
İnsanla dünya arasındakı münasibətlərdə müqəddəslik anlayışını hara qoymağımızdan asılı olaraq hər bir kəsin özlüyündə keçilməz, qırmızı xətt hesab etdiyi məhdudiyyətləri var. Kimsə buna əxlaq, kimsə empatiya, başqa birisi isə inanc kimi müxtəlif adlar qoya bilər. Mənə görə mahiyyətində müqəddəslik haləsi daşıyan məvhum elə bir fundamental əsasa malik olmalıdır ki, bəşəriyyətin əksər təcrübələrində özünü doğrultmuş olsun. Məsələn: Əmək. Hansı ki bəşəriyyətin insan əməyi üzərində dayanması faktını heç kəs inkar etməz. Təsadüfi deyil ki, bəşər tarixinin bütün ictimai formasiyaları da məhz insan əməyi ilə münasibətlərdə təyin olunub. Bu mənada mənim üçün əgər müqəddəslik anlayışı daşıyan nələrsə varsa, şübhəsiz bunların başında ilk olaraq insan əməyi gəlir.
Bəşəriyyət insan əməyinin reallaşması ilə inkişaf edir və bu əmək obrazlı şəkildə desək insanlığın məhək daşıdır. Zaman - zaman bu insan əməyini minimallaşdırmaq, Yer kürəsini insanların yaşaması üçün daha rahat və əlverişli vəziyyətə gətirmək, cəmiyyəti fiziki yüklərdən xilas etmək üçün bir çox təkliflər irəli sürülmüşdür. Bu gün də insanları düşündürən sualların içərisində bu problem aktual olaraq qalır. Harada oxuduğumu xatırlamıram, amma bir zamanlar belə bir müzakirə mövzusu var idi ki, əgər gen mühəndisləri keçmiş qohumlarımızı - neandertalları yenidən həyata qaytara bilsələr bəşəriyyət böyük bir paradiqma dəyişikliyinə şahid ola bilər. Belə ki, uzaq keçmişimizdən bizə qohum olmuş bu canlı növünə bənzər insanlar yarada bilsək müasir insanı - homo sapiensi əməkdən, daha dəqiqi – ağır fiziki işlərdən xilas edə bilərik. Bizim yerimizə onlar çalışacaq, btün fiziki işləri onlar görəcək əvəzində isə homo sapiens üçün əlçatmaz görünən "əməksiz bir dünya" qurulacaq. Süni zəkanın labüd trimfuna yaxınlaşdığımız bir dövrdə bu ehtiyac nə dərəcədə zəruridir bilmirəm, amma istənilən halda belə bir hadisənin mümkün olduğuna inanan gen mühəndislərini başqa bir sual da düşündürür: Tutaq ki, şərti olaraq bu tip insanları yaratmaq mümkün oldu. O zaman bu insanları əməyə cəlb etmək nə dərəcədə mümkün olacaq? Eləcə də bu baş verəcəksə, qarşımıza çıxan əxlaqi mühakimələri necə həll edəcəyik? Etikanın cavab tapa bilmədiyi bir çox sualların sırasına bunun da əlavə olunması bu sahənin insanlarını bir xeyli dolaşığa salır. "Yaradılmış" bu insanların əməyini istismar etmək əxlaqidirmi? Buna cavab tapmaq cəhdimiz bizi biraz da dərinliyə, yəqin ki, etikanın sərhədsiz sularına doğru çəkir. Əsas sual bundan ibarətdir: Bu tip insanların ruhu olacaqmı?
XXI əsrin ədəbiyyatı da bu paradiqma dəyişikliyindən öz nəsibini almamış deyil. Artıq ənənəvi insan – ruh problemləri mövzusundan ziyadə yazıçıları başqa suallar da düşündürür: İnsanın ruhunun olmasını şərti olaraq qəbullandıq. Bəs həyatımızda insanlarla gündəlik həyatı paylaşacaq bu varlıqların- klonlaşdırılmış fərdlərin də ruhu olacaqmı? Kazuo İşıquro mənə görə bu mənada əlamətdar yazıçıdır. Onun 2006-cı ildə yazdığı "Məni əsla tərk etmə" əsəri klonlaşdırılmış inanlardan bəhs edir. Girişdə insan əməyinin minimallaşdırılması üçün yaradılması təklif olunan yeni insan tipləri ilə bağlı ortaya atılmış əxlaqi problem onun da əsərində aktualdır. Bu insanların ruhu varmı? Varsa bu etdiklərinizi əxlaqidirmi?
Kazuo İşiquronun Nobel mükafatına layiq görülməsi fikrimcə ona görə haqqlı qərardır ki, o yazdığı əsərlərində çox ciddi mövzular ortaya atmağa bacarır. Haqqında danışdığım "Məni əsla buraxma" əsəri də bu cəhətdən səciyyəvidir. Əsərdə hadisələr bir tərbiyə düşərgəsində baş verir. Burada yetişdirilən insanlar belə demək mümkünsə "müvəqqəti insanlardır". Belə ki, onların xüsusi bir təyinatları var. Zaman - zaman hansısa zəngin şəxslər üçün donor rolu oynamaq. Ciyərindən məhrum olan şəxs ordan ciyər, ürəyindən məhrum olan şəxs isə ürək götürmək üçün bu quruma müraciət edə bilir. Təbii ki, bütün bunlar hələki reallaşmadığından biz əsəri rahatlıqla distopiya adlandıra bilərik. Amma şərti olaraq düşünək ki, belə bir yer mövcuddursa bəs buradakı insanların- klonların daxili dünyaları, emosianal bağları, duyğuları - bunlarla nə etməli? Buradakı insanlar ömürlərinin sonuna qədər kimlərinsə "ehtiyyat hissələri" olaraq ömür sürürlərsə öz mənəvi dünyalarında nələr baş verir? Sevə, aşiq ola, vurula, kədərlənə, tərk edilə bilirlərmi? Sadalanan sualların cavab axtarışı bu əsərin yazılma stimuldur. Əsərin ən kədərli məqamlarına toxunası olsaq, faktdır ki, nisbətən yaşlılar zamanla təyin olunmuş komandaların başçısına çevrilir və iş o yerə çatanda ki, artıq heçnəyə lazım olmurlar, bu dövrdən sonra yavaş - yavaş məhv olub yoxa çıxırlar. Həyatın faniliyini bu cür ifadə edən əsərlər yəqin ki, çox az tapılar. Bir ulduz kimi, bir işıldaböcək kimi heç kimin fərqində olmadan sönüb gedirsən və sanki bu dünyada heç vaxt olmamış kimi də arxanca boşluq buraxırsan. Dəhşətli və kədərli faktdır, ancaq neyniyəsən ki, həyat bizə təqdim etdiyi talelerə görə bizimlə məsləhətləşmir. Gözlərini düşərgədə açmış insanlar da onlara yazılmış talelerini ustalıqla oynayan oyunçulardır. Doğulurlar, boya-başa çatırlar və bir gün yox olub gedirlər.
Əsərin mövzusu qədər də "kədərli təhkiyəsi" var. Kədərli deyirəm, çünki əsər birinci şəxsin dilindən, yəni hadisələrin birbaşa iştirakçısının dilindən nəql olunur ki, bu da oxucunu birbaşa hadisələrin mərkəzinə çəkir. İşıquro maraqlı yazıçıdır. Əsər əsasında çəkilmiş film də var. Mən filminə baxmamışam, ancaq filmə baxmayanlar üçün elə birinci əsəri oxumaq daha yaxşı olar deyə düşünürəm.
Eyyub Məmmədov
Globkom.info