
Reklam qanuniləşdirilmiş yalandır
Herbert Uells
ABŞ-ın "Mars" kompaniyasının istehsalı olan “Baunti" (“Bounty") şokoladını çoxları sevir. Amma bu şirniyat növü yalnız dadıyla yox, həm də "Baunti, cənnət həzzidir" ifadəsi ilə təbliğ olunan eyni adlı tropik adanı reklamı kimi də uzun illər gözlərimizi işğal edib.
Reallıqda dörd tərəfi su olan belə bir tropik məkan varmı?
Bəli, "Baunti" adında ada, daha doğrusu Hind okeanında Yeni Zenlandiyanın 650 km cənub-şərqində yerləşən 13 xırda adadan ibarət arxipelaq var. Bunlar Depot, Pinqvin, Ranqferli, Lion, Ruatara, Spayder, Proklemeyşn, Tunnnel, Keystl, Pannel, Prayon, Molli Kemp, Şimal Qayası adalarıdır. Amma adı çəkilən adalar qrupu heç də tropik ərazilər deyil və reklam edilən "cənnət məkan"ın tam əksidir. Adalar güclü küləkləri, soyuğu, fırtınaları ilə zəngin sərt iqlimə sahib, qayalıqlardan ibarətdir. Bu diyarlar ilk dəfə 1788-ci ildə ingilis hərbi-dəniz qüvvələrinin kapitanı Uilyam Blay tərəfindən kəşf edilib. Kapitan adaya öz gəmisi "Baunti"nin adını verib. Uzun müddət adalar Böyük Britaniyanın nəzarətində olub. Hazırda arxipelaq Yeni Zenlandiyanın ərazisi hesab olunur. "Baunti" arxipelaqında yaşayış üçün zəruri olan təbiət resursları olmadığından onun sakinləri yoxdu. Yalnız elmi tədqiqat aparan qruplar hərdən bura baş çəkir. Arxipelaqın daimi sakinləri pinqivinlər, albatroslar və suitilərdir. Adaların sahəsi 1,35 kvadrat kilometrdir. Arxipelaqın ən hündür zirvəsi dəniz səviyyəsində 90 metrdir. Arxipelaq YUNESKO-nun Ümumdünya Varisi kimi qorunur.
"Baunti" şokoladının reklamı isə 6 müxtəlif adalarda çəkilib. Bunlar Dominikan Respublikasının Saona, Taylandın Samui ilə Pxuket, Yunanıstanın Krit, Maldiv arxipelaqının Lakşeri, Kuk adalar qrupunun Rarotonqa adalarıdır.
ABDULLA İSMAYILOĞLU
Globkom.info
Qaynaqlar:
https://www.meteovesti.ru/news/63481151082-baunti---holodnyy-ray
https://dzen.ru/a/X2heTUwHzgYEDg46
https://dzen.ru/a/X7vaEUubGzMdtUFE
http://batona.net/55962-6-tropicheskih-ostrovov-gde-snimali-reklamu-baunti-6-foto.html