
Mən uşaq ikən həyətimizdə xeyli toyuq-cücə, hinduşqa saxlayardıq. Fevralın axırları yumurtlamağa başlayan hinduşqalar martda qırt yatar, apreldə cücə çıxarardılar. Tumluğa 4 hinduşka saxlayardıq. Cücələr həmin o 4 hinduşkadan törəyib artardı. Adətən 70-80 tifildən payıza 35-40 qalardı. Bəzən bu 35-40 içində bir zəif hinduşka olardı. Bu zəif hinduşka hindən bayıra güclə çıxar, toyuq-cücənin içində başını güclə saxlayardı. Bu ölümcül, zəiflər, nəinki tez-tez erkək hinduşqaların qəzəbinə tuş gələrdi, hətta xoruzların da təcavüzünə məruz qalardı. Belə vaxtlarda bu zəif hinduşqa bir neçə gün hindən bayıra çıxmaz, yem tabağının yanında başı deşilmiş, pipiyi qanamış halda düşüb qalardı. Ona yazığımız gələrdi, qayğımız onun üstündən əskik olmazdı. Soyuqlar düşəndə hinduşqaları kəsməyə başlayardıq. Sonuncu erkək hinduşqaları Novruz bayramına saxlayırdıq. Ən axırda tumluğa yenidən 4 dişi, 1 erkək hinduşqa qalardı. Dişilər qırt yatdıqdan sonra qırqovullar fəsiləsinin axırıncı erkəyinin də boynunu bıçaq altına verərdik ki, yaya qalıb qartlaşmasın, ətini tökməsin. Amma o zəif, çəlimsiz, xəstə hinduşqalara heç vaxt toxunmazdıq. Onlar nə ətliyə, nə də tumluğa yaramazdı. Bu gün-sabah ölər fikriylə dəyib-toxunmadığımız bu zəiflər güclü erkək hinduşqalar kəsildikdən, dişilər qırt yatdıqda, xoruz və toyuqların sayı azaldıqdan sonra qəfildən dirçəlməyə, kökəlib ətə-qana gəlməyə başlayırdılar. Çirkin ördək balası kimi toyuq-cücənin içində başını güclə saxlayan, qışdan yaza çıxacağına ümid etmədiyimiz bu canlılar may ayında özünü əməlli-başlı tuturdu və məlum olurdu ki, həmişə dişi hesab etdiyimiz bu bədbəxt əslində erkək imiş...
Özünü sonradan tanımağa başlayan bu hinduşqalar yeni çıxmış cücələrə, yetişmiş çolpalara, qırtdan ayılmış toyuqlara qan uddurmağa, altı cücəli dişi hinduşqaları yoldan çıxarmağa, körpə cücələri döyməyə başlayırdı. Bax, onda onu tutub kəsirdik və bu zaman məlum olurdu ki, quruca səs-küydən ibarət olan bu yaramaz əslində fısıltı-tısıltıyla yalandan pırpızlanıb özünü şişirdərək tük altında gəzən arıq, qaltağın biri imiş...
Azərbaycanda korifey hesab etdiyimiz (təbii ki, bizim üçün) aktyorların, müğənnilərin, xanəndələrin əksəriəti çoxdan dünyasını dəyişiblər. Əlbəttə, onların da arasında elələri var ki, biz onların həm şəxsiyyətini, həm də sənətini çox şişirtmişik. Sözüm onda deyil. İndi tək-tük sənətkar qalıb ki, onların da yaşı ötüb. Hərdən efirlərə elə aktyor, müğənni, xanəndə çıxıb absurd söhbətlər edir ki, fikirləşirsən, görəsən, mən bunları o vaxt niyə görmürdüm?! Adamın bir yaddaqalan rolu, özünəməxsus ifası, mahnısı yox, amma elə danışır sanki, ölkədə kinomatoqrafiyanın əsasını bu qoyub, estrada bunun çiyinləri üzərində dayanıb, Azərbaycan toylarında muğamı yalnız bu oxuyub. Artıq özlüyümdə belə təsəvvür edirəm ki, Adil İsgəndərov, Xan Şuşinski, Rəşid Behbudov tində, məhlədə bekar gəzən, təsbeh çəkib tum çırtlayan elə-belə adamlar olublar, gələnə-gedənə söz atıblar, sataşıblar, papağını başından götürüb bir-birlərinə tullayıb gülüşüblər, hamıyla oturub-durublar, yeyib-içiblər, qədeş söhbəti ediblər. Nə bilim daha nələr... Məncə, səhv etmirəm, əks halda hər yerindən duran onların adını çəkməz, onların rəhbərliyi altında(!) sənətə gəldiyini deməzdi...
A kişi, bu cür iddialar səsləndirənlərin nə yaşı, nə başı uyğun gəlir. Fərli-başlı rolu olmayanın biri çıxıb bəyan edir ki, “rəhmətlik Ədil İsgəndərov mənə dedi ki, qadam, filan rolu sən yaratmısan”. Cəhrə səsi verən, lallalay-lulalay oxuyan “müğənni” deyir ki, “mən Rəşit Beybutovun ansamblının solisti olmuşam” Başıxınalının biri vurğulayır ki, “mən xeyir-duanı Xan Şuşinskidən almışam...”
Ta nə oldu?! Əgər sənə bu rolları Adil İsgəndərov veribsə, sən Xan Şuşinskidən xeyir-dua almısansa, sən Rəşid Behbudovun teatrında solist olmusansa, onda həmin adamlar elə-belə sənətkarlar imiş, biz yalandan onları şişirtmişik. Elə çıxmırmı?!
Həmişə Adil İsgəndərova "Ədil İsgəndərov", "Ədil müəllim", "Ədil əmi", Xan Şuşinskiyə "Xan əmi", Rəşid Behbudova "Rəşit Beybutov" deyən hazırki "korifey sənətkar"ları (sənətkalları) görəndə, nədənsə ətrafı boşalandan sonra dirçəlib özünə gələn o zəif hinduşqaları xatırlayıram.
İnanın ki, özlərini dağın başına qoyan bu sənətkallar nə Ədil İsgəndərov deyiblər, nə də Xan əmi, sadəcə deyənlərdən eşidiblər, "Rəşit Beybutov"u da radiodan dinləyiblər...
Sarvan Kərimov
Globkom.info