Gözyaşları qadının silahıdı

                    Vilyam Şekspir

 

Azərbaycanda isə gözyaşları heç də həmişə qadınların silahı olmayıb. Belə ki, əksər hallarda uzunsaçlılar əsarət, istismarçılıq, istirab, faciə və digər bu kimi əməllər nəticəsində haqları tapdalandıqda yeganə pənahları axıtdıqları gözyaşları olub.

Azərbaycan və azərbaycanlılar bəxti onda gətirdi ki, kişilər arasında bir qrup maarifçi mücahidlər bəşəriyyətin yaradıcı qüvvəsi olan qadınları zülmətdən çıxarmaq üçün səfərbər oldular. XIX yüzillikdə Mirzə Fətəli Axundov nə qədər çalışsa da, geniş miqyasda xanımlarımızı istismarçı zümrələrin, feodal ideologiyaların zəncirindən xilas edə bilmədi. Hətta bizlərə universal və ən qüdrətli, şanlı dövlət kimi sırınan I Respublika zamanı (1918-20) güya bütün müsəlman Şərqində qadınlara ilk azadlığı 1919-cu ildə cümhurriyətçi babaların (əslində siyasi impatentlərin) qurduğu "dövlət" verib. Əslində isə həmin dövrdə qadınlara verilən "azadlıq", "bərabərlik", "seçmək-seçilmək" kimi ümumbəşəri hüquqlar sadəcə kağız üzərində qaldı və de-fakto qadın istismarçılığı davam etdi.

Çünki:

 - qadınların  əmlak hüququ, vərəsəçiliyi haqları yox dərəcəsindəydi;

- kütləvi halda zərif cins nümayəndələri təhsildən məhrum idi;

- Cümhuriyyət dövründə də şəriət məhkəmələri, qızların 9 yaşında ərə verilməsi, siğə (müvəqqəti evlilik) və digər bu kimi xoşagəlməz feodal qayda-qanunlar nəinki mövcud olmuş, hətta dominantlıq edirdi.

Azərbaycanda qadın  hüquqları ilə bağlı İran nümayəndə heyətinin rəhbəri olan Seyid Ziyaəddin Təbətabai və Azərbaycan parlamentinin sədri Həsən bəy Ağayev arasında 1919-cu il dekabrın 23-də gedən dialoq zaman İran diplomatın dediklərinə nəzər yetirək:

 “Bir gün müzakirə əsnasında Məclisi-Məbusanın sədri Həsən bəy Ağayevdən soruşdum ki, qadınlara seçki hüququ vermək və onların seçkilərdə iştirakını bu gün Azərbaycanın tələblərinə cavab verdiyinimi düşünürsünüz? Cavab olaraq bildirdi ki, Rusiya inqilabından sonra orada yaşayan bütün millətlərə bu hüquq verilib və biz də geri dönə bilmərik. İkincisi, erməni və digər qeyri müsəlman qadınlara bu hüquq verilmişkən onlardan bu hüququn alınması bizim üçün çətindir. Əgər müsəlman qadınlarını bu hüquqdan məhrum etsək, seçkilərdə çoxluq müsəlmanların əlində olmayacaqdır. Bununla belə, əgər müsəlmanlar parlamentdə üstünlük təşkil edərsə, ola bilsin bu məsələdə yenilik olsun və qadınlar seçilmək hüququndan məhrum olsunlar”

Göründüyü kimi, qadınlara seçki hüququ onların haqqı olduğu üçün deyil, seçkidə çoxluqda olmaq üçün lazım idi. Həsən bəy Ağayevin bildirdiyinə görə əgər müsəlmanlar parlamentdə üstünlük təşkil edərsə, qadınların seçilmək hüququndan məhrum olması məsələsi də gündəmə gələ bilər.

Sadalanan iyrəncliklər Sovet İttifaqı dağılandan sonra yenidən baş qaldırdı və bu cür geriyə tənəzzülün qarşısını almaq hələki mümkün deyil. Amma və lakin...

Günümüzdə  cahillərin, qafillərin, nadanların, populist milliyətçilərin, bir atımlıq barıtı belə olmayann turançıların, luzer AXÇP-çilərin,  müsavatçı boşboğazların, əxlaqsız demokratların, liberal azğınların və bunlar kimi başqları Nəriman Nərimanovu olmazın söyüş-təhqirlərini yağdıranda, şəxsiyyətini alçaldıb gözdən salmağa cəhdlər edəndə, o kişi bir əsr bundan əvvəl qadınların ağ günə çıxması, aydınlanması və cəmiyyətdə kişilərlə bərabər öz yerlərini tutması üçün mücadilə aparırdı. Pedaqoq, yazıçı, dramaturq, publisist, həkim, siyasi xadim, dövlət başçısı, müsəlman Şərqinin və Türk dünyasının öndə gedən maarifçilərindən biri, ən əsası sadə xalqın "doktor Nəriman" adlandırdığı ziyalımız məhz qadınlarımız istismardan, süründürməçilikdən, cahillikdən, möhtaclıqdan və gözüdoymaz, yanıq ruhanilərin təcavüzündən qorumaq üçün bir çox qanunlar həyata keçirdi və icra etdirdi. Həmin qanunların bəzilərini diqqətinizə çatdıraq:

- 21 iyul 1920-ci ildə qadın bərabərliyi qanunlarının pozulmasına qarşı “Mülki nikah, uşaqlar haqqında və dövlət aktları kitablarının tətbiqi haqqında” fərman hazırlandı;

- Azərbaycanda qızların erkən yaşda nikaha cəlb edilməsi və çoxarvadlılıq məhz Nərimanovun Azərbaycan Şura Cümhuriyyətinin dövlət başçısı olduğu dövrdə - 1921-ci ildə ləğv olundu. 1923-cü ildə isə evlilik yaşı qızlar üçün 9 yaşdan 16 yaşa, oğlanlar üçün 18 yaşa qaldırıldı;

- 1921-ci ilin mayında qəbul edilən Azərbaycan SŞC Konstitusiyasının 79-cu maddəsində iqtisadi, dövlət, mədəni həyatın bütün sahələrində qadınların kişilərlə bərabərliyi nəzərdə tutulması deyilirdi.  Konstitusiyanın qəbulundan sonra keçirilən seçkilərdə ilk dəfə olaraq qadınlar iştirak etdi. Sonradan Azərbaycan tarixində Züleyxa Seyidməmmədova, Tahirə Tahirova (o, hətta BMT Baş Asambleyasında bütün SSRİ-ni təmsil edən ilk qadın oldu), Elmira Qafarova, Kübra Fərəcova və Züleyxa Hüseynova kimi qadınların nazir vəzifəsinə kimi yüksəlməsində məhz Nərimanovun 1921-ci ildə həyata keçirdiyi islahatların böyük rolu sayəsində baş verdi.

- Azərbaycanda ilk dəfə çadranı çıxaran xanım məhz Nəriman Nərimanovun həyat yoldaşı Gülsüm Nərimanova idi. Gülsüm Nərimanova doktor Nərimanovun Azərbaycan qadınlarının azad düşüncə və azad qərar vermə, təhsil alma və qadın klubları yaradılması işində ona dəstək vermək üçün bu addımı atmışdı. Gülsüm xanım xatirələrində Nərimanovun müasir düşüncəli, qadın azadlıqlarına önəm verən insan olduğunu qeyd edirdi.

Bu gün bir çox üzdəniraq feministlərin, anarxistlərin, liberalların, demokratların "qadın azadlığı" deyə ulayıb zərifcinsləri şəxsi maraqları naminə istismar etdikləri halda 103 il bundan əvvəl yuxarıda sadalan faktlara əsasən gerçək qadın azadlığı fədaisi və bu yolda daim mayak kimi işıq saçan Nəriman Nərimanovun olması şəksiz-şübhəsizdi. Məhz əsası Axundovla qoyulan, Nərimanov sayəsində həyata keçirilən, ardınca Cəfər Cabbarlı başda olmaqla digər aydınlarımız tərəfindən  qadınların maariflənməsi və öz ayaqları üzərində durması uğrunda apardıqları gərgin mübarizə sayəsində bu gün zərifcinslərimiz əksər müsəlman və "Qara qitə" ölkələri, eləcə də Əfqanıstan, Hindistan və digər bu kimi ölkələrdəki həmcinsləriylə müqayisədə daha sərbəst, azad olmaqla yanaşı yüksək dövlət postlarında, o cümlədən I vitse-prezident, parlamentin spikeri vəzifəsində tuturlar.

P.S Bu gün degenerat feministlər,  efirdəki "aparıcı"lar, "jurnalist" adı altından başqaldıran qanmazlar, demokratiya təbliğatçıları oliqarxların, texnokratların sifarişləriylə "qadın azadlığı" altında şou yaradıb qadın-kişi qarşıdurmasını şaxələndirdiyi təqdirdə ötən əsrdə Azərbaycan qadını azadlığını (əsas da iqtisadi azadlığını) sərbəstliyini əldə etməklə nəhəng sovet cəmiyətinin bütün sahələrdə bərabər şəkildə iştirak, inkişaf edərək çoxlarına nümunə olmağı bacarırdı. 

ABDULLA İSMAYILOĞLU / ƏLİ NOVRUZOV

Globkom.info

Ədəbiyyat

1. Farideh Heyat, (2002), Azeri Women in Transition Women in Soviet and Post-Soviet Azerbaijan.

2. Azərbaycan SSR-in 19 may 1921-ci il tarixli konstitusiyası.

3. Aytən İmanova. Gülsüm xanım Nərimanova: Həyatının naməlum səhifələri arxiv sənədlərində.

4. Ramiz Mehdiyev “ADR-İran diplomatik münasibətləri Qafqaz Fövqəladə Komissiyasının sənədləri işığında: 1919-1920-ci illər” (2017)

Qeyd: Fotoda Azərbaycan ŞC XKŞ-nin sədri Nəriman Nərimanov 1921-ci ildə  Azərbaycan qadınlarının I qurultayının nümayəndələriylə birgə çəkilmişdi.

Şəkil tarixçi Əli Novruzov sayəsində Azərbaycan Dövlət Arxivindən əldə edilib.