Tarixi sənədlər və faktlar işığında saxtakar tarixçilərə sərt şillə

Tarixi kimlər və necə saxtalaşdırır?

Bizə niyə və hansı yalanı danışırlar?

Müsavatın şanlı, yoxsa qanlı tarixi?

Müstəmləkə rejimi, yoxsa müstəqil dövlət?

Azərbaycanda müstəqil respublika nə vaxt yaranıb?

Sosialist inqilabını niyə işğal adlandırırlar?

Xalqımız cəhalət qaranlığından işığa necə çıxdı?

Nərimanovla Rəsulzadənin fərqi nədədir?

Aprel sosialist inqilabından 105 il keçir. Amma Aprel hadisələrinə ziddiyyətli münasibət var. Tarixi kimlərsə məqsədli şəkildə, dolaşdırır, qarışdırır, insanları aldatmağa çalışır.  Lakin, tarix saxtakarlığı sevmir, xüsusilə də yaxın tarix, ona görə ki, arxivlərdə hələ də sənədlər var! Beləliklə əsas sual budur- Aprel hadisələri inqilabdır, yoxsa işğal? Bu yazıda bu məqamlara tarixi faktlar və sənədlər əsasında aydınlıq gətirməyə çalışacağıq.

1920-ci il aprelin 27-də Bakıda baş verənlər

1920–ci il aprelin 26-dan 27-sinə kecən gecə qəhrəman Bakı proletariatı ingilis müstəmləkiciliyinin dayağı olan musavat-ingilis qaraguruhunun müstəmləkəcilik siyasətinə qarşı silahlı üsyan qaldırdılar. Aprelin 26-dan 27-sinə kecən gecə Qırmızı Komandan Cingiz İldrımın başcılığı altında polis hissələri tutularaq tərkisilah edildi.

İnqilabi qvardiyanın reydləri nəticəsində Bayıldakı silah anbarı ələ kecirildi və bütün fəhlələr silahlandırıldılar. Bayıl yamacında qurulmuş ingilis səhra və sahil topları inqilabcılar tərəfindən ələ kecirildi. Bakı qarnizonu tam tərkibdə inqilabın tərəfinə kecdi. Bakı Yunker məktəbi tutularaq tərkisilah edildilər. Nargin adasında yerləşən musavat-ingilis qüvvələriylə Bakı arasında əlaqə yaratmaq ücün qurulmuş rabitə xətti şəxsən Cingiz İldrımın rəhbərliyi və iştirakı ilə kəsildi.

İnqilabcı fəhlə və qırmızı qvardiya hissələri Bayıl həbsxanasını tutaraq bütün siyasi dustaqları azad etdilər, Müsavatın “Bastilyası” və “Kronştatı” bir gecə icində inqilabcılar tərəfindən cökdürüldü. Radio inqilabcıların tam nəzarətinə kecdi və inqilabı boğmaq ücün Batumda və İranda hazır vəziyyətdə gözləyən ingilis-amerika qüvvələrinə və Antanta tərəfindən qızışdırılaraq Azərbaycan üzərinə göndərilən daşnak və gürcü hökumət qüvvələrini geri püskürtmək ücün Sovet Rusiyasından təcili yardım istənildi.

XI Ordu köməyə gələnə kimi isə inqilabcı qüvvələr dəmir yol xəttini, donanmanı tam şəkildə nəzarətə götürdülər. 27 aprel səhəri inqilabın hərbi rəhbəri Cingiz İldrımın göstərişiylə donanmadakı toplar musavat parlamentinin üzərinə tuşlandı və qan tökülmədən hakimiyyətin kommunistlərə verilməsi tələb olundu. Musavat nəinki xalq, hətta müsavatcılar tərəfindən belə müdafiə olunmadı.

Hərbi nazir Mehmandarov “bolşeviklərə qarşı vuruşmayacağıq” deyərək inqilabın tərəfinə kecdi. Musavat nazirlərinin coxu inqilaba səs verdi. İfrat islamcı İttihatcılar belə kommunistlərin hakimiyəti ücün əllərindən gələni etdilər. Bir sözlə müsavat qaraguruhu tərəfdarsız qalıb təslim oldu.

Görkəmli tədqiqatçı Manaf Süleymanovun «Eşitdiklərim, oxuduqlarım, gördüklərim» kitabında ultimatumun verilməsi belə təsvir olunub: “Vəziyyəti müzakirə etmək üçün aprelin 27-də səhər saat 10-da parlamanın fövqəladə iclası çağırılır. Hamı toplanır. Birdən salona başda Həmid Sultanov olmaqla 3 nəfər daxil olur. Həmid Sultanov cəld addımlarla yaxınlaşıb içində ultimatum olan zərfi parlamanın sədrinə verir.

Salonda hamı özünü itirir, hamı susur. Parlamanın sədri ultimatumu oxuyur: «Azərbaycan İnqilab Komitəsi parlamanı buraxıb Müsavat hökumətinin dərhal inqilabi komitəyə təslim olmağını tələb edir!»

Bu zaman Səmədağa Ağamalı oğlu yerindən qalxıb bərkdən deyir: «Vəssalam! Bazar bağlandı».

Elə bu vaxt Çingiz İldırımın hərbi Qızıl Donanma adından Müsavat hökumətinə və parlamana göndərdiyi ultimatumu gətirdilər». Digər mənbələrdən də şəhərin bütün strateji obyektlərinin inqilabçıların əlində olduğu məlumatını alan musavat hakimiyyəti təslim oldu. Bazar həqiqətən də bağlandı.

27 aprel axşama yaxın Azərbaycan Şura Cumhuriyyəti elan olundu, ölkəmiz Mudros müqaviləsinin alcaldıcı və işğalcı şərtlərindən azad oldu. Azərbaycan İngilis imperializminin əsarətindən xilas olan ilk şərq ölkəsi oldu. Müstəmləkəcilik sisteminin cöküşü Azərbaycandan başladı.

Anadoluda təklənmiş və ingilis musavat qaraguruhu tərəfindən mühasirəyə alınmış Türkiyə inqilabcıları ücün yardım dəhlizi acıldı. Şərqdə bir günəş doğuldu, onun şəfəqi şərq müsəlman xalqlarının azadlıq hərəkatına bir məşəl kimi işıq sacdı.

27 aprel inqilabını kim etdi - XI Qızıl Ordu, yoxsa xalq?

Həqiqət həmişə faktlara söykənməlidir. Faktlar isə göstərir ki, 1920-ci ilin aprelində Azərbaycan fəhlələrinin silahlı üsyanı olmasa idi, XI ordunun Bakıya gəlişi bu qədər rahat baş verməzdi.

Bunu «İnternasional» zirehli qatarının komandiri M.Q.Yefremov inqilabdan sonrakı illərdə öz xatirələrində etiraf edirdi. O yazırdı: «Belə sürətli əməliyyatı yerinə yetirərkən… XI ordu Bakıdan təxminən 300 km məsafədə idi, hərgah fəhlələrin üsyanı olmasaydı biz XI ordu diviziyaları yaxınlaşanadək məhv edilmiş olardıq».

Bu hansısa qərəzli siyasətçi mövqeyi deyil, bu peşəkar hərbçi rəyidir. Yefremov yazırdı ki, hərb tarixində bu yeganə hadisədir ki, ordunun qərargahı ordunun döyüş hissələrindən 300 km öndə hərəkət edirdi, özü də tamamilə müdafiəsiz və təcrid olunmuş halda.

Bu o deməkdir ki, əgər aprel hadisəsi işğal olsa idi, əvvəlcə ordu gəlib şəhəri almalı idi, yalnız bundan sonra qərargah gəlib təhlükəsiz şəraitdə şəhərə yerləşməliydi. Amma bunun əksinin baş verməsi, yəni qərargahın «İnternasional» qatarında ordu hissələrindən bir neçə gün əvvəl gəlib Yalamada oturması onun göstəricisi idi ki, XI Qızıl Ordu Bakıya gəlməmişdən 2  gün əvvəl Bakı fəhlələri silahlı üsyan qaldıraraq bütün sursat anbarlarını, hərbi məktəbləri, Bayıl həbsxanasını, Xəzər donanmasını, səhra və sahil toplarını, bir sözlə, bütün strateji nöqtələri ələ keçirmiş və hakimiyyəti parlamentdən təhvil almışdılar.

Xalq üsyanına Azərbaycan İnqilab Komitəsi və şəxsən qızıl komandan Çingiz İldırım rəhbərlik etmişdi. Yalnız silahlı üsyanın qələbəsinin yaratmış olduğu rahatlıq, qərargahın XI ordudan bir neçə yüz kilometr öndə irəliləməsinə və həmdə heç bir ciddi müqavimətə rast gəlmədən irəliləməsinə imkan vermişdir.

Sual doğur- Əgər inqilabı Azərbaycan kommunistləri xalqa söykənib etmişdilərsə, onda XI Ordunun gəlməsinə nə ehtiyac var idi? Kommunistlər sadəcə xalq narazılığına rəhbərlik etmiş və inqilabın avanqardı qismində çıxış etmişdilər. İnqilabı isə kommunistlərin rəhbərliyi ilə Azərbaycan xalqı etdi.

Radikal islamçılar olan ittihadçılardan tutmuş Bakıdakı türk paşalarına (Ənvər paşa və Nuru paşa da həmçinin), kamalçılara, müsavatçı Hacınskilərə, Məhəmməd Hadilərə qədər hər kəsin Aprel sosialist inqilabını alqışlamaları inqilabın sosial bazasının necə geniş olmasının bariz sübutudur.

Hələ silahlı üsyan baş verməmişdən qabaq kommunistlər yaxşı bilirdilər ki, qırmızı inqilabın sabahısı günü Antanta dövlətlərinin əksinqilabi müdaxiləsi ilə qarşı-qarşıya qalacaqlar. ABŞ və Fransa qoşunları Batumdan, ingilis və İran şah qoşunları cənubdan, daşnak Ermənistanı və menşevik Gürcüstanı isə qərbdən Qızıl Bakı üzərinə yürüşə hazır idilər. Belə bir əksinqilabi cəbhənin qarşısında anacaq yerli fəhlə-kəndli qüvvələriylə duruş gətirmək mümkün deyildi. 6 dövlətin təpədən-dırnağacan silahlanmış orduları Azərbaycan Sosialist Respublikasını çəkmələri altında əzməyə hazır idilər.

Bu isə o deməkdir ki, XI Ordu Azərbaycanda inqilab etmədi, sadəcə Azərbaycan xalqının inqilabi nailiyyətlərini qoruyub saxlamaqda milli Qızıl Ordu hissələrinə kömək etdi. Əks təqdirdə, Azərbaycan Şura Cumhuriyyətinin də taleyi Bavariya və ya Macarıstan Sovet Respublikalarının aqibəti kimi faciəli olacaqdı.

Bakıya köməyə gələn XI Qızıl Ordu əsasən müsəlmanlardan ibarət idi…

Saxtakar tarixcilər iddia edirlər ki, guya XI Qızıl Ordu əsasən erməni və ruslardan ibarət imiş. Amma görün həmin dövrün etibarlı türk hərbi mənbələri XI Ordunun milli-dini tərkibini necə xarakterizə edirlər: “Etibarlı mənbədən: 100.000 nəfərlik böyük əksəriyyəti müsəlman olan XI Bolşevik Ordusu Bakıya catmışdır. Ayrıca Qırmızı Oduya mənsub 40.000 nəfərlik bir hərbi qüvvənin Vladiqafqazdan Bakıya doğru hərəkət etdiyini erməni qəzetləri yazmaqdadırlar…” 15-ci ordunun komandanı Kazım Qarabəkir paşa Böyük Millət Məclisini məlumatlandıracaq teleqramında belə yazırdı.

Bu fakt bir daha təsdiq edir ki, XI Qızıl Ordunun əsas şəxsi heyyəti müsəlmanlardan ibarət idi və bir cox mənbələrdə müsəlmanlardan ibarət Qırmızı Ordudan “Yaşıl Ordu” deyilərək də bəhs edildiyi məlumdur. Aprel inqilabının rəhbəri Cingiz İldırım hələ Rusiyada olarkən “İldrımiyyə” adlanan müsəlman Qırmızı Ordu hissələri təşkil etmişdi.

Yenə həmin tarixdə Mustafa Kamal Atatürk bir gizli toplantıda Bakıya daxil olan bolşevik ordularının müsəlmanlardan ibarət olmasını bu sözlərlə ifadə edirdi: “Qızıl Ordu adı altında xidmət edən müsəlman bolşevik ordusu Bakıya girdikdən sonra Ermənistan sərhədlərinə qədər irəliləmiş və Ermənistan üzərinə hücum etmək ücün Qarabağ ətrafında və Gəncə istiqamətində toplanmaqdadırlar”.

1920-ci il aprelin 13-də Kazım Qarabəkir paşa Atatürkə məktubunda yazırdı: “Görünməkdədir ki, Qızıl Ordu Azərbaycan və hətta Dağıstanın icərilərinə girmək ücün həm əllərindəki təlimata, həm də axacaq müsəlman qanının və yaxud yanlış bir hərəkət üzündən Türkiyənin və müsəlman dünyasının və öz ordularının önəmli hissəsini təşkil edən müsəlman qüvvələrinin üzüntü, əsəb və etirazına səbəb olmamaq ücün planlarını pozmamaq məqsədilə ağırbaşlılığı və bizim tərəfimizdən dəstəklənən təlimat əldə etməyi lazım bilirlər. Bu lap yerindədir”.

Burada diqqət cəkən əsas məqam yenə də XI Ordunun əsas hissəsinin müsəlmanlardan ibarət olduğunun vurğulanmasıdır.

Mandatlı tarixcilər iddia edirlər ki, XI Ordu Bakıya daxil olarkən onları gül-cicəklə qarşılayanlar guya erməni və ruslar olublar. Lakin türk mənbələri bolşevizmin yerli əhalinin coxluğu tərəfindən rəğbətlə qarşılanması barədə belə xəbər verirdilər: “Azərbaycan və Gürcüstanda hakimiyyətdə burjua sinfinə mənsub hökumətlər mövcuddur…lakin cox böyük əksəriyyətinin bolşevikliyin tərəfdarı olan xalqın bir daxili inqilab ilə bolşevikliyi qalib edəcəkləri görünməkdədir. Azərbaycanda millət və ordunun bolşevizm əleyhinə cıxacağını zənn etmirəm”.

Burada diqqəti cəkən əsas məqam xalqın əksəriyyətinin bolşevizmə olan rəğbətinin etiraf olunması və daxili inqilabı potensialın mövcudluğunun qabardılmasıdır. Deməli hətta türk mənbələri belə Aprel inqilabının daxili inqilabi potensialdan doğduğunu və kənardan Qafqaza ixrac olunmadığının fərqindəydilər….

Xalqı üsyana gətirən səbəblər nə idi və ya inqilab niyə baş verdi?

Xaricə qaçıb imperialist qüvvələrə sığınan Müsavat rəhbəri xalq inqilabını ləkələmək üçün böhtan yazmaqda davam edib. Lakin tarixi faktlar Rəsulzadənin ittihamlarını saxta sabun köpüyü kimi partladıb yox edir.

Məsələ burasındadır ki, Aprel inqilabı göbələk kimi birdən-birə ortaya çıxmadı, 1917-20-ci illərdə Azərbaycanda baş vermiş saysız-hesabsız kəndli üsyanları, fəhlə tətilləri, ordu hissələrində baş qaldıran hərbi qiyamlar əslində yaxınlaşmaqda olan qırmızı inqilabın ayaq səsləriydi.

Əgər Rəsulzadə və onun kimiləri bu amili görə bilmirdilərsə, bu artıq onların siyasi səriştəsizliyi idi. Necə olur, ingilis kəşfiyyatı hələ Aprel inqilabından 9 ay əvvəl Londona Azərbaycanda qırmızı inqilab üçün böyük potensial olduğu barədə məlumatlar ötürülürdü, amma M.Ə.Rəsulzadə və komandası ölkədə cərəyan edən prosesləri görmürdülər?

Bəs Azərbaycan xalqında Müsavat rejiminə qarşı baş qaldıran narazılığın səbəbləri nə idi? Bu suala da yenə həmən dövrün mənbələri əsasında cavab vermək olar. Budur 1920-ci ilin fevralı; “Azərbaycan firqəsi” qəzeti yazır: “Hansı bir kənddən keçilərsə, ağlaşmadan qulaq tutulur, ən kiçik bir kənddə gündə 10-15 kəndli tələf olur”.

Bəli, Müsavat hakimiyyəti zamanı Azərbaycanda əhalinin sayı 400 min nəfər azalaraq 2,3 milyon nəfərdən 1,9 milyon nəfərə düşdü; on minlərlə insan aclıqdan və xəstəlikdən tələf oldu. Müsavatın törətmiş olduğu süni aclıq minlərlə ailəni acından ölümə məhkum etmişdi. Bu azmış kimi digər tərəfdəndə Müsavat məmurları xalqı soyub talan edirdilər.

1918-20-ci illər Azərbaycanın gerçək mənzərəsi budur, hansı ki Müsavatın rəsmi sənədlərində də etiraf olunurdu: “…özbaşınalıq, qanunsuzluq, ən ifrat və qabarıq formalarda rüşvətxorluq yerli hökumət idarələrində adi haldır” (Müsavat Daxili İşlər Nazirinin imzaladığı sənəddən).

Qızılhacılı kəndlilərinin 1919-cu il 21 aprel tarixli parlamentə ünvanlanmış məktublarında açıqca bəyan edilirdi: “…Yubanma bəylər və xanlara qarşı kənd əhalisinin kütləvi açıq üsyanına aparır. Aclığa məruz qalmış və səbri tükənmiş yoxsul kəndlilərin digər çıxış yolu yoxdur”.

Kimlər ki Aprel Sosialist İnqilabının səbəblərini ölkə sərhədlərindən kənarda axtarırlar, onlara məsləhət görərdik ki, Aprel inqilabının səbəbini məhz bu cümlələrdə axtarsınlar, 1918-20-ci illər Azərbaycan insanının əhval-ruhiyyəsinə tərcüman olmuş bu sətirlərdə.

Təbii ki belə bir rejim artıq özü-özü barədə ölüm hökmü çıxarmışdı, Azərbaycan xalqına və kommunistlərə isə sadəcə bu hökmü icra etmək qalırdı. Aprel sosialist inqilabı bu əhval-ruhiyyənin məntiqi yekunu idi.

Müsavat xalqın hökuməti idi, yoxsa milyonçuların?

Müsavat üçün “millilik” sadəcə bir pərdəydi. Nərimanov Müsavat baş naziri Nəsibbəy Yusifbəyliyə 1919-cu ildə yazdığı məktubda bunu belə dilə gətirirdi: “…İslam və millət sözləri sizin üçün yalnız bir pərdə imiş, Şura (xalq) hökuməti əleyhinə ağzı köpüklənə-köpüklənə çıxış etməyə sizi bir ovuc bəy, xan və müftəxor Bakı milyonerlərinin mənafeyi məcbur edirmiş”.

Bu faktı, yəni Müsavatın milyonçular və bəylər tərəfindən maliyyələşdirilməsini M.Ə.Rəsulzadə özü də etiraf edirdi. O, 1918-ci il yanvarın 24-də çıxışı zamanı etiraf edirdi ki, “…müsəlman polkları müsəlman burjuaziyasının… vəsaiti ilə təşkil edilir” və təbiiki onların milyonlarını qorumaq üçün təşkil edilirdi.

Parlamanın (əslində milyonçular klubunun) son iclasında milyonçu Ağa Aşurov çıxış edərək əslində müsavatçılığın kimlərə xidmət etdiyini belə dilə gətirirdi: “Orada fəhlə-kəndli hakimiyyəti var. Biz isə burada dövlətli, tacir və o şəxslərik ki, hərəsi bir yerdən gəlibdir”.

İnqilabdan əvvəl Azərbaycanda əkilən torpaqların 98,2%-i, yəni demək olar ki, hamısı əhalinin cəmi 1%-ni təşkil edən bəy və xanların mülkiyyətindəydi. Ölkə əhalisinin 78%-ni təşkil edən kəndlilərin əlində isə əkilən torpaqların cəmi 1,8%-i qalmaqdaydı. Əkinə yararlı 1 milyon hektar torpaq cəmi 195 bəy ailəsinin əlində təmərküzləşmişdi.

Müqayisə üçün deyək ki, Şura hakimiyyəti zamanı Azərbaycanda sovxoz və kolxozların balansında olmuş sahəsiylə müqayisə edilə biləcək qədər böyük ərazi deməkdir, hansı ki inqilabdan əvvəl ölkə əhalisinin səmi 0,01%-nə məxsus idi.

Ömrü boyu ailəsiylə birlikdə bir qarın çörəyə beş-on nəfər bəy-xan ailəsinin qapısında muzdurluq, nökərçilik edən bir millətin «vətənpərvərlik, millətçilik ruhundan» bəhs etmək tarixə istehzadan başqa bir şey deyil.

Aprel sosialist inqilabından qabaq Azərbaycan kəndlisinin bəy və xanlara 600 milyon manat borcu var idi. Bu borc kəndiri elə bir şey idi ki, bəylə bu vasitəylə kəndliləri ürəkləri istəyən kimi əhliləşdirir, onunla qul kimi rəftar edirdilər. Belə ki, borcu olan kəndli ağasından icazəsiz evlənə, hətta lazım gəlsə, ağa kəndliləri də kəndlə birlikdə başqa bir bəyə sata bilərdi.

Elə belə də edirdilər. Məsələn, Talışxanlar 12 kəndi əhalisiylə birlikdə rus Şeremetyevə satmışdılar. Bu, Azərbaycan kəndlisinin inqilabdan əvvəlki qul vəziyyətinə bir nümunədir. Kəndli əşya kimi alınıb-satılırdı. Bəy kəndlini döyə, söyə, atın quyruğuna bağlayıb kəndin içiylə sürütləyə, həbs edə, mütə heç bir haqq vermədən istədiyi qədər işlədə, hətta sürgünə də göndərə bilərdi.

Rəsmi statistikaya görə 1870-ci ilə kimi Bakı neft rayonunun torpaqları demək olar ki, bütövlükdə azərbaycanlıların əlində olduğu halda, iki il sonra bu göstərici cəmi 13% təşkil edirdi. Hətta milyonçu Tağıyev 1898-ci ildə özünün neft mədənlərini 5 milyon manata ingilislərə satmışdı.

Nəticədə isə artıq 1914-cü ildə Bakıda çıxarılan neftin 51,5%-i, neft məhsullarının ticarətinin isə 75%-i üç inhisarçının- Nobel, Şell və Standart Oil kompaniyalarının əlinə keçdi. Yerdə qalan faizdə isə azərbaycanlıların payı çox kiçik idi.

Bu isə o deməkdir ki, bizim milyonçular, torpaq və mədən sahibləri tərəfindən ingilislərə, isveçlilərə, amerikalılara, ermənilərə satılmış və ya qumarda uduzulmuşdu. Çünki bəylər, ağalar, tacirlər, milyonçular Azərbaycana öz mülkiyyətləri, kommersiya obyektləri kimi baxırdılar, onu sata da bilirdilər, qumara da qoyurdular, kefi istəyənə bağışlayırdılar da.

Bu gün bizlərə “demokratik” respublika kimi sırınmağa çalışılan Müsavat rejimi mövcud olduğu 23 ay ərzində heç 1 dəfə də olsun seçki keçirmədi. Azərbaycan parlamanı da seçki əsasında yox, ingilis generalı Tompsonla sövdələşmə əsasında təşkil olunmuşdu.

Müsavatın ordusu harda idi və ya hökumətin süqutuna nə rəvac verdi?

Artıq 1920-ci ilin əvvəllərində milyonçular, varlı tacirlər, iri torpaq sahibi bəylər Müsavatın xalq inqilabı qarşısında acizliyini dərk edib Antanta qoşunlarının Azərbaycana gətirilməsini tələb edirdilər.

Müsavatçı mənbələr göstərirlər ki, guya ordu Qarabağda ermənilərə qarşı vuruşduğundan Aprel hadisələri zamanı Bakını müdafiə edə bilmədi. Əslində isə, bu yalandır.

Ordunu Bakıya gətirmək üçün Müsavatın kifayət qədər vaxtı var idi. Belə ki, hələ 1920-ci ilin fevralından hökumətə bəlli idi ki, kommunistlər xalqı üsyana hazırlayırlar. Bu vaxt ərzində əgər ordu Bakıya gətirilmədisə, bunun sadəcə bir izahı var- ümumiyyətlə ordu yox idi!

Müsavatçılar iddia edirdilər ki, guya ordu Qarabağda vuruşurmuş. Halbuki, Müsavat partiyasının rəhbərlərindən biri olmuş Məhəmməd Hacinski parlamentdəki çıxışında etiraf edirdi ki, “hökumətin laqeydliyi nəticəsində Qarabağ dağlarından Yalamayadək sərhəd açıq buraxılmışdı”…

Bu, Müsavatın guya 25 minlik nizami orduya sahib olması barədə deyilənlərin əslində, bir mif olduğunun bariz sübutu idi.

Müsavat Hərbi naziri Mehmandarovun yazılarından bir neçə kiçik epizod:

- General Səməd ağa Mehmandarovun Baş nazirə raportundan: “…Vətən müdafiəsi ağırlığını çəkmək istəyən zadəgan və tacirlərə qarşı xalqın şikayət və narazılığı getdikcə artmaqdadır”.

- General Səməd ağa Mehmandarovun parlamentdəki çıxışından: “…Hər yerdə kasıblar əsgər alınırlar, heç yerdə qoşun içində bir dövlətli, bəy, ya xan oğlu görmədim” (Azərbaycan qəzeti, №131, 7 mart 1919).

Müsavatçılar top və pulemyot atəşləri ilə kəndləri yer üzündən silir, kəndliləri ot tayasına doldurub diri-diri yandırır və hətta Yusifbəylinin fəxrlə dediyi kimi 1000-dən çox adamı Bakıdan sürgün edə bilirdi, amma bunların heç biri sosialist inqilabının qarşısını ala bilmədi.

1920-ci ildə Müsavat rejimi elə bir vəziyyətə düşdü ki, onu heç müsavatçılar özləri də müdafiə etmirdilər; parlamentdə 2-ci böyük fraksiya olan islamçı ittihadçılar bəyanat verib kommunistlərin tərəfinə keçdilər, Müsavatın adlı-sanlı nazirləri, rəhbərləri inqilabla əməkdaşlıq yolu tutdular, Müsavatın hərbi haziri Mehmandarov kommunistlərə güllə atmaqdan imtina edərək Qızıl Ordunun tərəfinə keçdi.

Hətta, vəziyyət o qədər dramatik hal aldı ki, müsavatçılardan təşkil olunmuş (Rəsulzadə sədr olmaqla) kart-blanş (fövqəladə komissiya) belə hakimiyyətin kommunistlərə verilməsinə səs verdi.

Müsavat lideri Rəsulzadə çıxışında müəyyən şərtlərlə hakimiyyətin kommunistlərə təhvil verilməsinə razı olduğunu bildirdi. Baş nazir Nəsibbəy Yusifbəyli isə kürsüdən “ölərik, ancaq istiqlalı əldən vermərik, bolşeviklər ancaq mənim cəsədim üzərindən keçə bilərlər” desə də, kürsüdən düşüb pərdənin arxasına keçən kimi “mənim çamadanım hanı” deyərək, şələ-şüləsini yığıb aradan çıxmışdı.

Bu, öz xalqına yox, Antantalı ağalara sığınan, ingilis süngüsünə arxalanaraq hökumət qurmaq istəyənlərin ibrətamiz sonluğu idi, həm də rüsvayçı sonluğu…

Vətən torpaqlarını ona-bunaMüsavat hakimiyyəti paylayıb

İddia edirlər ki, Sovet hakimiyyəti qurularkən Azərbaycan Respublikasının ərazisi 114 min kvadrat kilometr olduğu halda, 1991-ci ildə müstəqillik elan olunarkən ölkə cəmi 86,6 min kvadrat kilometr əraziyə sahib idi.

Lakin bu ittihamlar heç bir tarixi sənədlərdə öz təsdiqini tapmır. Ən əsası isə Sovet hakimiyyəti qurularkən Azərbaycan Respublikasının mübahisəsiz ərazisi 114 min kvadrat kilometr yox, təqribən elə indiki qədər, yəni 87,3 min kvadrat kilometr olmuşdur və Azərbaycan özünün ən böyük torpaq itkilərini 1918-20-ci illərdə Müsavat hakimiyyəti zamanında yaşamışdır.

Əsil tarixi həqiqət ondan ibarətdir ki, Azərbaycan cəmi 23 ay hakimiyyətdə olmuş hökumətin (Müsavat) hakimiyyəti zamanında ərazisinin təxminən 1/4-ni itirmişdir. Müsavat hökuməti 1918-ci ildə ermənilərə Aleksandropol (Gümrü), İrəvan, İçmədzin, Sürməli və s. olmaqla 18,7 min kvadrat kilometr, gürcülərə Borçalı, Qarayazı və Sığnax olmaqla 8,7 min kvadrat kilometr, ruslara isə 7 min kvadrat kilometr əraziyə malik olan Dərbəndi- hamısı bir yerdə təxminən 34,4 min kvadrat kilometr ərazi güzəştə getmişdir.

1500 ildən sonra Azərbaycan torpaqlarında erməni dövlətinin yaradılmasını tanıyan və bütün İrəvan mahalı da daxil olmaqla İrəvan şəhərini də erməni hökumətinə paytaxt kimi hədiyyə edənlər də məhz Müsavat rəhbərləri olub.

ADR 1919-cu ilin noyabrın 23-də Ararat Respublikasıyla bağladığı biabırçı separat sazişlə Azərbaycanın daha 10 min kvadrat kilometr ərazisini (Zəngəzur və ətrafı) mübahisəli ərazilər siyahısına daxil etmiş və bununla da avtomatik surətdə ADR-in mübahisəsiz dəqiq ərazilərini 87,3 min kvadrat kilometrə qədər azaltmış və Zəngəzurun ermənilərə verilməsi üçün hüquqi baza yaratmış oldular.

Həmçinin, bu separat sazişlə milli hökumət nə qədər acı olsa da de-yure Zəngəzurun Azərbaycan torpağı olması faktını şübhə altına almış və sərhədlər dəqiqləşdirilənədək ordunu Zəngəzurdan çıxarmışdır.

Təbii ki, bundan istifadə edən ermənilər də Zəngəzuru işğal edib talanlara başlamışdılar. Artıq ermənilər buranı öz torpaqları kimi tanıtmışdılar. Sovet hakimiyyəti qurulanda Zəngəzurda artıq ermənilər məskunlaşmışdılar və o ərazinin Ermənistan tərkibinə salınmasının qarşısını ala bilməyən Nərimanov Zəngəzurun itirilməsini 1920-ci ilin dekabrında bir şərtlə etiraf etməyə razılıq vermişdir ki, Dağlıq Qarabağ, Naxçıvan Azərbaycanın tərkibində saxlanılsın. Nərimanov min bir zəhmətlə Şərqi Zəngəzuru qoruyub saxladı.

Ümumilikdə isə müsavatın 1918-20-ci illər oyuncaq hakimiyyəti Azərbaycan xalqına 44 min kvadrat kilometr ərazinin itirilməsinə, 600 min azərbaycanlının İrəvan və ətraf mahallardan deportasiya olunmasına, 400 min azərbaycanlının isə məhvi hesabına başa gəldi.

Milli hakimiyyət, yoxsa ingilis müstəmləkəsi?

Müsavatçı bəylərin 1918-20-ci illərdə Osmanlı və ingilis mandatı altında keçən «hakimiyyət» dövrləri əslində Azərbaycanın əcnəbilər tərəfindən işğalı tarixi olmuşdur.

Həmən bu tarixdə Dağlıq Qarabağ daşnakların, Lənkəran və Quba-Xaçmaz da daxil olmaqla şimal bölgələri denikinçilərin tapdağında can verirdi. Bakı və Naxçıvan birbaşa ingilis işğal qüvvələrinin idarəsi altındaydı.

Naxçıvanın ingilis komandanlığının nəzarəti altına keçməsi barədə 1919-cu ilin yanvarında yayımlanmış mayor Qibbona məxsus əmrdə deyilirdi: “Araz çayı boyu rayonlar müvəqqəti Britaniya baş komandanlığının himayəsinə keçirilir. İngilis ordu dəstələri Naxçıvan, Culfa, Ordubad, Şahtaxtı və s. məntəqələrdə yerləşəcəklər. Vilayətin bütün siyasi, iqtisadi, hərbi məsələləri İngiltərə hökuməti tərəfindən həll ediləcəkdir. Yeni hakimiyyətə tabe olmayanlar qəti surətdə cəzalandırılacaqlar”.

Bu əmrdən cəmi bir neçə ay sonra ingilislər Araz-Türk Respublikasını ləğv edərək onun ərazisini, o cümlədən Naxçıvanı daşnakların idarəsinə verdilər. Bu barədə daşnak komandari Ararat daxili işlər nazirinə 1919-cu il 10 mart tarixli məktubunda yazırdı: “Polkovnik Tempeley dünən mənə dedi ki, ingilis komandanlığı daşnak hissələrinin Şərur-Naxçıvan üzərinə yeni hücumuna qarşı etiraz etmir, hətta bu hücuma ingilis zabitlər rəhbərlik edəcəklər”.

Bizə bu gün “xilaskar” kimi təqdim edilməyə çalışılan Osmanlı sultanları 1922-ci ildə vətən xaini kimi Türkiyədən qovulmuşdular. Osmanlının işğalçı missiyası 1918-ci il sentyabrın 15-də Bakını ələ keçirdikdən sonra bütün çılpaqlığıyla üzə çıxdı. Bu ana qədər özlərini Azərbaycanın istiqlalını tanıyırmış kımi göstərən Osmanlılar Bakını tutduqdan sonra bəyan etdilər ki, onlar cümhuriyyət-filan tanımırlar, qoşun guya əzəli Osmanlı torpaqlarını azad edib və Osmanlı imperiyasının pozulmuş sərhədlərinin bərpasına nail olub.

Onlar bir neçə ay Azərbaycanda sözün əsl mənasında ağalıq etdilər; asdıqlarını asdılar, güllələdiklərini güllələdilər, gözlərinə “birtəhər” dəyənlərin hamısını zopadan keçirdilər, əllərinə keçəni qarət edib taladılar. 1918-ci il oktyabrın 30-da (Bakını aldıqdan cəmi 45 gün sonra) Azərbaycanı bütün yeraltı və yerüstü sərvətləriylə birlikdə (oyuncaq Müsavat hökuməti qarışıq) ingilis imperiyasına bağışladılar. “Mudros” müqaviləsinin 11-ci və 15-ci maddələrinə əsasən Azərbaycan İngiltərə kraliçasının müstəmləkəsi elan olunurdu.

Heç bir qanuni haqqı olmadan, sanki öz əyalətiymiş kimi Osmanlı Azərbaycanı ingilis imperialistlərinə təslim etdi. Bundan sonra Azərbaycan özünün yeraltı və yerüstü sərvətləriylə, neft yataqları və dəmiryol xətləriylə birlikdə tamamilə ingilis imperiyasının müstəmləkəsi elan edildi. Bununlada ingilislərin Azərbaycanda ikinci işğal dövrü başlanmış oldu və bu işğal de-fakto Azərbaycanda Aprel sosialist inqilabının qələbəsinə qədər davam etdi.

1918-20-ci illəri əhatə etmiş bu işğal mərhələsində Azərbaycanda müstəqil dövlət idarəçiliyindən və suveren hakimiyyətdən danışmaq yersiz bir hərəkət olardı, baxmayaraqki bu gün bu işğal dövrünü bizə «istiqlal» tarixi kimi sırımağa çalışırlar. İngilis generalı Tomson Bakıya 1918-ci il noyabrın 17-də gəlsə də onun mövcudluğu Azərbaycanda “Mudros” müqaviləsindən dərhal sonra noyabrın ilk ongünlüyündə hiss olunmağa başladı. Beləki Müsavat hökuməti noyabrın 9-da qəbul etdiyi qərarla Azərbaycanın qırmızı rəngli, üzərində aypara və səkkiz guşəli ulduz təsviri olan bayrağını dəyişdirərək, bu gün də rəsmi dövlət bayrağı hesab olunan üçrəngli bayrağı qəbul etmək məcburiyyətində qaldı. Çünki əvvəlki qırmızı ay-ulduzlu bayraq Türkiyənin bayrağına bənzədiyindən Tomsonu qıcıqlandırırdı. Bu səbəbdən də dövlət bayrağı dəyişdirildi. Parlamentin iclası belə onun icazəsi ilə keçirilə bilirdi və ingilis generalı bina üzərində Azərbaycan bayrağının qaldırılmasına icazə vermirdi.

Bu faktlar bir daha sübut edir ki, Müsavat dövründə Azərbaycan əcnəbilərin, ingilis generallarının tapdağı altında olub. Yalnız Aprel sosialist inqilabından sonra Azərbaycanın işğalına son qoyulmuş, daşnak hərbi hissələrinin fəaliyyəti dayandırılmış, Balakən, Zaqatala, Qax, Naxçıvan, Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyü təmin edilmiş, 1921-ci il Moskva müqaviləsiylə isə ölkə sərhədləri beynəlxalq hüquqi müstəvidə tanınmışdı.

Müsavatçıların xalqa xəyanəti Aprel Sosialist inqilabından sonra da davam etdi. Mülkiyyətçilik, sahiblik instinkti ilə alışıb yanan müsavatçı bəylər «hansı dövlət olur-olsun, təki mülküm məndə qalsın» tezisiylə çıxış edərək Zaqatala, Balakən, Qax, Qazax ərazilərinin Gürcüstan tərəfindən işğalına razılıq verdilər.

Onlar Sovet Azərbaycanından ayrılaraq menşevik Gürcüstanına birləşmək üçün hər cür təxribata əl atdılar. Sərhəd kəndlərin əhalisini dilə tutaraq bir çox kəndliləri inandırmağa çalışırdılar ki, sosialist Azərbaycanda yaşamaqdansa, kapitalist Gürcüstana birləşmək daha yaxşıdır. Bəzi avam kəndlilər bu təxribata uyaraq Gürcüstan hökumətindən xahiş edirdilər ki, onları öz himayələrinə götürsünlər.

Nərimanov başda olmaqla Azərbaycan Sovet hökumətinin qətiyyətli siyasətindən sonra Azərbaycan bəylərinin bu təxribat planı fiaskoya uğradı; Qax, Balakən, Zaqatala, Qazax mahalları Azərbaycanın tərkibində saxlandı.

Azərbaycan Sosialist Respublika dövründə nələr əldə etdi, nələr itirdi?

Rəsulzadə başqa olmaqla Müsavat rəhbərləri xalqa xəyanətlər içində olduqlarını öz sonrakı fəaliyyətləri ilə də sübut etdilər. Məsələn, Rəsulzadə Böyük Vətən Müharibəsi dövründə Hitlerin faşist legionunda qarşı cəbhədə olan öz xalqına qarşı yer aldı. Onun doğma xalqı isə cəbhənin bu biri üzündə Vətəni uğrunda döyüşərək bəşəriyyəti faşizmdən qurtarmaq üçün yüz minlərlə şəhid verdi….

Türk və ingilis müstəmləkəçiliyi altında keçən 2 il ərzində 400 min insanın ölümünə səbəb olmuş, Azərbaycanı ingilis, İran, Denikin, Osmanlı Türkiyəsinin, daşnak Ermənistanının terror poliqonuna çevirmiş, Azərbaycan torpaqlarında erməni dövlətinin yaradılmasını tanımış, İrəvan mahalını daşnak dövlətinə paytaxt kimi vermiş, devriləndən sonra belə Azərbaycanın qərb bölgələrini Gürcüstana birləşdirməyə cəhd göstərəcək qədər tarixi cinayətə əl atmış bir firqənin rəhbərindən bundan fərqli nə gözləmək olardı ki?

Azərbaycanda Şura, yəni xalq hakimiyyətinin qurulmasını təhqiramiz şəkildə təqdim etmək, bu tarixi hadisəni və onu həyata keçirən xalqın uğurlarını rusların, Qızıl Ordunun adına çıxmaq tariximizə xəyanətdir. Gənc nəsli aldatmaq lazım deyil, onlara həqiqəti söyləyək- Azərbaycan Sovet hakimiyyəti dövründə öz tarixi ərzində ən böyük naliyyətlər əldə edib, əksər xalqların hələ də nail ola bilmədiyi xarüqələr yaradıb.

Pisi ilə yaxşısı ilə bu bizim tariximizdir. 1920-ci il inqilabına qədər və inqilabdan sonra da bu xalqın azadlığı uğrunda minlərlə insan canını qurban verdi, bu ölkənin xoşbəxtliyi naminə mübarizə apardı. Məhz Aprel inqilabından sonra Azərbaycanda xalqın adi nümayəndələrinin hakimiyyətdə olduğu müstəqil respublika yaradıldı, xalqımız Şərqdə, hətta Qərbdə o qədər ilklər gerçəkləşdirdi ki saymaqla bitməz.

Qısa müddətdə təhsil, elm, iqtisadiyyat, mədəniyyət sürətlə inkişaf etdi. Azərbaycan qaranlıqdan işığa çıxdı- Nərimanovun dediyi kimi Şərqdə bir Günəş doğdu. Bunu anlamaq üçün İran azərbaycanlılarının elmi, mədəni, sosial, iqtisadi.. səviyyəsini bizimlə müqayisə etmək kifayətdir.

Tarix unutqanlığı və saxtakarlığı sevmir. Biz ikisindən birini seçməliyik- ya tarixi gerçəkləri bilməliyik, ya da özümüzə saxta tarix yazmalıyıq. İkinci halda biz də dönüb olarıq erməni. Biz isə azərbaycanlıyıq- dünyanın ən sivil, mədəni, elmli xalqlarından biri. Bizim saxta tarixə ehtiyacımız yoxdur- öz şərəfli tariximizi bilsək kifayətdir...

Aprel sosialist inqilabının nəticələri və tarixi əhəmiyyəti

1. Tarixdə ilk dəfə olaraq Azərbaycan dövlətinin ərazi və sərhədləri beynəlxalq hüquqi müstəvidə tanındı. Bakı, Gəncə, Qarabağ, Naxçıvan, Balakən Azərbaycan Respublikasının tərkib hissəsi kimi tanındı və qonşu dövlətlər tərəfindən rəsmi müqavilələrlə qəbul olundu. Müqayisə üçün deyək ki, Müsavat müstəmləkə üsul-idarəsi zamanı (1918-20) Azərbaycan Mudros müqaviləsinin 11 və 15-ci bəndlərinə görə Britaniya Krallığının müstəmləkəsi hesab olunurdu və bu səbəbdən də Azərbaycan nə dövlət kimi, nə də suveren sərhədlərə malik ölkə kimi beynəlxalq hüquqi müstəvidə tanınmadı. Qərb dövlətləri (ABŞ, İngiltərə, Fransa) nə Bakını, nə Gəncəni, nə Qarabağ və Naxçıvanı, nə də Balakəni Azərbaycanın tərkib hissəsi kimi tanımır, bunları mübahisəli ərazilər hesab edirdilər. Lakin ilk dəfə Aprel sosialist inqilabının qələbəsindən sonra Azərbaycan dövlətinin sərhədləri beynəlxalq hüquqi müstəvidə tanındı (1921) və 1976-cı il Helsinki Assambleyası bir daha bu faktı təsdiqləmiş oldu.

2. İlk dəfə olaraq Azərbaycan dövlətinin müstəqilliyi Türkiyə və Rusiya tərəfindən tanındı, hər iki ölkədə qarşılıqlı olaraq diplomatik nümayəndəliklərin fəaliyyəti təmin edildi və bununla da mürtəce Mudros müqaviləsinin Azərbaycanla bağlı bəndləri qüvvədən düşmüş elan olundu; nəticədə Azərbaycan ingilis müstəmləkəçiliyindən azad olan ilk Şərq ölkəsi kimi tarixə düşdü.

3. Aprel sosialist inqilabının qələbəsindən sonra Naxçıvan son yüzilliklər ərzində ilk dəfə olaraq Azərbaycan dövlətinin idarəçiliyinə qaytarıldı və Azərbaycan ərazi vahidi kimi beynəlxalq hüquqi müstəvidə tanındı. Məlumat üçün deyək ki, Müsavat müstəmləkə üsul-idarəsi zamanı Naxçıvan və ətraf ərazilər ingilis generalı Kori tərəfindən Ararat daşnak üsul-idarəsinin tabeçiliyinə verilmiş və bölgədə real hakimiyyət amerikalı komissar Haskelə (Versal Konfransının nümayəndəsi mandatı çərçivəsində) aid olmuşdur. Aprel sosialist inqilabının qələbəsi bu qeyri-müəyyənliyə birdəfəlik son qoydu və Naxçıvan əbədi olaraq Azərbaycan dövlətinin ərazisi elan edildi (1921-ci il Moskva və Qars müqavilələri). Azərbaycan Sovet hökumətinin rəhbəri Nərimanovun göstərişiylə Naxçıvandakı daşnak idarələri zorla Ermənistana köçürüldü, daşnakların Naxçıvandakı ağalığına həmişəlik son qoyuldu.

4. Aprel inqilabı Azərbaycanın daşnak Ermənistanı və menşevik Gürcüstanı arasında bölüşdürülməsi təhlükəsinə son qoydu, bir neçə il ərzində yüz minlərlə müsəlman əhalinin məhvinə səbəb olmuş daşnak terrorunun qarşısını aldı. Sovet hökumətinin qərarıyla daşnak silahlı dəstələri Azərbaycandan sürgün edildi və bu terrorun başında duran bir sıra cəlladlar İnqilabi Tribunalın hökmüylə güllələndi. Müqayisə üçün deyək ki, Müsavat müstəmləkə üsul-idarəsi nəinki daşnak cəlladları cəzalandırmadı, hələ üstəlik mart qırğınlarında azərbaycanlılara qarşı xüsusi amansızlıq nümayiş etdirmiş 20 nəfər daşnak cəlladı 1920-ci ilin yanvarında həbsxanadan azadlığa buraxmış, hətta onlardan alınmış girov pullarını belə artıqlamasıyla onlara geri qaytarmışdı. Bununla da müsavatçılar bir daha Azərbaycan xalqına qarşı növbəti xəyanətə imza atmış oldular və belə demək mümkündürsə, daşnak terrorunu bəsləyib onu himayə etmiş oldular, Bakıda, Şamaxıda, Qubada etdikləri vəhşiliyin müqabilində müsavatçılar daşnak fraksiyasına parlamanda yer də verdilər. Lakin Aprel sosialist inqilabının qələbəsi bu xəyanət missiyasına birdəfəlik son qoydu. Azərbaycan İnqilab Komitəsinin qərarıyla daşnak silahlı dəstələri tərksilah olunub sürgün edildilər, Azərbaycanın dövlət orqanlarında çalışan 310 nəfər daşnak isə Ermənistan Respublikasına yola salındı.

5. Üzəringə ay və beşguşəli ulduz təsviri olan qırmızı bayraq Azərbaycan Sovet Respublikasının dövlət bayrağı, Azərbaycan dili isə rəsmi dövlət dili elan olundu. Azərbaycan Sovet hökumətinin verdiyi avqust 1921-ci il tarixli dekretə əsasən Respublika ərazisində bütün kargüzarlıq işlərinin dövlət dilində, yəni Azərbaycan dilində aparılması rəsmiləşdirildi.

6. 1921-ci il aprelin 21-də Nərimanovun imzalamış olduğu tarixi dekretə əsasən 30 minlik milli Qızıl ordu hissələri yaradıldı.

7. 1921-ci ildə Şərqdə ilk dəfə olaraq Azərbaycan Sovet Respublikasının dövlət Konstitusiyası qəbul olundu və Azərbaycan Şərqdə konstitusiyalı dövlət quruluşuna malik ilk ölkə oldu. Silklərə (bəy, xan, rəiyyət və s.) bölgü ləğv olundu, müsəlman dünyasında ilk dəfə insanlara vətəndaşlıq hüququ verildi.

8. Aprel inqilabının qələbəsindən sonra Azərbaycanda məhkəmə islahatları keçirildi, bəy və xanların məhkəmə orqanlarındakı hökmranlıqlarına son qoyuldu. Beləki inqilaba qədər məhkəmələrdə ancaq bəylərin, ağaların nümayəndələri təmsil olunurdu və nəticədə kəndlilərlə bəylər arasında yaranan bütün mübahisələr ağaların xeyrinə həll olunurdu. Bu vəziyyətdən istifadə edən bəylər kəndlilərin dədə-baba torpaqlarını zorla onların əlindən alır, məhkəmələrdə isə bu qəsbkarlıqlarına hüquqi don geyindirirdilər. Azərbaycan Sovet hökuməti məhkəmələrdə bəylərin hökmranlığına və təmsilinə son qoydu. Azərbaycan və Şərq tarixində ilk sivill vətəndaş məhkəmələri yaradıldı.

9. Aprel inqilabının qələbəsi nəticəsində Azərbaycan tarixində ilk dəfə olaraq neft yataqları, digər faydalı qazıntılar, meşələr, çaylar, göllər və s. ümumxalq mülkiyyəti elan edildi.

10. Aprel sosialist inqilabından sonra Nərimanovun imzalamış olduğu dekretə əsasən Azərbaycan tarixində ilk dəfə Milli Aviasiya təşkil olundu, müsəlman ölkələri arasında ilk dəfə Azərbaycanda aeroportlar salınmağa başladı.

11. Şərqdə və Sovet İttifaqında ilk dəfə olaraq Bakıda tramvay nəqliyyatının əsası qoyuldu (1924).

12. Şərqdə və Sovet İttifaqında ilk dəfə 1926-cı ildə Bakıda ilk elektriklənmiş dəmiryol xətti çəkilib istifadəyə verildi.

13. Avropada ilk açıq tipli istilik-elektrik stansiyası Sovet Azərbaycanında istifadəyə verildi.

14. Müsəlman Şərqində ilk radio, ilk televiziya Sovet Azərbaycanında yaradıldı.

15. Şərq ölkələri arasında ilk metro tikintisi Azərbaycanda həyata keçirildi.

16. Şərqdə ilk Elmlər Akademiyası, Avropada öz dövrünün ən böyük teleskopuna sahib Şamaxı Astrofizika Rəsədxanası, Kosmik Tədqiqatlar Mərkəzi Azərbaycanda yaradıldı.

17. Şərqdə və Sovet İttifaqında ilk elektriklə işləyən domna peçi, ilk krekinq zavodları və bir sıra ilk texnoloji yeniliklər birinci dəfə Azərbaycanda tətbiq olundu.

18. Şərqdə ilk Konservatoriya, ilk Filarmoniya, ilk Ali Teatr Məktəbi Azərbaycanda yaradıldı.

19. İnqilaba qədər cəmi 12 nəfər millətcə azərbaycanlı mühəndisi olan bir ölkə Aprel inqilabından sonra minlərlə mühəndisi, on minlərlə texniki işçisi olan qüdrətli sənaye ölkəsinə çevrildi. Azərbaycan ilk dəfə olaraq neft xammalı ixrac edən ölkədən neft-maşınqayırma avadanlıqları ixrac edən ölkəyə çevrildi. Sovet İttifaqında istehsal olunan neft-maşınqayırma avadanlıqlarının 70-75%- Azərbaycanın payına düşürdü. 60-70-ci illərdə SSRİ-də çıxarılan neftin cəmi 2-3%-ni verən Azərbaycan az qala İttifaqın bütün neft-maşınqayırma sənayesini öz əlində cəmləmişdi. Bu tip sənaye müəssisələrinin 43-dən çoxu Azərbaycanda yerləşirdi.

20. İnqilaba qədər tarlalarında bir dənə də olsun traktoru, yük avtomobili, kombaynı olmayan geridəqalmış aqrar ölkə, Aprel sosialist inqilabından dərhal sonra on minlərlə traktoru, kombaynı, pambıqyığan maşını olan mexanikləşdirilmiş sənaye ölkəsinə çevrildi. Tariximizdə ilk dəfə olaraq elmi yeniliklər kənd təsərrüfatına tətbiq olundu, Mil-Müğan səhrası da daxil olmaqla torpaqlarda meliorasiya işləri aparıldı, torpaqlar gübrələndi, səhralaşmış torpaqlar yenidən kənd təsərrüfatına qazandırıldı.

21. İnqilaba qədər elektrik işığının nə olduğunu bilməyən bir ölkə Aprel sosialist inqilabından sonra tam surətdə həm kəndləri, həm sənayesi elektrikləşmiş ilk Şərq ölkəsi oldu.

22. İnqilaba qədər kəndlərinə bir manat da olsun investisiya qoyulmamış, bir nəfər də olsun aqronomu, zootexniki olmayan bir ölkə tezliklə İttifaq miqyaslı aqrar sənaye kompleksi yaratdı. İttifaqın ən böyük konserv zavodları, baramaçılıq kombinatları, pambıqtəmizləmə zavodları Azərbaycan regionlarında yaradılıb istifadəyə verildi.

23. İnqilaba qədər bir nəfər də olsun akademiki, professoru, elmlər doktoru olmayan, əhalisinin 90%-dən çoxunun oxuyub-yazma bilmədiyi, cəmi 100 nəfər azərbaycanlı müəllimi olan, 800 min uşağının məktəbin nə olduğunu bilməyən savadsız, naxırçılar, çobanlar ölkəsi Aprel sosialist inqilabından sonra əhalisi 100% savadlanmış, onlarla universiteti, elmlər akademiyası, elmi-tədqiqat institutları, regional miqyaslı Astrofizika rəsədxanası, kosmik tədqiqatlar mərkəzi olan intellektuallar ölkəsinə çevrildi.

24. Şərqin ilk qadın professorları, ilk qadın nazirləri, ilk qadıq deputatları məhz Sovet Azərbaycanının yetirmələri olmuşdurlar.

25. Sovet Azərbaycanı dünyəvi təhsil sisteminə keçən qadınların da kütləvi təhsilə cəlb edildiyi ilk Şərq ölkəsi kimi tarixə düşmüşdür.

26. İspaniya, Norveç kimi Avropa ölkələrində qadınların seçki hüququ olmayanda Sovet Azərbaycanında qadınlar deputat, nazir, müəssisə rəhbəri vəzifələrinə seçilir, xalq təsərrüfatında, elmi tədqiqat institutlarında kişilərlə bir cərgədə çalışırdılar.

27. İnqilaba qədər cəmi bir neçə yüz tələbəsi olan bir ölkə Aprel sosialist inqilabından 20-30 il sonra hər on min vətəndaşına düşən tələbələrin sayına görə ABŞ, Fransa kimi dövlətləri açıq bir fərqlə üstələyirdi.

28. İnqilaba qədər cəmi 114 nəfər həkimi olan bir ölkə Aprel sosialist inqilabından sonra hər min nəfər əhaliyə düşən həkimlərin, tibb işçilərinin sayına görə nəinki Türkiyə, İran, İraq kimi böyük müsəlman dövlətlərini, hətta Norveç, Hollandiya kimi Avropa dövlətlərini də qabaqlayırdı.

29. Aprel inqilabından sonra Türkiyənin Antanta imperialistləri tərəfindən blokadası yarıldı. Sovet qızılı və Sovet silahı Azərbaycandan Türkiyə qurtuluş savaşına axdı. Türkiyə xalqı öz müstəqillliyini əldə etdi.

30. Aprel inqilabının qələbəsi Anadoluda Şərqi Ermənistan dövlətinin yaradılması planını iflasa uğratdı. Nərimanov Şərqi Ermənistan ideyasını Kremldə dəfn etdi.

31. Nərimanovun imzaıyla 1920-ci il mayın 26-da milli-dini dəyərlərin qorunmasıyla bağlı Azərbaycan İnqilab Komitəsinin dekreti elan edildi. Sözügedən dekret tarixdə ilk dəfə olaraq Novruz bayramını, Aşura gününü, Qurban bayramını və Mövlud gününü qeyri-işgünü kimi rəsmiləşdirdi.

32. Azərbaycan tarizində Aprel inqilabından bir il sonra ilk dəfə olaraq 1921-ci ilin sentyabrında arxeoloji qazıntılara başlandı və bununla da xalqımızın qədim tarixinin öyrənilməsi, milli arxeologiyanın əsası qoüuldu.

33. Aprel inqilabından sonra Azərbaycan tarixində ilk dəfə olaraq su təsərrüfatının yaradılmasına kapital qoyuluşu həyata keçirildi. Təkcə bir beşillik ərzində Azərbaycanın su təsərrüfatına İttifaq büdcəsindən 1 milyard 128 milyon manat kapital qoyuldu. Müqayisə üçün deyək ki, son 20 ildə bu sahəyə və Azərbaycan kəndinə ümumilikdə bu qədər kapital qoyuluşu olmamışdır.

34. Aprel inqilabı Azərbaycan kəndlisini bəy və xanlara verilən vergidən, biyardan azad etdi. Onun ağalara olan 600 milyon manatlıq borcu ləğv olundu.

35. Dünya tarixində ilk dəfə açıq dənizdə neft çıxarılmasının əsası qoyuldu. Məlumat üçün deyək ki, Xəzər dənizində neftin olmasını da ilk dəfə olaraq Nərimanov tərəfindən əsası qoyulmuş Azərbaycan Milli Aviasiyası kəşf etmişdir.

36. Aprel inqilabından sonra islam şərqində ilk kinostudiya Bakıda təşkil olundu. Bununla da kütləvi və peşəkar mənada milli kinonun əsası qoyuldu.

37. İnqilabdan sonra Sovet hökuməti Azərbaycan vətəndaşlarına dünyada anoloqu olmayan pulsuz mənzil hüququ verdi. Bu hüquq hər bir çalışan insanın işlədiyi müəssisənin mənzil fondları hesabına pulsuz olaraq mənzillə təminatını nəzərdə tuturdu. Nəticədə hər il orta hesabla 2 milyon kvadrat metr mənzil tikilib pulsuz mənzil hüququ çərçivəsində əhaliyə paylanırdı. Bu indiki bazar qiymətləriylə hər il üçün 1-1,5 milyard manat məbləğində vəsait deməkdir. Məlumat üçün deyək ki, hazırda pulsuz mənzil hüququ ləğv olunub və nəticədə Sosialist Respublika dövründə mənzil fondlarına, oradan isə pulsuz mənzil olaraq əhaliyə yönələn vəsait indi mənfəət şəklində bir qrup maqnatın, sahibkar kapitalistin cibinə axır.

38. Aprel inqilabının qələbəsi Azərbaycan zəhmətkeşlərinə pulsuz səhiyyə, pulsuz təhsil, təminatlı əmək və dövlət pensiya hüququ kimi bir sıra hüquq və azadlıqlar bəxş etdi. Hansıki indi bu huqların hamısı xalqın əlindən alınmışdır. Nəticədə təkcə pensiya islahatları adı altında Azərbaycan işçi sinfi 72 güzəştdən və ən əsası isə dövlət hesabına pensiya hüququndan məhrum edilmişdir. Sosialist Respublika dövründə heç bir qəpik də vergi ödəmədən pensiya hüququ əldə edən vətəndaşın indi gəlirləri sosial ödəmələr adı altında müsadirə olunur və maaşının bir hissəsi zorla sığorta fondlarına transfer edilir. Əgər Sosialist Respublika dövründə bütün işləyən vətəndaşlar pensiya hüququna milik idilərsə, bu gün milyonlarla insan pensiya sığortasına belə malik deyil. Əgər Sosialist Respublika dövründə tələbə dövlətə heç bir təhsil haqqı ödəmədən oxumaq imkanı əldə edirdisə və üstəlik bütün tələbələr dövlət tərəfindən pulsuz yataqxanalar və təqaüdlə təmin edilirdilərsə, indi tələbələrin ən azı 65%-i bu hüquq və güzəştlərdən məhrum edilmişdirlər.

39. Aprel inqilabının qələbəsi qüdrətli iqtisadiyyatın yaradılmasıyla nəticələndi, hansıki bu iqtisadiyyatdan əldə olunan mənfəət böyük ölçüdə ictimai istehlak fondlarına, oradansa xalqın sosial təminatına yönəlirdi. Müqayisə üçün deyək ki, indi bu iqtisadiyyat tamamilə dağıdılmış, və nəticədə bir ovuc işbazın cibinə işləyən istismarçı təsərrüfat sistemi təsis olunmuşdur. Bu isə azad bazar iqtisadiyyatı adı altında milli gəlirin xalqdan müsadirə olunaraq bir qrup qaraguruhun bank hesablarına yönəlməsi deməkdir.

40. Şərqin bir çox ilkləri Sovet Azərbaycanında reallaşdırıldı. Onların kiçik bir hissəsinə baxaq;

- Dünyada ilk sənaye üsulu ilə neftçıxarma (1847)

- Şərq tarixində ilk sivil vətəndaş məhkəmələri (1920)

- Müsəlman ölkələri arasında ilk aviasiya və aeroport (1921)

- Şərqdə və Sovet İttifaqında ilk tramvay nəqliyyatı (1924).

- Şərqdə və SSRİ-də ilk dəfə ilk elektrik dəmiryol xətti (1926-cı ildə Bakıda)

- Avropada və Şərqdə ilk açıq tipli istilik-elektrik stansiyası (İES)

- Müsəlman Şərqində ilk radio (1926)

- Şərqdə ilk Televiziya (1956)

- Şərq ölkələri arasında ilk metro (1967)

- Şərqdə ilk Elmlər Akademiyası

- Avropada öz dövrünün ən böyük teleskopuna sahib Astrofizika Rəsədxanası

- Şərqdə ilk Kosmik Tədqiqatlar Mərkəzi

- Şərqdə və Sovet İttifaqında ilk elektriklə işləyən domna peçi, ilk krekinq zavodları və bir sıra ilk texnoloji yeniliklər

- Şərqdə ilk Konservatoriya,

- Şərqdə ilk Filarmoniya,

- Şərqdə ilk Ali Teatr Məktəbi

- Şərqdə ilk dəfə Azərbaycan tarlalarında kənd təsərrüfatı texnikaları işləməyə başlayıb

- Şərqdə ilk elektrik ölkəsi

- Şərqdə ilk müasir zavod və fabriklər

- Şərqin ilk qadın professorları, ilk qadın nazirləri, ilk qadıq deputatları, ilk qadın təyyarəçisi...

- Şərqdə ilk dünyəvi təhsil və ilk əlifba islahatı, qadınların ilk dəfə kütləvi təhsilə cəlbi, qadın deputat, nazir, müəssisə rəhbəri, alim və s.

- İslam şərqində ilk kinostudya və kinolar...

Siyahını dəfələrlə uzatmaq olar amma düşünürük ki, bunlar sosialist respublikamızın necə möhtəşəm olduğunu anlamağa kifayətdir.

Nəriman Bağırov