Əvvəli: https://globkom.info/butun-xeberler/qerbin-uzaqgoren-siyaseti-ve-rusiyaya-qarsi-effekt-vermeyen-plan-1-ci-yazi

 

Rusiya ilə Ukrayna arasında qazın tranziti haqqında axırıncı müqavilə 2020-ci ildə bağlanıb. Müqavilə müddəti 2021-2024-cü illəri əhatə edir.

Rusiya Ukraynadan AB-yə:

-2021-ci ildə 42 milyard m³ qaz göndərib.

-2022-ci ildə sanksiyaların nəticəsində tranzit 19 milyard m³-a düşüb

-2023 və 2024-cü illərdə hər il ~15 milyard m³ göndərib.

01.01.2025 tarixindən tranzit müqaviləsinin müddəti bitirdi.

2024-cü ilin oktyabr ayından Zelenski Rusiya ilə tranzit müqaviləsinin müddətini uzatmayacağını bildirirdi. Bununla o, Putini və Fikonu (Slovakiyanın baş naziri) şantaj etmək istəyirdi. Lakin nə Putin, nə də Fiko onun müqaviləyə xitam verəcəyinə inanmırdı, çünki bunu etmək axmaqlıq olardı. Niyəsini sonda izah edərəm.

19.12.2024. Fiko jurnalistlər qarşısında çıxış edərək bildirdi: “Brüsseldə danışıqlar zamanı cənab Zelenski mənimlə qaz mövzusunda danışdı və soruşdu ki, əgər Rusiyanın həbs edilmiş aktivləri hesabına mənə €500 milyon verərsə, mən Ukraynanın NATO-ya üzv olmasına səs verərəmmi. Təbii ki, mən ona cavab verdim: heç vaxt!”

NATO-ya üzv olmaq üçün onun bütün üzvləri bunun lehinə olmalıdır. O vaxt Macarıstan (V.Orban) və Slovakiya (R.Fiko) Ukraynanın NATO-ya üzv olması əleyhinə açıq çıxış edirdilər.

Fiko, faktiki olaraq, Zelenskini rüşvət təklif etməkdə ittiham etdi. Həm də maraqlıdır ki, Zelenski rüşvəti Ukraynın hesabına yox, AB-nin həbs etdiyi Rusiya aktivləri hesabına vermək istəyirdi. Deməli, ya Zelenski Fikonu aldatmaq istəyirdi (inandırıcı deyil), ya da o, AB-nin rəhbəri adından danışırdı. 2-ci variantı gücləndirən amillərdən biri də budur ki, bu boyda qalmaqalı AB ört-basdır etdi, haqqında heç bir səs-küy salmadı, Zelenskiyə güldən ağır söz demədi.

Zelenski dərhal Fikonu yalançı adlandırdı...

20.12.2024. Zelenski Rusiyadan qaz tranzitini dayandıracağını bəyan etdi.

2024-cü ilin sonuna Avropada Rusiyadan Ukrayna vasitəsilə qaz alan yalnız Slovakiya (~13 milyard m³) və Moldova (~2 milyar m³) idi. Macarıstan Rusiya qazını artıq Türkiyə vasitəsilə alırdı, Avstriyaya isə Rusiya ilə məhkəmə çəkişməsinə girdiyinə görə dekabrda qaz tədarükü dayandırılmışdı. Yəni Zelenski qaz tranzitini dayandırmaqla Fikonu cəzalandırmaq istəyirdi.

22.12.2024. Fiko Moskvaya səfər etdi və Putinlə görüşdü. Görüş zamanı Fiko Rusiya qazının Türkiyə vasitəsilə alınması barədə Putinlə razılığa gəldi. Yeri gəlmişkən, Fiko Ukrayna müharibəsi başlayandan sonra AB dövlətləri rəhbərlərindən Moskvaya gələn 2-ci adam oldu (1-ci Orban olmuşdu).

23.12.2024. Zelenski X s/şəbəkəsində ukrain, ingilis və slovak dillərində post paylaşdı və bu postda Fikonu Moskva səfərinə görə satqın adlandırdı və Bratislavanın hüquq-mühafizə orqanlarından Kremllə danışıqlarına görə Fiko barəsində təhqiqata başlamağı tələb etdi.

24.12.2024. Zelenski X s/şəbəkəsində Fikoya rüşvət təklifini etiraf etdi. Lakin bunu başqa cür əsaslandırdı. Yazdı ki, Fikoya €500 milyonu Ukraynanın NATO-ya üzvlüyünün lehinə səs verməyə görə yox, Rusiyadan qazın kəsilməsi müqabilində Slovakiyaya dəyəcək zərərin kompensasiya edilməsinə görə Avrokomissiya adından təklif etmişdi. Lakin Fiko onun təklifindən imtina etdi.

Görünür, Avrokomissiya Fikonun ittihamına necə cavab vermək barədə 5 gün düşünüb və bundan yaxşı cavab tapa bilməmişdi. Onun yalan olduğu gün kimi aydın idi:

-Belədirsə, niyə Zelenski təklifi gizli edirdi?

-Niyə təklifi Avrokomissiya etmirdi? Axı Rusiyanın həbs olunmuş vəsaiti üzərində Avrokomissiya sərəncam verə bilər.

-Niyə Fiko belə normal təklifi dərhal qəbul etmədi? və s.

01.01.2025. Ukrayna ("Naftoqaz" şirkəti) Rusiya ("Qazprom" şirkəti) ilə qaz tranziti müqaviləsinin müddətini uzatmadı və Rusiya Ukraynadan AB-yə qaz tranzitini dayandırdı. Ukrayna daxili tələbatının bir hissəsini Rusiya qazı ilə təmin etdiyindən AB-dən təminat almaqla özünü də Rusiya qazından məhrum etdi.

09.01.2025. Fiko rəsmi Kiyevi Slovakiyaya zərər vurmaqda günahlandırdı. Onun sözlərinə görə, Slovakiya €1,5 milyard ziyana düşüb (tranzit haqqının artması sayəsində qazın son qiymətin yüksəlməsindən zərər və alınmamış qaza görə itirilmiş mənfəət).

Yəqin ki, Slovakiya Rusiya qazını həm də başqa ölkələrə (məsələn, Avstriyaya) satmaqla da pul qazanırdı.

04.02.2025. Ukraynanın Razumkov Mərkəzinin energetik proqramlar direktoru Vladimir Omelçenko mətbuata bildirdi ki, Ukrayna Rusiyaya qaz tranzitini bərpa etmək əvəzində Rusiya nəzarətində olan Zaparoje AES-nin, onun infrastrukturunun qaytarılmasını, həmçinin Ukrayna energetika obyektlərinin vurulmasını dayandırılmasını təklif etmişdi. Rusiya təklifi qəbul etməmişdi.

Rusiyanı nə qədər axmaq hesab etməlisən ki, belə təklif irəli sürəsən?!

06.02.2025. Slovakiya Rusiya qazını "Türk axını"ndan Macarıstana qədər gələn kəmərə qoşulmaqla almağa başladı. Elə həmin gündən Ukrayna Rusiya qazını (guya Avropa qazı kimi) Avrokomissiyanın dəstəyi ilə Slovakiyadan (Voyanı-Ujqorod kəməri) almağa başladı. Hazırda Ukrayna Slovakiyadan sutkada 7,5 milyon m³ qaz alır.

Nəticə

1 yanvara qədər Ukrayna Rusiyadan qazı ilkin qiymətə alırdı, indi isə böyük tranzit xərcləri əlavə olunmaqla, yəni daha baha alır.

1 yanvara qədər qaza görə Slovakiya Ukraynadan asılı idi, indi isə Ukrayna Slovakiyadan asılıdır.

1 yanvara qədər Ukrayna Rusiya qazının tranzitinə görə ildə $700-800 milyon qazanırdı, indi isə heç nə qazanmır.

Magistral kəmərləri saz vəziyyətdə saxlamaq üçün onun içi qazla dolu olmalıdır. Əvvəl bu kəmərlər Rusiya qazı ilə dolurdusa, indi ya boş qalacaq deyə korroziyaya uğrayacaq, ya da onları saz vəziyyətdə saxlamaq üçün Ukrayna böyük həcmdə əlavə qaz almalı olacaq.

Tranzit qazsız gəlir gətirməyən Avropanın ən böyük qaz nəqli təsərrüfatını saxlamaq üçün də Ukrayna böyük məbləğdə pul xərcləməlidir.

Ukrayna Avropada ən böyük qaz anbarı təsərrüfatına malikdir (vaxtilə SSRİ Avropaya qaz nəqli üçün tikmişdi). Avropa ölkələrinin çoxunda böyük qaz anbarları olmadığından onlar qazı Rusiyadan alıb, Ukrayna anbarlarında saxlayır, özlərində tələbat artanda anbarlardan çıxarırdılar. Ukrayna qaz saxlanmasına görə Avropadan yaxşı qazanc əldə edirdi. İndi qaz anbarları da boş qaldı və Ukrayna bu gəlirini də itirdi. Çünki qazı Avropadan Ukrayna anbarlarına nəql etmək baha başa gəlir.

Qazı Ukraynadan keçdiyinə görə Rusiya Ukraynanın qaz nəqli sistemini bombalamırdı. Bundan sonra isə onlar da raket zərbələrinə hədəf ola bilər.

...Deyirlər, Allah birini cəzalandırmaq istəyəndə onun ağlını alır...

Əvvəli: https://globkom.info/butun-xeberler/qerbin-uzaqgoren-siyaseti-ve-rusiyaya-qarsi-effekt-vermeyen-plan-1-ci-yazi

 

Asif Şəfəqqətov