bu bir ay ərzində neçənci dəfəydi ki, eyni sözləri qurumuş dodaqlarıyla xırıldaya-xırıldaya təkrarlayırdı:
Quşu yerdən götürdüm,
Evimizə gətirdim…
- Yenə əvvəlki kimidir… - Lin Syun başını nəfəslikdən çəkib ümidsizcəsinə pıçıldadı. Bu sözlər oğluna ünvanlanmışdı.
- Niyə elə deyirsiniz, xanım, - xeyli arxada durmuş həkim incik səslə dillənəndə məlum oldu ki, zalımın balası qulaqdan yaman iti imiş, - təzə-təzə bu şeri bağıra-bağıra oxuyurdu ki! İndi heç olmasa öz-özünə zümzümələyir… - Sonra özünü boğub sifətinə ciddi görkəm verməyə çalışdı. - Depresiv manikal şizofreniya sizə zarafat gəlməsin, xanım. Bu, uzun müddətli intensiv müalicə kursu tələb eləyən çox təhlükəli xəstəlikdir…
"Depresiv manikal şizofreniya…" Mənasını anlamadığı bu qəliz sözlərdən Lin Syunun qanı damarlarında dondu. Birdən ona elə gəldi ki, darısqal palatada çarpayıya sarınan adam Pak Un yox, sərsəm, zəlil, yad bir kişiydi…
…Qarlı-çovğunlu bir qış axşamı Lin Syungil on il yaşadıqları o binadan köçüb getdilər. Evdə bir çöp belə qoymamışdılar, qapıları ağzındakı cındır palazadək hər şeyi iri yük maşınının banına yükləyib naməlum istiqamətdə yola düzəlmişdilər. Təkcə Pak Unun iki iri kisəyə sığışmış əlyazmalarını gərəksiz kağız-kuğuz kimi küçədəki zibil çəlləyinə boşaldıb boş kisələri özlərilə aparmışdılar…
…Düz altı aydan sonra Ho Yunun "Günahsız quşcuğaz haqqında ballada"sı ilin Hoşimin adına ali ədəbi mükafatına layiq görüldü. Bu barədə həftəlik "Vyetnam ədəbiyyatı" qəzetinin ilk səhifəsindəcə zırpı-zırpı şriftlərlə məlumat verilmiş, laureatın palaz boyda şəklini də çap eləmişdilər. Həmin gün həmin qəzetin son səhifəsinin lap aşağı ucunda qara haşiyidə hərfləri yalnız mikroskopla oxuna bilinəcək standart, basmaqəlib, quru başsağlığı da getmişdi. "Vyetnam Yazıçılar İttifaqı uzun sürən xəstəlikdən sonra vəfat etmiş şair Pak Un Tvanqın qəfil ölümündən kədərləndiyini bildirir və mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir.
Müqəddəs Budda köməyiniz olsun."