
Azərbaycan Sovet Sosialist Respublikasının 14 dövlət başısı olsa da, onlar arasında ən az tanınan, ömrünün sonlarında kasıb həyat tərzi sürən və unudulan Kamran Bağırovdur. Bu gün onun anadan olmasının 92-ci il dönümüdür.
Kamran Bağırov 1933-cü ildə Şuşa şəhərində anadan olmuşdur. Olduqca zəhmətkeş, əməksevər insan kimi diqqət çəkmişdir. O, əmək fəaliyyətinə 1949-cu ildə çilingər kimi başlamışdır. Azərbaycan Politexnik İnstitunu (hazırkı Azərbaycan Texniki Universiteti) bitirdikdən sonra müxtəlif vəzifələrdə çalışmışdır. Onun karyerasının zirvəsi 1982-1988-ci illərdə Azərbaycan KP MK-nın baş katibi seçilərək Respublikaya rəhbərlik etməsi idi. Hakimiyyəti zamanı televiziyaya nadir halda çıxardı. İctimaiyyət içərisində çox görünməyi sevməzdi. Onun dövründə Dağlıq Qarabağ Muxtar Vilayətində (DQMV) başlanan millətçi hərəkat zamanı Kamran Bağırov DQMV-nin Ermənistan SSR-ə birləşmə tələbini rədd edərək bu əməli törədənləri ekstremist adlandırdı. DQMV Xalq Deputatları Sovetinin 20 fevral 1988-ci il tarixli növbədənkənar sessiyasına qəfil gələn Kamran Bağırov bir qrup məsuliyyətsiz millətçini xalqı ağılsız addım atmağa təhrik etdiyini və Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu qeyd etmişdi.
Azərbaycan Kommunist Partiyası DQMV komitəsinin I katipi Boris Gevorkov (Heydər Əliyevin kadırı idi və Şamaxı ermənisi idi) Kamran Bağırovla birlikdə Qarabağda erməni separatçılığın qarşı mübarizə aparsalar da, onların səyləri bir nəticə vermədi. 1988-ci ilin fevralında baş verən Sumqayıt poqromlarından sonra 21 may 1988-ci ildə həm Bağırov, həm də Gevorkov istefaya getmək istəyi ilə bağlı Sov. İKP MK-ya müraciət etdilər. Onların müraciətləri Sov. İKP MK-nın plenumunda səs çoxluğu ilə qəbul edildi. Beləliklə, Kamran Bağırov vəzifəsindən azad edilərək təqaüdə çıxdı və bir daha siyasətə qayıtmadı. Respublikanın yeni rəhbəri Əbdürrəhman Vəzirov Kamran Bağırovun vəzifədən getməsi ilə bağlı yazdığı müraciət dərc etmişdi. Müraciətdə Kamran Bağırov yazırdı:
"Dağlıq Qarabağda və Sumqayıtda baş vermiş məlum hadisələrlə əlaqadar etiraf edirəm ki, mən respublikanın partiya təşkilatına rəhbərlik etməyə mənəvi cəhətdən haqqım çatmır. Baş vermiş hadisələrdə öz məsuliyyətimi yaxşı başa düşürəm".
Sonralar Azərbaycan Ali Sovetinin sabiq deputatı Maksim Musayev 1998-ci ildə Kamran Bağırovdan müsahibə götürən zaman ikinci 1988-ci ildə Xankəndində etdiyi səfərini xatırladıb və problemin həlli üçün lazımi qətiyyət göstərmədiklərini etiraf edərək demişdir:
“Gərək biz o vaxt Moskvanın göstərişlərinə baxmayıb erməni separatçılığına qarşı qəti mövqe tutaydıq, onları yerində oturdaydıq. Gərək mən 1988-ci ilin fevralında Xankəndində elə çıxış edəydim, elə qəti mövqe tutaydım ki, ermənilər lap məni güllələyərdilər. Bəlkə də onda məsələ bu dərəcədə böyüməz, torpaqlar işğal olunmazdı".
Bakıda doğulan, böyüyən və təhsil alan, sonra SSRİ-in, hazırda isə Rusiyanın məşhur jurnalisti, ictimai xadimi olan Mixail Qusman da mərhum Kamran Bağırovla bağlı xoş sözlər deyib:
“Kamran Bağırov namuslu, korrupsiyaya bulaşmamış adam idi, amma bununla bərabər çox zəif siyasətçi idi”.
Kamran Bağırov ömrünün son illərini, kasıblıq içində keçirib. 2000-ci ildə ölümündən sonra onun evinə gedən Yaqub Məmmədov gördüklərindən dəhşətə gəldiyini demişdi. Yaqub müəllim qeyd edirdi ki, Respublikaya 6 ilə yaxın rəhbərlik etmiş şəxsin mənzilindəki soyuducu, televizor və digər məişət əşyaları köhnə, evin oboyları uçub-dağılmış vəziyyətdə idi. Yaqub Məmmədov Kamran Bağırovu çox müsbət və təmiz insan kimi xarakterizə edib.
ƏLİ NOVRUZOV
Globkom.info
Mənbələr:
1.Kamran Bağırov – Vikipediya (rus dilində)
2. Роберт Кочарян. Жизнь и свобода. Автобиография экс-президента Армении и Карабаха. М.: Интеллектуальная Литература, 2018.
3. Kamran Bağırov Qarabağın Ermənistana birləşməsinə qərar vermiş iclasa necə gəlib? –Azərbaycanın rəhbəri Xankəndində ermənilərə nə deyib? (TARİX): (https://azpost.info/kamran-bagirov-qarabagin-erm%C9.../)
4. Kamran Bağırov Əbdürrəhman Vəzirova nə deyib?: (https://nuh.az/30274-kamran-barov-bdrrhman-vzirova-n...)
5. Yaqub Məmmədov: Kamran Bağırovun yaşadığı mənzili görəndə, dəhşətə gəldim: (https://oxu.az/.../yaqub-memmedov-kamran-bagirovun...)