
Son vaxtlarda edilən çox saylı müraciətlərdən sonra Britaniya imperiyasının 1918-1920-ci illərdə Cənubi Qafqazda həyata keçirdiyi ərazi siyasəti ilə bağlı tariximizin susqunluqla keçilən, bəzən də məqsədli şəkildə gizlədilən həqiqətlərin bəzilərini qeyd etməyi özümə borc bildim. 1918-ci ilin oktyabrın 30-da Osmanlı imperiyası ilə Britaniya imperiyası arasında Mudros sülhünün imzalanması ilə regionda geosiyasi vəziyyət Antanta dövlətlərin xeyrinə dəyişmiş, Cənubi Qafqaz, habelə Azərbaycan ərazisi Britaniyanın siyasi təsir zonasına daxil edilmişdir. Qafqazdakı mövcud yeni yaranan dövlətlər isə bu geosiyasi durumdan öz xeyirlərinə istifadə etməyə çalışırdılar. Məsələn, Azərbaycan Cümhuriyyətində iqtidarda olan Müsavat hökuməti rəsmi Londona arxalanaraq 1919-cu ilin yanvarında Versalda təqdim etdiyi xəritədə Dağıstanın cənubunu, Ermənistan (Ararat) Cümhuriyyətinin çox hissəsi, hətta Türkiyənin şərq vilayətlərinə və Batuma iddia edirdi. Ermənistan (Ararat) Cümhuriyyəti Fransaya, Gürcüstan Menşevik Demokratik Cümhuriyyəti isə Almaniyaya arxalanırdı. Cənubi Qafqaz regionu bir növ Antanta dövlətləri arasında da rəqabət meydanına çevrilmişdi. Bu rəqabətdə aktivliyi Britaniya imperiyası, daha dəqiq desək Britaniya hərbi komandanlığı nümayiş etdirirdi. General Tomsonun başçılıq etdiyi Britaniya hərbi komandanlığı Cənubi Qafqaz dövlətlərinin sərhədlərini quberniyaların sərhədləri əsasında müəyyənləşdirməyi planlaşdırdı. Məhz buna görə də ingilislər Yelizavetpol quberniyasının tərkibində olduğuna görə Qarabağı Azərbaycan hökumətinin idarəçiliyinə, İrəvan quberniyasının tərkibində olduğuna görə də Naxçıvanı Paris sülh konfransının yekun qərarına kimi Ermənistan hökumətinin idarəçiliyinə verməyi planlaşdırırdı. Yeri gəlmişkən Ermənistan idarəçiliyinə veriləcək ərazilər sırasında Erməni Milli Komitəsinin fəaliyyət göstərdiyi Qərbi Zəngəzur (Qafan, Gorus və Meğri) da var idi. Baxmayaraq ki, Qərbi Zəngəzur İrəvan quberniyasına deyil, Yelizavetpol quberniyasına daxil idi.
1919-cu il yanvarın əvvəllərində Böyük Britaniya ordusunun mayoru Gibbon Naxçıvana gəlir. Onun gəlişinin əsas məqsədi Araz respublikası silahlı qüvvələrinin vəziyyətini və bu dövlətin siyasətinə türklərin təsir dərəcəsini öyrənmək idi. 1919-cu ilin fevralında digər bir ingilis emissarı kapitan Lautonun başçılıq etdiyi nümayəndə heyəti Naxçıvana gəlir. O, Britaniya qoşun hissələrinin Dəvəlidə, Naxçıvanda, Culfada və Şahtaxtıda yerləşdirilməsi, bu yerlərdə bütün məsələlərin ingilis hakimiyyət orqanları tərəfindən həll ediləcəyi barədə danışıqlar aparmışdı.
Versalda Azərbaycan nümayəndə heyətinə rəhbərlik edən Əlimərdan Topçubaşı Vilsonun Qafqaz respublikasının işlərinə maraq göstərmədiyinə şahid oldu. Parisdə Azərbaycanın Naxçıvana və Qafqazın digər müsəlman yaşadığı bölgələrinə qarşı ərazi iddiaları nəzərə alınmadı. General Tomson Qarabağın Yelizavetpol quberniyasına daxil olduğu üçün Azərbaycan iddialarını qəbul etdi və ora qubernator kimi Xosrov bəy Sultanovu təyin etdi. Buna baxmayaraq, ingilislər Azərbaycanla Türkiyə arasında dəhlizin formalaşmasına imkan verməmək üçün Naxçıvanı müvəqqəti olaraq Ermənistan ərazisi kimi tanıdılar. Bu addım Naxçıvan Milli Şurası və AC tərəfindən narazılıqla qarşılandı.
General Tomsonun 1919-cu ilin martında Bakıdan Tiflisə gəlməsi ilə vəziyyət dəyişir. Britaniya komandanlığı Paris sülh konfransının yekun qərarına qədər 1919-cu ilin yazında ingilis generalı Biç Paris Sülh konfransı üçün hazırladığı xəritədə Qars, Sürməli, Şərur, Naxçıvan və Zəngəzurun Ermənistana verildiyi göstərilmişdi.
Rəsmi Londonun anti-Azərbaycan siyasəti daşnakların Naxçıvanda aktivləşmələrinə gətirib çıxarır. Azərbaycan hökuməti və Naxçıvan Milli Şurası Britaniyanın Naxçıvanı Ermənistanın idarəçiliyinə verməsinə etiraz etsə də, bunun bir faydası olmur. 1919-cu ilin aprelində Naxçıvanda Britaniya qoşunları yerləşdirilir və ərazini gələcəkdə Ermənistana vermək üçün bölgədə neytral general-qubernatorluq qurulur. 1919-cu il mayın 5-də ingilis komandanlığı qoşunlarını Naxçıvandan çıxararaq Naxçıvanı Ermənistanın Daşnak hökumətinin idarəçiliyinə verir.
Göründüyü kimi Azərbaycan hökumətini öz protektoriatı altına alan Britaniya da ərazi məsələlərində Müsavat hökumətinin maraqlarına zidd olan qərarlar verirdi.
ƏLİ NOVRUZOV
Globkom.info
Foto: Cənubi Qafqaz respublikalarının gələcəkdəki dövlət sərhədlərinin müəyyən edilməsi ilə bağlı Britaniya komandanlığı tərəfindən 1919-cu ildə çəkilən xəritə.
Ədəbiyyat
Yorq Baberovski "Düşmən hər yerdədir. Stalinizm Qafqazda", 2021
Audrey Altstadt "The Azerbaijani Turks. Power and Identity under Russian Rule", 1992
Əliyev, M. B. "Qanlı günlərimiz", 1993
İbrahim Ethem Atnur "Osmanlı yönetiminden Sovyet yönetinimine Nahçıvan", 2021.