
14 Aprel Kommunist Partiyası və Sovet dövlət xadimi, yazıçı və publisist, həkim Nəriman Nərimanovun anadan olmasının 155 illiyidir. O, hələ ötən əsrin əvvəllərində demişdi:
“Biz azadlığın bəhrələrini görməsək də, bizdən sonra gələn nəsillər bu bəhrələri görəcək, dərk edəcək və ləzzətini dadacaq, bizi minnətdərlıqla yad edəcəklər”.
Leninçi bolşeviklər qvardiyasının şanlı nümayəndələrindən olan Nəriman Nərimanov 1905-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü idi. O, 14 aprel 1870-ci ildə Tiflisdə anadan olmuşdu. Atası Kərbəlayı Nəcəf maarifpərvər, anası Həlimə xanım həssas, xoşxasiyyət adam kimi tanınırdı. Nərimanov 1882-ci ildə Qori seminariyasına daxil olmuş, 1890-cı ildə oranı bitirərək Tiflis quberniyasının Borçalı qəzasının Qızılhacılı kəndinə müəllim təyin olunmuşdur.
1891-ci ildə Bakıya gəlmiş və geniş mədəni-maarif, ədəbi-siyasi fəaliyyətə başlamışdır. N.Nərimanov yazırdı: “Müsəlman kütlələrinin müstəsna avamlığı və geriliyi, öz ədəbi və ictimai işimlə bu kütlələri oyadıb inqilaba hazırlamaq vəzifəsini qarşıma qoyur”. O, 1894-cü ildə Bakıda müsəlman kütlələri üçün ilk xalq qiraətxana – kitabxanası təşkil etmiş, bir sıra Şərq ölkələrinin mütərəqqi qəzetləri ilə əlaqə yaratmış, həmin ölkələrdən qiraətxana üçün ədəbiyyat almışdır. İctimai problemlərə toxunduğu “Nadanlıq” (1894), “Şamdan bəy” (1895), “Nadir şah” (1899), “Bahadır və Sona” (1896-1908) kimi ədəbi əsərlər, sosial və mədəni məqalələrə dair publisistik məqalələr yazmış, N.V.Qoqolun “Müfəttiş” komediyasını Azərbaycan dilinə tərcümə etmiş (1892), Azərbaycan və rus dillərini öyrənənlər üçün dərsliklər tərtib etmişdir. Nərimanov 1902-ci ilin may-iyun aylarında ekstern qaydası ilə gimnaziyanı qutarmaq haqqında kamal attestatı almış və həmin ildə Odessadakı Novorossiya universitetinin tibb fakültəsinə daxil olmuşdur. Burada tələbə hərəkatında iştirak etmiş, liman fəhlələri arasında inqilabi iş aparmışdır. 1905-ci ilin yanvar – fevral aylarında Odessada böyük bir yığıncaqda respublikanın monarxiyadan üstünlüyü barədə referat oxumuşdur. İnqilabi çıxışlardan qorxan çar hökuməti 1905-ci ilin payızında universitati müvəqqəti olaraq bağladı. Nəriman Bakıya qayıtmalı oldu.
O, birinci rus inqilabı illərində bir inqilabçı kimi mətinləşmiş, mütləqiyyətə qarşı qətiyyətlə mübarizə aparmışdı. 1905-ci ildə o, RSDFP-nın “Hümmət” təşkilatına daxil oldu. Bu dövrdə Nəriman İran inqilabçıları ilə sıx əlaqə saxlamış, İran sosial-demokrat təşkilatının banilərindən biri məqalə və müraciətnamələrində İran xalq kütlələrini birinci rus inqilabının yolu ilə getməyə çağırmışdır. 1906-cı ildə RSDFP Proqramını Azərbaycan dilinə tərcümə etmiş, Azərbaycan və İran zəhmətkeşləri arasında yayılmasını təşkil etmişdir. Həmin ildə Odessaya qayıtmışdır. Universiteti bitirib (1908) Bakıya gəlmiş və şəhər xəstəxanasında işləməyə başlamışdır. Nəriman əsl xalq həkimi idi, zəhmətkeş kütlələr ona “bizim doktor” deyirdilər. Hökumət orqanlarının mürtəce qüvvələrin təqibi üzündən 1909-cu ilin fevralında maarifçi, həkim Tiflisə gedir və orada xəstəxanaya işə qəbul olunur. Həmin il martın 1-də inqilabi fəaliyyətinə görə həbs edilib Metex qalasına salınır, altı ay orada saxlanıldıqdan sonra Həştərxana sürgün olunur. Azərbaycanın böyük oğlu sürgündə olan başqa inqilabçılarla birlikdə qəzetlərlə əməkdaşlıq edirdi. Həştərxan xalq universitetinin sədri olan Nərimanov onu kütlələr arasında ictimai-siyasi və inqilabi iş aparan bir orqana çevirmişdi. Doktor 1913-cü ildə Bakıya qayıdır və yalnız 1914-cü ilin mayında Qaraşəhər xəstəxanasında özünə iş tapa bilir. O, eyni zamanda ədəbi – publisistik, inqilabi fəaliyyətini də davam qilabi iş aparan Xalq Evi idarə heyətinə seçilmiş, həmçinin “Qənaət” kooperativi idarə heyətinin üzvü olmuşdur.
Nərimanov I Dünya müharibəsinə qədər özünün əsl sol sosial-demokrat olduğunu qeyd etmişdir. Sosialist partiyalarının dərin böhran keçirdiyi və fəhlə hərəkatı başçılarının xəyanət və dönüklüyü şəraitində Nərimanov sonralar özünün qeyd etdiyi kimi, bu ziddiyyətlər kələfindən çıxış yolunu ancaq kommunizm təliminə tapdı. Proletar beynəlmiləlçiliyi bayrağını, imperializmə qarşı üsyan bayrağını yüksəklərə qaldıran boşevik partiyasının alovlu çağırışı ictimai-siyasi münasibətlərin mürəkkəb çulğaşmasının həqiqi mənasını Nərimanova göstərdi və o, zəhmətkeşlərin azadlığı uğrunda mübarizədə Lenin yolunu ömrünün sonunadək bütün varlığının amalı etdi.
1917-ci ilin martında bolşevik “Hümmət” təşkilatının Müvəqqəti Komitəsinin heyətinə, həmin ilin iyununda “Hümmət” təşkilatı Komitəsinin sədri və RSDF(b)P Bakı Komitəsinin üzvü seçilir. İyulun 3-dən onun redaktorluğu ilə “Hümmət” bolşevik qəzeti çıxmağa başladı. Nərimanov 1917-ci ilin iyununda RSDF(b)P Bakı Komitəsindən partiyalararası Məlumat bürosu müşavirəsinə nümayəndə seçilmişdi. 1917-ci ilin oktyabrında bolşeviklər tərəfindən şəhər dumasına, noyabrında isə Müəssisələr məclisinə namizəd göstərilmişdi. O, 1918-ci il martın axırlarında yaradılmış Bakı şəhəri və rayonlarının İnqilabi müdafiə komitəsinin üzvü idi. 1918-ci il aprelin 25-də şəhər təsərrüfatı komissarı kimi Bakı Xalq Komissarlığı Sovetinin tərkibinə daxil oldu.
Nərimanov 1918-ci ilin mayında Bakı qəza kəndli deputatları Sovetlərinin I qurultayının təşkilatçılarından biri idi. İyunda doktor xəstəliyinə görə Həştərxana göndərildi. Burada o, Həştərxan icraiyyə komitəsi maarif şöbəsinin müdiri vəzifəsində çalışır, quberniya partiya təşkilatlarının işində fəal iştirak edirdi. 1919-cu ilin yanvarında Nərimanov Həştərxanda Zaqafqaziya müsəlmanlarının işləri üzrə komissar seçilir. O, Azərbaycan kommunistləri ilə əlaqə saxlayır, məqalə və məktublarında Azərbaycan zəhmətkeşlərinin əksinqilabçı musavat hökumətinə qarşı mübarizəyə çağırırdı. Orconikidze yazırdı: “Nəriman “müsavatçıların hökmranlığı dövründə partiyamızın ən yaxşı mübariz bayraqdarı idi”.
1919-cu ilin iyulunda N.Nərimanov işləmək üçün Moskvaya çağrılır. 1919-cu il avqustun 3-də Çiçerin Nərimanovun namizədliyi haqqında Leninə məktubunda yazmışdı: “Nərimanov yoldaşla tanış olan kimi yəqin etdim ki, o, Rusiya və Yaxın Şərq müsəlmanları arasında partiya təbliğatı və təşviqatının məharətli bir rəhbəridir”. Nərimanovu RSFSR Xalq Xarici İşlər Komissarlığı Yaxın Şərq şöbəsinin müdiri təyin edilir, bir müddət həm də RSFSR xalq milli işlər komissarının müavini işləyir. O, xarici işlər komissarlığında işlədiyi müddətdə partiyanın Şərqdəki siyasətinin həyata keçirilməsində mühüm rol oynamışdır. V.İ.Lenin Şərq barəsindəki başlıca məsələlər haqqında Nərimanovun mülahizələrinə böyük diqqət verirdi. Lenin 1920-ci il martın 27-si ərəfəsində Nərimanovla Bakının, Azərbaycanın vəziyyəti haqqında, müsavat üsul-idarəsinin dağılması haqqında, Sovet Rusiyasının Zaqafqaziya milli hökumətlərinə münasibəti haqqında söhbət etmişdi.
Nərimanov aprelin 8-də RK(b)P MK-nın qərarı ilə yaradılmış Şimali Qafqazda Sovet 1920-ci il aprelin 25-də Zaqafqaziya müsəlmanlarının işləri ilə məşğul olan şöbənin fəaliyyətini gücləndirmək haqqında qərar qəbul etdi. Bununla əlaqədar Leninin göstərişi ilə Qafqaza gedən Nərimanova, Xalq Milli İşlər Komissarlığı Kollegiyasının üzvü kimi, Zaqafqaziya müsəlmanlarının işləri üzrə komissar vəzifəsi tapşırılmışdı.
1920-ci il aprelin 27-də Azərbaycanda Sovet hakimiyyətinin qələbəsi ərəfəsində Nərimanov qiyabi olaraq Azərbaycan İnqilab Komitəsinin, sonra isə Azərbaycan SSR XKS-nin sədri seçildi. 1920-ci il mayın 16-da o, Bakıda təntənə ilə qarşıladı. Həmim gün Sovet Azərbaycanının rəhbəri Leninə göndərdiyi teleqramda yazırdı: “Əhali Sovet Rusiyasını səmimiyyətlə alqışlayır, ümid edir ki, o gənc, müstəqil Sovet Azərbaycanının möhkəmlənməsinə kömək edəcəkdir”.
Nərimanov Azərbaycanın XKS-nin sədri kimi özünün bütün qüvvəsini Sovet hakimiyyətini möhkəmlətməyə, Lenin milli siyasətini daim həyata keçirməyə, fəhlə sinfi ilə kəndlilərin ittifaqını möhkəmlətməyə, respublikada sosializm quruculuğuna sərf edirdi.
Nərimanov 1920-ci ilin sentyabrında Kommunist İnternasionalı İcraiyyə Komitəsi (KİİK) tərəfindən Bakıda çağrılan Şərq xalqlarının I qurultayının hazırlanması və keçirilməsində fəal iştirak etmiş, KİİK yanında təşkil olunmuş “Şərq xalqlarının Təbliğat və Fəaliyyət Şurası”na daxil olmuşdu. Şərqdə leninizm ideyalarının ən mahir təbliğatçılarından idi. Orconokidze onu “partiyamızın Şərqdə ən böyük siması” adlandırmışdı. N.Nərimanov xalqlar dostluğunun möhkəmlənməsi, Zaqafqaziya xalqlarının rus xalqı ilə qardaşlıq əlaqələrinin inkişafı uğrunda yorulmadan mübarizə aparmışdır. ZSFSR-nin yaradılması uğrunda mübarizənin rəhbərlərindən olan Nərimanov 1922-ci il martın 12-də Azərbaycan, Gürcüstan və Ermənistan MİK-ləri nümayəndələrinin Səlahiyyətli konfransında seçilmiş Zaqafqaziya Federasiyası İttifaq Sovetinin sədrlərindən biri idi. Nərimanov Zaqafqaziya partiya təşkilatlarının I qurultayında (1922, fevral) RK(b)P Qafqaz Ölkə Komitəsinə, iyunda isə Zaqafqaziya Ölkə Komitəsinin Rəyasət Heyətinə üzv seçilmişdir. RK(b)P 12-13-cü qurultaylarında MK üzvlüyünə namizəd seçilmişdir. Nərimanov sovet nümayəndə heyətinin üzvü kimi beynəlxalq Kenuya konfransında (1922) iştirak etmişdir.
O, SSRİ-nin I Sovetlər qurultayında (1922, dekabr) yaradılmış MİK-in ilk sessiyasında ZSFSR-dən SSRİ MİK sədri seçilmişdir. O, ən mühüm dekret, qərar və müraciətnamələrin hazırlanmasında, xarici siyasət tədbirlərində, onların həyata keçirilməsində fəal çalışırdı. Nərimanov Şərqşünaslıq Elmi Cəmiyyəti və onun “Novı Vostok” jurnalı redaksiyası ilə əməkdaşlıq etmişdir. Moskva Şərqşünaslıq İnstitutu uzun müddət Nərimanovun adını daşımışdır. 1925-ci ildə bütün ölkədə onun ictimai və siyasi fəaliyyətinin 30 illiyi təntənə ilə qeyd olunmuşdur.
Nərimanov 1925-ci il martın 19-da qəflətən vəfat etdi. RK(b)P MK adından onun tabutu üzərində qoyulan əklildə yazılmışdı: “Şərq xalqlarının inqilabi rəhbərinə və imperializmin zülmü altında olanların tam azadlığı uğrunda çarpışmış mübarizə”. Nərimanovun vəfatı ilə əlaqədar ölkənin bütün dövlət idarələrində iş dayandırıldı. Dəfn günü – martın 23-ü matəm günü elan edildi. Həmin gün SSRİ və müttəfiq respublikalarının hökumət binalarında, SSRİ-nin xaricdəki diplomatik və ticarət nümayəndəliklərinin binalarında, hərbi və ticarət donanmasının gəmilərində dövlət bayraqları beş dəqiqəliyə endirildi. Moskva vaxtı ilə saat 13.00-da Qızıl Ordunun bütün qarnizonlarında toplardan yaylım atəşi açıldı. Nərimanov Qızıl meydanda Kreml divarı yanında dəfn olunmuşdur. Kalininin matəm nitqində deyilmişdir: “Nərimanov yoldaşın şəxsində biz öz döğma partiyamızın sıralarındakı bir yoldaşımızı və dostumuzu dəfn edirik. Onun şəxsində Qızıl meydan Şərq xalqlarından birinci qurbanı öz ağuşuna alır”.
Nərimanovun oğlu, qvardiya baş leytenantı Nəcəf Böyük Vətən müharibəsi qəhrəmanı idi. Nəcəf Nərimanov Böyük Vətən müharibəsi illərində tank tağım komandiri olmuş, Stalinqrad və Donbasın azad edilməsində fərqlənmiş, Volnovaxa şəhəri uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. 1-ci dərəcəli Vətən müharibəsi ordeni (ölümündən sonra) və digər medallarla təltif edilmişdir. Volnovaxanın mərkəzi meydanında Nəcəf Nərimanovun şərəfinə obelisk – abidə ucaldılmışdır.
Nərimanovun adına Bakıda və Həştərxanda rayon, Özbəkistan SSR-də şəhər və rayon, Moskvada küçə, Azərvaycan SSR-də, SSRİ-nin müxtəlif yerlərində kənd, ali məktəb, texnikum, mədəni-maarif müəssisələri, kolxoz və sovxozlar, küçə və meydanlar var idi, onların bəziləri bu gün də mövcuddur. Bakıda, Azərbaycan SSRİ-nin başqa yerlərində, SSRİ-nin şəhər və rayonlarında (o cümlədən Ulyanovskidə, 1977, Marneuli şəhərində, 1983) Nərimanova abidə qoyulmuşdur. 1982-ci ildə Moskvada Nərimanovun 1925-ci ildə yaşadığı binada (Vorovski küçəsi) onun qranitdən barelyef portreti təsvir olunan xatirə lövhəsi açılmışdır. Nərimanov haqqında bədii və sənədli filmlər çəkilmiş, ədəbi, musiqi, rəssamlıq əsərləri yaradılmışdır.
Azərbaycan xalqı Nəriman Nərimanovun xatirəsini, öz həyatını ölkəmizdəki bütün insanların gözəl gələcəyi uğrunda mübarizəyə həsr etmiş bütün leninçi inqilabçıların ölməz hünərini daim minnətdarlıqla yad edəcəkdir.
Ədalət Abdinov
Globkom.info