
30 mart – 2 aprel 1918-ci ildə Bakı və Abşeron yarımadasında türk-müsəlman əhaliyə qarşı kütləvi qətliyamlar həyata keçirildi. Son 35 ildə baş verən qırğınlarda bolşevik-daşnak ittifaqı göstərilir və 97 gün mövcud olan Bakı Kommunasının marağı əsasında bu soyqrımın təşkil edildiyi təbliğ olunur. Bəs həqiqətdə hadisələr necə cərəyan etmişdir? Bakıda qırğınların başlanma səbəbi nə olmuşdu? Qətliyamların sonlandırılmasında kimlər rol oynadı? Gəlin, ardıcıllıqla, faktları nəzərdən keçirək.
“Müsavat” və bolşeviklərin bir-birlərinə olan münasibəti Azərbaycanın millətçi partiyasının 1917-ci ilin sentyabrından başlayaraq müharibəyə qarşı mövqe sərgiləməsindən sonra yaxşılığa doğru dəyişmişdi. Menşeviklər və daşnaklar kimi müharibəni dəstəkləyən Müsavatın müharibəyə qarşı mövqe sərgiləməsi müsavatçıların müharibə məsələsində bolşeviklərlə yaxınlaşması ilə nəticələnmişdi (Ronald Grigor Suny “Bakü Komünü, 1917-1918. Rus Devriminde Milliyet ve Sınıf”. İngilizceden Çeviren Kudret Emiroğlu. İstanbul, Aras Yayıncılık, 2019 s.145). 1917-ci ilin noyabrın 17-də Bakı Şurası (Bakı Soveti - red. Əli Novruzov) yeni hökuməti dəstəkləməyə çağırdığı zaman “Müsavat” Bakı Şurasını müdafiə etmişdi (Firuz Kazımzade “Transkafkasya İçin Mücadele, 1917-1922. Türkiye-İngiltere-Rusya”. Çeviren:Dr. Cengiz İ. Çay. TK Yayınları, 2016 s.90). Əslində “Müsavat” ilə bolşeviklər arasındakı yaxınlaşmanın əsas səbəbi, birincilərin qırmızıların irəli sürdüyü Leninist şüar “xalqların öz müqəddəratını təyin etmə hüququ”ndan təsirlənməsi və bolşeviklərin gələcəkdə Azərbaycana bu hüququ tanıyacağı ilə bağlı “Müsavat”da yaranan ümidlərlə əlaqəli idi. “Müsavat” müqəddərat şüarını bolşeviklərlə yaxınlaşmada bir vasitə kimi görürdü. Dolayısı ilə kommunistlər verdikləri vədə əməl etsə idi bolşeviklərə tolerant yanaşan yeganə partiya “Müsavat” ola bilərdi. Bolşeviklərlə müsavatçılar bir-biriləri ilə elə yaxın idilər ki, bu yaxınlığı onların rəqibləri də etiraf etmək məcburiyyətində qalmışdılar: “Hansısa məsələdə Müsavatın bolşeviklərə etiraz etdiklərini demək olmaz. Əsas məsələlərdə Müsavat daim bolşevikləri müdafiə etmiş və digər fraksiyalara (menşevik, eserlər və daşnaklara) qarşı mübarizə aparmışdır” (Firuz Kazımzade “Transkafkasya İçin Mücadele, 1917-1922. Türkiye-İngiltere-Rusya”. Çeviren: Dr. Cengiz İ. Çay. TK Yayınları, 2016 s.90).
İsveç tarixçisi Svante Cornell Rusiya imperiyasının dağılması, Müvəqqəti Hökumətin qurulduğu dövrdə bolşeviklərlə müsavatçıların münasibətlərinin çox yaxşı olduğunu, hətta “Müsavat”ın bolşeviklərin Rusiya parlamentini buraxmasını dəstəklədiyini və Rusiyanı müharibədən çıxaran Brest-Litovsk müqaviləsində “Müsavat”ın bolşeviklərə dəstək verən yeganə partiya olduğunu qeyd edir (Svante Cornell “Azerbaijan Since İndependence”. London, Rothledge, 2011 s.21). Sovet tarixçisi Popov “Müsavat”ın xan və bəylərin mürtəce partiyası kimi deyil, inqilabın ilk günlərində demokratiya və sosializmi müdafiə edən partiya kimi özünü doğrultduğunu qeyd edir.
Müsavat və bolşeviklər arasında qırılma
1917-ci ilin sonlarında müsavatçılar və bolşeviklər arasında münasibətlər pisləşməyə başladı. Bu dəyişikliyə 3 əsas səbəblə bağlı idi:
1. 1918-ci ilin yanvarından “Müsavat”ın türk-müsəlman əhali arasında aparıcı siyasi partiyaya çevrilməsi. “Müsavat”ın getdikcə güclü siyasi partiyaya çevrildiyini onların barışmaz rəqibləri bolşeviklər də etiraf etməli olurdular (Айдын Балаев “Азербайджанское национальное движение в 1917-1918 гг.”. Баку, “Елм”, 1998 s.80). Bakı Şurasının sədri bolşevik Stepan Şaumyan heç bir güclü hakimiyyəti və partiya ənənəsi olmayan “Müsavat”ın inqilabın ilk dövrlərində Zaqafqaziyada güclü siyasi partiyaya çevrildiyini qeyd edir (Степан Шаумян “Избранные произведения. T II” М., Издательство Политической литературы, 1978 s.291).
2. Bolşeviklərin nəzərində istənilən millətçi hərəkatların mürtəce hərəkat kimi qəbul olunması: Bolşeviklərin nəzərində həm Azərbaycan, həm də erməni millətçi hərəkatları mürtəce və geridəqalmış hərəkat kimi qəbul edilirdi. Almaniya tarixçisi Yorq Beberovskiyə görə, qeyri-müsəlman bolşeviklərin Azərbaycan millətçi hərəkatına mənfi münasibətinin səbəbi “Müsavat”ın geridə qalmış bir toplumun mürtəce partiyası olması ilə bağlı idi (Yorq Baberovski “Düşmən hər yerdədir. Stalinizm Qafqazda”. Bakı, Alatoran Yayınları, 2021, s.99). Buna baxmayaraq bolşeviklərin erməni milli hərəkatına olan münasibəti də oxşar idi. Bolşeviklər Azərbaycan millətçi hərəkatı ilə yanaşı erməni millətçi hərəkatına qarşı da barışmaz mövqe sərgiləyirdilər. Məhz mart qırğınlarından sonra bolşeviklər tərəfindən Erməni Milli Şurasının hakimiyyətdən kənarlaşdırılması, ardınca daşnakların mətbuat orqanı “Baku” və menşeviklərin qəzeti “Naşe Slovo”nu bağlatdırması bolşeviklərin daşnaklara qarşı da barışmaz mövqe tutduğunu isbat edir (Firuz Kazımzade “Transkafkasya İçin Mücadele , 1917-1922. Türkiye-İngiltere-Rusya”. Çeviren: Dr. Cengiz. İ. Çay. TK Yayınları, 2016 s.100).
3. Bolşeviklərin xalqların öz müqəddəratını təyin etməsi ilə bağlı vahid və dolğun konsepsiyasının olmaması: Bakı bolşevikləri Zaqafqaziya xalqlarının vahid kommuna quruluşunda idarə edilməsinin tərəfdarı idilər. Müsavat və Daşnak partiyaları isə mərkəzləşdirməyə qarşı olub, muxtariyyət və federalizm uğrunda mübarizə aparırdı. Mart qırğınlarından sonra Stalin Şaumyana məktub göndərərək müsəlman və ermənilərə təcili muxtariyyət verilməsini və ermənilərlə müsəlmanlar arasında millətçilərə qarşı təbliğat aparılmasının vacibliyini qeyd edirdi (Эдуард Бурджалов “Двадцать шесть бакинских комиссаров”. М.: Госполитиздат, 1938 г. s.48). Hərçənd, Şaumyan nə ermənilərə, nə də müsəlmanlara muxtariyyət vermədi. Stalin və Leninə nəzərən Şaumyanın milli məsələlərə münasibəti fərqli idi. Digər Rusiya kommunistlərindən fərqli olaraq Şaumyan Rusiyanın milli respublikalara bölünməsini qəbul etmir və dövlət dilinin rus dili olmasını dəstəkləyirdi. Buna görə də, Lenin onu sərt tənqid etmiş və ruslardan çox rus millətçiliyi elədiyi üçün Şaumyanı Vladimir Purişkeviçlə müqayisə etmişdi (В. И. Ленин “Полное Собрание Сочинений, том 48”, 1958 s.302). Bu minvalla yola çıxsaq Şaumyanın ideologiyasının daha çox rus millətçiliyinə uyğun olduğu qənaətinə gələ bilərik. Şaumyan həmçinin “Vətəndaş Rəsulzadəyə cavab” yazısında azərbaycanlıların və ermənilərin özünümüqəddərat haqqından danışan zaman bolşeviklərin də özünümüqəddərat haqqının olduğunu deyirdi. O, bolşevikləri internasional millət hesab edirdi (Степан Шаумян “Избранные произведения Т II”., М., Издательство Политической литературы, 1978 s.214). Məhz Şaumyan daşnaklarda özünə qarşı nifrət yaratdığı üçün Sentrokaspi diktaturası qurulandan sonra onu və yoldaşlarını ingilislərə təhvil verdilər.
Müsavat və bolşeviklər arasındakı əlaqələr yalnızca taktiki xarakter daşıyırdı. Bununla bərabər hər iki siyasi partiyanın bir-birinə olan düşmənçiliyi dərin idi və Qafqaz Azərbaycanı uğrunda apardıqları mübarizədə bu düşmənçilik özünü biruzə verəcəkdi. Yelizavetpol (Gəncə) hadisələri Bakı Şurası ilə Müsavat arasındakı münasibətləri daha da gərginləşdirdi. 1917-ci il dekabrın 17-də Müsəlman hərbi birlikləri ilə bolşevik tərəfdarı 219-cu alay (polk) arasında silahlı münaqişə baş verdi. 1918-ci ilin yanvarında baş verən Şamxor qətliamı da Bakı Şurası ilə Müsavat arasındakı gərginliyi pik həddə çatdırdı. Ronald Saniyə görə Şamxor döyüşləri zamanı 1000 rus əsgəri ölmüşdü. ABŞ tarixçisi Tadeuş Svetaxovskiyə görə isə, 1000-ə yaxın azərbaycanlı həyatını itirmişdi. Şamxor hadisələrindən sonra silahlanan Müsavat hərbi birlikləri Lənkəran və Şamaxıdakı bolşevik qarnizonlarını da ələ keçirmişdilər (Tadeusz Swietochowski “Müslüman Cemaatten Ulusal Kimliğe Rus Azerbaycanı 1905-1920”. İstanbul, Bağlam Yayınları, birinci basım, 1988 s.156). Həm bolşeviklər, həm də müsavatçılar aralarında bir müharibənin olacağının fərqində idilər və hər ikisi də öz qələbələrini zəmanətə almaq üçün tədbirlər həyata keçirirdi. Bolşevikləri düşündürən suallar qarşıdan gələcək vətəndaş müharibəsində kimlərin yardımına bel bağlayacaqları ilə bağlı idi. Çünki bolşeviklər hərbi qüvvə baxımdan tamamilə zəif idilər və onların rəqiblərini dəf etmək üçün müttəfiq axtarışına çıxması obyektiv siyasi reallıqdan irəli gəlirdi. Müsavatdan əlavə Bakıda şura hakimiyyətinin digər rəqibi Erməni Milli Şurası və Daşnak partiyasının rəhbərliyi altında olan erməni hərbi hissələri idi. Bolşeviklərə görə, Daşnaksütyun partiyasının Bakı komitəsi Tiflis komitəsindən fərqli olaraq Bakı Şurasının hakimiyyətini tanıyır və Bakının Şura Rusiyasından ayrılmasına qarşı idilər (Ronald Grigor Suny “Bakü Komunü, 1917-1918. Rus Devriminde Milliyet ve Sınıf”. İngilizceden Çeviren Kudret Emiroğlu. İstanbul, Aras Yayıncılık, 2019 s.197). Hərçənd Bakı bolşevikləri Daşnaksütyunu da özləri üçün təhlükəli siyasi rəqib kimi görürdülər. Çünki müsavatçılar kimi daşnaklar da muxtariyyət tələb edirdilər və bu tələb Bakı bolşeviklərinin hakimiyyəti üçün təhlükə kimi qəbul olunurdu.
Bakı Şurası bu dövrdə ehtiyatlı addımlar atmağa çalışırdı. Bu qurumda çox sayıda erməni və rus var idi. Onların Müsavata qarşı açıq tənqidi müsəlman kütlələrinin Müsavat ətrafında daha çox sıx birləşməsinə və özündən uzaqlaşması ilə nəticələnə bilərdi. Buna görə də Bakı Şurası həm Müsavatı, həm də Daşnaksütyunu eyni anda hədəfə aldı. Bununla bağlı 30 yanvar 1918-ci ilə “Bakinski Raboçi” qəzetindəki məqalədən oxuyuruq: “Hazırda Bakı iki düşmən düşərgəsini təmsil edir, bu iki düşmən qarşı-qarşıya duraraq bir-birinin üzərinə atılmağa hazırdır: Müsavat və Daşnaksütyun. Bunlar proletar kütlələrini təhrik edən, fəlakət hərəkatının dağıntıları altında öz millətçi ideyalarını yaymaq istəyən silahlı əks-inqilabçılardır. Bir münaqişə qaçılmazdır. Bu millətçiliyə qarşı mübarizəyə başlamaq və bu dəstənin cinayətkar fəaliyyətinə son qoymaq lazımdır” (Firuz Kazımzade “Transkafkasya İçin Mücadele. Türkiye-İngiltere-Rusya, 1917-1922”. Çeviren: Dr. Cengiz.İ. Çay. TK Yayınları, 2016 s. 93). Bu məqalədə bolşeviklər həm Müsavata, həm də Daşnaksütyuna hücum etsə də, əsil hədəf Müsavat idi. Şura eyni zamanda bu iki düşmənə qarşı mübarizə apara bilməzdi.
1918-ci il martın 29-u axşam saatlarında Lənkərandan gəlmiş “Vəhşi diviziya” əsgərlərinin olduğu “Evelina” gəmisi Bakı limanına yan aldı. Gəmi Şuranın göstərişi ilə Qırmızı Qvardiyaçılar tərəfindən mühasirəyə alındı və heyətin komandiri general Talışınski həbs edildi. Qeyd etmək lazımdır ki, müsəlman diviziyasında Talışınskindən başqa müsəlman zabit yox idi (Yakov Ratqauzer “Bakıda inqilab və vətəndaş müharibəsi” Bakı-1928 s. 155).Talışınskinin həbs edilməsi nəticəsində Müsavat Bakı Şurasının tərkibindən çıxdı. General Talışınski və hərbi heyətin həbs olunmasından bir neçə gün əvvəl Şaumyan Lenindən teleqram almışdı. Lenin teleqramında Şaumyana ehtiyatlı olmağa, münaqişəni diplomatik yolla həll etməyə çağırırdı: “Əziz yoldaş Şaumyan, məktuba görə çox sağolun. Sizin qəti və qərarlı siyasətinizdən məmnunuq, həmişə şübhəsiz zəruri hala gələn mövqeyi və ən ehtiyatlı diplomatiyanı birləşdirsəz biz qalib gələcəyik. Çətinliklər sonsuzdur, imperialistlərlə ilə mübarizə sayəsində bu günə qədər sağ qaldıq. Bu mübahisələrdən istifadə etmək üçün indi diplomatik davranmaq lazımdır. Bütün dostlara ən xoş arzular və salamlar göndərirəm” (Владимир Ильич Ленин “Ленин о международной политике и международном праве”, 1958 s. 350).Talışınskinin azad edilməsi ilə məsələ həll oluna bilərdi, amma martın 30-da Bakı Şurasının rəhbərliyinə müsəlman ekipajının silahlandığı və Şura hökuməti əleyhinə üsyan etmək üçün siqnal gözlədiyi barədə məlumat gəldi. Qeyd etmək lazımdır ki, Şura hökuməti və Müsavat aralarında silahlı münaqişənin baş verəcəyini bilsələr də hadisələrin bu qədər tez – martın 30-da cərəyan edəcəyini təsəvvür belə etmirdilər. Çünki Şura hər şeydən əvvəl fəhlələri millətçilik fikirlərin nüfuzundan çıxarmağı vacib hesab edirdi. Bu yolda müntəzəm iş görülür və müəyyən müvəfəqiyyət əldə edilirdi. Amma bu iş hələ qurtarmamışdı. Bakı Şurası rəhbərlərinin də məruzələrindən görünür ki, onlar Bakının dörd tərəfinin geridə qalmış kəndlilər olduğunu və heç olmazsa yaxın kəndlər ilə əlaqəyə girməyi lazım bilirdilər. Bu baxımdan müsəlman əhalinin daha şüurlu, mədəni və savadlı toplumların hamiliyi ilə geriliyi atlatması və inqilabi proseslərə kütləvi şəkildə cəlb edilməsi Bakının bolşevik rəhbərləri tərəfindən vacib vəzifə kimi dərk edilirdi. Həmçinin general Talışınskinin azad edilməsi də Şuranın Müsavata qarşı müharibəyə başlamaq fikrinin olmadığını göstərir. Şaumyanın qırğınlardan əvvəl Bakı Şurasının iclasında söylədiyi “Bakı şəhəri Cənubi Qafqazda vətəndaş müharibəsinin başlıca istinadgahına çevriləcəkdir” nitqi isə Müsavatın Bakıda hakimiyyəti ələ keçirmək üçün Şuraya etdiyi hücumlar ilə bağlı idi. Müsavatın Bakıda hakimiyyəti ələ keçirməyə cəhd etməsi partiyanın yazdığı məqalələrdə də özünü biruzə verirdi. Xüsusilə Gəncə quberniyasının bütünlüklə Müsavatın əlində olması partiyanın tezliklə öz iqtidarını Bakıya yayacağı ilə bağlı şübhə yeri qoymurdu. Hərçənd Müsavat da silahlı münaqişənin belə tez başlayacağını təsəvvür etmirdi. Çünki hadisələr başlayan ərəfədə şəhərdə Müsavat partiyasının nizami hərbi hissələri yox idi. Rayonlarda yerləşdirilmiş Müsavat qüvvələri vaxtında şəhərə gətirilməmişdi. Güman ki, mart hadisələri təsadüfən baş vermiş və Müsavat rəhbərliyi döyüşün martın 30-da başlayacağını nəzərə almamışdı (Yakov Ratqauzer “Bakıda inqilab və vətəndaş müharibəsi”. Bakı-1928 s. 156). Lakin bu o demək deyildir ki, mart hadisələrində Müsavatın heç bir rolu yoxdur. Sovet federasiyasından kənarda “Azərbaycan muxtariyyəti” ideyasını irəli Müsavat Bakı quberniyasında da hakimiyyəti ələ keçirməyə çalışırdı. Müsavat lideri Məhəmməd Əmin Rəsulzadə xatirələrində mart döyüşlərinin əsas səbəbinin Müsavatın qiyam qaldırması ilə bağlı olduğunu etiraf edəcəkdi. O xatirələrində yazırdı: “Bu, həqiqətə qismən uyğun gəlir, çünki biz azadlığımızın düşmənləri qarşısında müti şəkildə boyun əysəydik, həmin hadisələr bəlkə də, baş verməzdi. Biz bunu edə bilməzdik. Biz o zaman aşkarcasına Azərbaycan üçün muxtariyyət tələb edirdik” (Qulu Məhərrəmli “Məhəmməd Əmin Rəsulzadə”. Altun Kitab-2023 s.150). Vəhşi diviziyanın hərbi heyətinin həbs olunması azərbaycanlı əhalinin etirazına səbəb oldu və silahların Müsavat hərbi birləşmələrinə geri qaytarılması üçün minlərlə müsəlman Bakı küçələrinə axışaraq, müsadirə olunmuş silahların geri qaytarılmasını tələb etdi. Müsəlman sosial-demokrat Hümmət partiyası Bakı Şurası ilə Müsavat arasında vasitəçi olmağa çalışdı. Hümmətçilər Şaumyanla Nərimanovun evində görüşdülər. Nərimanov Şaumyandan milli münaqişəyə çevrilməsi ehtimalı böyük olan vətəndaş müharibəsinin təxirə salınmasını və silahların Vəhşi diviziyadan alınaraq Hümmət partiyasına verilməsini istədi. Martın 30-u günorta saatlarında Caparidze Müsavatın nümayəndələri ilə görüşərək silahların geri qaytarılacağını bildirdi. Amma artıq gec idi. Şəhərdə atışmalar başlamışdı. Birinci olaraq kimin atəş açması hələ də dəqiq müəyyən edilməyib. Öz qüvvələrinin Müsavatla mübarizədə zəif olacağını bilən Bakı Şurası bir vətəndaş müharibəsinin yaxınlaşdığını fərq edərək özü üçün müttəfiqlər axtarmağa başladı. Bakı menşeviklərinin lideri Ayollo Bakı Şurasını dəstəkləyəcəklərini bildirdi. Eserler Müsavatın islami yönümünə qarşı olduğuna görə Bakı Şurası ilə Müsavata qarşı mübarizə aparacağına söz verdilər. Hətta kadetlər (sağçı liberallar) bolşevikləri Rusiyanın bölünməsinə qarşı vuruşduqları üçün dəstəklədilər. Müsavat mübarizədə tamamilə tək olduğunu gördü. Müsavatın nəşr orqanı olan “Açıq söz” qəzeti, bir il boyunca menşeviklərlə döyüşən eyni bolşeviklərin indi də kadetlər və daşnaklarla da ittifaq qurduğunu yazırdı. Müsavat qəzetdə bolşeviklərin daşnaklarla ittifaqda olduğunu bildirsə də bolşeviklərə qarşı daşnaklara ittifaq təklifini ilk olaraq Müsavat etmişdi. Lakin daşnaklar vətəndaş müharibəsi başlayacağı təqdirdə tərəfsiz olaraq hərbi əməliyyatlara qarışmayacağını bildirmiş və hərbi qüvvələrini Bakının erməni hissəsinə çəkmişdilər (Ronald Grigor Suny “Bakü Komünü, 1917-1918. Rus Devriminde Milliyet ve Sınıf”. İngilizceden Çeviren Kudret Emiroğlu. İstanbul, Aras Yayıncılık, 2019 s.208). Daşnak Ermənistanın (1918- 1920) Baş naziri Hovannes Kaçaznuni etiraflarında 1918-ci ilin mart hadisələri zamanı Daşnak və Müsavat partiyalarının bolşeviklərə qarşı bir yerdə hərəkət etməyi planlaşdırdıqlarını, lakin ideoloji düşmənçilik məsələsinə görə bolşeviklərə qarşı Müsavat-Daşnak ittifaqının baş tutmadığını qeyd edir (Hovannes Kaçazanuni “Erməni baş nazirinin etirafları. Daşnaksütyun-görüləsi bir iş qalmadı”. Bakı, Parlaq İmzalar, 2020 s.43). Müsavat ilə Daşnaksütyun arasında bolşeviklərə qarşı şifahi sövdələşmənin olduğunu qırğınlardan bir il sonra “Azərbaycan” qəzeti də təsdiq edirdi: “Martın 18-də keçmiş şəhər rəisi Qaik müsəlmanların iclası keçirilən “İsmailiyyə” binasına gələrək erməni milli şurası və daşnaksütyun partiyası adından bildirmişdi ki, hərgah müsəlmanlar bolşeviklərin əleyhinə çıxsalar, onda erməni qoşunları müsəlmanlara qoşular və bolşevikləri Bakıdan qovub çıxarmaqda onlara kömək edər” (“Azərbaycan” qəzeti, 17 mart 1919, №67 ).
Müsavat və Bakı Şurası arasında silahlı münaqişənin başlanması. Silahlı münaqişənin kütləvi milli qırğına çevrilməsi
Martın 30-u axşam saatlarında Müsavat ilə bolşeviklər arasında hərbi əməliyyatlar Bakını mərkəzindəki Şamaxı küçəsində başladı. Döyüşlərin gedişində daşnakların fitnəsinə aldanan Bakı Şurasının hərbi təyyarələri və donanması fərq qoymayaraq evləri və dinc sakinləri atəşə tuturdular. İmkanlı müsəlman tacirlərin şəhərdəki sarayları artilleriya atəşləri nəticəsində yandırıldı. Bolşevik hərbi gəmiləri müsəlman məhəllələrini top atəşinə tutsa da, daşnakların yalan danışdıqlarını anlayıb (daşnaklar türk-müsəlman əhalinin guya rusları öldürməsi ilə bağlı bolşevik qarnizonları arasında yalan təbliğat yaymışdılar - red. Əli Novruzov), müsəlman məhəllələrinə atılan top atəşlərini dayandırdılar. Müsavat və Bakı Şurası arasında hərbi əməliyyatların davam etdiyi gün martın 31-də şəhərdəki qarışıqdan istifadə edən daşnak dəstələri azərbaycanlı əhalinin yaşadığı kvartallara hücum edərək siyasi ideologiyasından asılı olmayaq bütün türk-müsəlman əhaliyə qarşı kütləvi qırğın həyata keçirməyə başladılar. Hətta bolşevik olan müsəlmanlara belə aman verilmirdi. Daşnak qüvvələrinin müharibəyə daxil olması ilə vətəndaş müharibəsi milli qırğına çevrildi. Müsavata qarşı aparılan müharibədə Daşnaksütyun Bakı Şurasının müttəfiqi kimi çıxış edirdi. Bunu Bakı Şurasının sədri bolşevik Stepan Şaumyan 13 aprel 1918-ci ildə qırğınlardan 10 gün sonra Şura Rusiyasının Xalq Komissarları Şurasına göndərdiyi hesabatda açıq etiraf edirdi: “Daşnaksütyun”nun da 3-4 min nəfərlik milli hissələri var idi. Onlar bizim ixtiyarımızda idi. Milli hissələrin iştirakı vətəndaş müharibəsinə qismən milli qırğın xarakteri vermişdi, lakin bundan qaçmaq mümkün deyildi. Biz qəsdən buna yol verdik. Müsəlman yoxsulları böyük zərər görsələr də, hazırda bolşeviklərin və Şuranın ətrafında sıx birləşmişdir” (Степан Шаумян “Избранные произведения Т II”., М., Издательство Политической литературы, 1978 s.245-246) Həmin məktubunda Şaumyan “Müsavat”ın qalib gələcəyi təqdirdə Bakının Şura Rusiyasından qoparılacağını, xan-bəy dövləti olan Azərbaycanın paytaxtı kimi Türkiyə protektoriatlığı altına düşəcəyini və bütün qeyri-müsəlman əhaliyə qarşı qətliamın törədiləcəyini qeyd edirdi. Şaumyanın Azərbaycan və qeyri-müsəlman əhali ilə bağlı “proqnozu” sonradan öz təsdiqini tapdı. Çünki 1918-ci ilin iyun ayında Gəncədə baş verən hökumət böhranından sonra Azərbaycan hökuməti de-fakto ləğv edilmiş və 1918-ci ilin sentyabrında Bakıya daxil olan Qafqaz İslam Ordusu mart qırğınlarına cavab olaraq həyata keçirdiyi qisas əməliyyatı nəticəsində şəhərdəki erməni kvartallarında qətliyam törətmişdir. Nəticədə 9-15 min arası erməni bu hadisələrin qurbanı olmuşdur.
Bolşeviklərin Müsavata qarşı daşnak hərbi dəstələrindən istifadə etməsini Rusiya-Sovet tarixçisi Yakov Ratqauzer də qeyd edir. Amma müəllifə görə Müsavata qarşı bolşevik-daşnak alyansı sırf taktiki məsələ idi. Yəni Daşnaksütyunla müttəfiqlik Bakının bolşevik rəhbərliyinə sırf Müsavatı məğlub etmək üçün lazım idi. Amma Daşnaksütyun vətəndaş müharibəsini milli qırğına çevirdiyi üçün mart qırğınlarından sonra Bakının bolşevik rəhbərliyi Daşnak partiyasına qarşı da müharibə aparmağı və daşnakları zərərsizləşdirməyi planlaşdırırdı. Bunu Şaumyanın Bakı Şurasının 19 aprel 1918-ci ildə keçirilən iclasında aydın görmək olur: “Şəhərin milli tərkibi bizi qorxudurdu. Mübarizənin arzu olunmayan bir rəng alacağından qorxurduq. Hətta erməni alayının yardımına müraciət etməyə məcbur olduq. Erməni alayının yardımından istifadə etmək lazım idi. Qələbə isə o qədər böyükdür ki, həqiqət onu az qaralaya bilər. Vətəndaş müharibəsinin labüddən milli rəng alması və Qızıl Ordu ilə yanaşı milli alayların da yaşamağa davam etməsi bizi onların əleyhinə müharibə aparmağa vadar edəcəkdir. Doğrudur onlar (daşnaklar - red. Əli Novruzov) bizə müttəfiq çıxdıqları üçün onlardan istifadə etmək məcburiyyətində qaldıq, lakin onlar millətçilik ünsürü daxil etdilər. Ona görə internasionalın qələbəsi üçün milli Şura alayların möhkəmlənməməsinə yol vermək lazımdır” (Yakov Ratqauzer “Bakıda inqilab və vətəndaş müharibəsi”. Bakı-1928 s. 164, 170).
Qırğınlar əsasən Müsavatın güclü dayaqları olduğu ərazilərdə gedirdi. Müsəlman əhalinin yaşadığı Balaxanı və Ramana kəndlərində heç bir qarət olmadı (Ronald Grigor Suny “Bakü Komünü, 1917-1918. Rus Devriminde Milliyet ve Sınıf”. İngilizceden Çeviren Kudret Emiroğlu. İstanbul, Aras Yayıncılık, 2019 s. 210). İranlı fəhlələr də baş verən münaqişədə bitərəf qalıb hərbi əməliyyatların bitməsini gözlədilər. Daşnaklar yaxşı pul müqabilində Hacı Zeynalabdin Tağıyev və Musa Nağıyevi qorusalar da kasıb əhalinin yaşadığı kvartallar viran qoyulurdu (Thomas De Waal “The Caucasus: An Introduction”, 2010 s.62). Qırğınlar zamanı islam memarlığının ən gözəl nümunələri - İsmailiyyə binası və Kaspi mətbəəsi ermənilər tərəfindən yandırılmışdı. Aprelin 1-də daşnakların törətdiyi qırğınlara qarşı tədbir görmək və azərbaycanlı əhalini müdafiə etmək üçün Bakı Şurası rəhbərliyi şəhərin azərbaycanlılar yaşayan hissəsinə Məşədi Əzizbəyovu komissar təyin etdi. Məşədi Əzizbəyov tərəfindən türk-müsəlman əhalinin qorunması üçün müdafiə komitələri yaradıldı. Azərbaycanlı əhalidən ibarət Qızıl alaylar təşkil edildi və şəhərin müsəlman hissəsinə yerləşdirildi (Эльдар Исмаилов “Степан Шаумян-Обреченный на забвение портрет “легендарного коммунара” без ретуши, 2012 s. 285). Stepan Şaumyanın isə gücü uşaqlıq dostu Behbud xan Cavanşiri və ailəsini qorumağa çatdı. Hərçənd türk-müsəlman əhalini kifayət qədər qorumaq mümkün olmadı. Amerika tarixçisi Maykl Smit bolşeviklərin türk-müsəlman əhalini daşnakların hücumundan qorumaq üçün kifayət qədər qüvvəsinin olmadığını qeyd edirdi (Michael Smith “Anatomy of a Rumour: Murder Scandal, the Musavat Party and Narratives of the Russian Revolution in Baku, 1917-1920”. Journal of Contemporary History, 2001 s.36). Rus-Sovet tarixçisi Yakov Ratqauzerə görə bolşeviklərin müsəlman əhalinin xilas edə bilməməsinin əsas səbəbi bolşeviklərdən qüvvəcə zəif olması ilə bağlı idi. Bu da bolşeviklərin bədbəxtçiliyi idi (Yakov Ratqauzer “Bakıda inqilab və vətəndaş müharibəsi”. Bakı-1929 s.175). Bakıda baş verən qətliamlar aprelin 2-də Caparidzenin Daşnaksütyuna verdiyi ultimatumu və Bakı Şurasına tabe olan “Ərdəhan” və “Krasnovodsk” gəmilərinin rus matroslarının hədələrindən sonra tam olaraq dayandırıldı. Dənizçilər təhdid edirdilər ki, əgər ermənilər müsəlman qırğınına son qoymazlarsa, onlar şəhərin erməni hissəsinə toplardan atəş açacaqlar. Şəhərin türk-müsəlman əhalisinin müdafiə edilməsində şəhərin qeyri-erməni olan xristian və yəhudi əhalisinin, xüsusilə rus əsgər və matroslarının ermənilərlə döyüşə girməsi kimi amillər də mühüm rol oynayırdı (Solmaz Rüstəmova-Tohidi “Müstəqilliyin çətin yolu (Məqalələr toplusu”. Bakı-2019 s. 147, 153). Müsavat sülhə çağırsa da, aprelin 2-nə qədər davam edən silahlı toqquşmalardan və qətliamdan sonra Müsavat məğlubiyyəti qəbul etdi və danışıqlar başlandı. Astoriya Otelində imzalanan müqavilə ilə vətəndaş müharibəsi qurtardı. Müsavat Bakıdakı Şura hökumətini tanımağa və Bakı ilə Şura Rusiyasının əlaqəsini təmin edən Bakı-Petrovsk dəmiryolu xəttini açmağa məcbur oldu.Şaumyan 1918-ci ilin aprelində Sovet Rusiyasının Xalq Komissarları Şurasına göndərdiyi məktubunda hər iki tərəfdən 3000-ə yaxın insanın öldüyünü qeyd edir. Qırğınlar zamanı vəkil Baykov 6000 nəfərin, mühacir Mirzə Bala Məmmədzadə 14 000 nəfərin, yazıçı Əsəd bəy isə 30000-ə yaxın insanın kütləvi qətillərin qurbanı olduğunu qeyd edir. Almaniya tarixçisi Yorq Baberovski bu faktları sadalayaraq dağıntıların əsl miqyasının məlum olmadığını qeyd edir.
Vətəndaş müharibəsi qurtardıqdan sonra Bakı Şurası rəhbərliyi növbəti addım kimi Erməni Milli Şurasının qarşısına hərbi birləşmələrini ləğv etmək və Qırmızı qoşunlar ilə birləşdirmək tələbini qoydu (Айдын Балаев “Азербайджанское национальное движение в 1917-1918 гг.”. Баку, “Елм”, 1998 s.174). Beləcə, bolşeviklər Daşnaksütyunun silahlı qanadını dağıtdılar. Müsavatçılar və daşnaklar hakimiyyətdən kənarlaşdırıldı. Bu hadisə daşnaklarda Şaumyana qarşı nifrətin yaranması ilə nəticələndi. Müsavatçılar ilə daşnakların iqtidardan kənarlaşdırılması ilə 1918-ci ilin aprelin 25-də 9-u bolşevik və 3-ü sol eser olmaqla 12 komissarın rəhbərlik etdiyi Bakı Xalq Komissarları Şurası formalaşdırıldı. Müasir Azərbaycan tarixçiliyində bu qurum erməni dövləti kimi qələmə verilsə də, reallıqda yalnız Bakı Şurası Bakıda yarandığı üçün bu dövrdə şəhərdə yaşayan əhalinin nisbətinə uyğun olaraq formalaşdırılmışdı. O vaxt Bakının böyük əksəriyyətini digər millətlər təşkil edirdi. Ona görə də hökuməti formalaşdıran komissarlardan 4-ü erməni, 3-ü azərbaycanlı. 2-i yəhudi, 1-i rus və 1-i gürcü idi. Amma Quba, Cavad, Şamaxı və Lənkəran qəzalarında komissarların demək olar ki, hamısı azərbaycanlılardan ibarət idi. Misal üçün, Bakı qəzasının komissarı Bala Əfəndiyev, Şamaxı və Quba qəzalarının komissarı Ağababa Yusifzadə, Cavad və Lənkəran qəzalarının komissarı Möhsün İsrafilbəyov (Qədirli) təyin edilmişdi (Гаджибаба Азимов “Бакинская Коммуна”, 1982 s. 101-2 ). Bununla belə müəyyən dövr ərzində kommunanın idarəetməsində bolşevik Nəriman Nərimanov, Məşədi Əzizbəyov və sol eser Mir Həsən Vəzirov kimi azərbaycanlılar iştirak etsə də, Bakı Şurası özünü RSFSR-in bir hissəsi kimi görürdü. Buna görə də Bakı Şurası azərbaycanlı əhali arasında öz dəstəyini qazana bilmədi.
Nəticə
Əvvəlcə Müsavat və Bakı Şurası arasında silahlı münaqişə kimi başlayan mart hadisələri erməni-daşnak hərbi dəstələrinin müharibəyə daxil olması ilə kütləvi milli qırğın aktına çevrildi. Xüsusilə bu qırğınlardan sonra Bakı Şurası rəhbərliyinin Daşnak partiyasının silahlı qanadını dağıdaraq Qırmızı Ordunun tərkibinə qatması da müsbət nəticə vermədi. Erməni hərbi dəstələri bu dəfə də bolşevik bayrağı altında Azərbaycanın Bakı, Şamaxı və Quba qəzalarında kütləvi soyqırım aktını davam etdirdilər. Bakının qeyri-müsəlman bolşeviklərinin azərbaycanlı əhalinin müqəddəratı haqqı məsələsində yol verdikləri səhvlər və qətliamlar Cənubi Qafqazda Şura hökumətinin siyasətinə və hakimiyyətinə böyük zərbə vurdu. Azərbaycanlı əhali artıq Bakı Kommunasını silah gücü və zorakılıq yolu ilə qurulan dövlət kimi qəbul etməyə başlamışdı. Bakı Kommunasının müsəlman əhalisinin öz müqəddəratını təyin etməsində yol verdiyi səhvlərə sonralar Nəriman Nərimanov xatirələrində aydınlıq gətirəcəkdi. Doktor haqlı olaraq qeyd etdiyi kimi Azərbaycanın qəzalarında türk-müsəlman əhaliyə qarşı həyata keçirilən soyqırımlar müsəlman proletariatın Şura hökumətindən uzaqlaşaraq öz burjuaziyasına və Türkiyəyə meyl etməsi ilə nəticələnmişdi (Нариман Нариманов “Избранные произведения, том 2 1918-1921”. Баку-1989 s. 189). Bakı XKŞ-nin süqutundan sonra Rusiya bolşevikləri səhvlərindən nəticə çıxardı. Qırğınlardan 1 il sonra nəinki muxtariyyət, Azərbaycanın müstəqil dövlət olması ideyası irəli sürüldü. Nəticədə Azərbaycan Şura Cümhuriyyətinin dövlət müstəqilliyi 19 iyul 1919-cu ildə Qafqaz Bürosu tərəfindən tanındı.
Bu gün müasir Azərbaycan tarixçiliyində geniş yayılan tendensiya mart hadisələri zamanı Bakıda və ətraf rayonlarda müsəlmanların qətl edilməsinin məsuliyyətinin Bakı bolşeviklərinin üzərinə atılmasıdır. Mart hadisələrində Bakının müsəlman əhalisinə (bu müsəlmanlar içində xeyli bolşevik də var idi. Nəriman Nərimanov və Məşədi Əzizbəyov kimi bolşevik siyasi xadimlər hər an erməni daşnak dəstələrinin hücumuna məruz qalırdı) divan tutan Daşnaksütyunun silahlı qüvvələri olmuşdur. Əvvəlcə ayrıca hərbi birləşmə kimi Bakıda türk-müsəlman əhaliyə qarşı kütləvi qətliam həyata keçirən Daşnaksütyunun silahlı qanadı bolşevik hakimiyyəti tərəfindən dağıdıldıqdan sonra Kommuna bayrağı altında Şamaxı və Quba qəzalarında qətliamları davam etdirmiş, nəticədə bu qətliamlar Bakı XKŞ-nin hakimiyyətinə və azərbaycanlı əhali arasındakı zəif olan nüfuzunun daha da böyük zərbə vurmuşdur. Mart qırğınında, eləcə də Şamaxı və Qubada daşnakların törətdiyi qətliamlar Bakı Şurasından xəbərsiz şəkildə həyata keçirilirdi. Əks təqdirdə Məşədi Əzizbəyov Şamaxı soyqırımından sonra qətliamları törədənləri cəzalandırmaz, əhalinin müdafiəsinin təşkil etmək üçün 22 aprel 1918-ci ildə Şamaxıda Fövqəladə İstintaq Komissiyasını yaratmaz və Quba əhalisinin özünü müdafiə etməsi üçün ehtiyat silah-sursat saxlamazdı (Эльдар Исмаилов “Степан Шаумян-Обреченный на забвение портрет “легендарного коммунара без ретуши, 2012 s. 287; Azad Nəbiyev “Quba soyqırımı, yaxud ruhların kəsilməyən fəryadı”). Bakı Kommunası hökuməti daşnaklara qarşı müharibə aparmağa cəhd etsə də, hərbi baxımdan güclü olan daşnakların qarşısını ala bilmirdi. Buna görə də maksimum olaraq daşnakların silahlı qanadını dağıtmaqla və onları hakimiyyətə yaxın buraxmamaqla kifayətlənə bilmişdilər. Bakı XKŞ-də təmsil olunan Nərimanov, Əzizbəyov kimi azərbaycanlı kommunistlər türk-müsəlman kasıb-füqərasının müdafiəsi üçün çox çalışdılar. Bəzən ölüm təhlükəsi ilə də üzləşdilər. Özümüzə bu sualı verməliyik. Bakı Şurasında azərbaycanlı kommunistlər təmsil olunmasa idi, türk-müsəlman əhalinin vəziyyəti necə olardı? Bakı XKŞ-də əgər müsəlman kommunistləri təmsil olunmasa idi türk kasıb-füqərasının səsini çatdıranlar olmazdı. Bəlkə də azərbaycanlı əhali tamamilə məhv olmaq təhlükəsi ilə üz-üzə qalacaqdı. Yakov Ratqauzerin və Maykl Smitin qeyd etdiyi kimi bolşeviklərin türk-müsəlman əhalisini yetəri qədər qoruya bilməməsi onların qüvvə baxımdan zəifliyi və ən böyük bədbəxtçiliyi idi. Təbii ki, qətliyamlarda bolşevik rəhbərlərin Şumyanın, Çaparidzenin, Fioletovun, Boryan, Korqanov (Korqanyan) qanlı əməllərinə heç bir halda haqq qazandırmaq olmaz. Eyni zamanda bütün 26 Bakı Komissarlarını da adları çəkilənlər kimi qaralamaq da düz deyil. Əvvəla ona görə ki, heç də Əzizbəyov, Vəzirov ilə şaumanları, çaparidzeləri bir tutmaq olmaz. Çünki Məşədi bəy ilə Mir Həsən bəy ömürlərini, mübarizələrini kasıb, zavallı türk-müsəlman əhalisinin ağ günə çıxmasına həsr ediblər. Digər vacib məsələ isə bütün 26-ların mart soyqrımında iştirakda günahlandırmağın absurd olmasındadır. Məsələn, sol-eser Qriqoriy Petrov 1918-ci ilin avqustunda Bakıya göndərilib. Onun sıravi xalqla heç bir işi olmayıb və cəngavər kimi Qafqaz İslam Ordusuna qarşı vuruşub, daşnaklara və İngilis misiyasına nifrətiylə seçilib. Vladimir Poluxin ilə Eyjen Berq 1918-ci ilin iyulunda Bakıya ezam olunublar. İsay Minşe heç bir partiyaya mənsub olmamış və təsadüf nəticəsindən 26-lar sırasında yer almışdı. Bunu Mikoyan da xatirələrində qeyd edir. Qısası Bakı Xalq Komissarları ilə bağlı ayrıca, ciddi tədqiqatlara ehtiyac var.
Azərbaaycan qəzalarında türk-müsəlman əhalisinə qarşı törədilən soyqırımı təhqiq etmək üçün Azərbaycan hökuməti 15 iyul 1918-ci ildə Fövqəladə Təhqiqat Komissiyasını yaratmışdı. FTK təkcə Bakı və Şamaxı qəzaları üzrə 194 nəfər erməni və 24 molokan haqqında cinayət işi açmış, onların qalanları ölkədən qaçdığı üçün yalnız 28 nəfəri həbs olunmuşdur. Tarixçi Solmaz Tohidinin qeyd etdiklərinə görə Bakıda bəzi erməni xadimlərinin həbsi böyük hay-küy doğurmuş və xarici hərbi-missiyaların işə qarışması nəticəsində Şamaxı soyqırımının təşkilatçısı Stepan Lalayanı Fransa polisi guya araşdırmaq adı altında nəzarətə götürmüşdür. Hərçənd Azərbaycan hökuməti Lalayanın işini öz nəzarəti altına götürərək onu Gəncəyə göndərmiş və Lalayanın xəstəlikdən öldüyünü bildirmişdilər. Quba soyqırımının təşkilatçısı Hamazasp Srvandsyan isə 1921-ci ildə bolşeviklər tərəfindən Ermənistanda doğram-doğram edilərək qətlə yetirilmişdir. Bəzi erməni xadimləri böyük pul müqabilində məhkəməyə qədər azad olunmuş, qalanları isə Azərbaycan Cümhuriyyətinin de-fakto tanınması münasibətilə 9 fevral 1920-ci il tarixli Əhv fərmanı ilə azad edilmişdir.
Mart qırğınlarından 9 ay sonra, türk-müsəlman əhalinin qətliamında günahlandırılan Daşnaksütyun partiyası ingilis hərbi komandanlığının hökumət kabinetlərinə müdaxiləsi nəticəsində Azərbaycan hökumətində və parlamentində təmsil olundu. AC-nin ilk Səhiyyə naziri Abram Dastakyan və portfelsiz naziri Xoren Amaspür daşnak idi. Son olaraq Daşnaksütyun siyasi partiya kimi 1921-ci ildə Ermənistanın sovetləşməsindən sonra qadağan edildi.
ƏLİ NOVRUZOV
Globkom.info
Ədəbiyyat
Azərbaycan dilində
Yorq Baberovski “Düşmən hər yerdədir. Stalinizm Qafqazda”. Bakı, Alatoran Yayınları, 2021
Qulu Məhərrəmli “Məhəmməd Əmin Rəsulzadə”. Altun Kitab-2023
Yakov Ratqauzer “Bakıda inqilab və vətəndaş müharibəsi”. Bakı-1928
Hovannes Kaçaznuni “Erməni baş nazirinin etirafları. Daşnaksütyun-görüləsi bir iş qalmadı”. Bakı, Parlaq İmzalar, 2020
“Azərbaycan” qəzeti, 17 mart 1919, №67
Solmaz Rüstəmova-Tohidi “Müstəqilliyin çətin yolu (Məqalələr toplusu)”. Bakı-2019
Azad Nəbiyev “Quba soyqırımı, yaxud ruhların kəsilməyən fəryadı”
Türk dilində
Ronald Grigor Suny “Bakü Komünü, 1917-1918. Rus Devriminde Milliyet ve Sınıf”. İngilizceden Çeviren Kudret Emiroğlu. İstanbul, Aras Yayıncılık, 2019
Firuz Kazımzade “Transkafkasya İçin Mücadele, 1917-1922. Türkiye-İngiltere-Rusya”. Çeviren: Dr. Cengiz İ. Çay. TK Yayınları, 2016
Tadeusz Swietochowski “Müslüman Cemaatten Ulusal Kimliğe Rus Azerbaycanı 1905-1920”. İstanbul, Bağlam Yayınları, birinci basım, 1988
Rus dilində
Айдын Балаев “Азербайджанской национальние движение в 1917-1918 гг.”. Баку, “Елм”, 1998
Степан Шаумян “Избранные произведения. ТII”. М., Издательство Политической литературы, 1978
Эдуард Бурджалов “Двадцать шесть бакинских комиссаров”. М.:Госполитиздат, 1938 г.
Владимир Ильич Ленин “Полное Собрание Сочинений, том 48”, 1958
Владимир Ильич Ленин “Ленин о международной политике и международном праве”, 1958
Эльдар Исмаилов “Степан Шаумян- Обреченный на забвение портрет “легендарного коммунара” без ретуши, 2012
Гаджибаба Азимов “Бакинская Коммуна”, 1982
Нариман Нариманов “Избранные произведения, том 2 1918-1921”. Баку-1989
İngilis dilində
Svante Cornell “Azerbaijan Since İndependence”. London, Routldge, 2011
Thomas De Waal “The Caucasus: An Introduction”, 2010
Michael Smith “Anatomy of a Rumour: Murder Scandal, the Musavat Party and Narratives of the Russian Revolution in Baku, 1917-1920”. Journal of Contemporary History, 2001