
I Respublikanın ilk Xarici İşlər naziri və sonuncu müvəqqəti Baş naziri Məhəmməd Həsən Hacinskinin doğum günüdür. O, 15 mart 1875-ci ildə Bakıda dünyaya göz açmışdır. Hacınski əvvəlcə Bakı Realnı Məktəbini, 1902-ci ildə isə Peterburq Texnoloji İnstitunu bitirmişdir. 1902-17-ci illərdə mühəndis kimi müxtəlif sahələrdə çalışmış, həm də Bakı Şəhər Dumasının üzvü olmuşdur.
Hacinski respublikanı təmsil edən dövrünün savadlı diplomatlarından biri olub. 1918-ci il iyununda Azərbaycan Cümhuriyyətinin Xarici İşlər naziri kimi Batumda Osmanlı ilə, Versalda isə Antanta tərəfində AC-nin tanınması üçün danışıqlar aparıb. AC ilə Dağlılar Respublikası arasında imzalanan ikitərəfli müqavilələrin müəllifidir. O, eyni zamanda 1919-cu il noyabrın 23-də Tiflisdə Ermənistan ilə imzalanan ilk sülh sazişində də iştirak edib.
Daxili İşlər naziri olduğu dövrdə Hacinskinin yumşaq siyasət yeritməsi İngiltərənin ürəyincə deyildi. Buna görə də Azərbaycan fəhlələrinin dövlətə təsirini minimuma endirmək üçün İngiltərənin təzyiqi ilə Hacınski vəzifəsindən çıxarıldı və onun yerinə Müsavatın sağ fraksiyasından olan, fəhlələrə qarşı qəddarlığı ilə seçilən Şəfi bəy Rüstəmbəyov gətirildi.
1920-ci ildə AC-in çökməsində əsas rol oynayan hadisələrdən biri martın 23-də sosialist Əli Bayramovun başının kəsilərək öldürülməsi idi. Məhz bu hadisədən sonra Bakıda böyük etirazlar başladı, sosialistlərin koalisiyadan çıxması ilə 5-ci hökumət dağıldı.Hökumətdə tək qalan müsavatçılar artıq kabinetin saxlanmasına nail ola bilmədi. Çarəsiz qalan Müsavat partiyası Müsavatın sol fraksiyasından olan Hacınskiyə hökumət qurmağı təklif etdi. Ona yeni kabinet yaratmaq və bütün parlament qrupları ilə danışıqlarda sərbəst hərəkət etmək imkanı tanındı.
Sosialist fraksiya 15 aprel 1920-ci ildə radikal sosialist hökuməti qurmaqda təkid etdi. “Əhrar” və “İttihad” Hacınskinin namizədliyini dəstəklədilər. Müsavat Hacınskinin namizədliyini irəli sürsə də, eyni zamanda partiyanın sağ qanadı üzvünə qarşı güclü təzyiq göstərirdi. Hökumət yaratmaq səlahiyyətinə sahib olan Hacınski dərhal bolşeviklərlə danışıqlar apardı və nazirlik vəzifələrini təklif etdi. Bolşeviklər bu təklifi rədd etdi. Bununla yanaşı, bolşevik fraksiyası adından danışan Əliheydər Qarayev bunu söylədi: “Əgər Azərbaycanda kommunist hərəkatına qarşı fəal siyasət aparılmasa yaxın gələcəkdə yeni qurulacaq kabinetə qarşı çıxmayacağıq”.
Hacınski isə bolşeviklərlə danışıqlardan sonra bu gündən etibarən müsavatçı olmaqdan imtina etdiyini bildirərək qırmızıların tərəfinə keçir. Hacınski bolşeviklərə qoşulduqdan sonra 22 apreldə Nəsib bəy Yusifbəyliyə hökumət qura bilməyəcəyi barədə xəbər verir. Bununla da Azərbaycan hökuməti faktiki dağılmış olur. Aprelin 27-nə qədər davam edən 5 günlük hakimiyyətsizlik dövrünün nəticəsində Azərbaycan Kommunist partiyası dövlət çevrilişi edərək hakimiyyəti ələ keçirir.
ƏLİ NOVRUZOV
Globkom.info