28 aprel inqilabından əvvəl qadınların vəziyyəti

İstər çarizm, istərsə də I cümhuriyyət illərində (1918-20) qadınların vəziyyəti çox ağır və acınacaqlı durumda olmuşdur. Azərbaycan qadınlarının bəxti o zaman gətirdi ki, kişilər arasından bir qrup maarifçi mücahidlər qadınları zülmətdən, qaranlıqdan, əsarətdən çıxarmaq üçün səfərbər oldular. 1917-ci ilin fevralında Rusiya imperiyasında çar mütləqiyyəti və Romanovlar sülaləsi devrildikdən sonra qadınların seçmək və seçilmək hüququ Müvəqqəti hökumətin 20 iyul 1917-ci il tarixli qanunu ilə qəbul edilmişdi (A. Saarinen, K. Ekonen & V. Uspenskaia “ Women and Transformation in Russia”, London- 2014 s.40). Bu o deməkdir ki, Azərbaycan qadınları bu haqqı hələ 1918-ci ildə Azərbaycan Cümhuriyyətinin elan edilməsindən əvvəl əldə etmişdilər. I cümhuriyyət hökuməti 21 iyun 1918-ci ildə köhnə Rusiya qanunlarının Azərbaycan ərazisində qüvvədə saxlanıldığı elan etdiyi üçün qadınlara verilən seçib-seçilmək hüququ da əslində Rusiya Müvəqqəti Hökumətinin 1917-ci il tarixli qanununa dayanırdı. Hərçənd, bu qanun  kağız üzərində qaldı və de-fakto qadın istismarçılığı davam etdi.

Çünki:

-   qadınların əmlak hüququ, vərəsəçiliyi haqları yox dərəcəsindəydi;

-   kütləvi halda zərif cins nümayəndələri təhsildən məhrum idi;

istər Rusiya imperiyası, istərsə də Müsavat Azərbaycanı zamanında şəriət məhkəmələri, qızların 9 yaşında ərə verilməsi, siğə (müvəqqəti evlilik) və digər bu kimi xoşagəlməz feodal qayda-qanunlar nəinki mövcud olmuş, hətta dominantlıq edirdi (Abdulla İsmayıloğlu/ Əli Novruzov “Nəriman Nərimanov: Qadın hüquqlarının fədaisi”).

Müsavatın sol qanadının sədri Rəsulzadədən fərqli olaraq, partiyanın sağ qanadının fəalı, Azərbaycan parlamentinin sədri Həsən bəy Ağayev İran nümayəndə heyətinin rəhbəri Seyid Ziyaəddin Təbətəbai ilə dialoqu zamanı Azərbaycanda qadınlara seçki hüququnun verilməsinin əleyhinə olmuş və müsəlmanların parlamentdə üstünlük təşkil edəcəkləri halda, qadınların səsvermə hüququndan məhrum ediləcəyini qeyd etmişdi (Ramiz Mehdiyev “ADR-İran diplomatik münasibətləri Qafqaz Fövqəladə Komissiyasının sənədləri işığında: 1919-1920-ci illər”, 2017 s.113-114). Göründüyü kimi H. Ağayev başda olmaqla Müsavat hökumətinə qadınlara seçki hüququnu onların haqqı üçün deyil, seçkidə çoxluq təşkil etmək məqsədi ilə verməyi düşünürdülər.

AC-nin mövcud olduğu 23 ay ərzində heç bir seçki keçirilmədi, qadınların siyasətdə rolu ümumiyyətlə yox idi.

Azərbaycanda Şura hökumətinin qurulmasından sonra qadınların vəziyyəti. Nəriman Nərimanov: qadın hüquqlarının fədaisi

Azərbaycan qadınları real hüquqlarını ölkədə 1920-ci ildə Şura hökumətinin qurulmasından sonra əldə etdilər. Respublikanın Baş naziri Nəriman Nərimanov başda olmaqla ziyalılarımızın qadınların azadlığa çıxması üçün qəbul etdikləri qanunların bəzilərini diqqətinizə çatdırmağı vacib hesab edirəm:

- 21 iyul 1920-ci ildə qadın bərabərliyi qanunlarının pozulmasına qarşı “Mülki nikah, uşaqlar haqqında və dövlət aktları kitablarının tətbiqi haqqında” fərman imzalandı;

- Azərbaycanda qızların erkən yaşda nikaha cəlb edilməsi və çoxarvadlılıq məhz Nərimanovun Azərbaycan Şura Cümhuriyyətinin dövlət başçısı olduğu dövrdə -1921-cü ildə ləğv olundu. 1923-cü ildə isə  qəbul edilən qanuna görə evlilik yaşı qızlar üçün 9 yaşdan 16 yaşa, oğlanlar üçün 18 yaşa qaldırıldı (Farideh Heyat “Azeri Women in Transition Women in Soviet and Post-Soviet Azerbaijan s.88).

-1921-ci ilin mayında qəbul edilən Azərbaycan SŞC Konstitusiyasının 79-cu maddəsində iqtisadi, dövlət, mədəni həyatın bütün sahələrində qadınların kişilərlə bərabərliyi nəzərdə tutulurdu (Конституция Азербайджанской Социалистической Советской Республики. 19 мая 1921 г.). Konstitusiyanın qəbulundan sonra keçirilən seçkilərdə ilk dəfə olaraq qadınlar iştirak etdi.

Qeyd etmək lazımdır ki, qadınların cəhalət yuxusundan ayılıb, elm və mədəniyyəti aləminə qovuşmasında 1920-ci ilin mayında Bakıda Əli Bayramov adına Mərkəzi Qadınlar Klubunun təşkil edilməsinin böyük rolu oldu. Şərq aləmində çadranın atılması ilk dəfə bu klubda başlandı. 1921-ci ilin fevral ayında Bakıda bitərəf qadınların I qurultayı çağırıldı. Azərbaycan qadınlarının həyatında çox mühüm hadisə olan bu qurultayda Respublikanın partiya və hökumət rəhbərləri Nəriman Nərimanov, Sergey Kirov, Dadaş Bünyadzadə, Əliheydər Qarayev ilə birlikdə Səmədağa Ağamalıoğlu da iştirak edirdi (“Kommunist” qəzeti №31, 8 fevral 1921-ci il). Azərbaycan qadınlarının 1921-ci il fevral qurultayı Azərbaycan qadınları arasında bir ilk idi. Tarixdə ilk dəfə qadınlar 1188 nümayəndənin qatıldığı qurultaya yığışdılar. Bunların 815 – i Bakıdan, 369 nəfəri isə  respublikanın 12 əyalətindən, 4 – ü  Dağıstandan gəlmişdir. Nümayəndələrin milli tərkibi belə idi: azərbaycanlılar - 41,8%, ruslar - 36,7%, ermənilər - 13,8%, digər millətlərin nümayəndələri- 7,7% (А. Султанова “Счастье азербайджанки”. Монография. Б, Азернешр-1970 s.53). Azərbaycan Şura Cümhuriyyətinin dövlət başçısı Nərimanov 7 mart 1921-ci ildə “Martın 8-də əməkçi qadınların işdən azad edilməsiylə bağlı əmr imzalayır” (Nəriman Nərimanov “Seçilmiş əsərləri II cild 1918-1921” 1989) . Məhz doktorun bu tarixi əmrindən sonra Azərbaycanda 8 Mart gününü həm qeyri-iş, həm də qadınların bayramı günü kimi təsdiqlənir

Səmədağa Ağamalıoğlunun qadın-kişi hüquq bərabərliyi uğrunda mübarizəsi

Nəriman Nərimanovun Azərbaycan qadınlarının azadlığa çıxması uğrunda apardığı mübarizə, Azərbaycan Şura Cümhuriyyətinin dövlət başçısı kimi (Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin sədri) Səmədağa Ağamalıoğlu tərəfindən davam etdirildi. İlk latın qrafikalı əlifbamızın banisinin qarşısında qadınların ailə-məişət şəraitinin yaxşılaşdırılması, qadınları əsarətdə saxlayan çadraya qarşı mübarizə və qadınların savadlanması kimi son dərəcə mühüm vəzifələr dayanırdı. Azərbaycan qadınlarının ictimai bərabərsizlik və dəyərsizlik şəraitində yaşamasını qəbul etməyən qocaman sosialist hələ 1896-cı ildə qeyd edirdi ki, nə qədər ki, qadınlar dustaqdırlar, islam aləmində heç bir irəliləmə ola bilməz (Salatın Əhmədova “Böyük ömrün salnaməsi”, Bakı-2018 s.121). 1922-ci ilin iyununda Bakıda Zaqafqaziya qadınlarının qurultayı keçirildi. Ağamalıoğlu qurultaydakı çıxışında dedi: “Biz indi Zaqafqaziya respublikalarını birləşdirmək istəyirik. Siz qadınlar bizə bu işdə kömək etməlisiniz, siz öz şirin dilinizlə balalarınızı beynəlmiləl ruhda tərbiyə etməlisiniz ki, Zaqafqaziya birliyimiz siyasi, iqtisadi, mədəni birlik olsun (Xəlil Nəcəfov “Səmədağa Ağamalıoğlu”, Bakı-1966 s.39).

Qurultayın qərarına uyğun olaraq 1922-ci ildə Azərbaycan MİK nəzdində Qadınların Məişətini Yaxşılaşdırmaq Komitəsi təşkil edildi. Bu Komitə ailədə və məişətdə qadına olan köhnə münasibətlərə qarşı mübarizəni xeyli genişləndirirdi. Ana və uşaqların hüququnun mühafizəsi işlərini canlandırmaq, qadınları ictimai-faydalı işə cəlb etmək üçün Komitə bir sıra tədbirlər həyata keçirdi. Komitənin işinə kommunist Göylü qızı Gülarə rəhbərlik edirdi.

1923-cü ilin noyabrında Azərbaycan K(b)P MK-nın orqanı olan “Şərq qadını” jurnalı çapdan çıxmağa başladı. Jurnalın birinci nömrəsinin hazırlanmasında və onun gələcək fəaliyyətində Əliheydər Qarayev, Ruhulla Axundov, Sultan Məcid Əfəndiyev ilə birlikdə Respublikanın dövlət başçısı Səməd Ağamalıoğlu da iştirak edirdi. Jurnalın birinci nömrəsində sonuncunun “Tarixdə qadınların qiyməti” adlı məqalə ilə çıxış etdi. O, həmin məqaləsində qadınlarda köhnə adət və ənənələrə qarşı mübarizə hissi oyatmağa, onların öz hüquqları uğrunda  cəsarətlə mübarizə aparmasına nail olmaqdan bəhs edərək yazırdı: “Bərabərlik üçün qadınlar köhnə adət və fikirlərdən azad olaraq, cürətlə yeni yola qədəm qoymalıdırlar. Bədəxlaqlar, namusdan və qeyrətdən düşmüş şəxslər bu yolun (qadın azadlığı yolunun - red. Əli Novruzov) qabağına tikan tökürlər ki, bu yoldan gedənlər iyrənsinlər. Ancaq tarixin gedişinin qabağını heç bir qüvvə saxlaya bilməz. Bizim qadınların azadlığa çıxmaları qanunauyğundur. Lakin hər yerdə hələ ölü diridən yapışır, yəni köhnə təzədən əl çəkmək istəmir. Lakin bizim ümum zəhmətkeşlər içərisindən təzə ümid yoluna düşənlər çoxalmaqda və qüvvətlənməkdədir. Onlar Şura hökumətinin rəhbərliyi altında işıqlı dünyaya gedəcəklər” (“Şərq qadını” jurnalı №1, 1923, s.2).

Çadraya qarşı mübarizə kampaniyası və qadınlar arasında savadlanma işinin aparılması

Ağamalıoğlu qadına münasibət barəsində gerici-mülkədar məfkurəsinə və onun təzahürlərinə qarşı ciddi mübarizə aparmağa çağırırdı. Ümumiyyətlə qadın azadlığı mövzusu Azərbaycan ədəbiyyatında öz əksini tapmışdı. Abdulla Şaiqin “İldırım”, Seyid Hüseynin “Yeni həyat yollarında”, “Çarxların hücumu”, “Mehriban”, “Gilan qızı”, Süleyman Sani Axundovun “Namus” hekayələri, Cəfər Cabbarlının “Sevil” dramı qadın azadlığı problemlərinə və çadra ilə bağlı məsələlərə həsr olunmuşdu.

Ağamalıoğlu çadranı hüquqsuzluq, cəhalət, avamlıq, gerilik rəmzi hesab edirdi. O, yazırdı:“Biz Şərq qadınlarına deyirik:  çadranı tulla, bu-zülm və köləliyin biabırçı əlamətidir! Öz azadlığınız və uşaqlarınızın gələcəkdə daha yaxşı işləyib yaşaması naminə rədd olsun çadra!” (“Бакински рабочи” qəzeti №56, 8 mart 1929-cu il).  Çadranı feodal quruluşun məhsulu hesab edən qocaman siyasətçi yazırdı: “Örtülük feodal istibdad quruluşunun məhsuludur. Belə bir quruluşda, yuxarıda duran hər bir kəs, aşağıdakının həyatı ilə istədiyi kimi rəftar edirdi. İctimai münasibət isə müəyyən bir qanun və hüquq ilə deyil (vətəndaşlıq hüququ, cəza və başqa qanunlar), yalnız adət və normaya salınırdı. Bu münasibəti normaya salan isə din və şəriət idi. Bütün bunların əsası olan iqtisadi quruluş isə, qul və köləlik əməyi üzərində bərqarardır. Feodalların şahənşah hakimlərin iqtisadiyyatında isə ən böyük və mühüm rol oynayan ancaq quldarlıq və zülmdür” (Səmədağa Ağamalıoğlu “Namus”. Bakı, 1929 s.45).

Azərbaycan qadınlarının qədim zamanlarda da azad yaşadığını xatırladan Ağamalıoğlu çadranın və çoxarvadlılığın əleyhinə müxtəlif tədbirlərdə çıxış edir, təbliğat aparırdı. Çadranı az qala qadın əxlaqı ilə eyniləşdirənlərə cavab olaraq namus anlayışına geniş izah verən qocaman sosialist xadim əxlaqın “qurşaqdan aşağı” olmadığını bildirir və fikrini dəlillərlə əsaslandırırdı.

Köhnə düşüncəni, dini fanatizmi qəbul etməyən Ağamalıoğlu məişətdəki qadın-kişi bərabərsizliyini insanların təfəkkürləri ilə əlaqələndirirdi: “Düşüncəni təyin edən məişətdir. Tarix boyu ortaya çıxıb şəriət tərəfindən təsdiq edilmiş bu məişət o qədər qüvvətli olmuşdur ki, bir çox əsrlər ərzində bu qaranlıq səltənətinə zərrə qədər də olsun işıq keçməmişdir”.

“Bakinski raboçi” qəzetinin 8 mart 1928-ci il tarixli sayında Ağamalıoğlu yazırdı ki, qadın azadlığı ideyasını genişləndirməyə və həyata keçirməyə maneə olan, qarşıdurmalar, ziddiyətlər yaratmaq istəyən “qəhrəman”lar peyda olub. Bu ünsürlərə görə, qadın azadlığı əxlaqsızlıq, mənəvi düşkünlük deməkdir. Köhnə meşşan təfəkkürlərinə görə onlar guya Azərbaycan türk xanımlarının namusunu müdafiə edirlər. Ancaq tarixi inkişafın təkərini geri fırlatmağın mümkünsüzlüyünü bildirən Ağamalıoğlu qeyd edirdi ki, Azərbaycan xanımlarının cəmiyyətin inkişafında iştirakının qarşısını almaq mümkün deyil (Salatın Əhmədova “Böyük ömrün salnaməsi”, Bakı-2018 s.123).

1929-cu ilin aprelində VI Ümumazərbaycan Sovetlər qurultayı baş tutdu.  Ağamalıoğlu qurultayda çıxış edərək, çadra əleyhinə mübarizənin genişləndirilməsi zərurətindən, bu mübarizənin aparılması yollarından ətraflı danışdı. O dedi: “Qadınları əsarətdə saxlayan çadradan xilas olmaq lazımdır. Bunun üçün dekretə ehtiyac yoxdur. Azərbaycan hökuməti dinə və köhnəliyə qarşı mübarizə aparmaq üçün pul ayırmalıdır. Bütün idarələrdə onun əsasını dağıtmaq üçün vahid cəbhədə mübarizə aparmalı, əsarətdən azad olmuş türk qadınlarının hüquqlarını möhkəmləndirmək və onları daha çox məişət işlərinə cəlb etmək lazımdır” (Xəlil Nəcəfov “Səmədağa Ağamalıoğlu”, Bakı-1966 s.41).

Qurultayın qərarına uyğun olaraq 1929-cu ildə Azərbaycan MİK çadra əleyhinə mübarizə tədbirləri haqqında xüsusi təlimat vərəqələri nəşr etdi. Burada çadranın mənşəyi, onun sinfi mahiyyəti, çadra əleyhinə mübarizənin böyük siyasi, ictimai, mədəni əhəmiyyəti qeyd edilir və ona mane olanlarla kəskin mübarizə aparmaq tələb olunurdu. Çadraya qarşı mübarizə kampaniyasının əsas avanqard qüvvəsi müəllimlər olmalı idilər. Təsadüfi deyil ki, Azərbaycan Kommunist Partiyasının katibi Dövlətovun qərarı ilə çadranın tərəfdarı olan 32 nəfər partiya sıralarından xaric edilmişdir (“Kommunist” qəzeti №1, 1 yanvar 1929-cu il).

Kütləvi-siyasi və izahat işlərinin gücləndirilməsi sayəsində on minlərlə qadın şüurlu surətdə çadranı atmağa başladı. 1929-cu ildə Gəncə rayonunda - 1130, Şamxorda (indiki Şəmkir) 150, Gədəbəydə - 40, Goranboyda - 298, Şamaxıda - 238, Lənkəranda - 300 qadın çadranı çıxarmışdır. Kampaniyanın ikinci ayında Quba rayonunda 1317, Nuxada isə 920 nəfər qadın çadradan imtina etmişdir. Azərbaycan Kommunist partiyasının Qadınlar şöbəsinin verdiyi məlumata görə 1929-cu ilin yanvar ayı ərzində qəzalarda sayları 8 mindən yuxarı olan kənd qadınları çadranı atmışdır (“Şərq qadını” jurnalı №1, 1929-cu il). Ümumilikdə 1929-cu il ərzində respublika ərazisində 269 min 870 nəfər qadın çadradan imtina etmişdir. Bu faktlar həmin illərdə qadınların onları əsarətdə saxlayan geriliyin və köhnə həyat adətlərinin aradan qaldırılması mübarizəsində fəal iştirak etdiklərini sübut edir.

Ağamalıoğlu qadınların azadlığa çıxmasında əsas amillərdən birini muzdur, yoxsul və ortabab kəndlilərinin uşaqlarını geniş surətdə məktəbə cəlb etməkdə görürdü. O, uşaqların paltar, kitab, dəftər, qələm və başqa şeylərlə təmin edilməsinə ciddi fikir verirdi. Qeyd etmək lazımdır ki, Çar Rusiyası dövründə Azərbaycanda şəriət qaydaları tətbiq edildiyi üçün qadınların həyatı ağır olaraq qalırdı. Çar Rusiyasının son illərində Azərbaycanda ümumi 942 məktəb mövcud olmuşdur. Bu məktəblərdə təhsil alan 62161 uşaqdan 22161 azərbaycanlı idi. Bu uşaqlardan sadəcə 1862 nəfərini qızlar təşkil edirdi. Müsavat Azərbaycanı dövründə müharibə və digər çətinliklərə görə məktəblərin sayı Çar hökuməti dövrü ilə müqayisədə azalaraq 643- ə enmişdir. Dolayısıyla məktəbdə oxuyan uşaqların sayı 16621- ə, qızların sayı isə 1420 - ə qədər azaldı (“Şərq qadını” jurnalı №5, 1930-cu il).

Hərçənd 1920-ci ildə Azərbaycanda Şura hökumətinin qurulmasından sonra qadınlar arasında savadlanma işi sürətlə aparılmağa başlandı. 1929-cu ildə Azərbaycanda təhsil alan qızların sayı 1914-cü illə müqayisədə 20 dəfədən çox artmışdır (S. İmanzadə “Oktyabr sosialist inqilabı və Azərbaycanda qadın azadlığı”, Bakı-1957 s.52). 1920-27-ci illərdə Azərbaycanda təhsil alan qadınların sayı ilə bağlı Azərbaycan Şura Sosialist Cümhuriyyəti Xalq Təhsil Komissarlığının verdiyi statistik məlumata görə, əgər 1920-21-ci ildəki tədris ilində Azərbaycanda təhsil alan qadınların sayı sıfıra bərabər idisə, 1926-27-ci ildə bu rəqəm 5123 nəfərə qalxmışdır (№ 163. Сведения статистической отдела Наркомпроса Азербайджанской ССР о количестве  женщин, обучавшихся в учебных заведениях Главпрфобра, ЦГАОР АзССР, ф.57, оп. 1, д.458, л.1).

Nəticə

Əsası hələ Mirzə Fətəli Axundov tərəfindən qoyulan Azərbaycanda qadın azadlığı problemi, Nəriman Nərimanov və Səmədağa Ağamalıoğlu kimi dövlət başçılarımız tərəfindən tərəfindən uğurla həyata keçirildi. 1920-ci ildə Azərbaycanda II Respublika qurulduqdan sonra Azərbaycan qadınlarının ailə-məişət zülmündən, şəriət qaydalarından xilas edilməsi üçün bir sıra qanunlar qəbul edildi. 1921-ci ildə qəbul edilən Azərbaycan konstitusiyası ilə qadınlara de-yure və de-fakto seçib-seçilmək hüququ verildi, azərbaycanlı qadınlar ilk dəfə olaraq seçkilərdə iştirak etdi. Qadınların feodalizm ictimai münasibətlərinin qalığı olan çadradan xilas edilməsi üçün çadra əleyhinə mübarizə kampaniyası təşkil edildi. Qadınlar arasında savadlanma prosesi sürətləndirildi. Bütün bunların nəticəsi olaraq qadınlar ictimai-siyasi həyatda aktiv rol oynamağa başladılar. Sonradan Azərbaycan tarixində Züleyxa Seyidməmmədova, Sona Nuriyeva, Leyla Məmmədbəyova kimi Şərqin qadın pilotları statusunu qazanan xanımlarımızın, Tahirə Tahirova (o, hətta BMT Baş Assambleyasında bütün SSRİ-ni təmsil edən ilk qadın oldu), Elmira Qafarova, Kübra Fərəcova və Züleyxan Hüseynova kimi qadınların nazir vəzifəsinə kimi yüksəlməsində məhz doktor Nərimanovun və qocaman sosialist Ağamalıoğlunun həyata keçirdiyi islahatların böyük rolu sayəsində baş verdi.

Azərbaycanda ilk dəfə çadranı çıxaran xanım məhz Nərimanovun həyat yoldaşı Gülsüm Nərimanova idi. Gülsüm Nərimanova doktor Nərimanovun Azərbaycan qadınlarının azad düşüncə və azad qərar vermə, təhsil alma və qadın klubları yaradılması işində dəstək vermək üçün bu addımı atmışdır. Gülsüm xanım xatirələrində Nərimanovun müasir düşüncəli, qadın azadlıqlarına önəm verən insan olduğunu qeyd edirdi. O yazırdı: “Mən 1898-ci ildə Azərbaycanın paytaxtı Bakı şəhərində, türk ailəsində anadan olmuşam. O zaman türk qadınının bütün həyatı sırf ailə daxilində keçirdi. Biz Şərq qadınlarının ailə marağından başqa digər marağı olmayıb. Biz ailə qurmamışdan əvvəl bütünlüklə atamızın, ailə həyatı başladıqdan sonra da həyat yoldaşımızın hökmü altında yaşayırdıq. Biz erkən ailə həyatı qururduq.

Məni özümdən xeyli böyük, 43 yaşlı Nəriman Nərimanova ərə verərkən heç 19 yaşım tamam olmamışdı. Xoşbəxtlikdən mən həyat yoldaşımın simasında mehriban və gözəl bir insan, xalqının azadlığı uğrunda mübarizə aparan bir şəxslə tanış oldum. O, ömrünün sonunadək amalından dönmədi. O həyatımızın birlikdə keçən illərində mənim həm müəllimim, həm də dostum olmuşdu. Mən ailə həyatında çox xoşbəxt idim, çünki təkrar edirəm, mənim həyat yoldaşım Nəriman Nərimanov idi. Digər qızlarımızın taleyi isə tamam başqa idi. Onların həyatı sonunadək asılı və sönük keçirdi.

Evliliyimizin ilk günündən çadranı açdım və özümü daha da azad hiss etdim. İnqilabın ilk günlərində isə ictimai işlərdə fəal iştirak etməyə başladım”(Aytən İmanova “Gülsüm xanım Nərimanova: həyatının naməlum səhifələri arxiv  sənədlərində”, 2023 s.52).

Qeyd etmək lazımdır ki, XX əsrin əvvələrində azərbaycanlıların qurduğu siyasi partiyalar arasında qadın qanadı olan yeganə partiya məhz Nəriman Nərimanovun rəhbərlik etdiyi bolşevik “Hümmət” təşkilatı idi (“Hümmət” qəzeti, 12 dekabr 1917-ci il; А. Султанова “Счастье азербайджанки”. Монография. Б., Азернешр-1970 s. 27).

Son olaraq qeyd edim ki, məhz əsası Mirzə Fətəli Axundovla qoyulan, Nərimanov, Ağamalıoğlu sayəsində həyata keçirilən, ardınca Seyid Hüseyn, Cəfər Cabbarlı, Abdulla Şaiq kimi aydınlarımız tərəfindən davam etdirilən qadın azadlığı ideyaları Azərbaycan qadınını Şərqin ən üstün qadınına çevirmişdir. Sabiq prezident Heydər Əliyevin qeyd etdiyi kimi, məhz 1920-ci ildə Azərbaycanda Şura hökumətinin qurulmasından sonra qadınlara tam azadlıq verildi. Bunun nəticəsində Azərbaycanda təhsil sahəsində çalışanların 70 faizi, səhiyyə sahəsində çalışanların-həkimlərin, başqa tibb işçilərinin 60 faizi qadınlardır (Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyənin TRT-1 Televiziya kanalının “Dünya düşüncələri Atatürkün gözü ilə” verilişinə müsahibəsi- 6 aprel 1999-cu il ). Bu gün zərifcinslərimiz əksər müsəlman və “Qara qitə” ölkələri, eləcə də Əfqanıstan, Hindistan və bu kimi digər ölkələrdəki həmcinsləriylə müqayisədə daha sərbəst, azad olmaqla yanaşı yüksək dövlət postlarında, o cümlədən I vitse-prezident, parlamentin spikeri vəzifəsində tuturlar.

ƏLİ NOVRUZOV

Globkom.info

 

İstifadə olunan ədəbiyyat

 

Kitablar

A.Saarinen, K. Ekonen & V. Uspenskaia “Women and Transformation in Russia”, London-2014

Ramiz Mehdiyev “ADR-İran diplomatik münasibətləri Qafqaz Fövqəladə Komissiyasının sənədləri işığında: 1919-1920-ci illər”, 2017

Salatın Əhmədova “Böyük ömrün salnaməsi”, Bakı-2018

Xəlil Nəcəfov “Səmədağa Ağamalıoğlu”, Bakı-1966

А. Султанова Счастье азербайджанки. Монография. Б., Азернешр-1970

Səmədağa Ağamalıoğlu “Namus”. Bakı, 1929

S. İmanzadə “Oktyabr sosialist inqilabı və Azərbaycanda qadın azadlığı”, Bakı-1957

Aytən İmanova “Gülsüm xanım Nərimanova: həyatının naməlum səhifələri arxiv sənədlərində”, 2023

Nəriman Nərimanov “Seçilmiş əsərləri II cild 1918-1921” 1989

Sənədlər

Конституция Азербайджанской Социалистической Советской Республики. 19 мая 1921 г

№163. Сведения Статистической отдела Наркомпроса Азербайджанской ССР  о количистве  женщин, обучавшихся в учебных заведениях Главпрофобра, ЦГАОР АзССР, ф.57, оп.1, д.458, л.1

Qəzet və jurnallar

“Kommunist” qəzeti №31, 8 fevral 1921-ci il

“Şərq qadını” jurnalı №1, 1923

“Бакински рабочи” qəzeti №56, 8 mart 1929-cu il

“Kommunist” qəzeti № 1, 1 yanvar 1929-cu il

“Şərq qadını” jurnalı №1, 1929-cu il

“Şərq qadını” jurnalı №5, 1930-cu il

“Hümmət” qəzeti, 12 dekabr 1917-ci il

 

Məqalələr

Abdulla İsmayıloğlu/Əli Novruzov “Nəriman Nərimanov: Qadın hüquqlarının fədaisi”

Müsahibələr

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyənin TRT-1 Televiziya kanalının “Dünya düşüncələri Atatürkün gözü ilə” verilişinə müsahibəsi-6 aprel 1999-cu il