Bu gün "Qırmızı Tabor"un komandiri, Azərbaycan Şura Sosialist Cümhuriyyətinin "El qəhrəmanı" və Şura Ermənistanının "Xalq qəhrəmanı" Abbasqulu bəy Şadlinskinin doğum günüdür.

Abbasqulu bəy Şadlinski özü bəy ailəsindən olsa da, 1917-ci ildə bolşeviklərə qoşulur. 1918-ci ildə həm daşnak quldurlarına, həm də Osmanlı hərbi hissələrinə qarşı şücaətlə mübarizə aparır. Osmanlı komandanlığı Müsavat hökumətindən dəfələrlə Abbasqulu Şadlinskinin  məsuliyyətə cəlb olunmasını tələb edib. Bununla yanaşı Qərbi Azərbaycandan olan bolşeviki Müsavata-Soltan bəy Soltanovun dəstələrinə də qarşı vuruşub. O, dəfələrlə daşnaklara qarşı Müsavat hökumətinə birlik təklif etməsinə baxmayaraq I Respublika rəhbərliyi Abbasqulu Şadlinskinin bolşevik cəbhəsində yer aldığına görə onun bu təklifini cavabsız qoymuşdur. 1918-ci ilin noyabrında ingilis qoşunlarının Azərbaycana gəlməsi ilə əlaqədar Şadlinski Cənubi Azərbaycanın Mərənd şəhərinə gedərək bu ərazidə də daşnak quldurlarına qarşı mübarizə aparır.

1919-cu ilin fevralında Naxçıvan uyezdi ingilis komandanlığının nəzarətinə keçir. 1919-cu ilin mayında isə ingilis komandanlığının Qafqaz planına uyğun olaraq Naxçıvan və Şəruru Ermənistan Birinci (Ararat) Respublikasına birləşdirilməli idi. Buna baxmayaraq ingilis komandanlığının və onların dəstəklədikləri daşnak Ermənistanının işğalı ilə barışmayan Vedi əhalisi Abbasqulu Şadlinskinin rəhbərliyi altında könüllü dəstələr yaradaraq daşnakları Naxçıvanı tərk etməyə məcbur edir. 1919-cu ilin oktyabrında ABŞ komandanlığı Naxçıvanı və Şəruru gələcəkdə daşnak Ermənistanına birləşdirmək üçün bu ərazidə neytral general-qubernatorluq yaratmağı qərarlaşdırır. Ancaq Abbasqulu Şadlinskinin rəhbərlik etdiyi könüllü dəstələr Amerikan komandanlığının bu planını puç edir və 1920-ci ilin yanvarında Okeanın o tayından təşrif buyuranların  komandanlığı Naxçıvanı tərk etmək məcburiyyətində qalır. Amerikan qoşunları Naxçıvanı tərk etdikdən sonra diyar yenidən daşnak qoşunlarının hücumuna məruz qalır. Bolşevik Şadlinskinin  könüllü dəstələri Naxçıvanı qorunmasında yenidən böyük qətiyyət nümayiş etdirirlər. Ümumiyyətlə 1918-1920-ci illərdə Azərbaycanın Müsavat iqtidarından Naxçıvana hərbi yardım gəlmədiyi bir zamanda Naxçıvan əhalisini məhz bolşevik Abbasqulu Şadlinskinin dəstələri müdafiə etmişdilər. Azərbaycanın igid oğlunun sərəncamındakı hərbi dəstələri Zəngəzurda Qareqin Njdenin daşnak birliklərinə qarşı da döyüşlərdə iştirak edib.

1920-ci il iyulun 28-də Naxçıvanda Şura hakimiyyəti elan olunduqdan sonra Abbasqulu Şadlinski Hərbi İnqilab Komitəsinin və Azərbaycan Şura Sosialist Cümhuriyyətinin Baş naziri Nəriman Nərimanovun dəvətini qəbul edərək, sentyabrın 17-də 200 nəfərlik azərbaycanlı bolşevik döyüşçü dəstəsi ilə Naxçıvana gəlir və buradakı qırmızı qvardiya döyüşçüləri də onun komandanlığına verilir. 1920-ci ilin payızında həmin 200 azərbaycanlı bolşevik döyüşçünün hesabına Abbasqulu Şadlinski "Qırmızı Tabor"u yaradır. Sonradan bu hərbi birlikdə  rus, erməni və digər xalqların nümayəndələri də daxil olur. “Qırmızı Tabor” komandiri kimi Şadlinski ilk vaxtlar Naxçıvan sərhədlərinin qorunmasına, sonra Zəngəzur istiqamətində öz dəstəsinin daşnak hissələri ilə fəal döyüş əməliyyatlarına başçılıq etmişdir. Onlar daşnak quldur dəstələrinin komandiri Dronun (Drastamat Kanayan) daşnak qüvvələrini darmadağın edərək, Naxçıvanda Şura hakimiyyətini qurmuş, bu diyarda  ingilis-daşnak işğalına son qoymuşdur. “Qırmızı Tabur”un komandiri  bu xidmətləri müqabilində Nəriman Nərimanov tərəfindən "Qızıl Ulduz" medalı ilə təltif edilmişdir. Beləliklə Abbasqulu Şadlinski  Şura Azərbaycanında El qəhrəmanı adına layiq görülmüşdü.

1921-ci ilin fevralın 17-də İrəvanda daşnakların qiyam qaldırması ilə Şura hakimiyyəti devrilir. Ermənistan Şura Cümhuriyyəti hökuməti daşnakların qiyamı ilə bağlı Abbasqulu Şadlınski və onun rəhbərlik etdiyi Qırmızı Tabora yardım üçün müraciət edir.

Məhz 1921-ci il fevralın 17-dən aprelin 16-dək  daşnaklara qarşı aparılan müharibədə Ermənistan İnqilab Komitəsinə verdiyi dəstəyə, göstərdiyi şüacətə və "sosialist vətəninin qarşısındakı vəzifəsini yerinə yetirdiyinə" görə Abbasqulu Şadlınski və onun rəhbərlik etdiyi batalyonun 19 azərbaycanlı döyüşçüsü 1921-ci il mayın 30-da Ermənistan SSR Mərkəzi İcraiyyə Komitəsi tərəfindən "Qırmızı Bayraq" ordeni ilə təltif edildilər. Beləliklə Azərbaycanda El qəhrəmanı kimi tanınan Abbasqulu Şadlinski Sovet Ermənistanının Xalq qəhrəmanı adına da layiq görüldü.

Ermənistanda və Zəngəzurda daşnak fitnəkarlıqlarına son qoyulduqdan sonra, Şadlinski 1922-ci ilin sonunadək Naxçıvanda qalmış və buranın sərhədlərinin qorunmasına rəhbərlik etmişdi.

Daşnak dığalarına, ingilis-amerika işğalçılarına qarşı silahlı mübarizə aparan xalqımızın qəhraman oğlu 26 fevral 1930-cu ildə 44 yaşında düşmənləri tərəfindən sui-qəsd nəticəsində öldürülmüşdür. Onun qətlində əsas şübhəli bilinən qüvvələr faşist, şovinist ruhlu erməni qüvvələrinin olduğu güman edilir. Məhz Abbasqulu Şadlinskinin dığalara qarşı apardığı mübarizəsi, göstərdiyi misilsiz qəhramanlığı, bədnam qonşularımızın qisaskar və revanşist qüvvələri həzm edə bilməmişdilər.

Əli Novruzov

Globkom.info